Səhifə 1 / 4

  1. Qarlı gəzinti həsrəti

Tülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.

Meşə səfalı meşə idi – dağın döşündə; palıdı, vələsi var idi, armudu, qozu, fındığı var idi. Cüyürü, əliyi var idi, hacıleyləklər burada yuva salardı, bala çıxarardı. Talaları var idi, gülü, çiçəyi var idi... Amma Tülküsü də var idi bu meşənin.

Hacıleyləklər içərisində bir gözəl Hacıleylək qoca palıdın budaqlarında özünə yuva salmışdı, üç qəşəng balası yumurtadan təzəcə çıxmışdı. Səhərlər Hacıleylək uçub gedirdi, balalarına yem tapırdı, yuvasına qayıdırdı, uzun dimdiklərini şaqqıldada-şaqqıldada balalarını yedirdirdi, daha bilmirdi ki, zalım Tülkünün bu qəşəng balalarda gözü var.

Günlərin bir günündə Hacıleylək balaları üçün yem gətirməyə getmişdi.

Tülkü yekə bir mişar tapıb güclə sürüyə-sürüyə palıdın yanına gəldi, ağzı sulana-sulana altdan yuxarı yuvada civildəşən leylək balalarına baxdı, sonra mişarı bir kənara qoyub ədəb-ərkanla palıdın dibində əyləşdi, ağacın gövdəsinə söykənib ana Hacıleyləyi gözləməyə başladı.

Az keçdi, çox keçdi, ana Hacıleylək yem tapıb geri uçdu, yuvasına qonub yenə də uzun dimdiklərini şaqqıldada-şaqqıldada istədi ki, balalarını yedizdirsin, amma bir də baxıb gördü ki, ağacın dibində bir Tülkü mişarı qaldırıb palıdın gövdəsini kəsmək istəyir. Hacıleyləyin ürəyi qırılıb düşdü ayaqlarının altına, başını aşağı uzadıb soruşdu:

– Ay Tülkü lələ, nə edirsən belə?

Həyasız Tülkü dedi:

– Ağacı kəsirəm.

Yazıq Hacıleylək uçum-uçum uçunmağa başladı:

– Niyə, ay Tülkü lələ?

Qəddar Tülkü dedi:

– Sənə nə var niyə? Meşə mənə babamdan qalıb. Bu ağacı kəsirəm ki, aparıb bazarda satım, özümə toyuq alım.

Yazıq Hacıleylək nə biləydi ki, bu qoca palıdı kəsməyə Tülkünün gücü çatmaz, gözlərindən yaş axıdıb yalvarmağa başladı:

– Bizə rəhmin gəlsin, ay Tülkü lələ. Bəs, sən ağacı kəssən biz neylərik? Yuvam dağılar, ay Tülkü lələ...

Tülkü gözlərini qıyıb yenə də aşağıdan yuxarı Hacıleyləyə baxdı və dedi:

– Onda balanın birini mənə ver, ağacı kəsməyim. Yoxsa, kəsəcəyəm.

– Bay, sənin canın yansın, ay Tülkü! – bu sözləri Səmayə dedi, lap doğrudan-doğruya ürəyi yana-yana dedi.

Məsələ burasında idi ki, zalım Tülkü ilə biçarə Hacıleylək haqqındakı bu pyesi Bakı Uşaq Teatrı tamaşaya qoyacaqdı və Səmayə də həmin tamaşada Tülkü rolunu oynayacaqdı. İndi də gecənin bir aləmi divanın üstündə ayaqlarını altına yığıb soyuqdan büzüşə-büzüşə öz rolunu əzbərləyirdi.

Bu il qış yaman gəlmişdi, hələ söyüdlər yarpaqlarını tamam tökməyə macal tapmamış hər yanı qar basmışdı, gör indi bir azdan nə qiyamət qopacaqdı. Otaqlar da ki, soyuq – qızdırıcılar pis yanırdı. Səmayə ocaqçı Məmmədəlinin qarasına deyinib yenə pyesi oxumağa başladı.

Hacıleylək nə qədər yaş axıtdı, nə qədər yalvarıb aman istədi, qəddar Tülkü bəd əməlindən dönmədi ki, dönmədi.

