Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.

Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

– Qoy bir!.. Qoy bir, Əbili gedif Fransada oynamağa başlasın, onda burda nə ölümümüz var, az, bizim?.. Köçüf, gedif, oturajayığ Fransada! Orda sənə elə paltarlar alajam, göz istəyəjək, tamaşasına dursun!

O gözəl Fransada haçansa Əbilinin futbol oynayacağı, əlbəttə, Surxaya açıq-aşkar ləzzət edirdi, hətta o gözəl gələcək günlərin Fransadan, elə bil, yüngülcə bir ətri də gəlirdi və Surxay Fəhlə Yataqxanasının üçüncü mərtəbəsindəki otaqda o ətri açıq-aşkar hiss edirdi, amma buna baxmayaraq, sidq-ürəkdən deyirdi:

– Mən Vətəndən heç hara gedən deyiləm!

Səyyarə hirslə:

– Qal! Sən qal burda! – deyirdi. – O sən, o da sənin bayrağın!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri