İbrahim xanın gözləri uzaqlara baxırdı və elə bil, o, qarşısında əmrə müntəzir dayanmış Vanya yüzbaşını heç görmürdü.

İbrahim xan:

– Mən bu işi başqa heç kimə etibar edə bilmərəm,– dedi.– Sən təcrübəli adamsan, bu işi ehtiyatla və gizlin görməlisən.

– Xan sağ olsun, başını cəlladın dəhrəsinin altına qoy de, qoyaram, uf da eləmərəm!

İbrahim xan:

– Başın hələ ki, mənə lazımdı… Hələ ki!..– dedi və bu sözlər açıq-aşkar ikibaşlı səsləndi.

Vanya yüzbaşı bu sözlərdəki gizli hədəni, gizli xəbərdarlığı hiss etdi və:

– Xan, tapşırığınızı verin!– dedi.

– Sən Əbülfət ağanın yanına getməlisən… Belə bir məqamda oğul ilə atanın savaşını tarix bizə bağışlamaz, Vanya yüzbaşı!.. Onunla məxfi görüşmək istəyirəm. Bunu gərək nə Baba xan, nə də ruslar bilsin. Bu, tamam pünhan bir görüş olmalıdı…

– Nə vaxt yola düşməliyəm?

– Elə bu gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri