Mənə niyə gülürlər? Heç bilmirəm...

Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

Lalə lap balacadır. Mənim üç yaş bir ayım var, onun – hi, hi, hi, adamın gülməyi gəlir!..– heç bir yaşı da yoxdur. Amma həmişə ondan çox mənə gülürlər. Özü də böyük-böyük əmilər, xalalar...

Niyə gülürlər? Heç bilmirəm...

Bax, elə bu gün, Firudin əmi mənə o qədər gülüb ki...

Anam mənə iki xırda pul verib dedi:

– Pulu verərsən Firudin əmiyə. Bax, bu qabı ağzına qədər südlə doldurar, götürüb gələrsən evə.

Mən də südqabını götürdüm. Aşağı düşdüm. Getdim süd satılan yerə.

– Salam, Firudin əmi, – dedim.

– Salam, dostum. Süd almağa gəlmisən?

– Bəli, Firudin əmi. Al bu pulu, qabı ağzına qədər südlə doldur.

Firudin əmi pulu aldı. Qabı südlə doldurdu, verdi mənə. Mən qayıtdım. Bloka girdim. Birdən... üzü üstə yıxıldım. Ağlamadım. Niyə ağlayım? Ayağımın altında qarpız qabığı qalmışdı, mən də yıxılmışdım. Nə olsun?!

Süd yerə tökülmüşdü. Qabı götürdüm, tez qayıtdım geri.

Firudin əmi məndən soruşdu:

– Hə, niyə qayıtdın, Səlim?

Mən dedim:

– Al, bu qabı təzədən doldur.

Firudin əmi dedi:

– Niyə qabı təzədən doldurmalıyam, əzizim?

Mən dedim:

– Axı, bayaq qabı doldurmuşdun, yıxıldım, dağıldı. İndi boşdu. Yenə doldur, aparım evə.

Firudin əmi bir az mənə baxdı. Sonra başladı gülməyə. O qədər güldü ki...

Mən soruşdum:

– Nəyə gülürsən, Firudin əmi?

O dedi:

– Heç nəyə. Böyüyəndə özün başa düşərsən.

Mən böyük deyiləm? Üç dəfə qış olacaq, qar yağacaq, mən məktəbə gedəcəyəm. Mənim nəyim balacadır?

Sonra Firudin əmi südqabını məndən aldı, ağzına qədər doldurdu. Apardım evə. Anam bişirdi. Mən də içdim. Lalə də.

Amma mənə niyə gülürlər? Heç bilmirəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 dəq
Gör necə top vuraram

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.

1 dəq
Mən Lalə istəyirəm

Lalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı. Nənəm deyir:– Mənim Laləm, Laləciyim...

1 dəq
Belə də iş olar?

Heç bilmirəm nə edim... Belə də iş olar?..Mən Səliməm. Amma hamı mənə «Balaca Səlim» deyir. Niyə «balaca»? Bilmirəm..

1 dəq

Başqa şairlərin şeirləri