Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.

Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

Və hərdən bağda – Əhməd Ağayeviçin bağında qədim əncir ağacının dibində oturub kürəyini ağacın yoğun gövdəsinə söykəyərək filtrsiz siqaret çəkə-çəkə o zamanları xatırlayan Vasili Kuzmiçin, bəzən, özünün də inanmağı gəlmirdi ki, haçansa, həqiqətən elə gözəl bir həyat yaşayıb, amma Vasili Kuzmiçin ürəyində xüsusi bir təəssüf hissi də yox idi, çünki o, həyat adamı idi və fikirləşirdi ki, həyatdı, yaşanıb, keçib-gedib və yalnız Vera Arxipovnanı xatırlayanda, sonuncu siqareti nə vaxt çəkməyindən asılı olmayaraq, Kuzmiç təzə bir siqaret yandırırdı.

Sovet zamanının bayramlarında – 1 Mayda, 9 Mayda, 7 Noyabrda Vasili Kuzmiç Vera Arxipovnanın səliqə ilə ütülədiyi göy kastyumunu geyib, Lampa zavodunda işlədiyi müddətdə əmək qələbələrinə görə aldığı orden və medalları döşünə taxırdı, axşamdan şotka ilə təmizləyib boya sürtdüyü üçün pap-par parıldayan ayaqqabılarını geyirdi və nümayişlərə gedirdi, sonra da ya onlarda, ya dostlardan birinin evində yığışırdılar, gecəyə qədər yeyib-içirdilər, qarmon çalıb oynayırdılar və indi o günlər – o gözəl günlər Vasili Kuzmiçə yuxu kimi gəlirdi, onun ürəyini bir kədər bürüyürdü, amma yenə də xüsusi bir təəssüf hissi keçirmirdi, çünki həyat idi və həyatın öz qanunları var idi.

Uşaqların hərəsi bir tərəfə getdi, sonra satqın Qorbaçovun (ABŞ kəşfiyyatının onu ələ almasına Kuzmiçin qəti şəkk-şübhəsi yox idi) «perestroyka» boşboğazlığı başladı, ara qarışdı, məzhəb itdi, sonra Sovet İttifaqı dağıldı, Lampa zavodunda istehsal dayandı, sonra Vera Arxipovna öldü və işsiz Vasili Kuzmiç üçotaqlı mənzilində tək qaldı. Yavaş-yavaş alətlərini – çəkicini, mişarını, kəlbətinini, rəndəsini... – satmağa başladı, sonra yorğan-döşəyə, qab-qaşığa keçdi və bu minvalla o üçotaqlı mənzildə demək olar ki, bir şey qalmadı.

Əhməd Ağayeviçin sürücüsü, tatar balası Şövkət Vasili Kuzmiç ilə bir blokda yaşayırdı və Bilgəhdəki o bağa köçməyi, ora qulluq eləməyi və oranın qarovulunu çəkməyi də həmin sürücü təklif elədi.

Bakının 3-cü mikrorayonundakı həmin üçotaqlı mənzili Vasili Kuzmiçə Lampa zavodunda vermişdilər və Vasili Kuzmiç o boş mənzilin mətbəxində qabağına bir şüşə araq qoyub xeyli fikirləşdi, özü özü ilə söhbət elədi və səhər Vanyaya teleqram vurdu ki, Bakıya gəlsin. Vera Arxipovna öləndə Vanya gəlməmişdi və Vasili Kuzmiç fikirləşdi ki, çağırışının səbəbini bilməsə, Vanya yenə gəlməyəcək, ona görə də teleqramda yazdı: «Evi satıram. Gəl.»

Üç gündən sonra Vanya Bakıda idi və Vasili Kuzmiç, doğrudan da, evi satdı, doqquz min dolları gətirib mətbəxdəki mizin üstünə qoydu və dedi:

– Nə qədər istəyirsən, götür.

Vanya udquna-udquna mizin üstündəki o bir dəst yüzlük dollara baxdı – bu qədər pulu Vanya, ancaq kinoda görmüşdü – sonra, elə bil, gördüklərinin gerçəkliyinə inanmayan gözlərini güclə o pullardan çəkib atasına baxdı, sonra özündən asılı olmayaraq birdən-birə titrəməyə başlamış əlini uzadıb pulun hamısını götürdü, sonra da eləcə udquna-udquna yenə atasına baxdı:

– Sənə də lazımdı?

Vasili Kuzmiç barmağını bığına çəkib:

– Yox, – dedi və o vaxtdan da Əhməd Ağayeviçin Bilgəhdəki bağında yaşamağa başladı.

O isti iyun günü də Vasili Kuzmiç əncir ağacının altında oturub acqarına siqaret çəkirdi və siqaret çəkə-çəkə də o bir dəst dolları xatırladı, Vanyanın udquna-udquna o pullara baxmağı gözlərinin qabağına gəldi və fikirləşdi ki, o pulların üstündə Vanya onu öldürə də bilərdi.

Düzdü, Vasili Kuzmiç bunu fikirləşdi, amma Vanyaya qəzəblənmədi, çünki həyat idi və həyatın öz qanunları var idi.

Vasili Kuzmiç siqaretdən bir dərin qullab alıb ciyərlərinə çəkdi və ağzından, burnunun pərələrindən tüstü çıxa-çıxa:

– Allah ona kömək eləsin... – dedi.

Vasili Kuzmiç məhz «Allah» sözünü dedi.

Məsələ burasında idi ki, Vasili Kuzmiç müsəlman olmuşdu, hər halda, özü deyirdi ki, mən daha müsəlmanam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

X fəsil

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

1 dəq
Xı fəsil

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.

4 dəq
Xıı fəsil

Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də yeyib adda-budda dəlik-deşik etmişdi.Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:

1 dəq
Xııı fəsil

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

2 dəq

Başqa şairlərin şeirləri