Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacının

altındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə

tələsik danışırdı ki, nə dediyini başa düşmək olmurdu və hərdən Bakıdan gəlib

Buzovnadan keçərək Mərdəkanacan gedən və Şağan tərəfdə fırlanıb eləcə də geri qayıdan elektrik qatarının səsi eşidiləndə, qatar çarxlarının o tukkatukuyla Məmməd kişinin bərkdən dediyi anlaşılmaz sözlərin arasında, elə bil, çox doğma bir

ahəngdarlıq əmələ gəlirdi.

Bir azdan səhər növbəsində oxuyan uşaqlar məktəbə getdi, ikinci, üçüncü növbədə oxuyan uşaqlar da həyətə düşüb futbol oynamağa başladı (Eysebioya görə bu həyətdə və ümumiyyətlə, bu həndəvərdə futbol oynamayan uşaq yox idi) və birdən uşaqlardan hansı bir həssası isə hiss etdi ki, bu futbol hay-küyünün içində nəsə bir səs çatışmır, qeyri-iradi zeytun ağacının altına tərəf baxdı və gördü ki, Gözlə-Gəlirəm Məmməd kişinin boynu yana bükülüb, başı da o sınıq-salxaq skamyanın söykənəcəyinin üstündə düşüb qalıb.

Gözlə-Gəlirəm Məmməd kişi şuşalıların Buzovna Fəhlə Yataqxanasında məskun olduqları vaxtdan üzü bu tərəfə, burada vəfat edən 16-cı şuşalı idi.

Gözlə-Gəlirəm Məmməd kişinin yasında Cümünün (Qızıl Diş Cümşüdün) baldızı kor Solmaz qışqırırdı:

– Ay Allah!.. Bizim camaat burda niyə milçək kimi qırılıb gedir?!.

Qışqırırdı və ağlayırdı.

Və o zaman Cümü fikirləşdi ki, görəsən, burada, bu Yataqxanada Allah dərgahına gedən 17-ci şuşalı kim olacaq? Və elə o dəmdə də Cümünün ürəyindən keçdi ki, Allah eləyəydi, o 17-ci şuşalı elə o özü olaydı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri