Səhifə 1 / 7

1

Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

Açıq küçə qapısını Qədir ehmalca itələyib həyətə girdi. Dəhlizin qapısı da açıq idi, demək, Səltənət evdə idi. Dəhliz qapısının qabağındakı üç pillənin üçünü də Qədir birdən qalxdı. Səltənət qapını açdı və onlar üz-üzə gəldilər.

Beş-altı ilin ayrılığından sonra bu, onların birinci görüşü idi. Ancaq nə əl verdilər, nə bir-birlərinin halını soruşdular. Dikə-dik üz-üzə dayandılar: Səltənət astananın qabağında, Qədir pilləkənin başında; biri divar kimi, çəpər kimi, o biri qurumuş ağac kimi.

Az durdular, çox durdular, nəhayət, Qədir dillənə bildi:

– Salammələyki, Səltənət, – dedi, – mənəm, Səltənət, gəlmişəm...

Səltənətin nə halında bir dəyişiklik oldu, nə baxışında bir şey təzələndi.

– Bah, – dedi, – əleykəsalam! Yəni gəlmisənmi, gözümüz aydın!

Yenə Səltənət astanada dayanmışdı, yenə Qədir pilləkənin başında durmuşdu. Əlindəki ağır çamadanı Qədir hələ də yerə qoymamışdı və qəribədir ki, çox qəribədir ki, bu ağırlığı o, qətiyyən hiss eləmirdi.

Sonra Qədir ağırlığı hiss elədi, çamadanı əlindən yerə qoydu. Səltənət də astanadan çəkildi, ancaq onda aradan xeyli vaxt keçmişdi; qapıya yığışmış uşaqların bir neçəsi həyətə soxulmuşdu, bir neçəsi hasarın başına dırmaşmışdı; Qədirin “gəldi” xəbəri də, yəqin ki, bütün kəndə yayılmışdı – onun köhnə şofer dostu Qasım indicə, bu saatca küçə qapısını açıb həyətə girmişdi, əlində bir şüşə araq, sevinə-sevinə dostunun üstünə gəlirdi.

Qədir öz köhnə dostu ilə qucaqlaşmaq hayında deyildi. Köhnə dostun özü Qədiri qucaqladı, bərk-bərk qucaqladı, dönə-dönə öpdü, hətta, ağladı da; əməlli-başlı ağladı və Qasımın yaşlı, parıltılı gözləri sonra Səltənətin üzünə zilləndi, çünki Qədir ona baxmırdı, Səltənətə baxırdı.

Sonra onlar qapının qabağındakı iri sal daşı altlarına çəkib oturdular. Ancaq Səltənət hələ də astanadan azca aralıda, dəhlizin divarına söykənib dayanmışdı. Onun iri gözləri elə bil həyətdə, qapıda, yerdə, yerdəki araq şüşəsində, Qədirin çamadanında, buradan azca aralıdakı hasarın üstündə və hasardan çox-çox uzaqdakı ucsuz-bucaqsız meşələrdəki nəsə gözəgörünməz, balaca, bambalaca bir şey gəzirdi. Gözlər sönük idi, hərəkətsiz idi və o qədər sönük və hərəkətsiz idi ki, Səltənət azca hərəkətə gəlib divardan aralananda, onun gözlərindəki parıltını Qədir aşkar görə bildi. Səltənət dəhlizə girdi, oradan kuzəni götürüb çıxdı. “Gedirəm, bir kuzə su gətirim”, – dedi və elə getdi ki, elə getdi ki, elə bil o bir kuzə su olmasaydı, bu saat dünya alışıbyanacaqdı...

Səltənət gedəndən sonra köhnə dost, gözləri işara-işara, bir müddət Qədirin üzünə baxdı. Sonra yanındakı araq şüşəsinə göz vurub: “Ux!” – deyib, əlini əlinə çırpdı, əlini əlinə sürtdü. (Bir vaxt yolda, rastlarına qəşəng qızlar çıxanda onlar eynən bu cür göz vurardılar, eynən bu cür “ux” eləyərdilər, əllərini əllərinə çırpardılar, əllərini əllərinə sürtərdilər...)

