Səhifə 1 / 10

(Yaxud yas yerindən reportaj)

1

O gün Sadıq kişi, bu gün də bu. Qəribə işdir: sən demə buzbulaqlılar Bakıda da ölə bilərmiş. Amma bunun nəyi qəribədir görəsən? Adam adamdır, ölüm də – ölüm. Adam hər yerdə ölə bilər. Axtarsan, lap Berlində də bəlkə Buzbulaq adamının qəbri tapılar. Mən hələ köhnə əyyamları – Məkkəni, Bağdadı, Kərbəlanı demirəm. O əyyamlarda buzbulaqlılar o yerlərə həmişə ziyarətə gediblər və heç mümkün deyil ki, o cür uzaq səfərdə kimsə azarlayıb, oralarda ölməmiş ola.

Maraqlıdır, görəsən, buzbulaqlılardan Sibirdə də öləni olubmu? İnanmıram, çünki heç vaxt eşitməmişəm ki, haçansa, hər hansı bir buzbulaqlı “sibirlik” iş tutmuş ola. Biri – kəndin ən nüfuzlu din xadimi Molla Nurməhəmməd idi ki, o da deyirlər, Gəncədə – yəni Kirovabadda ölüb. Biri tacir Məşədi Murtuz idi. Biri – mülkədar Kəblə Kazım idi. Gərək ki, vəssalam. Bunlardan da biri – Kəblə Murtuz isə, deyirlər, Qubadadır, sağ-salamatdır, hətta, deyirlər ki, indinin özündə də, onun (doxsan yaşlı kişinin) dişlərinin hamısı ağzında cağbacağdır.

Deməli, Buzbulaq adamının kənarda öləni indiyəcən də olub, indən belə də olacaq. Onda bəs buzbulaqlıların Bakıda ölməyi niyə mənə belə qəribə gəlir? Bəlkə ona görədir ki, mən indiyəcən bu barədə heç vaxt fikirləşməmişəm? Bir də, belə hadisə indiyəcən Bakıda, deyəsən, heç olmayıb axı. Hər halda, mən Buzbulaqda məktəbi qurtarıb, gəlib burda instituta girənəcən belə şey, şübhəsiz ki, olmayıb. Olsaydı mütləq eşidərdim, çünki kim olur-olsun və harada ölür-ölsün, əgər o adam buzbulaqlıdırsa, onun ölüm xəbəri Buzbulağa geç-tez mütləq gedib yetişir. Bir də burası var ki, buzbulaqlılar özlərinin kənardakı adamlarını heç vaxt yaddan çıxartmırlar – o adam Buzbulağın üzünü istəyir lap yüz il görməsin. Çünki kim hara gedir-getsin, ondan Buzbulaqda nəsə mütləq qalır: kiminin qohum-qəbiləsi, kiminin ağac-budağı, kiminin də ki, sahibsiz dam-daşı, yaxud uçuq divarı... Buzbulaqda, hələlik heç vaxt belə iş olmayıb ki, birisi bir yana gedəndə dam-daşını satıb gedə. Dam-daş satmaq Buzbulaqda insan adına yaraşan əməl hesab olunmur. Ya deynə: dam-daşımı satıram, ya da de: insanlıq cərgəsindən birdəfəlik çıxıram – Buzbulaq camaatının təsəvvüründə bunların hər ikisi təxminən eyni şeydir. Ona görə ki, hər kəsin evində onun öz ata-anasının ruhu var və o evdə çıraq yandırıb, ata-ananın ruhunu şad etməyə əgər sənin gücün, mərifətin çatmırsa, qoy o ruhsa da barı orada həmişə rahat qalsın – ata-ana ruhunu yer-yurdundan dərbədər eləmə. Həm də Buzbulaqda çətin adam tapılar ki, kiminsə dam-daşına yiyə dura. Dursa da, beləsini dam-daş yiyəsi hesab eləyən çətin tapılar. Evsizdi, vəssalam. Buzbulaqlıların nəzərində beləsi dünya durduqca evsizdir.

