Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.

Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.

Mirzə bəy:

– Ağlım kəsmir Bahadırdan bizə bir xeyir gələ! – dedi. – Böyük bəy nahaq göndərdi onun üstünə bizi!..

Yunis bəy:

– Qorxursan? – soruşdu.

Hümmət bu sualdan qımışdı.

Mirzə bəy:

– Qorxan gözə çöp düşər deyiblər, Yunis bəy! – dedi. – Mən gədə-güdədən qorxan oğullardan deyiləm! Pişikdən qorxan yuvasından çıxmaz!

Yunis bəy:

– Tanıyıram səni! – dedi.

Bəylər çapa-çapa meşədə görünməz oldu...

...Və bu çən-çiskin altında iki atlı da çapa-çapa yuxarı başdan Topxana meşəsinə girdi.

Valeh:

– Yoldaş komissar, qaçaq Bahadırı tanıyırsız siz? – dedi.

Nicat Ovçuoğlu:

– Uşaqlıq yoldaşımdı mənim, – dedi.

Hər iki atlı çapa-çapa meşədə görünməz oldu.

...Topxana meşəsi sükut içində idi və meşənin bu sükutunda bu dəm, elə bil ki, bir əbədilik vardı, amma birdən-birə qəfil bir səs bu sükutu pozdu:

– E-he-he-hey!..

Topxana meşəsi bu səsə əks-səda verdi və bu əks-səda hər tərəfi bürüdü.

Bəylər aşağıdan çapa-çapa yuxarı qalxırdı və onlar irəlilədikcə o ağacın dalından, bu daşın dibindən bir qaçaq qalxıb tüfəngini tuş tuturdu.

Bəylər qaçaqların düşərgəsinə yaxınlaşanda, başında motal papaq, çiynində yapıncı bir qaçaq Bahadırı səslədi:

– Bəylər gəlib, Bahadır!

Qaçaq Bahadır mağaradan çıxıb bəyləri ayaq üstə qarşıladı.

Yunis bəy atı irəli sürdü:

– Məni tanıyırsan, Bahadır, düşmənik sənlə! Dost başa baxar, deyiblər, düşmən ayağa. İndi gözüm gözündədi sənin! Böyük bəy yollayıb bizi! Turşsu meşəsindədi Böyük bəy, atlılarıyla birgə. Bolşeviklər taxtabiti kimi, eli-obanı bürüyüb, Bahadır. Dinsiz, imansızdılar! Hörmət-izzət aradan götürülüb! Namus, qeyrət ayaq altına düşüb! Vətənin, millətin yaman günüdü! Olub-keçənləri yaddan çıxarıb Böyük bəy! Sən də unut! İgid igidə xor baxmaz! Turşsu meşəsinə çağırır səni Böyük bəy, dəstənlə bir yerdə. Bolşeviklərə divan tutmaqdan ötrü! Millət uğrunda! Qeyrət, namus, kişilik yolunda!

Qaçaq Bahadır yaxınlaşıb Yunis bəyə baxdı, sonra Mirzə bəyə baxdı, sonra yaxınlaşıb o biri bəylərə bir-bir baxdı, Hümmətə baxdı, sonra iti addımlarla geri qayıdıb atının belinə sıçradı.

Topxana meşəsində milçək uçsaydı, səsi eşidilərdi.

Qaçaq Bahadırın atı şahə qalxdı və Qaçaq Bahadır çapıb Yunis bəylə üz-üzə durdu.

– Tanıyıram səni, Yunis bəy, – dedi Qaçaq Bahadır. – İgidliyinə sənin sözüm yoxdu!

Sonra Qaçaq Bahadır atın ağzını döndərdi və at yenə də şahə qalxdı.

Qaçaq Bahadır qışqırdı:

– Atlanın!

Qaçaqlar bir göz qırpımında atların belinə sıçradı.

Qaçaq Bahadır dedi:

– Qaçaqlar! Bir hökumətlə ki, bunlar vuruşur, – əlini uzadıb Mirzə bəyi göstərdi – o hökumət sizin hökumətdi demək!

Yenə milçək uçsaydı, Topxana meşəsində səsi eşidilərdi.

Qaçaq Bahadır dedi:

– Qaçaqlar! İllərdən bəri arvad-uşaqdan ayrı düşmüsüz, gecə-gündüz at belində mürgüləmisiz, ürəyiniz doludu dərdlə, innən belə istəmirəm ki, qocalıb əldən düşənə kimi at belində qalasız! Məqam yetişib, gün çatıb! Torpaq gözləyir sizi! Arvad-uşaq gözləyir sizi! Gedin yeni hökumətdən aman istəyin! Dağılın, gedin ev-eşiyinizə!

Araya sükut çökdü. Mirzə bəy açıq-aşkar bir istehza ilə Yunis bəyə baxdı. Gözlərini Qaçaq Bahadırdan çəkməyən Hümmət tüfəngə əl atdı. Yunis bəy onun əlindən yapışdı.

Yaşlı bir qaçaq irəli çapıb:

– Bəs sən? – soruşdu.

Qaçaq Bahadır:

– Daha mənə bənd olmayın. – dedi. – Mən nə eləyəcəyimi sonra fikirləşəcəyəm. Allah kərimdi!

Qaçaqlar səs-küy saldı:

– Sənsiz getmirik biz!

– Sənsiz dağılmırıq!

– Sən hara, biz də ora!

Qaçaq Bahadır yəhərin qayışından tüfəngini çıxarıb yuxarı qaldırdı:

– Qaçaqlar! Qardaşlar! Bugünkü günə qədər qaçaq Bahadırın bir sözünü iki eləməmisiniz! Bu gün də eləməyin, yaraşmaz sizə! – Sonra qaçaq Bahadır əlindəki tüfəngi yerə atdı, patrondaşı da belindən açıb yerə tulladı. – Qaçaq Bahadır yoxdu daha! – Salamat qalın! Niyyət olmasın, qismət olsun, görüşərik, inşallah...

Və qaçaq Bahadır düşərgədən uzaqlaşdı.

Qaçaqlar bəylərin yanından ötüb aşağı düşdü.

Yunis bəy:

– Gedək. – dedi. – Xeyir xəbər aparmırıq Böyük bəyə.

Mirzə bəy alışıb-yanan həris gözləriylə Yunis bəyə baxıb:

– Siz gedin, – dedi. – Gəlib çatacağam sizə. – Və Mirzə bəy atı mahmızlayıb çapıb gözdən itdi.

...Qaçaq Bahadır Topxana meşəsində bir düzənliyə çıxdı və bu düzənlikdən başı qarlı Kirs dağı açıq-aydın görünürdü.

Qaçaq Bahadır atın cilovunu çəkib dayandı, yapıncısının boyunluğunu açıb çiynindən atın tərkinə saldı, əlində tutduğu sapı sədəflə işlənmiş qamçını təpəsiylə buxara papağını alnının üstündən yuxarı itələdi və başı qarlı Kirs dağına baxdı və elə bil ki, bu dağın böyüklüyü, azadlığı, sərbəstliyi qaçaq Bahadıra da sirayət etdi və qaçaq, güman ki, illərdən bəri hiss etmədiyi bir azadlıqla sinə dolusu nəfəs aldı və elə bu vaxt namərd gülləsi bütün bu yerləri lərzəyə gətirdi.

Qaçaq Bahadırın əlləri süstləşib yanlarına düşdü, gözləri hələ də Kirs dağına baxa-baxa böyüyüb az qaldı hədəqəsindən çıxsın, sonra qaçağın beli büküldü, başı atın yalına düşdü.

Atışmada qaçaqaça adət eləmiş at yerindən götürüldü.

Qaçaq Bahadırın əlindən sürüşüb düşən sapı sədəfli qamçı elə-eləcə o düzənlikdə qaldı.

Mirzə bəy at belində ağaclıqdan çıxıb gülümsəyə-gülümsəyə özündən razı-razı Qaçaq Bahadırı aparan atın ardınca baxdı, sonra indicə pusquda durub atdığı tüfəngi yəhərin qayışına keçirdi...

...Yunis bəy uzaqdan güllə səsi eşidib atın cilovunu çəkdi və tələsik də o biri bəylərə:

– Siz gedin, gəlirəm, – dedi və atı səs gələn tərəfə çapdı...

...Yunis bəylə Mirzə bəy Topxana meşəsində üz-üzə gəldi.

Mirzə bəy nəşəli-nəşəli:

– Gəbərtdim köpək oğlunu! – dedi.

Yunis bəy bütün hirs-hikkəsini Mirzə bəyin üstünə tökdü, səhərdən bəri bütün bu əhvalat barədə bir kəlmə də deməyib partlayırdı, axırı ki, bir fürsət düşdü, bir məqam yetişdi, bağıra-bağıra:

– Silahsıza güllə atdın? – soruşdu Yunis bəy. – Arxadan vurdun onu? Sənin kimi çaqqallara qoşulduq, igidlərə düşmən olduq, axırımız da belə oldu! Ac-yalavac bolşeviklərin əlindən baba yurdumuzda çıraq yandıranımız qalmadı! Tüfəngsizə tüfəng tuşlayan oğraş! Qaldır tüfəngi!

Dalbadal iki güllə açıldı.

Mirzə bəy atdan sürüşüb yerə sərildi.

Yunis bəy atın ağzını döndərib çapıb gözdən itdi.

Mirzə bəyin yalqız atı bu çapaçapdan, bu vurhavurdan xilas olub sakit-sakit ağacların dibini otlamağa başladı.

...Nicatın ardınca gedən Valeh:

– Elə bil, kimsə gəlir, yoldaş komissar, – dedi.

Nicat cilovu çəkib dayandı.

Valeh tüfəngi belindən aşırdı.

Və elə bu vaxt Qaçaq Bahadırın atı ağaclar arasından çıxıb onlara sarı gəldi. At yavaş-yavaş, ehmalca addımlayırdı. Bahadır üzü üstə eləcə atın yalına düşüb qalmışdı və neçə müddət idi at onu beləcə belində gəzdirirdi.

Bahadırın atı Nicatgilə çatıb dayandı və başını aşağı saldı.

Bir müddət heç kim heç nə demədi, sonra Nicat:

– Bahadırdı, – dedi. – Düş, Valeh, düş. Düş basdıraq onu. Topxana meşəsi son məskəni olsun Bahadırın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

10 dəq
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

3 dəq
Birinci hissə, VII

Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:

1 dəq
Birinci hissə, VIII

Böyük bəy öz otağında yazı mizinin arxasında oturub, qabağındakı bir qalaq kağız-kuğuza baxırdı.Qüdrət içəri girib:

5 dəq

Başqa şairlərin şeirləri