Sonra Qədirin köhnə dostu ayağa durdu, boylanıb yan-yörəsinə baxdı, arağı töküb içmək üçün qab axtardı: yaxınlıqda qab-qaşıq gözünə dəymədi, o yanda hasarın üstündəki, qapının qabağındakı uşaqlar gözünə dəydi. O gedib uşaqları həyətdən çıxartdı, hasardan düşürdü, onları bir xeyli də küçə ilə qovub, bu həndəvərdən tamam uzaqlaşdırandan sonra, qayıdıb astana dibindəki daşı ayağı ilə qapının dalına itələdi, gəlib oturdu, gözlərini Qədirin üzünə zilləyib:

– Ə, niyə bələsən? – dedi və sonsuz, görünməmiş bir təəccüblə öz köhnə dostuna baxıb-baxıb əlavə elədi: – Dur, evdən iki dənə stokan gətir.

Qədir yerindən tərpənmədi. Bir yarımkiloluq banka ilə bir köhnə dəmir parçı dəhlizdən Qasımın özü gətirməli oldu. Qasım arağı qablara tökdü, parçı Qədirin qabağına qoyub, bankanı yuxarı qaldırdı:

– Götür iç, ə! İç, adam ol. Mən bu saat çıxıb gedirəm.

Elə bil bu adamın bu saat çıxıb getməyi üçün Qədir arağı birnəfəsə başına çəkib, Qasımın cibindən çıxarıb verdiyi beş-altı qoz ləpəsinin hamısını birdən ağzına atdı. Danışmadılar, dinməz-söyləməz qoz ləpəsini çeynədilər. Qasım ayağa durdu. Pilləkənin dibindən küçə qapısınacan – uzun xiyabanı da onlar səssiz-səmirsiz ötüb keçdilər və yalnız qapının qabağında söhbətə başladılar:

– Bə niyə belə, ə?..

Bununla Qasım Qədirin geç gəlməyinin səbəbini soruşurdu. Qədir sualı düz başa düşdü.

– Gəlmək fikrim yoxudu, – dedi.

– Bəs bir qulaq kağıza nə gəlmişdi?

Yenə Qədir həmin cavabı verdi:

– Gəlmək fikrim yoxudu.

– Harda olurdun?

– Belorusiyada.

– Evlənmişdin?

– Evlənmişdim.

– Uşaq-zad necə?

– Var.

– Əməlli qaçmısan?

– Necə ki?

– Deyirəm, yəni adresini-zadını bilmirlər ki?

– Bilirlər.

– Uşaq birdi?

– İkidi.

– Aliment verəcəksən?

– Bilmirəm.

Papağını çıxarıb, başını cani-dildən qaşıya-qaşıya Qasım əvvəl uzun müddət Qədirin ayaqqabılarına baxdı, sonra ütülü şalvarına, təmiz pencəyinə, ağ köynəyinə, qalstukuna... sonra isə üzünə lap sonra baxdı, baxdı və dedi:

– Bura bax, Qədir, elə bilmə ki, mən səni başa düşmürəm. Yorğunsan, yol gəlmisən, gərək yatasan. Qürbətdə iki uşaq qoyub gəlmisən, bunu da bilirəm, eşşək deyiləm. Səltənəti də gördüm: dilxor idi, gəlməyinə sevinmirdi, bu da öz yerində. Buların hamısı öz yerində, hamısı keçər gedər. Ancaq Qədir, mən ölüm, Qədir, mən ölüm qağa, incimə məndən... belə birtəhərsən e... Lap birtəhərsən... elə bil çastlarını dəyişiblər.

Qasım bəstəboy idi, Qədir ucaboy idi. Qədiri öpmək üçün gərək Qasım dikələydi, çox dikələydi. Dostunun öpüşmək istədiyini Qədir özü başa düşdü; başını əydi və Qasım gülə-gülə onun boynuna sarıldı. Beləcə gülə-gülə Qasım ağlayıb, Qədirin də üz-gözünü islatdı və gülə-gülə, ağlaya-ağlaya da çıxıb getdi.

