XVI fəsil
Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar yenə vay verəcək.
Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlaya-addımlaya soruşdu:
– Şəhərdə də maşına minmirsiniz, yoldaş Kərimbəyli?
– Lazım olanda minirəm, əlbəttə. Bakıda maşınsız keçinmək çətin işdi. Amma maşınla da, trolleybusla da, avtobusla da aram yoxdu.
Kiçik leytenant Bakıdan gəlmiş bu məşhur işçinin hər sözünə xüsusi diqqət verirdi və yəqin ki, hər sözdən də özü üçün bir nəticə çıxarırdı. O, bir az çəkinə-çəkinə:
– Bilirsiz, – dedi, – rayonumuz yaxşı rayondu. Gəzməli rayondu. Adamları da yaxşı adamlardı...
Gündüz Kərimbəyli kiçik leytenanta baxıb gülümsədi, yəni ki, qara qızın dərdi varmış, sonra dedi:
– Mən başqa fikirdə deyiləm.
Həsənzadə yenə də çəkinə-çəkinə:
– Bilirsiz, – dedi, – adam özünü bir az belə... birtəhər hiss eləyir... Birinci dəfədi gəlirsiz bura... Birinci dəfədi görürsüz bu yerləri, bu adamları... Amma cani axtarırsız...
– Bizim işimiz belə işdi, leytenant. – Gündüz Kərimbəyli yəqin bilə-bilə «kiçik» sözünü ixtisara saldı. – Sizin də, mənim də, hamımızın... Neçə yaşınız var?
– İyirmi dörd.
– Hələ hər şey irəlidədi, leytenant. Hələ çox üzlər görəcəksiz, çox işlərlə rastlaşacaqsız, ürəyiniz də çox qısılacaq, amma bir şey olmasın gərək: peşmançılıq. Gərək peşman olmayasan ki, bu nə işdi ömrümü həsr etmişəm, camaat gül becərir, kitab yazır, konsert verir, amma mən də gecəmi gündüzümə qatıb oğru axtarıram, cani gözləyirəm, fikrimdə hərəyə bir qara yaxıram, sonra da məlum olur ki, pis adam bu yox, bir başqasıdı. Gərək haçansa bütün bunlar barədə fikirləşib peşman olmayasan. Bununçün bilirsiz nə lazımdır?
Kiçik leytenant bir söz deməyib mühüm işlər müstəntiqinə baxdı.
Gündüz Kərimbəyli yenə öz məxsusi təbəssümüylə gülümsəyib dedi:
– Bununçün gərək, adamları da çox istəyəsən, bax, bu çiskini də, o dağları da... Bu sözlərim bir az müəllim nəsihətinə oxşadı, hə? Mən, axı, hüquq fakültəsində xeyli vaxt dərs demişəm.
Kiçik leytenant:
– Bilirəm, – dedi, – bir dəfə bizim məktəbə də gəlmişdiniz. Mən Mərdəkandakı milis məktəbində oxumuşam. Bizim rəis sizi dəvət etmişdi bizə mühazirə oxumağa. Valyutaçıların işini açmışdınız onda...
Gündüz Kərimbəyli söhbəti davam etdirmədi və taxtapuşların üstündən qaralan dağlara tərəf baxdı; elə bil bayaq kiçik leytenanta dediyi sözlərdən sonra bu dağlar da, bu taxtapuşlar da, işıqlı pəncərələr və həmin işıqda tor tutmuş çiskin də onunçün daha da doğmalaşmışdı; görünür, mühüm işlər müstəntiqinin təbiətində müəllimliklə bərabər, bir tələbəlik də hələ qalmaqda idi.
Kiçik leytenant qarşı səkidəki ikimərtəbəli binanın darvaza qapısını göstərib:
– Budu, çatdıq, – dedi. – Zibanın evi budu.
Bu ikimərtəbəli binanın birinci mərtəbəsi qaraj idi, ikinci mərtəbəsinin isə pəncərəsindən işıq gəlirdi.
– Maşını da var deyəsən?
– Yox, əşşi, onunku deyil, Cəbinin «Moskviç»idi, köhnə...
– Cəbi kimdi?
Kiçik leytenant bir balaca tutuldu:
– Heç, şoferdi, – dedi, – kolxozun yük maşınını sürür.
– Fatma arvadın oğlu Cəbi?
Kiçik leytenant təəccüblə Gündüz Kərimbəyliyə baxdı:
– Bəli.
