Səhifə 3 / 4 · 50%

– Gəl e, gəl görək!.. – dedi. – Çox yaxşı iş görmüsən gəlmisən!.. – Və Xosrov müəllimlə birlikdə o darısqal dəhlizdən otağa keçdi, girdə mizin arxasındakı taxta kürsülərdən birini çəkib yer göstərdi. – Otur burda... Dayan, döşəkçə verim, altıva sal...

– Yox, lazım deyil... – Xosrov müəllim əyləşmək istədi.

– Necə lazım deyil?.. – Arzu bərkdən güldü və gözlərinin altı torba bağlamış, güldükcə ətli buxağı sinəsinə yayılan bu arvadın əprimiş metal dişləri göründü. – Qupqurusan, zapasın-zadun yoxdu sənin!.. Oturacaqsan, taxta sümüklərivi kəsəcək...

Arzu oturacağında, söykənəcəyində dəmir yayları hiss olunan köhnə divanın üstündən kiçik və girdə bir döşəkçə götürdü, Xosrov müəllimin altına basdı və özü də gəlib kişiylə üzbəüz oturdu. Bir müddət heç biri bir söz demədi, sonra Arzu yenə də güldü:

– Vay səni, Xosrov məllim!.. Niçeqo sebe!.. – dedi. – Elə əvvəlki adamsan a!.. Elə bil, heç qırx il keçməyib, hə? Nə qırx il, qırxdan da artıq!.. Bir danış görək də, nə var, nə yox?.. Bəs səni necə oldu güllələmədilər? Birdən stukaç-zad olarsan a?!.

Xosrov müəllim bir söz demirdi, elə hey udqunurdu, uzun hülqumu nazik boğazında enib-qalxırdı və bayırdakı o hinin iyi dəhlizdən keçib otağa da gəlirdi.

«Əziz dostlar! Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram. Ancaq ürəyimə bir gözəl sağlq gəlib ki, onu da bu gözəl məclisdə mən deməliyəm!..»

– Yaxşı sveji çay var, qoy çay gətirim sənə! – Arzu ayağa qalxıb divanın yanındakı dolabın gözünü açdı, iki dənə stəkan-nəlbəki götürdü, yarım litrlik bankada yarımçıq alma mürəbbəsi götürdü, bankanı gətirib Xosrov müəllimin qabağına qoydu. – Yaxşı mürəbbədi, Saratovdan almışam. Orda xalturit eləmirlər, bizimkilər kimi oğru döyüllər!.. Özü də ucuz... – Sonra gedib dəhlizin başında yanan qaz plitəsinin üstündən çayniki götürdü, stəkanları çayla doldurub gətirdi. – Dayan, qoy qaşıq da gətirim. – Və dolabın elə həmin gözündən də iki dənə çay qaşığı gətirdi, biri ilə alma mürəbbəsindən götürüb Xosrov müəllimin stəkanına saldı. – İç... – Və birdən Arzu yenə də güldü, amma budəfəki gülüşü başqa idi, elə bil ki, indicə bu qadının sifətindəki o təbəssüm həm onun özününkü idi, həm də kiminsə bir başqa adamın (bir başqa Arzunun!) təbəssümü gəlib qonmuşdu üzünə. – Yadıva gəlir, anam rəhmətlik Ordubaddan gəlmiş ləpə qoyardı stolun üstünə?..

Xosrov müəllim gözlərini Arzunun sulanmış və elə bil ki, rəngini itirib açılmış göy gözlərindən çəkdi, basmadüymələrlə otağın divarına sancılmış fotoşəkillərə, divanın yanındakı küncdə iki dənə yanaşı kürsünün üstündə, az qala, tavana qədər üst-üstə qalanmış kitablara baxdı. Arzunun isə sifətindəki o təbəssüm hələ keçib getməmişdi.

– Əlibaba məllim yadıva gəlir? Mənə deyirdi ki, Sofya Kovalevskaya olacayam... Ay səni!.. Nolsun e, Sofya cəmi qırx bir il yaşadı, amma mən əllini keçmişəm, heç ölmək fikrim də yoxdu!..Oxuyuram özümçün gözəl-gözəl kitabları!.. Öldürsə məni, o toyuqların acgözlüyü öldürəcək!..

Arzu yenə də bərkdən güldü və Arzunun o əprimiş metal dişləri, elə bil ki, üçmərtəbəli binanın yuxarısındakı o yazı kimi:

MƏŞƏDI MIRZƏ MIR ABDULLA

MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU

– dünyanın ölüm-itimindən xəbər verirdi, qatarların getdiyi uzaq-uzaq yollardan və o uzaq-uzaq yollar boyunca yaşayan milyon-milyon gəldi-gedər insanın hərəsinin öz taleyindən deyirdi...

– A kişi, sən gəlmisən bura ki, heç ağzıvı açıb bir kəlmə söz deməyəsən?..

Yaxşı, çayıvı iç!.. Əntiqə mürəbbədir, Saratovdan almışam... Özün təksən? Təksən də, sifətində yazılıb ki, kimsəsizin birisən!.. Bəs kim qulluq eləyir sənə? Bəlkə məni alasan, hə?– Arzu bu dəfə lap bərkdən, lap ürəkdən güldü. – Eh, neynirsən məni, hayhayım gedib, vayvayım qalıb!.. Görmürsən, şəkillərə baxırsan... hə də, mənim nəyimə baxasan?..

Divardan asılmış o şəkillərdən bir-birinə oxşamayan oğlanlar Xosrov müəllimə baxırdı və o dəm Xosrov müəllimə elə gəlirdi ki, bayırdakı hindən gələn o qoxunu fotodakı həmin oğlanlar da hiss edirlər...

Arzu ayağa qalxıb o şəkillərə yaxınlaşdı:

– Üçü də oğlanlarımdı!.. – dedi. – Bunu görürsən, bunun atası Cümşüdlüdü... Yadıva gəlir? Raykomda işləyirdi, əyyaşın, pozğunun biri idi oğraş!.. Məktəbdə «izhari-nifrət» mitinqlərində gəlib mənə əl çalırdı, məni nümunə göstərirdi... Sonra guya bizə yazığı gəlirdi, anamı dəlləkxanaya süpürgəçi düzəltdi... O vaxtdan elə gözü varıymış məndə köpək oğlunun, anam ölən kimi, müharibənin axırlarında, gəlib tapdı məni... 15-16 yaşım var idi, amma 20 yaş verərdin. Kök idim də, vaxtından əvvəl yetişmişdim!.. – Arzu gülə-gülə Xosrov müəllimə baxdı. – Sən danışmırsan, heç olmasa, mən danışım də... Hə, bunun atası o oğraş idi, gorbagor oldu, öləndə heç üstünə gələn də olmadı! Özünün arvad-uşağı vardı, ayrıca da bir ev kirayə eləyib məni saxlayırdı... Pozğunun biri idi!.. Məndə sağ yer qoymamışdı, oğraş! Göydən düşmüşdüm də əlinə, gözünə təpirdi məni, doymaq bilmirdi köpək oğlu!.. Yaxşı ki, bu, atasına oxşamır. Ancaq arvadı çatlağın biri çıxdı. Qonşuların yanında mənim saçımı yolurdu, qəhbə!.. Ər-arvad, ikisini də qovdum yanımdan! Əh, guya ki, qonşular onnan fərlidir?.. Bunu görürsən, bu...

Arzu sözünü kəsib diqqətlə qulaq asdı və o sakitlik içində həyətdəki toyuqların qaqqıltısı aydın eşidilirdi.

– Eşidirsən o toyuqların səsini? Vay, bunların qarnına şiş girsin! İndicə bir boşqab sup verdim e, onlara!.. Doymaq bilmirlər ki!.. Mən də burada olmayanda həyətin uşaqları gəlib yumurtalarını oğurlayırlar... Qonşular da bir tərəfdən milisə şikayət yazırlar ki, guya bu toyuqlar həyəti batırırlar... Cəhənnəmə yazsınlar! Belə şeylər mənə kar eləməz!.. İç, çayıvı iç...

Xosrov müəllim stəkanı ehtiyatla qaldırıb çayı içməyə başladı; nədənsə kişiyə elə gəlirdi ki, indicə stəkanı əlindən yerə salacaq, çay da, o alma mürəbbəsi də mizin üstünə, yerə töküləcək, şüşələr sınacaq... Və ümumiyyətlə, Xosrov müəllimə elə gəlirdi ki, bu stəkanın içindəki heç çay deyil, toyuqlara atılan o sup qalığı kimi bir şeydi...

Arzu:

– Hə, bu... – dedi və divardakı fotoşəkildən baxan ikinci oğlunu göstərdi. – Barnaulda yaşayır, eşitmisən, belə bir şəhər? Barnaul! Milsianerdi orda, atası da elə milsianer idi, rəhmətə gedib. Bunun arvadı rusdu... Oğlanlarımın arasında fərlisi elə budu, amma əfəldir. Əfəl olmasa, gedib milsianer işləməz ki!.. Arvadı da, deyəsən, yaxşı adamdı. Nə bilim, görmüşəm bəyəm? Yolum heç düşməyib Barnaula...

Əsgəriydi orda, əsgərlikdən sonra da elə qaldı orda, arvadı da aldı orda... Keçən il mənə pasılka göndərmişdilər, içində konfet varıydı, bir də bir ayaqqabı. Yaxşı ayaqqabıydı, ancaq hayıf, ayağımı sıxdı, Rostovda satdım getdi... İki də uşaqları var, şəkillərini göndərmişdilər, ikisi də sir-sifətdən xalis rusdu... Bu da ki, üçüncü oğlumdu, – Arzu əlini üçüncü oğlunun fotosuna tərəf elə uzatdı ki, elə bil, gözünü çıxarmaq istəyirdi, – əclafın biri çıxdı!.. Atası pis adam döyüldü, pravadnikiydi o da, tutdular yazığı ki, nə var, nə var, stansiyalarda xırda alver eləyir... Elə türmədə də öldü yazıq... Bu ev də onunkuydu, arvadı öləndən sonra ona ərə getdim, köçüb gəlib yığışdım bura... O vaxta qədər orda-burda qalırdım... Atamdan sonra axı, bizim evi aldılar, anamla məni də atdılar küçəyə... Bu əclafa atamın adını qoymuşdum, Ələsgər idi adı, ancaq zay çıxdı... Mənnən qalırdı. Pravadnik adamam, çıxıb gedirdim, ev qalırdı bunun ixtiyarına... Yüz oyundan çıxırdı burda... Piyaniskalıq eləyirdilər, qumar oynayırdılar... Özü yaxşı kafelşikdi, istəsə, bilirsən nə qədər pul qazanar?.. Sonra da bir assori qızına aşiq oldu, özündən böyükdü yaşda, Rozadı adı, bizim yanımızda, ode, orada sberkassada işləyir, tanıyıram, modnı geyinən qəhbələrdən biridi!.. Özünü sırıyıb bu axmağa!.. Kim alacaqdı onu? Ancaq bu axmaqla zaksa getdilər... Alıb o qəhbəni bura gətirmək istəyirdi, qovdum evdən! İndi içib keflənəndə gəlir əclaf, məni qorxudur ki, səni suda verəcəyəm, evin yarısı mənimdi!.. Mən sənə ev verərəm? Ay sən öləsən! Ancaq neyniyim?.. Şəklini asmışam burdan də, oğlumdu... Neynim?.. Əclaf gəlib hər dəfə aləmi qatır bir-birinə!.. Hələ ki, o qəhbənin evində qalır...

Arzu gəlib yenə də Xosrov müəllimlə üzbəüz oturdu və Xosrov müəllimin içib qurtardığı boş stəkana işarə edib:

– Yenə çay gətirim sənə? – soruşdu.

Xosrov müəllim:

– Yox, çox sağ ol... – dedi.

– Onda mürəbbə ye!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri