1. Gələcəyə doğru
Səhifə 2 / 4 · 25%
Qarovulçu Əflatun sidq-ürəkdən heyfsilənə-heyfsilənə fikirləşdi ki, bu dəfə Əbdül Qafarzadənin kefi köklüyündən qazanan o olmadı, bu it balası küçük oldu, hətta Əbdül Qafarzadə idarənin binasına girəndən sonra, qarovulçu Əflatun hirsindən küçüyü asfaltın üstünə çırpmaq istədi, amma, əlbəttə, o saat da özünü ələ aldı: o boyda kişi bu küçüyü ona tapşırmışdı və qarovulçu Əflatunun da borcu idi ki, cani-dildən bu küçüyə qulluq eləsin – Əbdül Qafaqzadə verdiyi tapşırığı yadından çıxaran adam deyildi və qarovulçu Əflatun da bunu yaxşı bilirdi.
Həmin çiskinli payız səhərindən sonra, o küçük Tülkü Gəldi Qəbiristanlığında, qarovulçu Əflatunun köşkündə bu adamla birlikdə yaşamağa başladı. Qarovulçu Əflatun hər gün küçük üçün bir qutu süd alıb gətirirdi, kolbasa, sosiska alırdı, hətta bəzən pirojna alıb gətirirdi və Qəbiristanlıq İdarəsinin işçilərinin yanında küçüyə yedizdirirdi, bir sözlə, küçüyə o yeməkləri verirdi və o cür qulluq edirdi ki, işdi, Əbdül Qafaqzadə görsə, eşitsə, o kişinin tapşırığına layiq olsun.
Qarovulçu Əflatun hər səhər küçüyü qucağına alıb köşkün yanında dayanırdı və Əbdül Qafarzadənin avtobusdan düşüb Tülkü Gəldi Qəbiristanlığına gəlməyini gözləyirdi. Əbdül Qafarzadə hər səhər də o küçüyə gülümsəyirdi, hərdənbir darvazanın yanında ayaq saxlayırdı və o zaman qarovulçu Əflatun küçük qucağında, tələsik müdirin qabağına yüyürürdü, Əbdül Qafarzadə də iri əli ilə küçüyün başını, belini sığallayıb:
– Malades! – deyirdi.
Qarovulçu Əflatun küçüyə deyilən bu «Malades» sözünü, az qala, öz ünvanına qəbul edirdi və həmin anlarda dünyanın ən xoşbəxt adamı olurdu, daha doğrusu, çalışırdı ki, Əbdül Qafarzadənin gözlərinə dünyanın ən xoşbəxt adamı kimi görünsün. Məsələ burasında idi ki, o darısqal köşkdə itlə birlikdə yaşamaq, itə qulluq etmək, hər gün səhər tezdən o iti qucağına alıb müdirin yolunu gözləmək qarovulçu Əflatunu o qədər bıkdırmışdı ki, ürəyində küçüklə düşmən idi, amma tək olanda da, lap gecənin yarısı da hirslənəndə küçüyü vurmağa, incitməyə cəsarət etmirdi: Tülkü Gəldi Qəbiristanlığında hasarın da, darvazanın da, asfaltın da qulağı var idi və hər hansı bir xəbər o saat gəlib Əbdül Qafarzadənin qulağına çata bilərdi.
Küçük boyuna, balacalığına görə deyildi... Qarovulçu Əflatun hər gün səhər də, gecə də küçüyü həyətə gəzdirməyə çıxarırdı və bu it balası it, həyətdə heç nə eləmirdi, qarovulçu Əflatun nə qədər əlləşirdisə də, nə qədər şirin sözlər deyib heyvanı tovlamaq istəyirdisə də, bir şey çıxmırdı, elə ki, köşkə qayıdırdılar, küçük başlayırdı mədəsini boşaltmağa, ya da sidiyini axıtmağa və həmin anlarda qarovulçu Əflatun köşkün döşəməsindən, hətta bəzən çarpayının üstündə o it nəcisini, it sidiyini təmizləyə-təmizləyə fikirləşirdi ki, bu dünyada Əbdül Qafarzadənin xoş münasibət göstərdiyi küçük olmaq Əflatun olmaqdan yaxşıdı... Ürəyində küçüyü ən pis küçə söyüşləri ilə söyə-söyə köşkü silib süpürürdü, balaca qapısını açıq qoyurdu ki, havası dəyişsin, iy çəkilsin, amma o iy gündən-günə artırdı və qarovulçu Əflatunun köşkünə girəndə, elə bil ki, it ayaqyolusuna girirdin.
Hər gecə taksilər gəlib Tülkü Gəldi Qəbiristanlığının darvazası ağzında dayandıqca, qarovulçu Əflatun qaça-qaça araq dalınca gedib-gəlirdi, qumarbazları qarşılayırdı, yola salırdı və köşkə girib qazandığı manatlıqları, üçlükləri, beşlikləri cibindən çıxarıb səliqə-sahmana salanda, ümumi pulları (onluqları, iyirmibeşlikləri, əllilikləri, hətta yüzlükləri!..) paylara ayıranda, küçüyün, elə bil ki, cini qalxırdı, dəlisi tuturdu, hürməyə başlayırdı və qarovulçu Əflatunun gecə həyatının beləcə şıdırğı və məsuliyyətli çağlarında bu küçük hürüşünə adət eləmək mümkün deyildi; hər dəfə qarovulçu Əflatunun ürəyi döyünürdü, narahat hisslər keçirirdi, nigaran qalırdı: məsələ burasında deyildi ki, qarovulçu Əflatun nədənsə, kimdənsə qorxurdu– yox (və başqa cür də ola bilməzdi: Tülkü Gəldi Qəbiristanlığının Əbdül Qafarzadə kimi bir sahibi var idi və hələ yoxlamaq lazım idi ki, bu dünyada kim güclü adam idi – Brejnev, yoxsa Əbdül Qafarzadə?), məsələ onda idi ki, bütün bu köşk əməliyyatları bir təklik, şahidsizlik tələb edirdi, bu gecə haqq-hesabları yalnız qarovulçu Əflatuna aid idi, yəni yalnız bu adamın həyatının bir parçası idi, həm də gözəl parçası idi və qarovulçu Əflatun illərdən bəri buna öyrəşmişdi, odur ki, belə çağlarda bu küçüyün hürməyə başlaması tamam bir dilxorçuluq gətirirdi.
Küçük süd içə-içə, kolbasa, sosiska, pirojna yeyə-yeyə gözgörəti böyüyürdü və bu küçüyün yüksək qəyyumundan xəbərdar olan Qəbiristanlıq İdarəsinin işçiləri hərdənbir ona dondurma, marmelad, xarici peçenye də verirdilər və bütün bu gedişat ondan xəbər verirdi ki, Tülkü Gəldi Qəbiristanlığındakı bu küçüyü gələcəkdə dünyanın ən xoşbəxt itinin taleyi gözləyir. Düz üç aydan artıq beləcə davam etdi, sonra şıdırğı payız yağışı yağan bir dekabr günü – altı il bundan əvvəl – müdirin cavan və sağlam idmançı oğlu birdən-birə rəhmətə getdi.
O dəfn mərasimini, o dəfn mərasimində Əbdül Qafarzadənin dediyi sözləri yadına salanda həmişə az qalırdı ki, qarovulçu Əflatunun tükləri biz-biz olsun. Həmin dəfn mərasimində Əbdül Qafarzadə camaatın arasında (elə bil ki, rəhbərlərdən kimsə ölmüşdü, böyük bir matəm nümayişi idi) dayanmış qarovulçu Əflatunu gördü və qəflətən qışqırdı: «– Alə, Əflatun, get car çək e!.. De ki, düşmənlərin dediyi başıma gəldi!..» Və özünün hiss-həyəcanları təbiətən çox aşıb-daşan olmasa da, dünyada çox iztirabların, işgəncələrin şahidi olmuş, xırda yaşıl gözləriylə məhkum taleləri yola salmış, birdən-birə qırılmış həyat yollarını çox görmüş (və özü də evlər yıxmış) qarovulçu Əflatun o vaxta qədər o sifətdə, o baxışda adam görməmişdi (və yəqin ki, ömrünün axırına kimi də görməyəcəkdi!), elə bil ki, çeşməyinin arxasından boz gözləri ilə qarovulçu Əflatuna baxan, o sözləri deyən insan deyildi, dərdin, ələmin, dəhşətin özü idi...
Həmin fəlakətdən sonra, Əbdül Qafarzadə bir müddət işə gəlmədi və nəhayət, oğlunun ölümündən keçən neçənci günsə avtobusdan düşüb ilk dəfə Tülkü Gəldi Qəbiristanlığının darvazasının bala qapısından içəri girdi. Qarovulçu Əflatun yenə də küçüyü qucağına alıb tələsik köşkün qabağına çıxdı, amma bu dəfə Əbdül Qafarzadə küçüyə baxmadı, boz gözləri ilə çeşməyinin ardından qarovulçu Əflatunun gözlərinin içinə baxdı və o baxışların altında kürəyinin arasını soyuq tər basan qarovulçu Əflatun başa düşdü ki, səhv eləyib, küçüyü daha beləcə pişvaza çıxarmaq lazım deyilmiş.
