II fəsil
Səhifə 2 / 3 · 33%
Şənbə və bazar günləri kəndin itləri səhər tezdən bütün günü çimərlikdə olurdu. Bütün itlər, təkcə Dolçadan başqa. Dolçanın şənbə və bazar günləri bu çimərlikdəki kolbasa falından, qutab qırığından, toyuq sümuyündən, dondurma artığından xəbəri olmurdu, çünki Dolçanın yiyəsi Ağababa belə şeylərə çox pis baxırdı. Ağababanın əqidəsinə görə kişi gərək kişi kimi yaşayaydı və kişinin evindəkilər də gərək bu kişiyə layiq olaydı və Ağababanın bu əqidəsi elə möhkəm əqidə idi ki, Dolçanın da taleyinə təsir eləmişdi və ümumiyyətlə, əslində Ağababanın evində on bir ağız yox, on iki ağız var idi – böyüklər, uşaqlar, bir də Dolça.
Dolça kolbasanın dadını bəlkə də heç bilmirdi, bilmirdi ki, dünyada belə dadlı bir təam var, çünki Ağababagil kolbasa yemirdi və təbii ki, heç kim gedib Dolça
üçün xüsusi kolbasa alıb gətirmirdi (Ağababa deyirdi ki, guya, loğman deyib ki, get bazardan can al, yəni ki, ət al; can olmasa, yarımcan al, yəni ki, yumurta al; o da
olmasa, zəhrimar al, yəni qatıq al).
Adətən, Dolçaya gündə üç dəfə yemək verirdilər, səhər, günorta, axşam və
Dolçanın yeməyini Ağabacı özü düzəldirdi: arpa ununu xəmir kimi yoğurub
girdələyib küt düzəldirdi, hərdən arpa unu, su və duzdan ibarət yal çalırdı, bir də ki, süfrədən xörək qalırdısa, xörək qalığını Dolçaya verirdilər. Ət sümüyü hərdən
olurdu. Ət bişirəndə, Ağabacı, adətən, döyməlik alırdı, çünki döyməlik ətin bərəkəti çox olurdu, ya dolma bişirirdi, ya küftə-bozbaş bişirirdi, ya uşaqların hərəsinə bir kotlet bişirirdi, amma əksərən xəmir xörəyi bişirirdi – düşbərə, qutab, gürzə, xəngəl. Düzdür, xəmir xörəyinin əziyyəti çox olurdu, amma xəmir xörəyinin doydurmağı da yaxşı olurdu və burası da təbiidir ki, döyməlik ətdən Dolçaya bir şey düşmürdü.
Bəzən Ağababa səhər durub işə getməzdən əvvəl, lap sübh tezdən, hindən iki dənə yumurtlamayan toyuq, ya da xoruz çıxarıb kəsirdi və o gün Dolçanın kefi kök olurdu, çünki təbii ki, bütün sümüklər Dolçaya qismət olurdu və xüsusən qış günləri olanda, hər tərəfi qar bürüyəndə, Dolça həyətdəki damının içində bir küncə qısılıb toyuq sümüklərini xırçıldada-xırçıldada yeyəndə itin qara gözlərində elə işıqlı, elə ilıq bir ifadə olurdu ki, həmin ilıqlıq qışın soyuğu, çovğunu ilə heç cür uyuşmurdu. Belə vaxtlarda hərdən Ağababa əlinə bel alıb damın həndəvərini qardan
təmizləyəndə Dolça ağzındakı toyuq sümüyünü ehmallıca yerə qoyub damdan
çıxırdı, qardan seçilməyən ağ başını Ağababanın qılçalarına, ayaqlarına elə sürtürdü ki, heyvanın bu minnətdarlığı Ağababa kimi ömrünü Abşeronun yollarında yaşamış, qara-borana düşmüş, bərkə-boşa düşmüş bir kişini də açıq-aşkar kövrəldirdi...
...Onda yazın axırları idi və həmin sonuncu yaz gecələrindən birində, düz dörd il bundan əvvəl birdən-birə göy guruldadı, şimşək çaxdı, bir payız yağışı yağmağa başladı ki, gəl görəsən, bir külək qalxdı ki, belə külək ancaq Abşeronda əsə bilərdi və həmin sonuncu yaz gecələrindən birində Ağababa da, Ağabacı da qorxdu ki, həyətdəki meynələr, əncir, nar, tut əldən getsin, amma yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi; külək isə əsirdi.
