İki qız və sərçə
Maşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.
Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Küçə ilə o tərəf-bu tərəfə gedib-gələn adamlar elə bil ki, bu qızlar üçün sıfır idi, elə bil ki, bu qızlar dağın zirvəsində, adamlar isə dərənin dibində idi və dünya açıq-aşkar bu qızların vecinə deyildi.
Bu vaxt qəribə bir hadisə baş verdi: bir sərçə hoppana-hoppana qızların cinsin içində tarım sıxılmış dolu qıçlarına dolaşa-dolaşa küçənin ortasına qondu və yerə düşmüş bir çörək qırıntısını acgözlüklə dimdikləməyə başladı.
Qızlar əvvəlcə gülümsədi, sonra səkidə ayaq saxlayıb təəccüblə əl-ayağa dolaşan o sərçəyə baxdı.
Sarı işıq yandı və irəlidəki maşınlar yavaş-yavaş tərpənməyə başladı, sərçə isə küçənin ortasından uçmurdu.
Mən aləmə meydan oxuyan bu qızların rəng çəkilmiş, uzun kirpik yapışdırılmış gözlərində bir təlaş oxudum və əvvəlcə mənə elə gəldi ki, o uzun yalançı kirpiklərlə o təlaş hissi bir-birinə heç cürə uyuşmur.
Ac sərçə yəqin xəstə idi, ya zədəli idi, uça bilmirdi.
Maşınlar yavaş-yavaş sürətini artırırdı.
Şaşırıb qalmış o iki qız küçənin ortasında çörək qırıntısını dimdikləyən o sərçəyə baxa-baxa bir-birinə tələsik nəsə deyirdi və mən onların nə dediyini eşitmirdim, amma bir şey tamam aydın idi ki, qızlar bərk həyəcanlanmışdı və o həyəcan daha o uzun yalançı kirpiklər üçün yad, yabançı bir şey deyildi.
Onların həyəcanı mənə də sirayət etdi və mən də maşını pəncərəsindən boylanıb ətrafında maşınlar ötüşən o sərçəyə baxdım.
Yaşıl işıq yanmışdı.
Qabaqdakı ağ maşın sərçənin lap yanından ötdü.
Qızlardan biri cəld səkidən düşüb küçənin ortasında çörək qırıntısını təpişdirən o sərçəyə tərəf qaçdı və bir əlini maşınların qabağında yelləyə-yelləyə – yəni ki, bir dəqiqə gözləyin! – o biri əlini aşağı uzadıb sərçəni götürmək istədi və bu zaman... həmin ac sərçə «pır-r-r» eləyib qızın əlinin altından havaya qalxdı və sürətlə göyə baş vurub gözdən itdi.
Qız əvvəlcə məəttəl qaldı, sonra gülə-gülə rəfiqəsinin yanına qayıtdı və ikisi də yoluna davam etdi.
Bizim maşın da yerindən tərpəndi.
Mən geri çevrilib arxa şüşədən bu iki qızın ardınca baxdım.
Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o gözlərdə o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər...
18 may 1984.
Bakı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-iki-qiz-ve-serce
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
10 iyun 1804-cü il. Tehran. Şah sarayı.Fətəli şah məşvərət çağırmışdı.
İkinci hissə, 10İbrahim xanın gözləri uzaqlara baxırdı və elə bil, o, qarşısında əmrə müntəzir dayanmış Vanya yüzbaşını heç görmürdü.İbrahim xan:
İkinci hissə, 11Fətəli şah və Ağabəyim Ağa üstünə cürbəcür meyvələrlə dolu qab qoyulmuş kiçik mizin arxasında üzbəüz oturmuşdular.Ağabəyim Ağa:
İkinci hissə, 12Sakit bir qaranlıq içində çathaçat yanan ocağın işığı Əbülfət ağanın da, Vanya yüzbaşının da sifətinə düşmüşdü və onlardan bir az aralıdakı çadırın qapısı ağzında dayanmış iki silahlı yavər də aydınca görünürdü.Əbülfət ağa:
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki