Ayaqqabı
Səhifə 1 / 6
Dəli könül, nə divanə gəzirsən?..
Xəstə Qasım
Çilçırağın işığı güzgüyə düşüb adamın gözünü qamaşdırırdı, çəngəl-bıçağın, qab-qacağın parıltısı da güzgüdən gülürdü, elə bil yayın cırhacır çağında gözünü qıyıb günə baxırdın – güzgü az qala eləcə günəş olub yanırdı, amma indi nə yay idi, nə də günəşin çıxan vaxtıydı və əslində Bəbirin gözünü qamaşdıran da, bir məlhəm kimi içini güldürən də çilçırağın güzgüdə əks edən işığı deyildi və Bəbir özü də bunu çox gözəl bilirdi; məsələ, şəstlə özünü güzgüdən Bəbirə göstərən bu təptəzə, qapqara gözəl kostyumda idi, bu ağappaq, tərtəmiz köynəkdə idi, boynuna taxdığı bu ağappaq, iri qanadlı kəpənəkcikdə («baboçka») idi və Bəbir açıq-aşkar görürdü ki, SSRI xalq artisti Mürsəl Məhəmmədovun özü bu dəm bu qalın güzgüdən baxan cavan oğlanın, yəni Bəbirin yanında yalan idi və sidq-ürəkdən özünə verdiyi bu qiymət Bəbirin kefini daha da qaldırdı və Bəbir başa düşdü ki, bugünkü günü, daha doğrusu, bugünkü gecəni yüngül keçirəcək, yorulmayacaq və bayırın küləyi də nahaq yerə elə tüğyan eləyir, bu gün, bax, bu gecə Bəbiri məqsədinə bir addım da yaxınlaşdıracaq: yataqxanada çarpayısının altındakı çamadanın içindəkilərin üstünə bir az da pul gələcək, kooperativ evin hazır olmağı bir gün də yaxınlaşacaq və kim bilir, daha nə olacaq, amma, hər halda, nə olsa da, yaxşı şey olacaq və bu yaxşının zərifliyini, incəliyini, mülayimliyini elə bil ki, Bəbirin ürəyi əvvəlcədən hiss edirdi, ürəyində sevincqabağı xoş bir nigarançılıq var idi və ümumiyyətlə, hər şey əla idi, təkcə bir şey pis idi ki, çəkməsi bir ölçü kiçik idi və ayağını sıxırdı.
Bəbir gözünü güzgüdən çəkib üç gün bundan qabaq dükandan tanışlıqla aldığı par-par parıldayan qara Yuqoslaviya çəkmələrinə baxdı və gülümsədi: təki elə dünyanın bütün pislikləri bu cür gözəl Yuqoslaviya ayaqqabılarının adamın ayağını bir balaca sıxmağı olsun; bir-iki gündən sonra açılacaq, genişlənəcək və sıxmayacaq.
Gecə növbəsi təzəcə işə başlamışdı və yavaş-yavaş restorana adamlar gəlirdi, Ziba cidd-cəhdlə mizlərə düzdüyü boşqabları, çəngəl-bıçağı, külqabıları bir daha səliqəyə salırdı, Poqosov sərrast gözləri ilə içəri girən müştərilərə baxırdı, həmin müştərilərin ciblərinin tutumunu gözlərindən oxuyurdu, lazım bildiyi müştərini, guya ki, təsadüfən özü qapıda qarşılayıb mizlərdən birində oturdurdu, Əbülfət, həmişəki kimi, burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa boş mizlərin başına fırlanırdı, metrdotel Pakizə xanım hələlik öz kiçik iş mizinin arxasında oturub mizüstü lampanı yandırmışdı və çeşmək taxıb qarşısındakı kağız-kuğuza baxırdı, Əlifağa estradaya qalxmışdı və klarnetini qururdu, Aşot çoxdan gəlib öz yerində oturmuşdu və zərb alətlərini məxmərlə silib təmizləyirdi, bir azdan trubaçalan Gülməmməd, tarzən Məlik, qaboyçalan Əlimuxtar, kontrabas çalmağı bacaran Fətulla gələcəkdi, müğənni Nora gələcəkdi, Əlifağa ilə Əlimuxtar yavaş-yavaş və gizlin-gizlin araq vurmağa başlayacaqdı və estradada ara qarışıb məzhəb itəcəkdi, Nora Azərbaycan, hind, fransız, erməni mahnılarını oxumağa başlayacaqdı, Əlimuxtarın qaboyunun müşayiəti ilə bir-iki muğamat deyəcəkdi, amma, həmişə olduğu kimi, yenə də söylədiyi qəzəlin mənasını azərbaycanca, hind dilində, fransızca oxuduğu mahnıların sözləri kimi heç kim başa düşməyəcəkdi, bir azdan restoran tamam dolacaqdı. Ziba dolu məcməyiləri mizlərə daşıyacaqdı, yalandan müştərilərin üzünə güləcəkdi, müştərilərə mənalı baxışlar atacaqdı, hərdənbir ikibaşlı söz deyəcəkdi və əlbəttə, bütün bunlardan sonra müştərilər daha əliaçıq olacaqdı, Poqosovun müştəriləri isə, həmişəki kimi, hamıdan çox olacaqdı və sifarişləri də başqa sifarişlərdən sanballı olacaqdı, Əbülfətin də müştəriləri həmişəki kimi ən ucuz sifarişçilər olacaqdı, əgər restoranda on beş yer qalacaqdısa, bunun səkkizi, şübhəsiz ki, bəxtiqara Əbülfətin mizlərinin payına düşəcəkdi və Əbülfət burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa, dodaqaltı öz bəxtinin qarasına deyinə-deyinə restoranın ən pulsuz müştərilərinə qulluq eləyəcəkdi, Pakizə xanım daha oturmayacaqdı, çeşməyini də gizlədəcəkdi, bütün gecəni restoran bağlanana qədər ayaq üstə keçirəcəkdi, gözündən heç nə yayınmayacaqdı, hətta Poqosovun özü də Pakizə xanımdan ehtiyat edirdi, çünki hamı bilirdi ki, iti gözündən və sərt sözündən başqa Pakizə xanımın restoranın müdirinin yanında, hətta, mehmanxananın müdiri yoldaş Qardaşxanlının özünün yanında hörməti var və xörəkpaylayanlar haqqında Pakizə xanımın çatdırdığı xəbərlərdən çox şey asılıdır.
Bütün bunlar belə idi, amma bütün bunlarin Bəbirə heç bir dəxli yox idi, çünki Bəbir bilirdi, inanırdı, əmin idi ki, bura onun üçün müvəqqəti iş yeridir, Bəbir, Poqosov kimi ömrünün qırx ilini ofisiantlıqda keçirməyəcəkdi, bu bədbəxt Əbülfət kimi il on iki ay qayğıların içində itib-batmayacaqdı, bir il işləyəcəkdi burda, iki il işləyəcəkdi, lap beş il işləyəcəkdi, amma sonra bir pillə də qalxacaqdı, heç olmasa, metrdotel olacaqdı, mütləq olacaqdı və ofisiantlıq da onun həyatında arxada qalmış bir pilləyə çevriləcəkdi, sonra həmin metrdotelliyin özü də arxada qalacaqdı (deyirdilər ki, yoldaş Qardaşxanlı özü də metrdotellikdən başlayıb), sonra restoran müdirliyi də arxada qalacaqdı və bir gün gələcəkdi ki, bir mehmanxananın direktoru, kim bilir, bəlkə də lap böyük bir idarənin direktoru olacaqdı və o zaman saçına da bir balaca dən düşmüş Bəbir yaxınlarına, əzizlərinə öz həyatından danışacaqdı, bax, bu restoranı da xatırlayacaqdı və hamıya da deyəcəkdi ki, həyatda nail olduqlarına görə, ancaq özünə borcludu, onun atası da, anası da, dayısı da, adamı da ancaq özü olub, Poylu stansiyasında bir qarnı ac, bir qarnı tox yetimçiliklə böyüyüb Bakıya gəlib və indi, on beş ildən sonra, yəni bütün bunları danışacağı vaxt yox, indinin özündə, iyirmi doqquz yaşında, Bakının mədəni restoranlarından birində işləyir, pul verib kooperativ mənzilə yazılıb, ayda da anasına iyirmi beş manat pul göndərir.