Həmin sonuncu yaz günü Ağababa şüşəbənddə oturub çay içə-içə qaranlıq həyətə tamaşa eləyirdi. Ağacların təzə yarpaqlamış budaqları yağışdan islanıb, qaranlıqda işıldayırdı və yayqabağı birdən-birə aləmi bürümüş bu payız özü ilə bir qəmginlik, bir hüzn gətirmişdi. Birdən-birə Ağababanın ürəyini bir xof bürüdü və Ağababa başa düşdü ki, bu xof doqquz uşağın xofudu; Ağababa birdən-birə uşaqlarını fikirləşdi, Baladadaş, Ağagül, Nuhbala, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım bir-bir gəlib Ağababanın gözünün qabağından keçdi: bunlar nə vaxt böyüyəcək, kim olacaq, qızlar kimə qismət olacaq, yaşayışları, güzəranları necə olacaq, oğlanların axırı gedib hara çıxacaq? Birdən-birə Ağababa bunu da fikirləşdi ki, gün keçəcək, il keçəcək, bu dünyada elə bir vaxt gəlib çatacaq ki, onda yer üzündə nəinki Ağababa, nəinki Ağabacı, bu uşaqların da heç biri olmayacaq, bir gün gələcək ki, indi ağzını açıb çörək istəyən, deyən-gülən, səs-küy salan bu uşaqlar qara torpağa qismət olacaq, yəni böyüyəcəklər, qocalacaqlar və öləcəklər. Bu qəfil fikir bircə anın içində Ağababanın bütün vücuduna soyuq tər gətirdi, kişinin gözləri qaraldı, ürəyi uçundu və Ağababa əlindəki armudu stəkanın çayını yarımçıq qoyub dizləri titrəyə-titrəyə eşiyə çıxdı, heç özü də bilmədi ki, həmin küləkli son yaz gecəsi dəniz kənarına necə düşdü, qayalığın yanına necə gəlib çıxdı.
Aydın məsələdir ki, birdən-birə Ağababanın başına girən bu fikirdə elə təzə bir şey yox idi, bir gün dünyaya gələn, bir gün dünyadan köçməlidi, burası məlum idi, amma burası da məlum oldu ki, bunu fikirləşəndə, doqquz uşağın doqquzunu da bir-bir gözünün qabağına gətirəndə və yadına salanda ki, haçansa bir-birindən aralı
doqquz da gün olacaq gələcəkdə və o doqquz gün bu doqquz uşağı bir-bir aparacaq qara torpağa, az qalır adamın başına hava gəlsin, hər şey qiymətdən düşür, bu dəniz də, bu qayalıq da, bu qum da, necə ki, həmin küləkli son yaz gecəsi dünya-aləm
Ağababanın gözündə bir qara qəpiyə dəyməzdi.
Sonra Ağababa dənizin kənarı ilə gəzə-gəzə insanlar barədə, dünya barədə çox fikirləşdi, fikirləşdi ki, bu dünya ki, bu qədər fanidir, onda niyə qaraj müdiri
Kamalov o cür əclafdı, adam, ayıb olmasın, yanını qaşımaq istəyəndə də əlini
uzadır, elə bilir ki, bu saat cibindən pul çıxarıb rüşvət verəcəksən ona və
ümumiyyətlə, bu dünya ki, belə fanidir, axırı ki, qara torpaqdı, niyə adamlar bir-
biriylə dalaşır, söyüşür, yola getmir, bir-birindən ərizə yazır, imzasız məktub yazır (Qışda Rayon İcraiyyə Komitəsindən iki nəfər gəlib Ağababanın həyətini
yoxlamışdı, çünki Rayon İcraiyyə Komitəsinə imzasız məktub gedibmiş ki, guya, Ağababa həyətində «parnik» düzəldib, qızılgül becərir və aparıb Moskvada vağzal qabağında satır). Ağababa bütün bunları fikirləşdi, «lənət şeytana!»– dedi, sonra
kitabxanaçı Nəcəfin yasda, toyda əzbərdən dediyi şerlərdən iki misra:
Qoca cadugardı, aldadar səni,
Cavanlıq donunda qalan bu dünya
– yadına düşdü və Ağababa bir də baxıb gördü ki, yekə ayaqlarının bərabərində yanınca ağ bir küçük gedir.