Qasımdan qalmış araq şüşəsini Qədir əvvəl ayağı ilə itələyib, dəhlizin qapısından uzaqlaşdırdı; bir müddət eyvanda gəzindi, sonra qayıdıb şüşəni götürdü və həyətin lap o başındakı kol-kosun arxasına tolazladı.

Sonra Qədir bir-iki dəfə də eyvanın o baş-bu başına gedib gəldi. Sonra banka ilə dəmir parçı ayaq altından götürüb, divarın dibinə qoydu, çamadanını qırağa çəkdi, bayaq Qasımla üstündə oturduqları nəhəng sal daşı əvvəlki yerinə sürüdü; gözünü bankaya, bir də parça zilləyib, bir müddət key-key baxdı, sonra onları götürdü, bankanı da iylədi, parçı da iylədi, aparıb ağzı üstə çevirib pəncərənin çıxarındakı hisli çırağının yanına qoydu.

Yenə Qədir eyvanın o baş-bu başına gedib gəlirdi. Eyvan böyük idi, hər tərəfdən açıq idi, bir dəhlizin və bir böyük otağın qabağınca uzanıb gedirdi. Dəhlizin qapısı və otağın böyük bir pəncərəsi bura baxırdı. Qapı açıq idi, pəncərə bağlı idi. Qədir alnını pəncərənin şüşəsinə söykəyib, otağın içinə baxdı: otaq son dərəcə təmiz idi, səliqəli idi; döşəmənin yarısına palaz salınmışdı, yarısına boz brezent döşənmişdi; köhnə dəmir çarpayı, çarpayının başında iri, tox balınclar – iki balınc; balıncların üstünə ağ sapdan toxunma üzlük salınmışdı və o yanda, açıq taxçada, aynanın yanındakı samovarın üstündə də buna oxşar, toxunma örtük vardı. Günçıxana açılan o biri pəncərənin qabağına Səltənətin dibçəkləri düzülmüşdü: ətirşah, gülsabah, sırğagülü...

Pəncərədən aralanandan sonra Qədir gəlib dəhlizin açıq qapısı qabağında durdu. Dəhliz ala-qaranlıq olduğundan buradakı şeylər zorla seçilirdi: çörək taxtası, doşab teşti, köhnə güyüm, böyük vanna... Və bayaqdan özünü tox tutan Qədir, nədənsə, məhz bu şeyləri görəndən sonra qəhərləndi, az qala ağlaya-ağlaya Səltənətə demək istədiyi sözləri dəhlizdəki çörək taxtasına, doşab teştinə, köhnə güyümə, böyük vannaya dedi:

– Sevinmədin, saymadın, – dedi, – Səltənət, nə olar, canın sağ olsun. Döymüşəm səni, çox döymüşəm, bilirəm, yadımdan çıxmayıb. Gecələr bu evə içib gəlmişəm, yediyini burnundan gətirmişəm, yuxunu zəhər eləmişəm. Sənə bir ağ gün verməmişəm, Səltənət, elə bilmə ki, yadımdan çıxıb... Ancaq gəlmişdim, qapına gəlmişdim, neçə gün yol gəlmişdim; heç olmasa bir yad qonaq hesab eləyəydin, bir xoş üz göstərəydin, bir stəkan çay verəydin... Bir əməlli üzümə də baxmadın, bəlkə mən dəyişmişdim, Səltənət... Axı mən dəyişmişəm, Səltənət, mən tamam dəyişmişəm, dərdin alım, Səltənət, gör o vaxtdan neçə il keçir...

O, birdən hiss elədi ki, gözlərindən yaş axır, ağzı şor dadmasaydı, bəlkə heç hiss eləməyəcəkdi. Özünə acığı tutdu, dəhlizin qapısından aralandı, dəsmalını çıxarıb, tez-tələsik gözlərinin yaşını sildi, sonra yenə üzünü dəhliz tərəfə çevirdi, barmağının birini oradakı teştinmi, güyümünmü, nəyinsə üstünə tuşladı və bu dəfə hirsli-hirsli dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 saat 5 dəq
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 dəq
Ceviz kölgəsinin nağılı

I**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

199136 dəq

Başqa şairlərin şeirləri