Buzbulaqda çox evlər var ki, onların yalnız xarabası qalıb. Ancaq o xarabanın yerində də heç kəs gedib, öz başından, özünə təzə yurd bina eləməz. Ya gərək xarabanın yiyəsi tapıla, ya da o xarabaya heç olmasa az-maz haqqı çatan bir adam. Gərək o adamın, necə deyərlər, saqqalının altından mütləq keçəsən, halallıq verəsən, icazə alasan. Əlbəttə, əgər ev tikən insandırsa və o evdə insan kimi yurd salmaq istəyirsə.

Və, deməli, buzbulaqlıların yadından heç vaxt çıxmamaq üçün orada səndən lap bir quruca xaraba da qalsa kifayətdir. Buzbulaqda dörd yaşlı uşaqlar da bilir ki, o uçuq ev, elə-belə uçuq ev deyil, məsələn, Molla Nurməhəmmədin xarabasıdır, yaxud, tutaq ki, Məşədi Murtuzundur, yaxud rəhmətlik Kəblə Kazımındır. Deyirlər, eşidir, bilir. Burda möcüzəli bir şey yoxdur. Bu işin az-maz möcüzəsi varsa, o da bəlkə orasındadır ki, istəyirsən lap yüz ildən sonra qayıt Buzbulağa gəl, əgər bir vaxt Buzbulaqdan getmisənsə, yenə buralısan, buzbulaqlısan. Evin qalırsa – sənindir, evinin xarabası qalırsa, o da sənindir. Və əgər birisi sənin xarabanın yerində səndən xəbərsiz təzə dam-daş salıbsa, o dam-daşın heç olmasa bir otağı, sözsüz, səninkidir, buna şübhən olmasın. Təki sən gəl çıx Buzbulağa. Küçədə rastına çıxan birinçi uşaqdan xəbər al, deynən: “Kəblə Kazımın evi hardadır?” Uşaq deyər ki, Kəblə Kazım Zaqatalada ölüb, amma evi filan yerdədir. Qabağa düşüb səni gətirib bir uçuq divarın yanına çıxardar və sən öz gözünlə görərsən ki, Zaqatalada ölən Kəblə Kazım Buzbulaqda hələ də qalır. Və elə o uçuq divara baxdığın yerdəcə, bəlkə, səni çağıran da tapılar. Dönüb baxanda görərsən ki, küçənin bir yerində sən adda bir uşaq gizlənpaç oynayır. Məsələn Nurməhəmməd adında... Və onda arxayın olarsan ki, hətta Allahın özünün də sərfnəzərindən çoxdan düşmüş o cür məğmun bir peşə sahibinin bu cür uzun, əndazəsiz adını da Buzbulaq camaatı yerdə qoymayıb (burası sənə xüsusilə ləzzət verər).

Amma orasını da deyim ki, bu Buzbulaq uşağına gərək çox da üz verməyəsən. Yoxsa qoşun kimi dalınca tökülüşərlər. “Molla əmi, molla əmi” – deyə-deyə düz Kirovabadın qəbiristanlığınacan səni meymun təki oynada-oynada apararlar. Necə ki, buna oxşar bir oyunu keçən yay o uşaqlar rəhmətlik Sadıq kişinin başına açırdılar. Halbuki Sadıq kişi molla deyildi.

Hə, qardaş, necədir sənin üçün? Buzbulaq uzun işdir, canım-gözüm, Buzbulağın belə-belə qanunları ha çox. Amma sən heç də elə bilmə ki, Buzbulaq belə-belə işlərdə yeganə ekzemplyardır. Göydən düşüb, ya da mən buzbulaqlı olduğuma görə burda, yas yerində oturub, bekarçılıqdan olanı-olmayanı öz-özümə çərənləməklə məşğulam. Bir də, sən allah, elə bilmə ki, Buzbulaqda kənd soveti yoxdur. Var. Kənd soveti də var, kolxoz idarəsi də. Qanun da var, kitab-dəftər də. Amma orası da var ki, bu dediklərim olan yerdə dəftər-kitab lazım olmur. Bu yerdə Buzbulağın özü həm dəftərdir, həm kitabdır, gərək (incimə, mən ölüm!) bir balaca savadın ola ki, o kitabı oxuya biləsən. İncimə, canım-gözüm, elə mən özüm də institut qurtarmışam. Əslində, sən deyən kəndlilik də qalmayıb məndə. İyirmi ildir ki, şəhərdə yaşayıram. Amma Buzbulaq adamının Bakıda ölməyi, neynim, qəribə gəlir mənə. O gün Sadıq kişi, bu gün də bu...

