Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.

O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

Dörd bir yandan açıq daş hasarı olan o cəviz bağının yol üstdəki girəcəyində bir ağ şallı cavan gəlin durmuşdu. O gəlinin adı Yetim Səfurə idi. O bağcada sıx-sıx yan-yana düzülüb, qələmə ağacı kimi, dikinə uzanıb gedən o cəviz ağaclarına da Əylisdə “Yetim Səfurənin cəvizləri” deyirdilər.

Yazın lap əvvəlləriydi. O cəvizlər hələ heç yarpaq da açmamışdı. Bəs o Səfurə ilin bu vədəsində orada neynirdi görəsən: o bağın girəcəyində o, niyə eləcə tərpənmədən dayanmışdı?.. Səfurə o cəviz ağaclarına elə bil ürəyində ovsun duası oxuyurdu, ya da sanki o uca cəviz ağaclarının baş budaqlarının arasında qəribə bir uğultu qoparmış o qara küləyin bu dünyaya danışdığı sirli-sehrli nağıl o gün Səfurəni də mənim kimi ovsunlamışdı, onu da əməllicə qorxudub, heyrət içində dondurmuşdu... Hər halda mənə belə gəlirdi. Çünki mən bu dünyanın buludundan, küləyindən o günkü qədər heç vaxt qorxmamışdım.

* * *

Bizim evlə o xırdaca cəviz bağının arasındakı real məsafədən danışmağın indi heç bir mənası yoxdur. Çünki uşaq gözü ilə görülən dünyanın məsafə ölçüləri bambaşqadır: uşaqlıqda öz ayağımızla ilk dəfə getdiyimiz yolun hər qarışı sirr ilə, sehrlə dolu olur və bir uşağın ilk dəfə gördüyü adicə bir çay kənarından və ya dağ yamacından aldığı ilkin təəssürat Kolumbun – Amerikanı kəşf edəndə aldığı təəssüratdan bəlkə çoxdur ki, az deyil.

Bu sözləri yaza-yaza evimizdən o cəviz bağınacan olan yolu gözümün qabağına gətirirəm: əvvəl – evimizin lap qabağındakı həyətimizdən daş hasarla ayrılan bağcamız. O hasardan o yanda da bir bağ vardı və Səfurənin cəvizliyi də elə o bağın o biri tərəfindəydi. Və deməli, tamam başqa bir aləmdə olduğumu zənn etməkdən ötrü o gün elə o bircə bağı ilk dəfə öz ayağımla keçməyim mənə artıqlaması ilə bəs eləmişdi. Bəs, görəsən, mən ora niyə getmişdim? Və, görəsən, o vaxt mən ömrümün neçənci ilini yaşayırdım ki, göyüzünün o qara buludunu həyatımda ilk dəfə görürdüm və dünyanın o qara küləyi məni o dərəcədə sehrləyib, vahimələndirə bilmişdi... İndi yadımda qalan budur ki, o günün leysan yağışı hələ başlanmamış mən özümü qaça-qaça evə yetirə bildim. Sonra hava birdən-birə açıldı və dünyanın o qara buludları sanki o qara küləyə qoşulub, göyüzündən, elə gəldikləri kimi də, qəfilcədən çəkilib getdilər.

Təzəcə batmaqda olan günəşin işığında mən o gün – o çağacan heç vaxt görmədiyim – bir təptəzə Əylis gördüm.

O necə Əylis idi, Pərvərdigara: o rəngləri o dağların üstünə Sən Özünmü çəkmişdin... O rəng, görəsən, doğrudanmı rəng idi: bəlkə rəng deyildi, sənin işığın idi... Və o gün Sənin – o işığın dili ilə – mənə anlatmaq istədiyin nəydi ki, indi, bu qədər vaxt keçəndən sonra da, mən onu anlamaqda acizəm.

