13. Quzu budu
Səhifə 1 / 2
Gecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.
Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.
Sakit olsa da, maşınsız, sürətsiz olsa da, o aydınlıq gecədə uzanıb gedən o asfalt yolda və ümumiyyətlə, gözünü açıb gördüyü bütün asfalt yollarda Gicbəsər üçün bir yadlıq, yabançılıq var idi, asfalt yollar beləcə ən sakit, ən səssiz vaxtlarında da Gicbəsər üçün gizli bir qorxu mənbəyi idi. Tülkü Gəldi Qəbiristanlığındakı torpaq sahələri nəzərə almasan, bütün ömrünü asfalt üzərində (Qəbiristanlıq İdarəsinin həyətində...) keçirməyinə baxmayaraq, Gicbəsər yalnız asfaltdan çıxanda, torpağın üstündə olanda özünü sərbəst hiss edirdi və görünür, bunda ibtidaidəngəlmə nəsə bir sövq-təbiilik var idi.
O gecəyarısı Gicbəsərin dişində balaca quzu budu tutub getdiyi o asfalt yol Abşeronun dənizkənarı kəndlərindən birindəki bağlararası yol idi və bu yolun hər iki tərəfi dəmir torlarla çəpərə alınmışdı, daş hasarlarla tikilmişdi, çünki hər iki tərəf Bakı sakinlərinin bağları, xüsusi sahələri idi və bu yerlərdə hər bağ da hərənin öz qalası idi.
Gicbəsərin qaçmağa taqəti yox idi, amma axsaya-axsaya sürətlə addımlayırdı, bu dəmir torlar, daş hasarlar da qurtarmaq bilmirdi ki, it yoldan çıxsın. Ət çox soyuq idi, amma Gicbəsərin ağzında olan hissə yavaş-yavaş qızmışdı və bu daş hasarlar, bu dəmir torlar qurtaran kimi, Gicbəsər bu əti yeyəcəkdi, amma elə indidən itin dişlərinin arasından axan su adda-budda asfalta tökülürdü.
Gicbəsər neçə gün idi ki, o böyük şəhəri arxada qoymuşdu, böyük küçələr, böyük binalar, böyük həyətlər arxada qalmışdı və Gicbəsər bu müddət ərzində zavodların yanından, neft buruqlarının arasından keçib, yerli itlərin təqibindən qaçıb, bir-birini əvəz edən Bakı kəndlərindən ötmüşdü və ayaqları bu iti hara aparırdısa, ora da gedirdi.
Gicbəsərin yaralı ayağı ağrıyırdı, zədələnmiş boğazı get-gedə daha artıq göynəyirdi, başını tərpədə bilmirdi, amma o aylı-ulduzlu erkən yaz gecəsinin sakitliyi, elə bil, həmin anlarda bir məlhəm kimi, itin Tülkü Gəldi Qəbiristanlığından çıxdığı vaxtdan bəri keçən bütün günlərinin əzab-əziyyətinin üstünə yayılırdı və Gicbəsər o asfalt yolla, elə bil ki, (nəhayət!), əbədi bir toxluğa və əbədi bir rahatlığa doğru gedirdi.
Gicbəsərin dişində apardığı o balaca quzu budu, diş həkimi Nəcəf Ağayeviçin soyuducusundan çıxmışdı.