Dərddən ürəyi üzülən Hacıleylək axırıncı dəfə Tülkünü dinə-imana gətirmək istədi:

– «Sən mənimçün can ver, mən səninçün ölüm» oldu bu, ay Tülkü lələ.

Tülkü mişarı qoca palıdın yoğun gövdəsinə ilişdirib:

– Özün bil! – dedi.

Çarəsiz dərdə loğman da acizdir. – Hacıleyləyin əlacı qalmadı, gözünü yumub lap ürəyi gedə-gedə dimdiyi ilə balalarından birini götürdü və Tülküyə atdı, heç özü də bilmədi neylədi. Tülkü quşcuğazı dişinə alıb şələ quyruğunu bulaya-bulaya çıxıb getdi və hələ də bir müddət yazıq quşcuğazın civiltili ah-naləsi kəsilmədi.

– Can-can!.. – Bunu da Səmayə dedi və istər-istəməz divanda dikəlib o biri otaqda mışıl-mışıl yatan Fatmaya tərəf boylandı, elə bil arxayın olmaq istəyirdi ki, Fatma üçün belə Tülkü qorxusu yoxdur və buna arxayın olandan sonra yenə də pyesi oxumaq istədi, amma daha həvəsi qaçmışdı, özü də lap yorulmuşdu, həm də yazıq quşcuğazın civiltisi qulağından getmirdi.

Səmayə divandan qalxıb barmaqlarının ucunda qızdırıcıya yaxınlaşdı, əlini hələ əməlli-başlı qızmamış dəmirin üstünə qoyub yenə də ocaqçı Məmmədəlinin qarasına ürəyində bir-iki yağlı söz dedi, sonra pəncərənin yanına gəlib bayıra baxdı.

Bayırda bir qar yağırdı ki, gəl görəsən; qardan və adda-budda pəncərə işıqlarından başqa heç nə görünmürdü. Səmayə bu quşbaşı qara baxdı, baxdı və çox keçmişlərdə qalmış bir dəli həvəsin giziltisi yenə də ürəyindən keçib getdi; amma bir həsrət həzinliyi qaldı yenə.

Bir dəli həvəsi var idi Səmayənin, çox-çox bundan əvvəl, o vaxtlar ki, Səmayə tək idi, yəni o vaxtlar ki, hələ Fatma yox idi dünyada və Səmayə özü də Fatma kimi qəşəng gözəl bir qız idi. Bir dəli həvəsi var idi Səmayənin – bu cür qarlı gecədə üst-başlarına qar yağa-yağa dünyada ən yaxın adamı ilə, ən əziz adamı ilə, yəni sevgilisi ilə Bakının küçələrini, bağlarını, dəniz kənarını gəzmək; elə gəzmək ki, dünyada onlardan – Səmayədən və həmin naməlum sevgilidən, bir də ki, quşbaşı qardan başqa heç kim və heç nə olmasın; Bakı yatsın, təkcə beş-altı pəncərə oyaq qalsın və onlar da bu qarlı pəncərə işıqlarını güclə tapıb bir-birilərinə göstərsinlər, həmin pəncərə işıqlarının ilıqlığı ürəklərindən axıb keçsin; onda adamın ürəyi lap balaca – bir dınqılı gəmiyə dönər...

Əvvəlcə trolleybusun səsi gəldi, sonra işığı göründü və gecənin yarısına qalmış bu axırıncı trolleybus pəncərəsinin altından keçib, gedəndə Səmayəyə elə gəldi ki, elə bil vağzaldadır və kimi isə – çox əziz bir adamını uzaq səfərə ötürür, ürəyi sıxıldı.

Bu, həmin dəli həvəsin həsrət sıxıntısı idi.

Bir vaxt var idi – o vaxt ki, hələ Fatma dünyada yox idi və Səmayə özü də Fatmadan bir-iki yaş böyük olardı, elə beləcə gözəl-göyçək bir qız idi – bax, beləcə dayanardı köhnə evlərinin pəncərəsi qarşısında, bayırda yağan qara baxardı və o zaman da ürəyində həmin dəli həvəsin həsrəti var idi, amma o həsrət bol-bol işıq içində idi, sevincli həsrət idi, əslində həsrət yox, ürək tappıltısı ilə gözlənilən gələcək idi; onda sıxıntı yox idi, gözləmə var idi, nəyinsə ərəfəsi idi.

O zaman gələcəkdə onu həmin qar gəzintisi gözləyirdi, səhnədə onu Dezdemona, Luiza, Gültəkin gözləyirdi, lap o vaxtdan Ofeliyanın mahnısını əzbərləmişdi və bu mahnı da səhnədə onu gözləyirdi. Əlbəttə, o zaman heç ağlına gətirməzdi ki, bir vaxt gələcək və beləcə gecə vaxtı qəddar Tülkünün sözlərini əzbərləyəcək, min cürə fəndgirlik edib Hacıleyləyin gözlərini yaşlı qoyacaq, çünki o zaman ağlı hələ kəsmirdi ki, hamı Dezdemona ola bilməz, Tülkünü də oynamaq lazımdır və Tülkünü oynamaq da yuxusuz gecələr istəyir, istedad istəyir. O zaman hələ orasını da bilmirdi ki, Stanislavski deyib: rolun böyüyü, kiçiyi yoxdur, artistin böyüyü, kiçiyi var.

Bu başqa məsələ ki, dünyada nə Tülkü olaydı, nə onun mişarı, təkcə elə Hacıleyləklər olaydı, ceyranlar, cüyürlər olaydı, güllər, çiçəklər olaydı. Səmayə bunu fikirləşdi və pəncərədən quşbaşı qara baxa-baxa gülümsədi, çünki meşə çaqqalsız olmaz deyiblər, həm də lap uşaq fikirləridir bu.

Belə çaqqallardan birisi də, heç şübhəsiz – Fatmanın qulağından iraq – onun keçmiş başabəla sevgisi idi, yəni ki, Fatmanın üzdən iraq atası. Əvvəlcə bir-iki ay sevgilisi, sonra üç-dörd ay yarımsevgilisi oldu, sonra da lap çaqqala döndü, çünki Nuh-Nəbidən çaqqal imiş və elə ki, onun çaqqallığı tamam-kamal məlum olmuşdu, Səmayə Fatmanı da götürüb çıxıb getmişdi.

Onda Fatmanın iki yaşı var idi, indi Fatmanın on beş yaşı tamam olub və lap qabaqlar Səmayənin heç ağlına gəlməzdi ki, Dezdemonadan, Luizadan, Gültəkindən əvvəl onu gələcəkdə gözəl-göyçək bir Fatma gözləyir, elə bir Fatma ki, onu dünyanın ən xoşbəxt adamı edəcək və bu xoşbəxtlik yanında qarlı gəzinti həsrəti də, Dezdemona, Luiza, Gültəkin həsrəti də bir heç olacaq.

Səmayə yenə də gəlib əlini qızdırıcıya uzatdı və bu dəfə ocaqçı Məmmədəlinin qarasına deyinmədi, çünki borular yavaş-yavaş qızırdı və borular qızdıqca da otaq yavaş-yavaş istiləşirdi; belə qış gecələri otaq qızandan sonra daha adam qəribsəmirdi, pis-pis fikirlər girmirdi başına.

Səmayə o biri otağa keçib Fatmanın üstündəki yorğanı ustufca rahatladı və soyunub öz yerinə girdi, tələm-tələsik yorğana büründü və elə bildi ki, Hacıleylək gəlib öz yuvasına, balası da yanında. Sonra Tülkü yadına düşdü, sonra Çaqqal yadına düşdü, sonra da Fatmanın atası yadına düşdü və Fatmanın on yaşı tamam olandan sonra atası ilə ilk dəfə gəzməyə çıxmağa icazə verdiyi günü xatırladı. Əslində bu gəzintini Səmayə özü təşkil elədi, hər nə idi, hər kim idi, uşağın atası idi. Həmin gün Fatma ömründə ilk dəfə o vaxta qədər təsadüfdən-təsadüfə gördüyü atası ilə gəzməyə çıxdı və evə qayıdandan sonra Səmayəyə birinci sualı bu oldu:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

12. Görüş

Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...

198424 dəq
13. Quzu budu

Gecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.

198415 dəq
14. Əbdül Qafarzadə

Əbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.

19841 saat 5 dəq
15. Hər şey keçib gedir...

Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.

19841 saat 10 dəq

Başqa şairlərin şeirləri