III fəsil
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:
– Bay-raq-dar!..
– Bay-raq-dar!..
– Bay-raq-dar!..
Və günün günorta çağı Müsavat hökumətinin üçrəngli bayrağını Şuşanın
mərkəzində başının üstünə qaldırmış Surxayı – Stalinin ölən günləri idi – təzədən ara qızışmasın deyə, Bakıdan gəlmiş Azərbaycan KP MK təlimatçısının göstərişi ilə həbsdən azad etdilər və Telefon Stansiyasının yanındakı mətbuat köşkündə qəzet-jurnal satan Uzun Surxay (Məmmədov) o gündən də oldu Bayraqdar – Surxay
Bayraqdar. Daha doğrusu, Şuşa camaatı onu «Bayraqdar Surxay»– deyə çığırmağa başladı, amma Surxayın «Bayraqdar Surxay» yox, «Surxay Bayraqdar» daha çox xoşuna gəlirdi və Surxay erməni təcavüzü ilə bağlı Moskvaya göndərilən bütün
etiraz məktublarına, mitinqlərdə həbs olunmuş adamları azad etmək tələbnamələrinə, Azərbaycanın SSRI-nin tərkibindən çıxmaq istəməsi barədə Siyasi Büroya göndərilən teleqramlara və s. elə bu cür – «Surxay Bayraqdar» kimi imza atmağa başladı və onun hələ heç kimə demədiyi, ürəyində gəzdirdiyi bir arzusu da bundan ibarət idi ki, Əbülfətin də familini gələcəkdə «Məmmədov» yox,
«Bayraqdar» yazdırsın: Əbülfət Surxay oğlu Bayraqdar.
Şuşa camaatı gözünü açıb bu mətbuat köşkündə Surxayın dədəsi Uzun Məti dayını qəzet-jurnal satan görmüşdü və o vaxt ki, Uzun Məti dayı xəstələnib yorğan-döşəyə düşdü (onda Surxay məktəbin onuncu sinfində oxuyurdu), elə o vaxtdan da Surxay məktəbi atıb, gəlib dədəsinin yerində oturdu və iyirmi il sərasər Şuşadakı o gözəl köşkdə qəzet-jurnal satdı.
Surxay o biri sinif yoldaşları kimi Bakıya, ali məktəbdə oxumağa getmədi, heç onuncu sinifi də bitirmədi. Köşkdə dədəsinin yerinə keçəndən sonra, hərdənbir dərsə gedirdi, amma bir dəfə Məleykə müəllimə – məktəbin dərs hissə müdiri – köşkün qabağında dayanıb:
– Dərsə niyə gəlmirsən, a bala? – soruşdu.
Surxay:
– Dədəmin yerindəyəm axı... – donquldandı.
Məleykə müəllimə də:
– Nədi, dədən səni varis elan edib?– deyə onun üzünə çımxırdı və bununla da kifayətlənməyib əli ilə köşkü göstərdi: – Pah!.. – dedi. – Bura da sənin padşahlığındı?!
Və Məleykə müəllimənin o «Pah!»ından sonra Surxay məktəbi tamam atdı, amma oxumağın dalınca getməsə də, Şuşada az adam tapılardı ki, Surxay qədər siyasi aləmdən xəbərdar olsun (Syerra-Leonenin prezidentinin adından tutmuş Suslovun dədəsinin adınacan) və «perestroyka»nın şıdırğı vaxtında ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin şəklini tapıb köşkün şüşəsinə taxan adam da Surxay oldu və o zaman, elə bil ki, uzun illərin ayrılığından sonra nəhayət ki, Azərbaycana qayıda bildiyinə görə Şuşadakı o qəzet köşkünün şüşəsindən xəfif bir təbəssümlə gülümsəyən Məhəmməd Əmin bəyi çox adam ilk dəfə görürdü və soruşurdu ki, bu kimdi belə?
Surxay evləndi, Əbülfət – Əbili anadan oldu və o vaxt, əlbəttə, Surxay bilmirdi ki, Əbülfət haçansa, Eysebio olacaq, bütün Bakı onu «Eysebio»– deyib, çağıracaq. Surxay o vaxt Salazarın kim olduğunu, nə vaxt doğulduğunu bilirdi, amma dünyada Eysebio adında bir məxluqun olduğundan heç xəbəri də yox idi və əlbəttə, o vaxt Surxay burasını da bilmirdi ki, Allah-taala Eysebionun ömrü üçün (Əbülfətin ömrü üçün) bu dünyada az bir möhlət ayırıb.
İllər keçdikcə, Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o
qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi – hər şey belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası və onu Bayraqdar edən üçrəngli bayraq oldu.
Surxay Gülzar arvadı tikiş maşınının arxasında oturdub başının üstünü kəsdirərək göy, qırmızı, yaşıl ipəkdən bayrağı özü tikdirdi, ayı, ulduzu da öz əli ilə kağızın
üstündə ölçdü, biçdi, kəsdi və sonra yenə Gülzar arvadın başının üstündə dayanıb ağ ipəyə keçirtdi, bayrağın dəstəyini əvvəlcə şam ağacından düzəltdi ki, yüngül olsun, sonra fikirləşdi ki, üçrəngli bayrağın dəstəyi gərək yüngül olmasın, palıd ağacından bir dəstək düzəltdi, sonra o palıd dəstəyi də üçrəngli bayrağa layiq bilmədi və rəhmətlik Uzun Məti kişinin cavanlıq çağlarında həyətdə əkdiyi böyük qoz ağacının bir gözəl budağından dəstək düzəltdi, Bazar başında misgər Əlihüseyn kişinin
dükanına gedib bayrağa dəmir ucluq düzəltdirdi, o ucluğa nikel çəkdirdi və
qaynanasına – Səyyarənin anasına – o arvadın əl işi bütün Şuşada məşhur idi – ipək qotaz düzəltdirib o ucluqdan asdı və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet
Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik bayrağını birinci dəfə gördü.
Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı olmasın, erməni gülləsinə tuş gələn bir şəhid dəfni olmadı ki, Surxayın əlindəki o bayraq orada başını əyməsin...
Və o bayrağın eşqi Telefon Stansiyasının yanındakı o mətbuat köşkünə, qəzetjurnallara və o qəzet-jurnallardakı siyasi xəbərlərə hörməti və məhəbbəti də sıxışdırıb Surxayın ürəyində büzüşdürdü – indi o ürəyin içindəki üçrəngli bayraq idi...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bayraqdar-iii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam düşürdü və yavaş-yavaş Şuşa dağlarının ancaq qaraltısı görünürdü…Bir dəstə atlı Şuşa qalasına tərəf qalxırdı.
İkinci hissə, 17Qarnizon dağ yolu ilə Şuşaya tərəf qalxırdı.Başı qarlı Şuşa dağları o ucalıqdan, elə bil, qarnizona baxırdı.
İkinci hissə, 1812 iyun 1805-ci il. Araz sahili. Abbas Mirzənin çadırı.İran qoşununun sərkərdələri Abbas Mirzənin çadırına yığışmışdı.
İkinci hissə, 19İbrahim xan hirsli gözləri ilə baxırdı.Onun gözlərinin qarası böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın.
Başqa şairlərin şeirləri
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
ƏvəzindəGəl payəndaz eylə - ayaqla məni,Qoy sinəm tab etsin yol əvəzində.