Nəcəf Ağayeviç hər şənbə günü Nadejda Fyodorovna ilə birlikdə «Jiquli» maşınlarına minib Bakıdan 35 kilometr aralıdakı bağlarına gəlirdilər, gecə bağda qalırdılar, bazar günü axşam sərini təzədən Bakıya qayıdırdılar. Bu ər-arvadın heç bir qohumu, tanış-bilişi bu bağı tanımırdı, illərdən bəri – o zamandan ki, Nəcəf Ağayeviç beynəlmiləl ailəsini, xalqlar dostluğunu əsas tutub Azərbaycan KP MK-ya, Moskvaya, Sov.IKP MK-ya, şəxsən L.I.Brejnevə yazdlığı ərizələrdən («Beynəlmiləl ailə qurmuşuq, mən azərbaycanlı, həyat yoldaşım isə rusdur, gərgin əməkdən sonra istirahət etməyə yerimiz yoxdur!»), Nadejda Fyodorovnanın rayon İcraiyyə Komitəsindən tutmuş, şəhər partiya komitəsinəcən hər yerə girib-çıxmasından sonra, nəhayət ki, bu bağı, təmir olunmuş gözəl üçotaqlı bina ilə birlikdə hökumətdən kirayəyə götürmüşdü – bura bir nəfər də ayaq basmamışdı. Nəcəf Ağayeviç bağa telefon da çəkdirmişdi və bu beynəlmiləl ailə hər şənbə, bazar günü dünyanın bütün alış-verişindən, hərc-mərcliyindən, fitnə-fəsadından çox uzaq olan bir ada kimi, bu bağda istirahət edirdilər, heç kim onları narahat edə bilmirdi.
Nəcəf Ağayeviçlə Nadejda Fyodorovna bu şənbə Bakıda Musiqili Komediya Teatrında Offenbaxın «Gözəl Yelena» operettasının ilk tamaşasına getdikləri üçün, bağa gecə gəlib çıxdılar və dəmir qapılarının saysız qıfıllarını açdıqdan sonra, evə girəndə Nadejda Fyodorovna adəti üzrə birinci növbədə fin soyuducusunun içinə baxdı və tamaşa etdikləri operettanın o gözəl təsirindən hələ də çıxmadığı üçün üz-gözünü xüsusi bir nifrətlə turşudub:
– Oy!..– dedi. – Tvoya ta baranina ujasno vanyayet!..
Məsələ burasında idi ki, Nadejda Fyodorovnanın qoyun əti ilə arası yox idi, dana ətini, yağsız çoşka ətini, toyuğu, hinduşkanı, təzə ağ balığı üstün tuturdu və buna görə də bu ər-arvad heç vaxt qoyun əti almırdı. Nəcəf Ağayeviç isə qoyun ətini xoşlayırdı, hətta bəzən dalbadal mal əti yeyəndə zəiflədiyini hiss edirdi, qoyun əti Nəcəf Ağayeviçə, elə bil ki, qüvvət verirdi, şəhərdəki saysız-hesabsız işlərini daha cəld və daha artıq bir şövqlə görürdü və qoyun əti yediyi günlərdə gecələr Nadejda Fyodorovna da ərindən razı qalırdı...
Qoyun ətini Nəcəf Ağayeviç üçün rayonlardan, Bakının ətraf kəndlərindən gəlmiş müştəriləri, yəni xəstələri nəğd verəcəkləri puldan əlavə, hərdənbir pay gətirirdilər. Bu körpə quzu şaqqasını da keçən həftə pay gətirmişdilər, Nəcəf Ağayeviç o şaqqanın yuxarı hissəsini – qabırğaları, qolu yeyib qurtarmışdı, bu kiçik budu isə yeməyə macal tapmamışdı və o bud keçən bazar günündən bağdakı soyuducuda qalıb ağırlaşmışdı.
Nəcəf Ağayeviç gəlib sellofana bükülmüş əti soyuducudan çıxartdı, burnuna tutub iylədi – ət, doğrudan da, ağırlaşmışdı, amma Nəcəf Ağayeviç hər ehtimala qarşı:
– Seyças vımyu. Mojet proydet zapax...
Nadejda Fyodorovna daxilən yenə də Offenbaxın operettasına qayıtmışdı və bu yaraşıqlı qadından çıxmayan bir səxavətlə:
– Da bros tı etu baraninu!– dedi. – Çto uvideli tvoi dikari v baranine, a, ne kak ne poymu?.. Aziat tı vsyo je, aziat!.. – Və Nadejda Fyodorovna gözəl Yelenanın ariyasını zümzümə edə-edə otaqda dövrə vurdu, hər ay İsraildən içi pal-paltarla dolu bağlamalar gətirdən alverçidən (daimi müştərisindən) aldığı enli və uzun donunun balaqları çətir kimi hava ilə doldu.
