IX fəsil
Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan Gülzar arvada:
– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
Axır vaxtlar eşitdiyi sözlər, elə bil, Gülzar arvadın beyninə bir az gec gəlib çatırdı və bu dəfə də:
– Hıy?– soruşdu.
Güllü arvad bu «Hıy?»dan açıq-aşkar narazılıqla təkrar elədi:
– Humanitar yardım gətiriblər... Düş aşağı...
Gülzar arvad birdən-birə alışıb:
– Humanitar yardım onların dədəsinin təpəsinə dəysin! – dedi. – Şuşanı qaytarsınlar mənə!
Gülzar arvadın bu gözlənilməz kin-küdurətindən Güllü arvad, elə bil, bir az duruxdu, sonra:
– Gözlə! – dedi. – Şuşanı torbaya qoyub gətirif sənə verəjəklər!.. – Və hirslə çönüb pilləkənə tərəf getdi.
On il bundan əvvəl bu arvadlardan soruşsaydılar ki, «humanitar» nə deməkdir, çiyinlərini çəkərdilər, amma indi «humanitar» (yardım) sözü onların dilinə elə yatmışdı ki, elə bil, bu dünyada gözlərini açıb «ana» sözü ilə, «ata» sözü ilə bir yerdə «humanitar» (yardım) sözünü də demişdilər.
Gülzar arvad, bağlananda, elə bil, daha da artıq cırıldayan qapını hikkə ilə örtüb açıq pəncərənin qabağına gəldi – otağa ağcaqanad girməsin deyə pəncərənin çərçivəsinə cuna vurmuşdular – və nə qədər yuyursan, yu, Abşeron küləyinin üç dəqiqənin içində toza basıb bozartdığı cunanın arxasından eşiyə baxdı: bayır da o cuna kimi həmişəki bozluq içində idi.
Cümü (Qızıl Diş Cümşüd) səhər tezdən tırtırına minib cəhənnəm olub, getmişdi, Cəmilə dərsdə idi – bu il onuncu sinifə keçirdi, Səyyarə Buzovna bazarına göyərti almağa getmişdi (günortalar göyərti səhərə nisbətən ucuz olurdu) – bir sözlə, Gülzar arvad otaqda tək idi və eləcə, o bomboz eşiyə baxırdı və birdən, heç özü də bilmədi, necə oldu, arvadın dodağı qaçdı və öz-özünə:
– Get, köpəy qızı, – dedi. – Canın çıxsın, get, humanitar yardımını al! – Çənəsi əsə-əsə pəncərənin qabağından çəkilib otağın küncündə, Cəmilənin dəftər-kitabının yanında yerə atılmış torbanı götürdü və cırıltıyla qapını açıb: – Get, sülən orda, it kimi, vermişelini versinlər... – deyə-deyə pilləkənləri aşağı düşdü.
Qapı cırıldaya-cırıldaya öz-özünə bağlandı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bayraqdar-ix-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Əncir ağacı)«–Aha!.. Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh-bəh... Aşiq-məşuq əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı batmış məməsi deyir ki, oğlum uşaqdı hələ... Ay sən öləsən! Ona bax, əcəb uşaqdı! Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax... Aha, aha, bircə qol-boyun olmağuvuz çatmırdı, ay malades! Bəh-bəh-bəh!..»
II fəsilPoçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki,müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib,
III fəsilAğagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi.Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun
IV fəsilZübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
Başqa şairlərin şeirləri
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər