Birinci hissə, 6
İbrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.
Xan nargilədən dərin bir qüllab vurub:
– Bir qara qəpiklik zəmanə deyil, Mirmöhsün ağa…– dedi. Axund Mirmöhsün ağa gülümsədi:
– Zəmanə nə vaxt yaxşı olub ki?..
Bu vaxt qapıçı içəri girdi.
Xan açıq-aşkar bir nigarançılıqla:
– Nə xəbərlə gəlmisən?– soruşdu.
Qapıçı:
– Karvan yerbəyer olundu. Dəvələr…
Xan onun sözünü kəsdi:
– Bunları bildik, sonra?
Qapıçı əlindəki iki bürmə kağızın ikisini də irəli uzatdı:
– Biri hədiyyələrin siyahısıdı...
Xan təəccüblə:
– Nə hədiyyələr? – soruşdu.– Fətəli şah mənə hədiyyə göndərib? Qapıçı:
– Bəli.– dedi.– Bu da Fətəli şahdan sizə namədir...
Xan maraqla qapıçının əlindəki kağıza baxdı.
– Ver ağaya.
Qapıçı hər iki kağızı Axund Mirmöhsün ağaya verdi. Xan:
– Karvanla gələnlərə yaxşı qulluq edin,– dedi.– Gedə bilərsən.– Və qapıçı eşiyə çıxan kimi, üzünü Axunda tutdu:– Naməni oxu, Mirmöhsün ağa, görək, nə məsələdi?
Mirmöhsün ağa namə bükməsini aça-aça:
– Allah qoysa, xeyir olar…– dedi.
İbrahim xan, elə bil, Axund Mirmöhsün ağaya yox, zəmanəyə çımxırdı:
– Mən bu zəmanədən heç bir xeyir xəbər gözləmirəm!– dedi.
Mirmöhsün ağa naməni oxumağa başladı:
– «Şöhrətli Qarabağ hakimi İbrahim xana Şahənşahi–İran, əzəmətli Fətəli şahdan salam. İbrahim xan, hökmdarımız Ağa Məhəmməd şahın Şuşa şəhərində xaincəsinə qətlə yetirilməsindən sonra, onun cənazəsini hörmətlə Tehrana göndərməyindən xeyli məmnunam. Şöhrətli Qarabağ xanlığı ilə dostluğa söykənən himayədarlıq münasibətini daha da möhkəmləndirmək üçün, sənin – şərəfli İbrahim xanın kamallı qızı Ağabəyim Ağa ilə izdivac arzusunda olduğumu bildirirəm. Ağabəyim Ağanın əqli, fərasəti mənə məlum olduğundan və o məhz sən İbrahim xanın qızı olduğundan, onu özümə Baş hərəm etmək fikrindəyəm. Oğlun Əbülfət ağanı da öz sarayıma dəvət edirəm.
Salam-dua ilə Fətəli şah, Şahənşahi–İran.»
Araya sükut çökdü.
İbrahim xan nargiləni bir tərəfə itələyib taxtın üstündə dikəldi, bayaqdan bəri qoltuğunu söykədiyi mitəkkələri də kənara çəkdi və Fətəli şahın naməsindəki sonuncu cümləni təkrar etdi:
– «Əbülfət ağanı da öz sarayıma dəvət edirəm…» Ağabəyim Ağa ona bəs eləmir… Əbülfəti də girov istəyir… Mənimlə qohum olur, amma qanımı sormağa hazırdır…
Araya yenə sükut çökdü. Axund Mirmöhsün ağa indicə oxuduğu naməni yavaş– yavaş bürmələdi.
– Nə fikirdəsən?– Bunu İbrahim xan soruşdu.
Axund:
– İki nəhəng əjdaha burun-buruna durub, bir-birini divara qısnayıb,– dedi.– Qarabağ İran üçün də, Rusiya üçün də bir udumluq tikədi…
– Elə də müdrik bir fikir söyləmədin, ağa…– İbrahim xan əsəblərini cilovlaya bilmədi, döşəkcənin üstündəki iri kəhraba təsbehi götürüb ayağa qaldı və Axund Mirmöhsün ağa da qalxıb yüngülcə baş əydi.
– Mən olanını təkrar etdim, xan sağ olsun… Sizin həmişəki sözlərinizdi ki, ehtiyatlı olmaq lazımdı…– Bu sözləri də Mirmöhsün ağa dedi.
– Bəli, ehtiyatlı olmaq lazımdı, amma bu ehtiyat bizi hara aparıb çıxaracaq?.. Əlbəttə, Rusiya kimi bir məmləkət üçün, İran kimi bir səltənət üçün balaca Qarabağ bir udumluq tikədi… Amma bəzən tikə, əjdahanın da boğazında qalır… Hə?
– Nə deyim, xan sağ olsun?.. – Axund çiyinlərini çəkdi.
İbrahim xan pəncərənin qabağına keçdi, əllərini arxasında çarpazlayıb təsbehin iri daşlarını oynada-oynada uzaqdan aydın görünən Topxana meşəsinə baxdı:
– Nə qədər çalışdım mən? – dedi.– Nə qədər dil tökdüm ki, gəlin birləşək, yumruq kimi bir olaq, vahid bir Azərbaycan dövləti yaradaq, yoxsa bizi bir-bir udacaqlar?! Sən ki, bunun şahidisən, Mirmöhsün ağa!.. «Düzdü» – dedilər, amma nə oldu? Cavad xan bir tərəfə çəkdi, Kəlbəli xan bir tərəfə çəkdi, Hüseynqulu xan bir tərəfə, Məhəmməd xan bir tərəfə, mənim kürəkənim Səlim xan da bir tərəfə… Mən heç özümü də təmizə çıxarıb onlardan ayırmıram… Bir-birimizlə çəkişmək, bir-birimizə badalaq gəlmək, hakimiyyət uğrunda bir-birimizə zülm etmək, bax, ağa, budu sən deyən o tikəni rahat-hülqum edən! – İbrahim xan gözlərini pəncərədən çəkib vəzirə baxdı.– Mən də təzə bir söz demirəm, deyinirəm… Naməyə nə cavab verək?
– Biz İranla açıq düşmənçilik edə bilmərik…
– Mən Ağabəyim Ağanı qurban verməliyəm?!– İbrahim xanın gözlərində bir qəzəb qığılcımı çaxdı, amma Axund Mirmöhsün ağa təmkinini pozmadı.
– Dünyadı, xan sağ olsun… Hərənin bir taleyi var… Qurani–şərif də izdivacı vacib sayıb…
– Ay ağa, sənin cəddinə qurban olum, bəsdi, qurtar mənə məktəb dərsi keçməyi… – deyə İbrahim xan hirsləndi.– İzdivac vacibdi deyə, mən, gözümün işığını, Ağabəyim Ağanı həmişəlik yad bir məmləkətə göndərməliyəm? Allahın hər verən günü şah sarayında təkliyini, gücsüzlüyünü, acizliyini hiss edəcək!.. Mən qızı belə bir qəribçiliyə məhkum etməliyəm?! Əbülfət kimi bir cavanı Tehrana girov göndərməliyəm?!
– Əbülfət ağa, onsuz da, İran təmayüllüdü…
– Nə olsun? Cavandı, çox şeyi başa düşmür… Bu, onun lələsi Molla Cəfərqulunun tərbiyyəsinin nəticəsidi ki, təqsiri də mənim özümdədi, nəzarətdə saxlamamışam. İndi nə olsun? Hə? Əbülfəti girov göndərim Tehrana ki, Fətəli şah kefi istəyəndə onun başını bədənindən üzsün?!
Axund Mirmöhsün ağa cavab vermədi.
İbrahim xan yenə gözlərini pəncərədən Topxana meşəsinə zillədi.
– Susursan, Mirmöhsün ağa, çünki yaxşı bilirsən ki, mənim başqa çarəm yoxdu…
Mimrmöhsün ağa:
– Hökmdarlıq ancaq kənardan baxan üçün şirin şeydi…– dedi.
İbrahim xan eləcə pəncərədən baxa-baxa:
– Bəs, Rusiya bu izdivaca nə deyəcək? Boğazımızdan yapışmayacaq ki, bir tərəfdən deyirsən, bizimlə danışıqlara meyillisən, amma o tərəfdən də İranla qohum olursan?
– Deyəcək, əlbəttə… Amma mən başqa bir çarə görmürəm… Bir də ki, Fətəli şah özü də türkdü. Biz bu izdivacdan, bu qohumluqdan istifadə edib, Qarabağın toxunmazlığını təmin edə bilərik, Azərbaycanı vahid bir dövlətə çevirməkdə Fətəli şahın əzəmətinə, İranın qüdrətinə söykənə bilərik. Nə üçün Fətəli şah istəməsin ki, İranla Rusiya arasında bir müsəlman dövləti olsun? Və lazım olduqda Rusiyanın həmlələrinə İran özü yox, məhz bu dövlət cavab vermək məcburiyyətində qalsın? Xüsusən də ki, bu dövlət də Fətəlinin öz dədə-baba kökündən olacaq…
– Axund, bəyəm Ağa Məhəmməd şah öz türkümüz deyildi? Bəyəm Nadir türk deyildi? Şah Abbas türk deyildi? O biriləri türk deyildi? Nə oldu? Bəyəm o boyda Osmanlı türk deyildi, səfəvilər də türk deyildi ki, bir-birini qırdılar? Bəs o qırğından kim qazandı? Mirmöhsun ağa, İranın başında kim olursa-olsun, bu məmləkətin bir dövlət kimi qədim tarixi var, böyük dövlət ənənələri var və Azərbaycanın müstəqilliyi onların dövlətçiliyi üçün bir təhlükədir.
– Ağabəyim Ağanın zəkasına hamı bələddi, xan sağ olsun. Onun Fətəli şaha təsiri ola bilər…
İbrahim xan dərindən köks ötürdü:
– Eh!.. Ağabəyim Ağa o boyda səltənətin maraqlarına üstün gələcək?..– Sonra eləcə pəncərədən baxa-baxa dedi.– Bilirsən ürəyimdən nə keçir, Mirmöhsün ağa? Allah-tala bir gün, bircə gün məni bütün qayğılardan azad edəydi və mən, bax, o Topxana meşəsində həmin günü təkcə, Mirmöhsün ağa, eşidirsən, təkcə və tamam qayğısız gəzib-dolaşaydım…
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.
III fəsilHəmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
IV fəsilYenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:– Leyli! Leyli!
V fəsilBəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.
Başqa şairlərin şeirləri
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
MürşidYağışla sulanmış gül bağçasında,Şəbnəm parıldarkən lalə tasında,