Nəcəf Ağayeviç əlində tutduğu o kiçik quzu buduna baxdı, sonra Nadejda Fyodorovnaya baxdı və arvadının o gözəl ovqatını pozmasın deyə, evdən çıxdı, üç metrlik daş hasara aldığı həyətdən də çıxdı və əti bağın dəmir darvazası ilə üzbəüz ucalmış xartut ağacının dibinə qoydu – qurd-quş götürüb aparacaqdı... Nəcəf Ağayeviç dərindən köksünü ötürüb evə qayıtdı: o gözəl operettadan sonra kefi qalxmış Nadejda Fyodorovnanı hələ gecə də razı salmaq lazım idi...
O əti o böyük xartut ağacının dibindən tapan isə Gicbəsər oldu və taqəti qalmadığı, yaralanmış qılçı ağrıdığı, boynu sızıldadığı üçün güclə addımlayan bu it, o əti ağzına alan kimi, elə bil, o ətlə bərabər, o böyük xartutun kötüyündən bir qüvvə də aldı, hansı bir başqa itinsə, hansı bir başqa varlığın, ya qeyri-varlığınsa o əti ağzından qapacağından qorxa-qorxa qulaqlarını qısıb axsaya-axsaya qaçdı, Nəcəf Ağayeviçin dəmir darvazası tərəflərdən uzaqlaşdı.
Nəcəf Ağayeviçin bağı bağların arası ilə dənizə gedən əsas asfalt yolun kənarında idi və o böyük xartut ağacının yanından qaçıb bu yola düşmüş Gicbəsər addımlarını yavaşıtmışdı, o quzu budunun ağzında saxladığı isinmiş hissəsi, o aydınlıq aprel gecəsi həyatının yaxşı məqamlarını itin yadına salırdı: haradasa, haçansa bayırın soyuğunda, çovğununda isti bir yerdə yatmasını, haradasa, haçansa – çox-çox uzaqda qalmış vaxtlarda tumarlanmasını, hardasa, haçansa ağappaq bir qancığın onun dalına düşməsini... və bütün bu görümlərin hamısı Gicbəsərin beynində bir dumana bürünmüşdü, bir-birinə qarışmışdı, amma o dumanın da, qatmaqarışıqlığın da içində indi nəsə bir ilıqlıq, mülayimlik hiss edirdi (indicə yeyəcəyi o quzu buduna görə?) və həmin hiss Gicbəsərin ayağının ağrısını da, boğazının ağrısını da, elə bil ki, azaldırdı.
Və bu vaxt Gicbəsər uzaqdan gələn maşının iyini duydu, səsini eşitdi və qəribədir, həmin gecə sakitliyi içindəki yaxınlaşan o səs Gicbəsərə heç bir bəd əməldən xəbər vermədi, Gicbəsəri diksindirmədi, təşvişə salmadı, elə bil ki, Abşerondakı o aydınlıq gecədə, dənizə gedən o yolda heç bir pis iş, heç bir bəd əməl ola bilməzdi.
Maşının işığı göründü, o maşının ardınca ikinci bir maşın da döngəni buruldu və Gicbəsər sürətini bir az artırıb yolun kənarına çəkildi.
... İrəlidə gedən «Jiquli»də dörd nəfər əyləşmişdi: maşının sahibi və sürücüsü gənc nasir Səlim Bədbin, qabaqda onunla yanaşı oturmuş tanınmış şair, əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı, arxada da iki nəfər gənc şair.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-13-quzu-budu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
23 fevral 1806-cı il. Sankt–Peterburq. Qış sarayı.İmperator I Aleksandr iş otağında yazı mizinin arxasında oturmuşdu.
Hakim oxucudurBu kiçik ön sözü yazmaq istərkən fikrimə bir sual gəldi: mən ilk hekayəmi nə vaxt yazmışam?Nə vaxt?
ProloqGecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.
I fəsilAğaclar, kollar, bütün yer qarın içində idi; göy də ağappaq idi və hər tərəfi bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi.Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap təzəcə dayanmışdı.
Başqa şairlərin şeirləri
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah