14. Əbdül Qafarzadə
Səhifə 1 / 10
Əbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.
Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.
Düzdür, Əbdül Qafarzadə bu gün sübh tezdən gözünü açanda qışdan sonra birinci dəfə günəşin istisini hiss etdi, günəşin o hiss olunan şüalarında bir nikbinlik, bir ruh yüksəkliyi var idi, sonra, bax, kabinetdəki bu pəncərə yadına düşdü, bu qəbir daşları gözünün qabağına gəldi və səhər sübhdən günəşin gətirdiyi o təmizlik, o hərarət, elə bil ki, bir çirkab içində yox olub getdi; belə idi, qəbiristanlıq dünyanın ən bədbin bir yeri idi, amma bununla bərabər, qəbiristanlığa çirkab bir şey kimi baxmaq da, əslində, günah idi və dünyanın faniliyinin, həyatın mənasızlığının bir ümidsizlik gətirdiyi belə anlarda Əbdül Qafarzadə çalışırdı təskinliyi onda tapsın ki, dünyaya gəlmiş və bir gün də dünyadan köçəcək nə birinci, nə də sonuncu insandır və bir halda ki, belədir, bir halda ki, dünyanın böyük-böyük alimləri (İbn Sina!), şairləri (Füzuli!), sərkərdələri (Napoleon!), dövlət adamları (Lenin!) həyatın bu mənasızlığı müqabilində ruhdan düşməyiblər, öz böyük işlərini görüblər, deməli, həmin mənasızlıq barədə heç fikirləşmək də düzgün deyil; o şey ki, səndən asılı deyil, nə üçün fikirləşib özünə dərd edirsən?
Əbdül Qafarzadə dəsmalını çıxarıb çeşməyinin şüşələrini sildi, sonra qalın və tüklü barmaqları ilə boz gözlərinin ətarafını ovxaladı, çeşməyi təzədən gözünə taxdı, həmişəki kimi, əllərini arxasında birləşdirib sinəsini qabağa verdi və fikirli-fikirli kabinetdən çıxdı, onu görən kimi dik ayağa qalxan cavan katibə qızın yanından ötdü və Qəbiristanlıq İdarəsinin həyət qapısı ağzında dayanıb irəlidəki bütün yamac boyu torpağa döşənmiş qəbirləri gözdən keçirdi.
İllərdən bəri dillərinin üstündəki hərflər pozulub oxunmaz olmuş makinasında bu dəfə Bakının meyvə-tərəvəz köşklərinə meyvələrin maşınlarla daşınmasının iqtisadi məsələlərinə həsr olunmuş bir namizədlik dissertasiyası çap eləyən Bədurə xanım (bu makinada Bədurə xanımdan başqa heç kim heç nə çap edə bilmirdi)
gözləmə otağından keçib həyətə adlayan Əbdül Qafarzadəyə baxdı, iri çeşməyinin arxasında fikrə dalmış boz gözlərini görəndə başa düşdü ki, kişi yenə qəbiristanlığı gəzməyə gedir; adamda bəzən bir həvəs əmələ gəlir ki, bulvarda gəzməyə çıxsın, yaxud dağda, meşədə, çəmənlikdə gəzsin və Bədurə xanım da Qəbiristanlıq İdarəsində işlədiyi bu uzun illər ərzində bilirdi ki, Əbdül Qafarzadənin də içindən hərdən belə bir həvəs baş qaldırır ki, qəbiristanlığı gəzsin, özü də bu, kədərli, qüssəli bir həvəsdir. Axır vaxtlar kişidəki bu həvəs, elə bil ki, artmışdı, böyümüşdü, bir ehtiyaca çevrilmişdi, az qala, nəfəs alınası havaya, yeyiləsi çörəyə dönmüşdü və elə bil ki, o kədər, o qüssə də artmışdı. Belə məqamlarda Bədurə xanımın Əbdül Qafarzadəyə yazığı gəlirdi, hətta, avtomat kimi, makinanın yazısız dilləri üzərində gəzən barmaqlarını saxlayıb bir anlıq qəhərlənirdi də (sonra barmaqlar yenə avtomat kimi, işə başlayırdı).
Bədurə xanımın dünyasında Əbdül Qafarzadə, əlbəttə, dəhşətli bir adam idi,bu adam Bədurə xanımın bütün həyatını məhv etmişdi (hər halda, Bədurə xanımın özünə belə gəlirdi və illər keçdikcə bu tək qadın daha artıq bir əlacsızlıqla, daha artıq bir ədavətlə, kin-kidurətlə Əbdül Qafarzadəni öz tənhalığının, kimsəsizliyinin, köməksizliyinin, hətta qocalmağının yeganə təqsirkarı hesab edirdi), amma bununla belə, ürəyinin lap dərinlərində hərdən bu adamla bağlı nəsə doğma bir hiss də baş qaldırırdı, bu hiss çox ötəri olurdu, çox yüngül idi, amma baş qaldırırdı və həmin ötərilik, həmin yüngüllük o hissə bir zəriflik, bir xəfiflik gətirirdi. Əbdül Qafarzadə olanda nə olar, o da ata idi və o atanın balası bu qəbiristanlıqda yatırdı...
Qarovulçu Əflatun Tülkü Gəldi Qəbiristanlığına elə öyrənmişdi ki, gündüzlərini də gəlib burada keçirirdi və bu kiçik boylu, bir dəri, bir sümük olan arıq, amma çox diribaş, necə deyərlər, qayışbaldır adamın sutka ərzində nə vaxt yatmağı məlum deyildi; həmin aprel günü də qarovulçu Əflatun burnunu çəkə-çəkə Tülkü Gəldi Qəbiristanlığının həyətində ora-bura girib çıxırdı və qapının ağzında dayanmış Əbdül Qafarzadəni görən kimi, kişinin üstünə yüyürdü, dili ağzında böyük olduğu üçün kələ-kötür danışa-danışa:
– Salaməleyküm, Əbdül!– dedi. – Bu adı nədi, şey, mənə görə qulluğun? Bir şey-zad lazımdı?
Qarovulçu Əflatun bütün Qəbiristanlıq İdarəsində yeganə adam idi ki, Əbdül Qafarzadəni adı ilə çağırırdı (və bununla təkcə Tülkü Gəldi Qəbiristanlığında yox, evdə arvadının, oğlu Kolxozun və üçü ərə getmiş, ikisi hələ də ər gözləyən qızlarının, nəvələrinin yanında da göz-görəti fəxr edirdi), qalan camaat isə – dülgərdən, bənnadan, fotoqraf Əbülfəzdən tutmuş makinaçı Bədurə xanıma kimi, hamı kişiyə «Əbdül Orduxanoviç» – deyə müraciət edirdi; təkcə alkoqolik qəbirqazanlardan başqa; alkoqolik qəbirqazanlar Əbdül Qafarzadənin heç adını da bilmirdilər, bilsələr də, yadlarında saxlamırdılar, amma bu adamdan, yəni Əbdül Qafarzadədən dəhşətli dərəcədə, heyvani bir vahimə ilə qorxurdular, çünki hərdənbir nədən ötrüsə alkoqoliklərə acığı tutanda, qəzəblənəndə Əbdül Qafarzadə çilingər Ağakərimi çağırırdı, alkoqolikləri yerə yıxdırıb yaxşıca döydürürdü.
Alkoqolik qəbirqazanlar çilingər Ağakərimin zindan kimi ağır təpiyinə, yumruğuna dözərdilər, amma Əbdül Qafarzadə onları eşşək kimi döydürəndən sonra, qarovulçu Əflatunun köşkünə saldırırdı, qapını qıfılla bağladırdı, tapşırırdı ki, bir sutka ərzində onlara bircə qram da araq verməsinlər (heç su da verməsinlər) və alkoqolik qəbirqazanlar, bax, buna dözə bilmirdilər, bu müsibət bir işgəncə idi, dəhşətli bir cəza idi və onlardakı o heyvani qorxu hissini də həmin cəza yaratmışdı.
Alkoqoliklər beləcə cəza alanda qarovulçu Əflatun bütün sutka ərzində bayırda qalırdı, soyuq havalarda gecələr darvaza boyu ora-bura yüyürə-yüyürə (yağış yağanda isə işlər lap pis olurdu), taksiləri, araq müştərilərini gözləyə-gözləyə hərdən köşkə yaxınlaşırdı, içəridə zarıldayan alkoqolikin qarasına: «– Öl, o adı nədir, şey, köpək oğlu!» – deyirdi, sutka tamam olandan və alkoqolik azad ediləndən sonra, ayaqyolu iyi verən köşkə girib yenə də alkoqoliklərin qarasına eləcə deyinə-deyinə təmizlik işləri aparırdı. Heç vaxtıyla bu köşkdə qalan Gicbəsər də (bu it axır günlər gözə dəymirdi – itmişdi, ölmüşdü, nə olmuşdu?..) it ola-ola bu köşkü bu alçaq alkoqoliklər kimi, beləcə batırmırdı...
Əbdül Qafarzadə qarşısında dayanıb qulluq gözləyən bu balaca adama baxdı; gözünü açandan məhəllədə Əflatunu elə beləcə görmüşdü – bu adam qocalmırdı və bunlar nəsillikcə beləcə çox yaşayan, beləcə qıvraqdılar. Bunun bir anası vardı, yaşı yüzdən keçmişdi, amma civə kimiydi, bir yerdə dayanmaq bilmirdi, bişirirdi, yuyurdu, süpürürdü... Birdən-birə xərçəng xəstəliyindən öldü (xərçəng tapmasaydı, hələ indi də yaşayardı) və deyirdilər ki, guya o arvadın ağrılarını sakitləşdirmək üçün aptekdən verilən narkotik dərmanları bu əclaf Əflatun anasına vermirmiş, baha qiymətə narkomanlara satırmış... Nə desən olar, bu qarovulçu Əflatundan nə desən çıxar. Bəlkə də elə-belə deyirdilər, kim bilir, yalan sözlər idi bəlkə? Adamın adı çıxınca, canı çıxsa yaxşıdır, amma deyirdilər, başqa sözlər də deyirdilər... Şayiə gəzirdi ki, guya, bu Əflatun cəlladdı, yəni güllələnməyə məhkum olunmuşları bu gedib həbsxanada güllələyir və xüsusi maaş alır... Əbdül Qafarzadə bu şayiəni dəqiqləşdirmək üçün, Əflatundan heç nə soruşmamışdı, başqa yerlərdən də öyrənməmişdi (istəsəydi, əlbəttə, öyrənə bilərdi), çünki qarovulçu Əflatun nə qədər iyrənc məxluq olsa da, Xıdırla dost olmuşdu və doğrudan da məlum olsaydı ki, Əflatun cəlladdır, bu, Əbdül Qafarzadəyə pis təsir edərdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-14-ebdul-qafarzade
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Ağabəyim AğaAxır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Başqa şairlərin şeirləri
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Gözəl insanBir gözəl qız yaramaz bir dəli ceyran kimidir,Çırpınan odlu könüllər ona heyran kimidir.
MaralSəhər-səhər çeşmə üstəDurur boyu bala, Maral,