Acizəm! Acizəm! Acizəm!.. Və yəqin ki, elə buna görə də az qala 60 il bundan qabaq (bəlkə 4–5 yaşım da tamam olmamış!) körpə gözlərimlə gördüyüm o günün əvvəlki o qara küləyini və sonrakı o, dünya dolusu işığını indi mən hansısa mistik ucalıqlardan bir anlığa yerə enib, sonra qeybə çəkilən sehrli bir vaqiə kimi xatırlaya bilirəm. Və hələ bu, harasıdır, indi – sinnimin bu kövrək vədəsində hətta hərdənbir buna da inanıram ki, o işıqla o qaranlığın arasındakı – bəlkə yarım saat da çəkməyən – o xırdaca vaxtın içində o gün ilk dəfə Allah mənimlə öz dilində danışmaq istəmişdi. Özünün milyon illərdən bəri gördüyü, tanıdığı dünyanı o gün, birinci dəfə, Allah mənə də tanıtmağı lazım bilmişdi. Və əgər belə olmasaydı, əvvəla, mən o günü – bu qədər aydınlığı ilə – indiyəcən yadımda saylaya bilməzdim. İkinci – bu dünyanın işıqla qaranlığın əbədi çarpışmasından və daimi kontrastından ibarət olduğuna belə dərindən-dərinə inana bilməzdim. Və üçüncüsü də – bu kontrast sonralar mənim nəinki yaşayışımın, elə ömür boyu bütün yazdıqlarımın da əsaslı və həlledici üzvi kefiyyətinə çevrilməzdi.

* * *

Həyatımın hansı işıqla hansı qaranlığın arasında keçdiyini özüm yaxşı bilirəm. Bu kostrastın yazılarımda da daim əks olunduğunu heç olmasa beş-üç oxucum yəqin ki, bilməmiş deyil. Bu acılı-şirinli qisməti Tanrının mənim taleyimə məhz o gün yazdığını düşünməkdə ola bilər ki, bir qədər ifrata da varıram. Ancaq buna tamamilə əminəm ki, əgər yazıçılıq doğrudan da Allah vergisidirsə, Allah o vergini mənə məhz o gün və məhz o küləyin gözəgörünməz qara qanadları üstündə uca göylərdən göndərmişdi. Və bunun bir baiskarı da yəqin ki, o gün – o xırdaca cəviz bağında – o qara küləyin vahiməli uğultusu içində donub qalan o ağ şallı gəlin olmuşdu.

VƏ SƏN DEMƏ, O GƏLİN ELƏ O GÜN, AXŞAM QATARI İLƏ ƏYLİSDƏN HƏMİŞƏLİK BAKIYA GEDƏCƏKMİŞ!..

“...hə, yazıq Səfurə!.. Deyir: istansıya gedəndə gözünnən minnərmin yaş tökürmüş. Yazığın ürəyi buralardan ayrılmaq istəmirmiş”.

“– Axmaqdı da. Burada qalıb guya ağ günə çıxacaqdı? Yenə ərdi də, necə olsa. Öz yaxın qohumdu da, yad deyil ki... Yaşı çox olanda nə olar?”

“– Yaşın demirəm. İndi hanı ki, cavan? Cavannarın hamısı davadadı. Ancaq, deyirlər, arvadı ölməyib o kişinin, qoşulub birinə, uşaqlarını da atıb bunun üstünə, çıxıb gedib. O kişi elə o Səfurəni də burdan alıb aparır ki, orda o uşaqlara baxsın”.

“– Baxsın da, uşağa baxmaq nə çətin şeydi ki! Burada qalsaydı, nə olacaqdı?.. Atası yox, anası yox, beş-adtı cəviz ağacından savayı burada nəyi vardı ki, Səfurənin!”

Anamın qonşu evin gəlini ilə elədiyi bu söhbəti mən elə o gün, axşam düşəndə eşitdim. Və bayaq Səfurənin o bağa öz ağacları ilə vidalaşmağa gəldiyini əlbəəl başa düşüb, bəlkə ömründə ilk dəfə ürəyimdə – səbəbini anlaya bilmədiyim – bir qəribə sarsıntı keçirmişdim, qüssə, kədər duymuşdum. O kədər, əlbəttə, mistik kədər idi: yəni o kədərin mənim qəlbimdə doğulmağının o zaman heç bir aydın, ya real səbəbi ola bilməzdi. Axı o Səfurə heç mənim qohumum-zadım da deyildi və o Səfurənin barəsində mən o çağacan heç vaxt fikirləşməmişdim!..

* * *

Bax, elə məsələ də burasındadır. Bayaqdan məni Allahla, Yerlə-Göylə əlləşməyə vadar eləyən də elə bu, səbəbsiz kədərə az-çox ağlabatan bir səbəb tapmaq istəyidir. İndi, gəlin, o mənzərəni öz xəyalımızda siz də canlandırmağa çalışın: hər yeri bağ-bağatlı bir kəndin içində bir xırdaca cəviz bağı. Göyün üzündə qara buludlar. Yarpağı tökülmüş hündür gəviz ağaclarının çılpaq budaqlarının arasında uğultu, gurultu salmış mülayim yaz küləyi. Bir də – o bağın girəcəyində, öz ağ şalına bürünüb, hərəkətsizcə dayanmış bir gənc qadın. Vəssalam, şüttamam!..

