Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.

O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.

Cümü Sonaya vurulanda Sona on birinci sinifdə oxuyurdu və Sonanın gözəlliyi get-gedə – qız gözgörəti ətə-qana dolduqca – elə bil, Ağadədəli məhəlləsində cavanların başının üstündə qövsi-müqəddəs kimi qövsi-gözəl bir şeyə çevrilirdi.

Sonra Cümü taksiyə keçdi və Cümünün o taksini sürmədiyi yer qalmadı, çünki, xüsusən yay aylarında, Şuşada istirahətdən, müalicədən sonra geri qayıdan imkanlı, yəni, taksi tuta bilən müştərilərin biri Azərbaycanın bu başında, o biri də o biri başında yaşayırdı, elə həftə də olurdu ki, iki dəfə, üç dəfə Bakıya gedib qayıdırdı, hətta, neçə dəfə Tiflisə getmişdi, bir dəfə isə, Rostovacan gedib çıxmışdı və o vaxt Sona da Cümünü – Qızıldiş Cümşüdü seçdi; Cümünün qara «Volqa»nı (taksini) silib par-par işıldadaraq Ağadədəli məhəlləsində Sonagilin ikinci mərtəbədəki eyvanının qabağından keçməyi qızı hipnoz elədi, ya qızıl dişinin işıltısı qızın gözünü qamaşdırdı, hər halda, onların toyu Ağadədəli məhəlləsində yaddaqalan toylardan biri oldu və o toyda Malıbəyli Köhnə Qaval İsgəndər Nuh Nəbidən qalma qavalını qulağının dibinə sıxıb bir «Qarabağ şikəstəsi» oxudu ki, o şikəstə «– İsgəndər daha qocalıb...»– deyənlərin birdəfəlik cavabını verdi və sübut elədi ki, qızıl qaldıqca, qiyməti artır.

– İsgəndər kişi, o tərəflərdə nə var, nə yox?– bunu axşam Bolelşik Bufetçi İbadullanın bufetində araq dümləyib və indi tək gəlib dəniz kənarındakı qayalıqda oturaraq dənizə baxan Cümü qışqırırdı, guya, Malbəyli Köhnə Qaval İsgəndər ona cavab verəcəkdi ki, o tərəflərdə, yəni, o biri dünyada nə var, nə yox, orda işləri yaxşı gedir, ya pis?

Şuşadan qaçaqaç düşəndə erməniyə kömək eləyən rus əsgərinin «Kolaşnikov»u Malbəyli Köhnə Qaval İsgəndəri ortasından biçmişdi və o qaçaqaçda onun yanında olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışırdı ki, Malıbəyli Köhnə Qaval İsgəndərin bədəni ortadan ikiyə bölünmüşdü, qurşaqdan yuxarısı bir tərəfdə idi, aşağısı o biri tərəfdə və həmişəki göy çixollu qaval da eləcə əlində qalmışdı.

Cümünün axşamlar Bolelşik Bufetçi İbadullanın bufetindəki araqdan sonra hərdən tək gedib o qayalıqda oturmağı var idi və Cümüdən başqa bundan heç kimin xəbəri yox idi – Cümüdən başqa, bir də ki, o tır-tırdan başqa, çünki hərdən Cümüyə elə gəlirdi ki, o tır-tır da bu quru, adda-budda kollu-koslu Abşeron çöllərinin sahibsiz itləri, pişikləri kimi bir şeydi.

– Ə, sən öl, bir dəfə səni götürüb dənizə atacam! – bunu da Cümü Bolelşik Bufetçi İbadullanın bufetindən sonra o qayalıqda oturduğu vaxtlar hərdən motorollerə (tır-tıra) deyirdi, guya ki, o tır-tırın Cümünün qabağında nəsə bir günahı var idi.

Əksinə, Cümü gərək o motorollerin qara tüstü buraxan o paslı borusundan öpəydi, çünki Buzovnadakı fəhlə yataqxanasının beşinci mərtəbəsindəki o altı nəfəri, özü, yəni Cümü heç, o beş nəfəri – Güllü arvadı, Sonanı, Cəmiləni, Qalibi, Solmazı – dolandıran o kuzovlu motoroller idi. Elə ki, Bakıya gəlib çıxdılar, bu fəhlə yataqxanasında məskunlaşdılar, elə ki, Cümü Bakı taksilərində özünə bir iş tapa bilmədi, elə ki, bir müddət profilaktoriyada, bir müddət də benzindoldurma məntəqəsində günəmuzd işləməyindən bir şey çıxmadı, onda Bolelşik Bufetçi İbadulladan borc götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorolleri aldı, təmir etdi və fəhlə yataqxanasında yaşayan camaatın bir qismi, yəni uşaqlar, qocalar ki, hələ yuxudan durmamışdılar, motorollerin səsinə yuxudan oyanmağa başladı, çünki yarım saat guruldayıb-tırıldayıb sönürdü-yanırdı, sonra işə düşürdü.

Cümü, adətən, Maştağaya sürürdü, həyətdə heyvan saxlayan ətraf kəndlərin camaatı üçün saman, quru çörək, cürbəcür yemlər, toyuq-cücə saxlayanlar üçün buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı və aparıb ev-ev satırdı. Misal üçün, quru çörəyin birini iki yüz manata alırdı, iki yüz əlli manata satırdı, eləcə də yem, arpa və başqa bu kimi şeylər, amma elə ki, yay gəlirdi və imkanlı adamlar öz bağlarına köçürdü, kimsə, haranısa təmir etməyə, harasa bərbəzək vurmağa başlayanda, Cümü tır-tırın kuzovuna sement torbası, rəng, mismar, əhəng yığırdı və kəsə yolla Maştağadan Nardarana sürürdü, ordan dəniz qırağı yolla Bilgəhə gəlirdi, Bilgəhdən Zuğulbaya, oradan da Buzovnaya keçirdi, əgər kuzovda satılmamış mal qalırdısa, Şağana, Mərdəkana, Şüvəlana sürürdü, axşam təzədən Buzovnaya qayıdırdı və əvvəllər Buzovna bazarında ayın-oyun alıb fəhlə yataqxanasındakı evinə (otağa) gedirdi. Bir il belə keçdi, iki il belə keçdi, o illər ki, «Allah qoysa, sabah qayıdacağıq Şuşaya, birsigün qayıdacağıq Şuşaya!..», o illər ki, Qalib anadan oldu və Cümü onun adını gələcək Şuşa və ümumiyyətlə, Qarabağ qələbəsi şərəfinə Qalib qoydu, amma sonra yavaş-yavaş əvvəlcə Bolelşik Bufetçi İbadullanın bufetinə dəyməyə başladı, sonra fəhlə yataqxanasındakı evə (otağa) getdi və Qızıldiş Cümşüd hamı üçün Cümü oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XV fəsil

Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..

10 dəq
XVI fəsil

Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə

1 dəq
XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 dəq
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 dəq

Başqa şairlərin şeirləri