Səhifə 1 / 2

Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.

Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.

Ağababagilin qızları Adili öz aralarında Abış çağırırdılar, çünki bir axşam Nuhbala Adildən soruşmuşdu ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı haradır? Adil də cavab vermişdi ki, «ABŞ».

Bəşir müəllimin harada işlədiyi dürüst məlum deyildi və işə kefi istədiyi vaxt gedirdi, amma bir gün Nuhbala evə belə bir xəbər gətirdi ki, uşaqlar deyir ki, guya, Bəşir müəllim Bakıda bazar müdiridir; hər halda, nə Ağababa, nə də Ağabacı bu barədə bir söz soruşmamışdı, çünki Bəşir müəllimin harda işləməsinin onlara dəxli yox idi; çünki Ağabacı da öz ürəyində günləri sayırdı ki, avqustun axırı nə vaxt gəlib çıxacaq və bu kirayənişinlər nə vaxt çıxıb gedəcək, Ağababa da öz ürəyində günləri sayırdı ki, bu əhvalat nə vaxt qurtaracaq.

Nə qədər ki, Ağababa toy eləyib evlənmişdi, Ağabacı ilə bir yastığa baş qoymuşdu, o vaxtdan Ağababa həmişə evə tələsmişdi və ələlxüsus da – yaş ötmüşdü, ondan idi, ya nə olmuşdusa – axır vaxtlar Ağababa «Bakı-Buzovna» marşrut avtobusunu sürə-sürə gündə altı dəfə o başa, altı dəfə də bu başa kəndlərinin yanından ötüb-keçəndə az qalırdı ki, içi adamla dolu avtobusu başlı-başına buraxıb düşüb getsin evlərinə və Ağabacı sərin quyu suyundan bir dolu vedrə çəkib elə həyətin ortasındaca töksün Ağababanın boyun-boğazına və Ağababa da üz-gözünü əməlli-başlı yuyub bütün bu avtobus haray-həşirini, bu avtobus basırığını yadından çıxarsın, şüşəbənddə oturub armudu stəkanla pürrəng çaydan içə-içə televizora baxsın.

Sən demə, yaşının bu çağında Ağababanın görəcəyi günlər var imiş. Hələ də, Ağababa gedib işdə xahiş eləyəcəkmiş ki, əlavə növbə versinlər ona, evdə də yalan danışacaqmış, deyəcəkmiş ki, Ağabacı, «naparnikim» xəstələnib, ona görə də əlavə iş veriblər mənə.

Ağabacı başa düşürdü ki, əslində Ağababa evdən qaçır, amma üzə vurmurdu bunu və Ağabacı özünü tənbeh eləməkdən də yorulub təkcə bununla təskinlik tapırdı ki, başına gələn başmaqçı olar, qələt eləyərəm bundan sonra atabaatamla, ev kirayə vermərəm yayda.

Əlqərəz, doğrudan uzun əhvalat idi və indi bu əhvalatın başında kabab dəsgahı dururdu.

Kabab dəsgahı birinci dəfə həmin avqust axşamı başladı, həmin avqust axşamı ki, Əminə xanımın günorta xörəklərinin ətri həyətdən çəkilhaçəkil idi və qızlar da qayıdıb gəlmişdi evə, özləri də yığılmışdı televizorun qabağına. Hələ kirayənişinlər evə köçməmiş Ağababa televizoru şüşəbənddən endirmişdi şüşəbəndin altına. (Bəşir müəllimgilin iki tranzistor televizoru var idi, birini qoymuşdular şüşəbəndə və

Əminə xanım bu televizora baxırdı, o biri televizoru ki, yapon televizoru idi, Ofelya özüylə həyətdə gəzdirirdi və Dolça on-on beş dəfə dalını Ofelyaya çöndərəndən

sonra, Ofelya naəlac qalıb, bütün bu Abşeronda təkcə qalıb, iydə ağacının altında televizora baxırdı; əlbəttə, bu balaca əl televizoru maraqlı televizor idi və iydə

ağacının kölgəsində oturub televizora baxmaq yaxşı iş idi, Ofelya bir dəfə, hətta,

İranı tutmuşdu həmin televizorda, amma Ağababanın qızlarından heç kim gedib

Ofelyayla bir yerdə o televizora baxmırdı, Adil də televizora baxmırdı, qalın bir

kitabı qabağına qoyub yayın istisində, özü də Abşeronun istisində otaqda oturub tər tökə-tökə, guya ki, imtahana hazırlaşırdı, amma bir də baxıb görürdün ki, düzdü,

kitab biçarə Adilin qabağındadı, amma fikri-xəyalı uçub gedib, Allah bilir hardadı, hərdən özünə gəlirdi, kitab əvəzinə divardakı şirə, qəhrəmana baxırdı, yenə də gedirdi uzaqlara; o ki, qaldı Bəşir müəllimə, Bəşir müəllimin televizordan zəhləsi gedirdi və Bəşir müəllimin qəzet-jurnalla da arası yox idi, çünki Bəşir müəllim

deyirdi ki, adam gərək «naturalnı» yaşasın, ələlbət belədi!)

Həmin avqust axşamı Ağabacı da, qızlar da yığışmışdı şüşəbəndin altındakı televizorun qabağına və düzdü, bu televizor köhnə televizor idi, o qədər də yaxşı

göstərmirdi. Ağabacının da çox ürəyindən keçirdi ki, bu televizoru dəyişdirsin, təzə bir televizor alsın ki, həm böyük göstərsin, həm də aydın göstərsin, həm də tərpənib adamı dilxor eləməsin, amma indi bunun mətləbə dəxli yox idi, çünki bir azdan xalq çalğı alətləri orkestrinin konserti başlayacaqdı və deyilənə görə bir qız oxuyacaqdı ki, elə bil Zeynəb Xanlarovadır.

Yüngül bir xəzri başlamışdı.

Ağabacı televizorun qabağında yerini yaxşıca rahatlayıb böyük bir həvəs və ləzzətlə konsertin başlamasını gözləyə-gözləyə dedi:

– Yox, ağəz, yox e!.. Ola bilməz! Nə qədər özlərini öldürsələr də, nə qədər yamsılasalar da, Zeynəbə çatan olmaz! Bir dənədi kişinin qızı! Yoxdu onnan day!

Bu vaxt Kələntər müəllimin qırmızı «Jiquli»si darvazanın qabağında dayandı və bu dəfə qırmızı «Jiquli»nin içindən Kələntər müəllimdən başqa səs-küylə dörd kişi də çıxdı və bunların maşından çıxmağı ilə ara qarışdı, məzhəb itdi.

Kələntər müəllim qışqırdı:

– Bəşir müəllim! Ay Bəşir müəllim! Gəl gör kimlər gəlib!

Yekə dalı və yoğun baldırları enli, zolaqlı pijama şalvarının altından titrəyə-titrəyə, Bəşir müəllim, bu qədər köklüyünə uyuşmayan bir cəldliklə şüşəbəndin pilləkənlərini aşağı düşdü:

– Ay xoş gəlmisiniz! Ay həmişə siz gələsiniz? Belə səfa gətirmisiniz, əcəb eləmisiniz! Ələlbət, əcəb eləmisiniz!

Qonaqlar həyətə girdi və bu qonaqlar, görünür, hardasa yeyib-içib təzədən durub bura gəlmişdilər, çünki bu qonaqlarla bir yerdə spirt və quyruq kababının iyi də Ağababagilin həyətinə doldu; o, zarafat elədi, bu güldü, o biri darvazanın bala qapısından həyətəcən çığırın hər iki tərəfində əkilmiş qərənfillərdən dərdi, bu birisi də ağacdan xartut dərəndə həm ağ köynəyi qıpqırmızı qızardı, həm də tutun budağını qırdı və bütün bu zırıltının müqabilində Ağabacı təkcə ona şükür eləyirdi ki, yaxşı ki, Ağababa evdə yoxdu; Ağababanın ürəyi partlardı, dözməzdi buna, lap qan salardı Ağababa, bədbəxt olardılar.

Qonaqlar Kələntər müəllimin otaqdan dartıb gətirdiyi Adili görüb:

– İgid budu? – soruşdular, sonra: – Qoçaq oğlandı – dedilər, sonra özlərindən birini göstərib: – İgid, sən sabah, bax, bu müəllimə, hörmətli Cabbar müəllimə imtahan verəcəksən, – dedilər. – Özün də möhkəm ol, igid! – dedilər. – Qorxma, qorxan gözə çöp düşər! – dedilər.

Əminə xanım bura köçdükləri vaxtdan birinci dəfə aşağı düşüb şüşəbəndin altına gəldi. Ağabacıdan təcili manqal istədi, şiş, maşa, kömür istədi və eşidəndə ki, Ağabacıgilin nə manqalı, nə şişi, maşası və kömürü var, Əminə xanımın gözü çıxdı kəlləsinə və sidq-ürəkdən heyrət edə-edə:

– Bay, sənə mən nə deyim, ay arvad! – dedi. – Müharibə vaxtı-zaddı bəyəm? Kabab bişirmirsiniz?

Heyrətini və sairə şeyləri bu sayaq sözlərlə ifadə etməyə Əminə xanımın vaxtı yox idi və Əminə xanım şüşəbəndin altından çıxıb yekə dalını oynada-oynada tələsik Kələntər müəllimə yaxınlaşdı, Kələntər müəllim məhrəm bir adam kimi, başını aşağı əyib qulağını Əminə xanımın ağzına yaxınlaşdırdı və Əminə xanım da Kələntər müəllimin qulağına tələm-tələsik nəsə pıçıldamağa başladı; Kələntər müəllim diqqətlə Əminə xanıma qulaq asa-asa şüşəbəndin altına, Ağabacıgil tərəfə baxdı, məzəmmətlə başını buladı və tez həyətdən çıxıb maşınına mindi və qırmızı «Jiquli» sürətlə Gümüş Malikin dəniz qırağındakı kababxanasına tərəf götüruldü.

Bir azdan bütün bu həyətə, bütün bu tərəflərə bir kabab iyi yayıldı, kabab tüstüsü aləmi basdı və Əmirqulunun arvadı Xeyransa başını pəncərədən çıxartdı ki, görsün bu nə həngamədi belə, sonra başa düşdü ki, iş nə yerdədi və tez də pəncərəni kip-kip bağladı ki, evinə kabab iyi gəlməsin, kabab tüstüsü dolmasın.

Kələntər müəllim Gümüş Malikin kababxanasından gətirib həyətin ortasında qaladığı manqalda kabab bişirirdi və çox yağlı qoyun əti olduğu üçün, yağ əriyib cızhacızla közün üstünə tökülürdü və tüstü aləmi bürüyürdü; Kələntər müəllim tüstüdən gözlərinin yaşı axa-axa, Ağabacının içində paltar qaynatdığı yekə qazanın qapağı ilə manqalı yelləyirdi və Adil də bişmiş şişləri bütün həyət boyu, pilləkənlər boyu yağı dama-dama şüşəbəndə qaldırırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

X fəsil

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

1 dəq
Xı fəsil

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.

4 dəq
Xıı fəsil

Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də yeyib adda-budda dəlik-deşik etmişdi.Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:

1 dəq
Xııı fəsil

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

2 dəq

Başqa şairlərin şeirləri