Ağababanın heç xəbəri olmamışdı ki, bu küçük yanına necə düşüb. Kişi ayaq saxladı. Küçük də dayandı. Tükləri tamam islanmış, ayaqları qumlu, küləkdən üşüm-üşüm üşüyən bu küçük dəniz qırağının bu çöllü-biyabanlığında, bu kimsəsizlikdə tək-tənha idi və Ağababa da lap uşaq kimi fikirləşdi ki, ay Allahın yazıq heyvanı, sənin nə günahın var ki, dünyaya gəlirsən və dünyaya gələn kimi də tək-tənha qalırsan, yağışa, küləyə düşürsən və küçük də elə bil ki, bu küləkli qaranlıq gecədə bu dəniz böyüklüyünün, bu yer-göy böyüklüyünün müqabilində özündən başqa yeganə məxluqun ürəyindəki bu mərhəməti hiss elədi, bu dəfə Ağababanın lap ayaqlarına dolaşmağa başladı. Bir müddət beləcə gəzişdilər, sonra Ağababa evə qayıtmaq istədi, böyüklü-kiçikli doqquz balasının yanına qayıtmaq istədi, amma küçük ondan ayrılmadı və əlbəttə, Ağababa o vaxt bilmirdi ki, bu küçük daha öz ömrunü həmişəlik bağlayıb Ağababagilə, bu küçük onların həyətində böyüyəcək, onların iti olacaq, özü də ağıllı it olacaq, adı da Dolça olacaq.
Ağababa kəndə qalxanda küçüyü azdırmaq istədi, amma mümkün olmadı, küçük bir qarış da uzaq durmurdu, kişi hara gedirdisə, küçük də onun şalvarının balaqlarına dolaşa-dolaşa yanınca gedirdi.
Bu küçük gülməli küçük idi və ən qəribəsi bu oldu ki, küçük, Ağababanın başındakı bəd fikirləri tamam dağıtdı, özünün balacalığıyla, inadıyla Ağababanın kefini açdı.
Ağababa şüşəbəndə girəndə küçük də onunla birlikdə içəri girdi, qızlar küçüyü görüb hay-küy saldı, kimin əlinə nə keçdi gətirib qoydu küçüyün qabağına. Ağagül qaçdı qarovulçu Həsənullanı çağırsın ki, gəlib bu küçüyə baxsın və küçük də dünyanın bu istisindən, dünyanın bu yağışsızlığından, küləksizliyindən ləzzət aldı, hamının xoşuna gəldi və o gündən də oldu bu evin iti...
...Qayaların arxasından əvvəlcə Əmirqulunun səsi gəldi:
– Tapacıyıq onu! Tapacıyıq onu!
Sonra Əmirqulunun özü göründü – elə bil bu sakit gündə, günün bu cırhacırında səssiz-səmirsiz, gözəgörünməz bir külək əsirdi və bu külək ancaq Əmirquluya təsir edirdi: Əmirqulu zivəyə sərilmiş paltar kimi yellənirdi, sonra əlində tüfəng tutmuş quşvuran Fazil, sonra da bağban Əsədulla göründü, sonra çığırbağırla, hay-küylə onların ardınca gələn bir dəstə uşaq göründü.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-dolca-ii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Güllə səsinin gəlməyi ilə göydə boşqabın çiling-çiling sınmağı bir oldu.Göyə atılan daha bir boşqab vurulub çiling-çiling oldu.
İkinci hissə, 22Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu.… Fətəli şah hündür qamətini əyib diqqətlə mizin üstündə açılmış xəritəyə baxırdı.
İkinci hissə, 23Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuya-oxuya Şuşanın küçələrini gəzirdilər.… Və onlar eləcə gəlib bazara çıxdılar.
İkinci hissə, 24Vanya yüzbaşı Şuşa qarnizonunun yerləşdiyi binaya gələndə rus gözətçilər onu tanıyıb heç nə soruşmadılar:– Proxodite.
Başqa şairlərin şeirləri
Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarəBahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,