– Bəs öz maşınını niyə burda saxlayır?
Kiçik leytenant cavab vermədi və onlar darvazaya yaxınlaşanda qapını aralayıb boynunu həyətə tərəf uzatdı:
– Ziba! Ay Ziba!
Ziba, yəqin ki, səsindən o saat kiçik leytenantı tanıyıb, hələ içəridə deyinə-deyinə pilləkənin başına çıxdı.
– Nədi? Nə istəyirsən məndən? – soruşdu. – Nə veribsən mənə, ala bilmirsən? Başıma itin müsibətini açdın, azındı? – Və sonra kiçik leytenantın yanında tanımadığı bir adam da görüb bir balaca ürkdü elə bil, daha deyinməyib onlara baxdı.
Həsənzadə dedi:
– Yoldaş Kərimbəyli Bakıdan gələn prokurordu. Sənnən özü danışmaq istəyir.
– İstəsin də...
Gündüz Kərimbəyli çiskindən gözlərini qıyıb aşağıdan-yuxarı Zibaya tərəf baxdı və soruşdu:
– Qalxmaq olar yuxarı?
– Olar də, niyə olmur...
Onlar yuxarı qalxıb otağa girdilər.
Ziba alnını dəsmalla bərk-bərk bağlamışdı və indi ahından-ufundan belə məlum olurdu ki, başı ağrayır; amma qəribə idi, bu arvadın başı bəlkə doğrudan-doğruya möhkəmcə ağrıyırdı, di gəl ki, ahı da, ufu da adama elə təsir edirdi ki, elə bil, başağrısı yalandandır.
Gündüz Kərimbəyli:
– Vaxtınızı çox almayacağıq, – dedi. – Deyəsən, yaxşı hiss eləmirsiniz özünüzü?
Ziba nifrət dolu nəzərlərlə Həsənzadəyə baxıb:
– Day necə hiss eləyəcəyəm özümü? – dedi. – Qoyurlar ki, adam qaxılıb otursun xarabasında rahatca? – Sonra o, kiçik leytenanta yox, məhz Gündüz Kərimbəyliyə yer göstərdi. – Oturun də, ayaq üstdə niyə dayanırsız?..
Gündüz Kərimbəyli girdə mizin arxasındakı stullardan birini çəkib oturdu:
– Çox sağ olun, – dedi. – Bəs siz niyə əyləşmirsiniz?
Ziba əli ilə alnını tutub:
– Mən elə səhərdən-axşamacan otururam də, – dedi və səhərdən axşamacan bu işlə məşğul olmağına baxmayaraq, Gündüz Kərimbəyli ilə üzbəüz oturdu.
Kiçik leytenant həyət pəncərəsinin sürahisinə söykənib ayaq üstə dayandı.
Ziba yenə alnını ovuşdura-ovuşdura, öz-özünə danışırmış kimi ağlamsındı:
– İşimə bax mənim, ay Allah, gücümə bax! Camaat kefdə-damaqda, mənim də evimə prokuror gəlir...
Gündüz Kərimbəylinin əvəzinə kiçik leytenant pərt oldu:
– Yaxşı danışmırsan, Ziba.
Ziba yenə nifrət dolu gözlərlə kiçik leytenantı təpədən-dırnağacan süzüb dedi:
– Sən kəs! Pişik kimi gəlib adamın başının üstünü almağı bilirsən... Dayan bir! Zibanın bənzətməsi kiçik leytenantı təbdən çıxartdı:
– Nədi, Cəbiyə deyəcəksən?
Ziba bu sözlərdən lap yandı-yaxıldı:
– Sən get bacın Gülyazın dərdini çək ki, əri şəhərdə qızlarla kef eləyir!
Gündüz Kərimbəyli kiçik leytenanta baxdı və Həsənzadə bu baxışlar altında ağzını yummağa məcbur oldu.
Onun susmasını Ziba özü bildiyi cür yozdu, yəni, bunu üstünlüyü hesab eləyib, fürsəti fövtə vermədi, qabaqdan gəlmişliklə çığırmağa başladı:
– Nədi? Nə böyük iş görmüşəm! Saatdı, tapmışam, sonra da istəmişəm satım! Cibgirlik eləməmişəm ki?!
Gündüz Kərimbəyli qəribə bir sakitliklə soruşdu:
– Harda tapmısız?
Ziba kiçik leytenanta işarə edib:
– Demişəm də ona, – dedi. – Yazdım da hamısını bir-bir! Qol da çəkdirib mənə!.. Nədi, savadı çatmayıb, pis yazıb?
Gündüz Kərimbəyli eyni sakitliklə dedi:
– Mənə də deyin.
Onun sakitliyi və bu sakitlikdəki qətiyyət Zibaya da sirayət etdi və arvad bu dəfə adam kimi cavab verdi:
– Bu gün tapmışam. Tapdım, elə orada da satmaq istədim ki, bu... – Ziba kiçik leytenanta baxıb yağlı bir söz deməkdən özünü güclə saxladı, – bu... aldı başımın üstünü..
– Bəs qabını neylədiniz?
– Hansı qabını?
– Saatın qabını. Meşindən balaca qabı olmalı idi.
– Hə, qabını... qabını tulladım də, uşaq deyiləm ik, saatqabı oynadam!..
– Hara tulladınız?
– Nə bilim, hara tulladım? Vağzalda adam bəyəm bilir ki, nəyi hara tullayır? Gündüz Kərimbəyli ayağa qalxıb nəinki Zibanın, hətta kiçik leytenantın belə gözləmədiyi bir sərtliklə:
– Burda sizinlə söhbətimiz baş tutmayacaq, Ziba xanım! – dedi. – Söhbətimizi prokurorluqda davam etdirərik.
Zibanın gözləri kəlləsinə çıxdı:
– Niyə tuturlar məni? Neyləmişəm mən? Adam soymuşam?
Bir müddət araya sükut çökdü və bu sükutu mühüm işlər müstəntiqinin səsi pozdu:
– Saatını satmaq istədiyiniz adam öldürülmüşdür. Bilmirəm, sizin bundan xəbəriniz var, ya yox?! Amma yalan danışırsınız. Belə bir işdə yalan satmağın özü ağır cinayətdir.
Yenə araya sükut çökdü və bu dəfə Zibanın gözləri xalis heyvani bir qorxudan az qala hədəqəsindən çıxacaqdı. Gündüz Kərimbəyli diqqətlə ona baxırdı.
Ziba alnındakı dəsmalı dartışdırıb açdı və udquna-udquna:
– Mən yalan demirəm, – dedi.
– Siz yalan deyirsiz! Saatın qutusunu vağzalda hara atmısınız, özünüz də bilmirsiniz, hə? – Mühüm işlər müstəntiqi yəqin ki, özündən asılı olmayaraq səsini qaldırdı.
– Hə...
– Qutu nə rəngdə idi?
– Palçığa batmışdı... Çirkli idi, fikir vermədim mən rənginə... Yağır də, neçə gündü...
– Doğru dediyiniz söz də elə budur. Doğrudan da yağır neçə gündü... Amma həmin saatın heç bir qutusu olmayıb! Siz də nə palçığa batmış, nə də palçığa batmamış qutu görə bilməzdiniz, hələ onu vağzalda harasa tullamağınız bir tərəfə!
– Necə görə bilməzdim?.. Özünüz dediniz də... – Və yalnız bundan sonra Ziba məsələni başa düşdü və məsələni başa düşməyilə də bayaq alnından açdığı dəsmalı gözlərinə sıxıb hönkürməsi bir oldu. – Niyə gəlmisiniz bura? Adam öldürəndi o? Məndən bir söz qopara bilməyəssiz!..
Mühüm işlər müstəntiqi qapıdan çıxdı, kiçik leytenant da onun ardınca getdi və onlar pilləkənlə həyətə düşüb küçəyə çıxana qədər yuxarıdan Zibanın hönkürtüsü eşidilirdi.
Bir müddət yanaşı addımladılar.
Yenə də əməlli-başlı yağmağa başlamışdı.
Gündüz Kərimbəyli kürkünün boynunu qaldırıb əllərini cibinə saldı və bir az getdikdən sonra Həsənzadə dilləndi:
– Ziba düz demir, yoldaş Kərimbəyli...
Gündüz Kərimbəyli gözlərini ayaqlarının altından çəkməyərək soruşdu:
– Nəyi?
– Mənim bacımın əri Moskvada aspiranturada oxuyur...
Gündüz Kərimbəyli kiçik leytenanta baxdı.
Həsənzadə əlavə etdi:
– Özü də tərbiyəli oğlandı...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ox-kimi-bicaq-xvi-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
AyaqqabıDəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.