2

Bəlkə, bir saatdan çox olardı ki, mən burdaydım: bu həyətdə, bu boz brezent çadırın altında, bu yas yerində. Ölən yaxın adam idi, qadın idi, qapıbir qonşu idi, hətta bir vaxt ibtidai məktəbdə bir müddət mənə dərs də demişdi. Amma sən bir işə bax ki, yasına gəldiyim bir adamın, qapıbir qonşumun, müəllimimin sifətini bircə anlığa gözümün qabağına gətirmək üçün bir saatdan da çox idi ki, mən burda əzab çəkirdim. Nə danışırdım, nə danışılanlara qulaq asırdım. Oturub fikirləşirdim – ağlıma, yaxın-uzaq, min cür şey gəlirdi, ancaq o sifət gözümün qabağına gəlmirdi ki, gəlmirdi.

Sonra, zehnim bir balaca işıqlanan kimi oldu: onların bizim, kənddəki damımıza az qala bitişik olan damlarını gördüm. Buzbulaq məktəbinin həyətini gördüm. Buzbulağın bir-iki çeşməsini gördüm və elə bu yerdə də, nədənsə, o gün rəhmətə gedən Sadıq kişi bir də yadıma düşdü, çünki bildir, yay vaxtı kənddə məzuniyyətdə olanda, mən Sadıq kişini Buzbulağın küçələrində çox görmüşdüm.

Özünün dediyinə görə, Sadıq kişi əlli səkkiz il Buzbulaqda olmamışdı. Yaz açılandan köçüb gəlmişdi. Guya Buzbulaqda həmişəlik qalacaqdı. “Petux”, “Bilboteka” – üzün gülsün, Sadıq kişi... Nə isə, Sadıq kişinin kənddəki dam-daşı elə xaraba deyildi ki, içində adam oturaydı. Sadıq kişi rəhmətlik Qəmər arvadın kimsəsiz evində qalırdı. Qəmər arvadın ev-eşiyi nisbətən abad idi, amma həyətin küçəyə sarı divarının biri uçub tökülmüşdü. Buna görə də Buzbulağın hələ təzə-təzə “yumurtadan çıxanları” o divarın yerindəki daş-kərpic qalağının üstündən asanca aşıb, Sadıq kişinin yazda öz əli ilə əkib-beçərdiyi və hər çiçəyi, hər yaşıl yarpağı ilə fəxr elədiyi xiyarlığa arabir möhkəm divan tuturdular... Dayan, dayan. O başda əyləşən, Qəmər xalanın oğlu Rəfi deyilmi? Odur, özüdür ki var.

İnsan uçuq divara nə yaman oxşayarmış, İlahi!

Yazıq Qəmər xala

Rəfinin Buzbulaqdan haçan didərgin düşdüyünü və niyə didərgin düşdüyünü bilən az idi. Amma Buzbulaqda uşaqlı-böyüklü hamı bilirdi ki, Qəmər xalanın Rəfi adlı bir oğlu var. Sonra dava başlandı və hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu da davaya gedib. Sonra dava qurtardı, hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu o davada ya ölüb, ya da itkin düşüb. Amma Qəmər xalanın Rəfi adlı oğlu, sən demə, nə ölmüşdü, nə itkin düşmüşdü. Sonra eşitdik ki, Qəmər xalanın oğlu əsirlikdən də qurtarıb, gəlib Bakıya. Özü də, deyirdilər, yaxşı qayıdıb: sağ-salamat, ətli-canlı, əynində də təptəzə şivyot kostyum. O şivyot kostyumun xəbərini Buzbulağa gətirən adamın adı da Qəmər idi. Bu Qəmərin işi-gücü Bakıdan iynə, üskük, nəlbəki, dəm çaydanı, arvad trusiki və sair belə-belə qiymətli şeylər alıb gətirib, Buzbulaqda satmaq idi. Nağd da satırdı, nisyə də verirdi. Üstəlik, meyvə qurusundan tutmuş, motal pendirinəcən dişədəyər nə versələr götürürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri