Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.

Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən

maşınların qabağına qaçdığı bu müddət ərzində günün altında saralmış, üstünə

maşın təkərlərinin altından çıxan toz hopmuş kağız yığınını yox, yekə bir dəstə gülü sinəsinə sıxmışdı.

Surxay arıq adam idi, Abşeron günəşinin altında qapqara yanmışdı, hərdən

dayanıb it kimi ləhləyə-ləhləyə nəfəsini dərirdi və Kamança Tanrıverdi uşaq kimi maşınların qabağına qaçan bu uzun adama baxa-baxa Şuşada əlində bayraq yellədə-yellədə mitinqlərin önündə dayanan, yürüşlərin qabağında addımlayan, həmişə də başını dik tutan, özünün də, yerişinə, duruşuna, gözgörəti, o bayrağa layiq bir o

məğrurluq şəsti verən Bayraqdarı gözünün qabağına gətirirdi və o bayraqdarlıq məğrurluğu ilə Buzovna dairəsində beləcə qəzet satmaqla məşğul olmaq

düşgünlüyünü, Kamança Tanrıverdi, nəinki Surxaya, bütün xatirələrin canlı şahidi olan bir adam kimi, heç özünə də sığışdıra bilmirdi və ürəyində dünyanın qarasına ən pis küçə söyüşləri söyürdü.

Bayraqdarın bu aqibəti, əslində, elə Kamança Tanrıverdinin özünün aqibəti kimi bir şey idi və dünyanın qarasına söydüyü o küçə söyüşləri də, əslində, təkcə Surxay Bayraqdara görə deyildi, həm də özünə görə idi, Buzovna Fəhlə Yataqxanasına pərçim edilmiş o camaata görə idi.

Nəsillikcə kamançaçalan olan Tanrıverdi müəllim (ona Kamança Tanrıverdi müəllim deyirdilər) Şuşa Musiqi Məktəbində kamançadan dərs deyirdi, yay aylarında isə axşamlar Şuşa İstirahət Evinin həyətində dünyanın ən gözəl havalarını ifa edirdi və onun o kamançasının elə aşiqləri var idi ki, Füzulidə, Bərdədə, Ağdamda, Xankəndində yeyib-içəndə birdən Kamança Tanrıverdi müəllimin o havaları yadlarına düşürdü və maşını sürüb xüsusi Şuşaya gəlirdilər ki, ona qulaq assınlar və pencəyinin ciblərini də pulla doldursunlar.

Hərdən Abşeronun 40 dərəcə istisində, ya Abşeron küləkləri əsməyə başlayanda və az qala, Buzovnadakı Fəhlə Yataqxanasının (Kamança Tanrıverdigilin də orada mənzili (otağı) var idi) damını uçurub aparmaq istəyəndə, Kamança Tanrıverdi, sərin yay axşamları Şuşa İstirahət Evinin həyətində çaldığı havaları, elə bil, qəfildən eşitməyə başlayırdı və kişiyə elə gəlirdi ki, o zaman o havaları o çalmırdı, əslində, o havaları Şuşanın dağları çalırdı, Şuşanın bulaqları, ab-havası, gülləri, çiçəkləri, rəngbərəng kəpənəkləri çalırdı, ona görə də indi rəhmətlik Ustad Məşədi Müzəffər Ağanın kamançası daha o səsləri çıxara bilmirdi. Qaçaqaç düşəndə Kamança Tanrıverdi müəllim Şuşadakı mülkündən təkcə rəhmətlik babası Ustad Məşədi Müzəffər Ağadan qalmış kamançanı götürüb qaçmağa macal tapdı və indi o kamança ilə gecə-gündüz Abşeron kababxanalarında çalıb qəpik-quruş qazanırdı. Kamança Tanrıverdi müəllim indi, ancaq Kamança Tanrıverdi olmuşdu, «müəllim» sözü yaddan çıxıb getmişdi.

On dəqiqədən çox olardı ki, Kamança Tanrıverdi o böyük muşmula ağacının kölgəsində dayanıb, uşaq kimi maşınların qabağına qaçan Surxay Bayraqdara baxırdı və bu müddət ərzində bir nəfər də olsun, Bayraqdardan qəzet alan olmadı. Bayraqdar növbəti dəfə Kamança Tanrıverdinin böyründən ötən maşının üstünə qaçanda onu gördü və ona yaxınlaşıb ləhləyə-ləhləyə:

– Boy, qağa?– dedi. – Nətərsən?

Kamança Tanrıverdi bir müddət heç nə demədi və birdən – heç özü də bilmədi necə oldu? nəyə görəsə Bayraqdarı sancmaq istəyirdi? ya özü-özündən nəyinsə acığını çıxırdı?– soruşdu:

– Deyirsən o bayraq qayıdacaq də, Şuşaya?– Və bu sözlərdə açıq-aşkar bir rişxənd var idi.

Surxay Bayraqdar sübh tezdən Buzovna dairəsində ciyərinə çəkdiyi maşın tüstüsündən, qazdan xırıldaya-xırıldaya bir müddət ösgürdü və ösgürtüdən nazik, uzun boğazının damarlarının şişi getməmiş, çox ciddi və heç bir şübhə yeri qalmayan təntənə ilə:

– Əlbəttə! – dedi.

Onun o «Əlbəttə!»si ilə sinəsinin xırıltısı, eləcə ləhləməsi heç cürə bir-birinə uyuşmurdu, amma olanı bu idi ki, Bayraqdar o «Əlbəttə!»ni elə bir xatircəmliklə dedi ki, Kamança Tanrıverdinin o «Əlbəttə!»ni lağa qoymaq həvəsi (yanğısı) itib getdi.

Məsələ burasında idi ki, qaçaqaç düşəndə, camaat Şuşadan çıxanda – 1992-ci il mayın 8-də – Surxay bir əli ilə üçrəngli bayrağı tutmuşdu, o biri əli ilə də Əbülfəti sinəsinə sıxmışdı və həmin vaxt çönüb Şuşa qalasının divarlarına baxanda, bütün bu qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi və o dedi:

– Bu bayraq ki, Şuşada elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya!

Əlbəttə, bu sözləri Bayraqdara Məhəmməd Əmin bəyin – «Bir kərə yüksələn bayraq bir daha enməz!» – sözləri dedirtmişdi, amma o dəm özü də gözləmədən dediyi o sözlər Bayraqdara İlahidən gələn sözlər kimi təsir etdi və Bayraqdar bir əli ilə üçrəngli bayrağın dəstəyini daha da bərkdən sıxdı, o biri əliylə də qucağındakı Əbülfəti sidq-ürəkdən bağrına basdı, addımları gözgörəti sağlamlaşdı, enerjisini çoxaltdı və elə bil, onun o sağlam addımları Bayraqdarı Şuşadan uzaqlaşdırmırdı, elə indidən onu Şuşaya qaytarmağa başlamışdı.

... Sonralar Bayraqdarın o sözləri şuşalıların da ağzına düşdü, onlar da toyda, yasda bu sözləri dedilər, amma yavaş-yavaş o sözlər də, Şuşanın dağları kimi, uzaqlarda qaldı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XVI fəsil

Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar yenə vay verəcək.Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlaya-addımlaya soruşdu:

7 dəq
XVII fəsil

Rayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor Cabbarov.Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.

1 dəq
XVIII fəsil

Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədə-tüstülədə deyirdi:– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş, Şah Abbasın xalça toxumağınacan, danış ki, danışasan!.. Pəh...

3 dəq
XIX fəsil

Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.Qaranlıqda onu tanımaq mümkün deyildi.

1 dəq

Başqa şairlərin şeirləri