İndi, siz deyin, bu dünyada 60 il ömür sürən – təbiətin həssas bir adamın həyatda müşahidə edə biləcəyi minlərlə əhvalatın içində məhz bu epizodu xüsusilə yadda saxlamağımın səbəbi nə ola bilər?

* * *

Qonşuluqdakı gəlinin anamla o söhbətini eşidəndən sonra o Səfurənin barəsində az qala hər gün fikirləşməyə o vaxt məni vadar eləyən nəymiş görəsən: bəlkə sevdalı-müəmmalı xəstəhal Freyd kompleksi idi?.. O gün Səfurənin öz bağı ilə o təhər vidalaşmağında bəlkə mənim gələcək taleyimdən də nəsə vardı və o gün məni o sayaq vahimələndirən o qara külək də bəlkə elə məhz o “nəsə”nin küləyi idi?..

Bunları ayırd eləmək yəqin ki, insan dərrakəsinin işi deyil. Və elə yazıçını da Allah, görünür, bu dünyanın sirlərini açmaq, araşdırmaq üçün yaratmayıb. O, bizi bu sirlərin mövcudluğunu, sadəcə, qeydə almaqdan ötrü yaradıb.

Bəli, sadəcə, qeydə almaqdan ötrü!.. Belə isə bu yazını elə buradaca bəlkə bitirmək olardı – əgər o qədim küləyin qara vahiməsi bir gün məni Bakıda da qəfilcədən yaxalamasaydı...

...1950-ci illərin ortalarıydı. Bakıda texnikumda oxuyurdum və elə o Əylisin eşqinə hərdən şeir də yazırdım. Və günlərin bir günü mən, həyatımda ilk dəfə, şeirlərimi redaksiyaya aparanda Bakının böyük bir binasının beşinci mərtəbəsində yerləşən o redaksiyanın birinci mərtəbəsinin qabağındakı pilləkənin başında Səfurəyə rast gəldim.

Səhər idi. Mənim şeir apardığım o redaksiyada yəqin ki, iş gününün də hələ lap başlanğıcıydı... Və orada – o pilləkənin başında Səfurə (işə bax ki!) samovar salırdı.

Açıq qapıdan Səfurənin yaşadığı alaqaranlıq mənzilin içərisi görünürdü və orada (eynən Əylis qaydası!) yerdə – palaz üstdə yan-yana salınmış yorğan-döşəkdə beş-altı uşaq böyür-böyürə uzanıb yatırdı.

* * *

Və məsələnin mistikliyi bir də burasındaydı ki, o gün də yaz idi. Yazın lap erkən çağıydı və o gün göyüzündə qara bulud olmasa da, ilk dəfə redaksiyaya ayaq basmağımın içimi doldurmuş vahiməsindən açıq-aşkar o qədim küləyin qara iyi gəlirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 dəq
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 dəq
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 dəq
Altıncı – axırıncı fəsil. Vaskanın tapılmağı

Ancaq o gün kitabı Leninqrada göndərmək üçün Səfalı müəllim poçta getmədi. Özü də ona görə yox ki, o kitab evdə Rənadan necə olsa bir yadigardı, xatirəydi və yaxud Səfalı müəllimin gözü o kitaba elə öyrəşmişdi ki, ondan həmişəlik ayrılmaq indi ona çətin gəlirdi... Ona görə ki, Ay və Nil Armstronq barədə o müsibət yuxunu gördüyü – elə həmin gecənin səhəri – hava bir balaca işıqlanan kimi, Səfalı müəllimin ağlına birdən-birə bir təzə fikir gəlmişdi və o fikri həyata keçirməmiş, Səfalı müəllim bu dünyada heç bir iş görmək niyyətində deyildi.... Şəhər dağılırdı. Hər yerdə tətil idi. Bakı camaatı nə ki var, Domsovetin qabağına yığılıb, orada səhərdən axşamacan mitinq keçirirdi... Domsovet Butır türməsinə oxşayırdı. Mərkəzi Komitə Ağdam bazarına, Nazirlər Soveti Şəki hamamına bənzəyirdi. Baksovet Smolnıya çevrilmişdi. Və Smolnıya çevrilmiş həmin o Baksovetinsə uzun, alaqaranlıq dəhlizlərində Səfalı müəllim neçə vaxtdan bəriydi ki, əsir-yesir idi.

19918 dəq

Başqa şairlərin şeirləri