12. Görüş
Səhifə 1 / 4
Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»
Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...
Onda Arzu Xosrov müəllimə demişdi: «– Əşşi, mənə nə vardı e, tək canımıydı... Kələntər müəllimin isə, yazığın yeddi qızı qalmışdı...»
Və Arzu o sözləri deyəndən sonra, Xosrov müəllim bir müddət harada dilənçi, səfil arvad görürdü, elə bilirdi ki, Kələntər müəllimin qızlarıdı, heç cürə özü ilə bacara bilmirdi, dayanıb o dilənçi, o səfil arvada baxırdı, o arvadla Kələntər müəllim arasında bir oxşarlıq tapmaq istəyirdi və o qədər baxırdı ki, dilənçi qorxub qaçırdı...
Xosrov müəllimin yuxuda gördüyü qızların sayı çox olurdu, amma o qızların sayı nə qədər çox olsaydı da, onlar Kələntər müəllimin o yeddi qızı idi, Xosrov müəllimin həyatda heç üzlərini də görmədiyi o qızlar idi.
Onda yetmişinci illərin sonu idi və Xədicə arvad düz deyirdi: Xosrov müəllim uzun ömründə birinci dəfə (və belə görünür ki, sonuncu dəfə...) yayda istirahət eləməyə getdi, avqust ayı idi, Bakının isti vaxtlarıydı, Xosrov müəllim poçtdan məzuniyyət pulunu aldı (köşkdə işlədiyinin sonuncu ili idi, sonra təqaüdə çıxdı), illərdən bəri yığdığı iki yüz manatın üstünə qoydu və «Bakı – Kislovodsk» qatarında ümumi vaqona bilet alıb axşamçağı Bakıdan çıxdı.
Xosrov müəllim sonuncu dəfə qatara 1956-cı ildə Tomsk vilayətindən Bakıya qayıdanda minmişdi, günlərlə beləcə bir ümumi vaqonun pəncərəsi qarşısında oturub bir-birini əvəz edən yol mənzərələrinə baxmışdı, amma, əslində, o mənzərələrin heç birini görməmişdi, Ovanesin Şuşaya qalxan faytonunu görmüşdü, – o rəngbərəng ölü xoruzu görmüşdü. Hadruta aparan yolu kəsmiş yolbəndin yanında dayanan Qırmızı Yaqubu görmüşdü, Hadrutun altı kilometrliyində yanan o tonqala baxmışdı, səbrlə, tələsmədən Xıdır müəllimin (onda hələ Xıdır müəllimin on yeddi il əvvəl– 1939-cu ilin həmin qış günlərindən birində güllələndiyini bilmirdi, bunu Bakıya gələndən sonra öyrəndi...) sifətinə baxmışdı, o sifətin bütün cizgilərini bir-bir gözlərinin qabağından keçirmişdi, yenə də Xıdır müəllimi tanımaq, başa düşmək istəmişdi və hərdən ona elə gəlmişdi ki, Xıdır müəllim Xıdır müəllim yox, müstəntiq Məmmədağa Ələkbərovdu, çünki on yeddi illik ayrılıqdan sonra Bakıya gedən o qatarda, o ümumi vaqonun pəncərəsindən baxa-baxa Xıdır müəllim haqqında fikirləşəndə birdən-birə müstəntiq Məmmədağa Ələkbərovun sifəti gəlib qonurdu şüşəyə...
Tomsk vilayətindən gələn o qatar da, o ümumi vaqonun pəncərəsi qarşısında oturduğu günlər də keçmişdə qalmışdı və illər bir-birini əvəz etdikcə Hadrutun altı kilometrliyində qalanmış o tonqal da, Ələsgər müəllimin evindəki o qonaqlıq da, Narımın o soyuğu da – hər şey bir-birinə qarışırdı, bir kütlə əmələ gətirirdi və bəzən elə olurdu ki, o kütlə sıxılırdı, sıxılırdı, sıxılırdı, bir qoz boyda olub Xosrov müəllimin boğazında ilişib qalırdı və o cür vaxtlarda kişiyə elə gəlirdi ki, indicə ürəyi partlayacaq, indicə öləcək, amma ölmürdü, ürəyi partlamırdı və belə məlum olurdu ki, dünya yaşadıqca elə Xosrov müəllim də yaşayacaqdı...
Həmin avqust axşamı Xosrov müəllim Kislovodska gedən qatarın ümumi vaqonuna qalxdı, bileti bələdçiyə göstərib yerini soruşmaq istədi, amma çox kök, yaşlı bir qadın olan bələdçi öz kupesində oturub o cırhacır bürküdə yekə bir duzlu xiyarı əlinə alıb xırçaxırç yeyə-yeyə köhnə bir kitab oxuyurdu və heç başını da qaldırmadan:
– Davay... Davay... – deyirdi. – Proxodi...
Xosrov müəllim vaqonun içinə keçib yerini tapdı (yenə pəncərənin kənarında idi), balaca əl çamadanını taxta oturacağın altına qoydu və ümumi vaqonun cürbəcür iylər qarışmış ağır və həddən artıq isti havasıyla nəfəs ala-ala fikirləşdi ki, bu bələdçi qadını hardan tanıyır? Və elə ki, qatar yola düşdü, elə ki, bir az keçəndən sonra o kök bələdçi qadın sağ əlini şəhadət barmağının uzun dırnağı ilə dişlərinin arasında qalmış duzlu xiyar qırıntılarını təmizləyə-təmizləyə, sərnişinlərin biletlərini yoxlaya-yoxlaya gəlib Xosrov müəllimin qabağında dayandı, kişi lap əmin oldu ki, bu qadını hardansa yaxşı tanıyır, amma kim olduğunu heç cürə yadına sala bilmirdi.
Bələdçi qadın bütün vaqon eşitsin deyə bərkdən:
– Tualeti təmiz saxlayın!– qışqırdı. – Kim tualetdə biyabırçılıq eləsə, əsgini verəcəyəm əlinə, özünə yudurdaciyəm!– Sonra dırnağı ilə dişlərini qurdaladığı əlini Xosrov müəllimə tərəf uzatdı. – Davay tez elə! Bileti ver görüm!
Xosrov müəllim əlində hazır tutduğu bileti bələdçi qadına uzatdı, amma o bələdçi qadın bileti götürmək əvəzinə, sürətlə gedən vaqonun işığında diqqətlə Xosrov müəllimə baxdı və birdən:
– A-a-a... Xosrov məllimsən sən? – soruşdu, gözləri əməlli-başlı bir maraqla işıldadı. – A kişi, bəs, səni güllələməyiblər?! Hardan xortdamısan sən belə?.. Niçeqo sebe!..
Xosrov müəllim bilirdi ki, bu qadını yaxşı tanıyır, lap yaxından tanıyır, amma kim olduğunu heç cürə yadına sala bilmirdi, amma içindən nəsə pis, bəd bir hiss əvvəlcədən baş qaldırmağa başladı, o ümumi vaqonun tər qoxusuna, soyutma yumurta, kolbasa, soğan, sarımsaq qoxusuna qarışıb az qaldı kişinin ürəyini bulandırsın.
Bələdçi qadın Xosrov müəllimin biletini alıb baxdı:
– Fiktivni döyül ki?.. – deyib bərkdən güldü və soruşdu: – Məni tanımadın?
Xosrov müəllim bu kök, adda-budda ağarmış saçları sir-sifətinə tökülmüş, güləndə dodağının kənarlarından əprimiş metal dişləri görünən qadına baxırdı... bu qadını, əlbəttə, tanıyırdı... bilirdi ki, bu qadın kimdir... bilirdi... amma kim idi bu qadın?.. və o pis, o bəd hiss gəlib yenə də Xosrov müəllimin boğazına dirənmişdi və kişi udqunduqca nazik boğazının uzun hülqumu eləcə enib-qalxırdı.
Bələdçi qadın:
– Mənəm də!.. – dedi. – Tanımadın?.. Arzuyəm də, Ələsgər müəllimin qızı!..
Xosrov müəllim eləcə udqunurdu və heç nə demirdi, kişinin alnından süzülən tər gəlib burnunun ucundan sallanırdı, sonra dizinə düşüb parusin şalvarının balağına yaş ləkə salırdı.
Bələdçi qadın (Arzu!) yenə də güldü:
– Elə əvvəlki kimi danışıb-eləyən döyülsən, hə?..Vay səni!.. Mən elə bilirdim, çoxdan güllələyiblər səni, indi sümüylərin də çürüyüb!.. Ancaq, yaxşı qalmısan vallah!.. – Və bu kök bələdçi qadın da susdu, birdən-birə nəsə çox uzaqlara getdi, sonra dedi:– Je vu felisit, madmuazel... Yaduva gəlir?..
Qəribə idi, hər şey Xosrov müəllimin yadında idi və eyni zamanda, heç nəyi xatırlamırdı, beynində, hisslərində hər şey bir-birinə qarışmışdı və o qarışıqlıq içində ən gözlənilməzi bu idi ki, Xosrov müəllim haradansa uzaqlardan yenicə doğulmuş bir çağanın cığırtısını eşidirdi... Kim idi o çağa? Cəfər idi? Aslan idi? Azər idi? Yoxsa elə bu Arzu idi? Kim idi?..
O çağa isə çığırırdı...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-12-gorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.
HönkürtüOlub keçənləri bir-bir çəkərsənSakit yaddaşının məhkəməsinə...
Bozluq içində iki nəfərDöz, bağrı daş olan könlüm...Abbas Tufarqanlı
Başqa şairlərin şeirləri
Səbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.