Əlbəttə, Bəbir istəsəydi daha artıq pul qazana bilərdi və o vaxt anasına da ayda iyirmi beş manat yox, lap qırx manat göndərərdi (hərçənd anası öz xərcini özü çıxarır), bu asan iş idi, Bakının kənarlarındakı, ya da Abşeron kəndlərindəki kababxanalardan birində işləyirdi, indikindən on dəfə artıq pul qazanırdı, amma məsələ burasında idi ki, bu mehmanxanadakı mədəniyyət oralarda olmayacaqdı, Bəbir isə, mədəniyyəti sevirdi və əslində bütün çalışmaları da, manat-manat yığdığı pul da mədəniyyət naminə idi, daha doğrusu, gələcəyin mədəni həyatı naminə; Bəbir istəmirdi ki, sifətindən kababın yağı damsın, bədəninə kababın iyi hopsun, gecələr köstəbək kimi burnunu sallayıb pul saysın – Bəbir o cür həyatın qeyri-mədəniliyini və mənasızlığını başa düşürdü və o cür həyat Bəbirə lazım deyildi.
Bəbir bu mehmanxanada yük daşımaqdan başlamışdı, sonra yoldaş Qardaşxanlı onu liftçi vəzifəsinə götürmüşdü, sonra restoranda aşpazın köməkçisi oldu, sonra dördüncü mərtəbədə çayçı işlədi, işləyə-işləyə də ofisiantlıq kursunu qurtardı və ikinci il idi ki, bu gözəl restoranda xörəkpaylayan idi, həm də Bəbiri təkcə restoranın yox, bütün mehmanxananın yerli komitə sədrinin müavini seçmişdilər.
Bəbir məişət xidməti işçilərinin yataqxanasında qalırdı və o yataqxana ilə bu restoranın arası əlli dəqiqəlik yol idi, yeddi dayanacaq trolleybusda, sonra da on dayanacaq tramvayda, amma Bəbir istəsəydi, yaxın yerlərdən birində ev kirayə eləyərdi, pulu var idi, manat-manat yığıb xeyli pul düzəltmişdi, amma Bəbir fikirləşib gördü ki, yataqxananı bəyənməyib kirayədə yaşamaqdansa, həmin pulu yığıb kooperativ mənzil tikdirmək lazımdı və belə də elədi, yoldaş Qardaşxanlı sağ olsun, lazımi sənədlərə qol çəkdi, uzaqbaşı iki ilə ikiotaqlı mənzil hazır olacaqdı və o zaman Bəbir evlənəcəkdi, subaylıq da yataqxana kimi Bəbirin həyatının keçilmiş bir mərhələsi olacaqdı və Bəbir çalışacaqdı ki, arvadı Bakının mədəni ailələrindən olsun, təhsilli olsun, heç olmasa, texnikum bitirmiş olsun; əlbəttə, bu çətin iş idi, amma, hər halda, Bəbir əlindən gələni edəcəkdi və Bəbirin ürəyinin dərinində bir inam vardı ki, elə belə də olacaq; Bəbir özü də oxumağa başlayacaqdı, bu il yayda texnikuma girəcəkdi, lazım olan adamlarla danışmışdı, daha doğrusu, Poqosov Bəbiri lazım olan adamlarla görüşdürmüşdü, texnikumdan sonra instituta girəcəkdi və o zaman uşaqları da olacaqdı və Bəbir uşaqlarına atasıyla anasının adını qoyacaqdı; düzdü, anası indi hələ sağ idi, amma yaşı yetmişi haqlamışdı və o vaxta yəqin ki, qalmayacaqdı, öləcəkdi, atası isə, Allahın rəhmətinə getmişdi, onda Bəbirin iki-üç yaşı var imiş və anası ağlayanda Bəbir atasını yamsılayıb deyirmiş: «
– Səni döyərəm!».
Nora üzünə o qədər qırmızı sürtmüşdü ki, adam həmin qırmızı ilə köynəyini boyaya bilərdi və yekə mikrofonu ağzına dirəyib Azərbaycan xalq mahnısı oxuyurdu, amma bu mahnının sözlərini, təbii ki, heç kim başa düşmürdü, çünki Nora adicə azərbaycanca danışanda da adam başa düşmürdü ki, bu, boyu həddən artıq uzun, özü də arıq qadın nə deyir, amma Əlifağanın rəhbərliyi ilə çalan bu orkestrin ifaçıları hər biri öz alətində elə qiyamət eləyirdi ki, Noranın sözlərinin mənasını başa düşməyə ehtiyac qalmırdı, sifarişlərlə birlikdə üçlük gəlirdi, beşlik gəlirdi, hətta Poqosovun müştərilərindən onluq da gəlirdi və indi də pəncərə tərəfdə oturmuş üç cavan oğlandan biri yerindən:
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ayaqqabi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Başqa şairlərin şeirləri
Qarabağ...Nə zaman çəkilsə bu ad
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,