Bundan sonra çox naməlum və qarovulçu Əflatunu o naməlumluq içində çaşbaş salan bir vəziyyət əmələ gəlmişdi: qarovulçu Əflatun bilmirdi ki, nə eləsin, bu it küçüyünü əvvəlki tək bəsləsin, yoxsa qovsun, yoxsa necə olsun? Əlbəttə, bunu gedib Əbdül Qafarzadənin özündən soruşmaq olmazdı... Qarovulçu Əflatun bu barədə Mirzəibidən, Vasilidən, Ağakərimdən məsləhət almaq istədi, amma Mirzəibi də, Vasili də, Ağakərim də çiynini çəkdi və heç biri bu işə qarışmadı, çünki Əbdül Qafarzadə ilə bağlı o işdə ki, naməlumluq var idi, yaxşısı bu idi ki, həmin işə qarışmayasan.
Səhərlər Əbdül Qafarzadə işə gələndə qarovulçu Əflatun daha küçüyü qucağına alıb pişvaza çıxmırdı və Əbdül Qafarzadə də daha o küçüklə maraqlanmırdı. Hətta bir-iki dəfə küçük özü Əbdül Qafarzadəni həyətdə görüb kişinin dalınca düşmüşdü, amma müdir küçüyə fikir verməmişdi. O cavan, o sağlam idmançı oğlunun qəfil ölümüylə Əbdül Qafarzadəyə elə bir zərbə dəymişdi ki, kim olsaydı bu zərbəyə dözə bilməzdi və bu gözəl insan ki, indi özünü ələ alıb hər gün işə çıxırdı, bunun özü igidlik idi və qarovulçu Əflatun da bunu belə qiymətləndirirdi.
Günlər də beləcə keçirdi...
Düzdü, qarovulçu Əflatun daha küçüyün südünə, kolbasasına, sosiskasına əvvəlki kimi fikir vermirdi, öz artıqlarını itin qabağına atırdı, hərdən acığı tutanda ayağı ilə itələyirdi, qulağını çəkib zingildədirdi, soyuqda, yağışda-qarda da boynuna ip salıb həyətin aşağı başındakı akasiya ağacına bağlayırdı və qarnını boşaltmayınca köşkə gətirmirdi, amma, hər halda, küçük hələ köşkdə yaşayırdı və yeməyi, içməyi, isti yeri var idi. Küçüyün ərköyün çağları keçmişdə qalmışdı. Qəbiristanlıq İdarəsinin işçiləri də Əbdül Qafarzadənin daha bu küçüyə fikir vermədiyini bilirdilər (buranın sabit bir ənənəsi var idi: müdirin xarici aləmə münasibətindəki kiçicik təfərrüat da gözdən yayınmırdı) və əvvəlki kimi küçüyə dondurma, marmelad, peçenye verən yox idi.
Sonra elə bir gün gəldi ki, qarovulçu Əflatun özünü heç cürə saxlaya bilmədi və böyrünə bir təpik ilişdirib o küçüyü köşkdən qovdu.
Onda küləkli bir gün idi və axşam təzəcə düşmüşdü. Tülkü Gəldi Qəbiristanlığındakı ölüm mərasimləri qurtarmışdı. Qəbiristanlıq İdarəsinin işçiləri getmişdi və buranın gecə həyatı da hələ başlamamışdı. Həyət-bacada heç kim yox idi. Külək elə güclü əsirdi, elə qıy vururdu ki, köşkün balaca pəncərəsindən həyətə baxan qarovulçu Əflatun fikirləşirdi ki, külək beləcə davam eləsə, bu gecə müştəri az olacaq (yağış müştəriyə təsir eləmirdi, əksinə, daha da artırırdı, amma külək təsir edirdi, azaldırdı), müştəri az olanda da qazanc az olacaq, qazanc az olanda da qayğı artacaq... Qarovulçu Əflatunun oğlu Kolxoz, atasının boyun olduğu «Jiquli» maşınını səbrsizliklə gözləyirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-1-geleceye-dogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
VII fəsilBakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
VIII fəsilİş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
Başqa şairlərin şeirləri
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Boylana-boylanaCilvələnib kəklik kimi,Ötür boylana-boylana.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları