Səhifə 1 / 2

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.

Böyük bəyin malikanəsi də yuxu içində idi.

Şahnaz otağından çıxıb qaranlıqda əli, ayağı bir şeyə ilişməsin deyə, ehtiyatla yeriyə-yeriyə birinci mərtəbəyə düşdü və burda onu gözləyən Gülgəzə pıçıltı ilə dedi:

– Pəncərəni aç, bu tavakababları itlərə at ki, başları qarışsın.

Gülgəz boşqabı Şahnazdan alıb:

– Boy, bir belə tavakababın hamısını itlərə atım? – dedi.

Şahnaz eyni pıçıltı ilə:

– At! – dedi.

Və bu zaman qulluqçular otağında yatmış Gözəl arvad, yerdən salınmış yorğan-döşəyin içində vurnuxdu, gözlərini açıb bir müddət həyət pəncərəsinə tərəf baxdı, bir şey hiss eləməyib yenə də gözlərini yumdu.

Gülgəz isə tavakababları bir-bir pəncərədən atırdı.

Böyük bəyin həyət itləri yeməyin üstünə tökülüşmüşdü.

Şahnaz o biri əlindəki boğçanı Gülgəzə verdi, özü qabağa düşdü:

– Gedək.

Gülgəz əlindəki boğçanın vəznini yoxlayırmış kimi bir-iki dəfə silkələdi, sonra heyrətlə pıçıldadı:

– Xanım, bu boyda ev-eşikdən elə bu boğçanı götürürsən, vəssalam?

Şahnaz acıqlı-acıqlı:

– Çərənnəmə, – dedi. – Sus-s... gedək.

Gülgəz malikanədən çıxıb bağçada Şahnazın ardınca gedə-gedə hıçqırmağa başladı. Şahnaz geri çevrilib:

– Niyə ağlayırsan? – soruşdu.

Gülgəz:

– Mən sənsiz burda necə qalacağam, xanım? – dedi. – Bundan sonra dərdimisərimi kimə deyəcəyəm, kimlə danışıb güləcəyəm? Məni də apar özünlə.

– O sonranın işidi. Gedək.

Şahnaz qabağa düşüb kola-kosa ilişməsin, səs-küy salmasın deyə ehtiyatla addımlayırdı və bu vaxt Gözəl arvad öz otağında yenə ayıldı, taybatay açılmış pəncərədən itlərin hənirtisinə qulaq asdı, nə fikirləşdisə, hövlnak ayağa qalxdı, şal götürüb gecə köynəyinin üstündən çiyninə saldı və otaqdan çıxdı.

Səmənd ürgə Böyük bəy imarətinin daş hasarı qabağında başını aşağı salıb dinməz dayanmışdı, elə bil, uzun səfərqabağı dincini alırdı və at birdən qulaqlarını şəklədi, başını yuxarı qaldırdı və bu zaman qızlar darvazanın bala qapısından eşiyə çıxdılar. Nicat əlində tutduğu cilovu dalınca dartıb qızlara yaxınlaşdı, boğçanı Gülgəzdən alıb, yəhərdən asdı və Gülgəz yenə də hıçqırdı. Şahnaz:

– Uşaq olma, ay qız, – dedi. – Qoy bir az keçsin, xəlvətcə dalınca bir adam yollayacam.

Nicat:

– Yolçu yolda gərək, – dedi.

Şahnaz bu aysız-ulduzsuz gecə qaranlığında Nicatın gözlərinin içinə baxdı və daha bu baxışın sahibi, elə bil, başa düşmüşdü ki, söhbət firəng romanından yox, ölümdən gedir.

Nicat sol ayağını üzəngiyə basıb səmənd ürgənin üstünə atıldı, sonra əyilib Şahnazın belindən yapışdı və qızı bir göz qırpımında tərkinə aldı və səmənd ürgə də elə bu himə bəndmiş kimi yerindən götürüldü. Gülgəzin içini çəkə-çəkə pıçıldaması uzaqlaşan at nalının səsinə qarışdı:

– Yaxşı yol, a xanım!.. Xoşbəxt olasız, qoşa qarıyasız!..

Sonra Gülgəz başqa bir səs də eşitdi, çönüb darvazadan həyətə tərəf boylandı və qız yerində donub qaldı: qaranlıqda bir çıraq işığı sürətlə darvazaya yaxınlaşırdı.

Fəxrəndə xanım əlində çıraq tutub qabaqda, Gözəl arvad da onun dalınca gəlirdilər və Fəxrəndə xanım darvazadan eşiyə çıxıb, Gülgəzi görəndə birinci sualı bu oldu:

– Burda nə qayırırsan, qız? Niyə ağlayırsan?

Gülgəz heç bilmədi ki, ağzını necə açdı:

– Allah ölənlərinə rəhmət eləsin, xanım, qoca nənəm yadıma düşüb, məni yaman çox istəyirdi, indi istəməsin... – Və qız bu dəfə səsini içinə salmayıb zırhazır ağlamağa başladı.

Fəxrəndə xanım:

– Axmağın biri! – dedi. – Qoca nənən gecənin bu vaxtı niyə yadına düşüb? Bəs eşiyə niyə çıxmısan? Təksən burda? – Əlindəki lampanı qaldırıb o tərəf-bu tərəfə baxdı. – Təksən, soruşuram? – Gülgəzdən cavab gəlməsə də, elə bil Fəxrəndə xanım hər şeyi başa düşdü. – Bəs Şahnaz hardadı?

Gülgəz içini çəkə-çəkə:

– Bilmirəm, xanım, – dedi. – Nənəmin canı üçün heç nədən xəbərim yoxdu!..

Və qız bu sözləri elə dedi ki, daha Fəxrəndə xanımın şəkk-şübhəsi qalmadı ki, nəsə bir iş var bu işin içində, qulluqçunun saçından yapışıb bərk-bərk dartdı və darta-darta da:

– Xəbərin var, ləçər! – dedi və qızın üzünə bir sillə vurdu, sonra yenə saçını elə dartdı ki, Gülgəzin başı silkələndi, haray-həşiri aləmi başına götürdü.

Böyük bəy təngnəfəs darvazadan çölə çıxdı:

– Nə olub? Nə hay-küydü?

Fəxrəndə xanımın halı özündə deyildi, hirs-küdurətdən elə bil ki, heç kimi tanımırdı, heç kimi görmürdü və ərinə məhəl qoymayıb yenə qulluqçunun sifətinə bir sillə vurdu:

– Hardadı Şahnaz?

Gülgəz hönkürə-hönkürə:

– Getdilər... – dedi.

Fəxrəndə xanım qızın saçlarını buraxdı. Ərinə sarı çönüb:

– Qız o gədəyə qoşulub qaçıb, Böyük! – dedi.

Araya bir anlıq sükut çökdü, sonra Böyük bəy birdən özünə gəlib, təpiklə darvazanın bala qapısını vurub açdı və imarətinə tərəf qaça-qaça qışqırdı:

– Qüdrət! Qüdrət!

Qüdrət hay-küyə yuxudan oyanmışdı, əyin-başını düymələyə-düymələyə imarətdən çıxıb onlara tərəf qaçırdı, ağasının səsinə hay verdi:

– Bəli, ağa! Nə olub?

Böyük bəy özünə yer tapa bilmirdi, hirsindən dili topuq çalırdı və hövlnak yuxudan oyanıb həyətə tökülüşən nökər-qulluqçular yəqin ki, ağalarını belə hirslihiddətli görməmişdilər.

Böyük bəy qışqırdı:

– Tez gədələri oyat, atlansınlar! Mənim də atımı yəhərləyin! Tez! Tüfənglənin!

Fəxrəndə xanım da əlindəki çıraqla ətrafı işıqlandıra-işıqlandıra:

– Qüdrət! – qışqırdı. – Qüdrət, Yunis bəyi çağır! Yunis bəy də atlansın! – Sonra Fəxrəndə xanım güclə özünü yetirib ayı kimi ağına-bozuna baxmadan kolun-kosun içindən keçən, ağacların qol-budağını sındıran Böyük bəyin ətəyindən yapışdı. – Sən getmə, Böyük, sən dayan! Gədə qovmaq sənə yaraşmaz! Sakit ol, Yunis bəy o it oğlunun ölüsünü, ya dirisini sürükləyib gətirəcək bura!..

...Və bu dəm səmənd ürgə də, səmənd ürgənin belindəki iki nəfər də o hay-küydən xəbərsiz sıldırım qayaların, sal daşların arası ilə Şuşadan üzüaşağı, arana çapırdı və bu dəm bu zülmət qaranlıqda bir işıq kimi o gözəl mahnı da onlarla birlikdə çapırdı:

Aman ovçu, vurma məni,

Mən bu dağın maralıyam...

Yaralıyam, yaralıyam,

Mən bu dağın maralıyam.

Səmənd ürgə eniş-yoxuşa düşəndə, hərdən Şahnazın səsi qırılırdı, at belində yırğalandıqca, səsi titrəyirdi, amma mahnısını oxuyurdu, iki əlilə də Nicatın

belindən yapışıb, üzünü onun geniş kürəyinə sıxmışdı və qızın saçları elə şivə qarası idi ki, yaylığının altından çıxıb havada dalğalandıqca bu zülmət gecə qarasından da seçilmirdi.

Əvvəlcə, deyəsən, səmənd ürgə hiss elədi ki, gecənin bu qaranlığında, bu daşın, qayanın arasında tək çapmır; arxadan gələn var, fınxırdı, boynunu daha da qabağa uzatdı və daha da bərk çapmağa başladı, sonra ovçu geri qanrılıb gözünü qıydı, elə bil ki, bu qaranlıqda nəsə görəcəkmiş, sonra da təkcə bunu dedi:

– Bərk tut!

Şahnaz özünü oğlanın kürəyinə daha da kip sıxdı.

– Bərk tutmuşam, bərk tutmuşam mən, çap! Çap, gözünə dönüm sənin!

Səmənd ürgə isə çap ki, çapırdı və daşa, çınqıla dəyən nal səsi, atın tövşüməsi bu dəm bu qayalıqda yeganə səs idi, amma bir müddətdən sonra, elə bil, uzaqlardan bu ayaq səslərinin əks-sədası eşidilməyə başladı və get-gedə bu əks-səda artdı, yaxınlaşdı.

Nicat:

– Qovurlar bizi! – dedi.

Şahnaz hər şeyi başa düşmüşdü, odur ki, bir söz demədi, bərk-bərk oğlanın belini sıxdı, geniş kürəyinə qısıldı.

Nicat:

– İkimizi qaçıra bilməyəcək ürgə, – dedi. – Qarabağın ən yaxşı atları Böyük bəyin tövləsindədi.

Şahnaz heç nə demədi.

Nicat:

– Vermərəm səni! – dedi. – Vermərəm səni onlara! Vermərəm! – dedi və boynunu atın yalına əydi.

Şahnaz:

– Vermə! – dedi. – Vermə məni onlara! Çap, zalım ovçu! Çap, mənim əzizim, mənim ovçum, mənim kişim!..

...Altı-yeddi atlı idi – Yunis bəy idi, Qüdrət idi, Böyük bəyin başqa igidləri idi, çapırdılar, yel olub səmənd ürgəyə çatmaq istəyirdilər, qaranlıqda gözlərindən qığılcım parlayırdı və birdən Qüdrətin iti gözləri səmənd ürgənin üstündəki iki nəfərin hələ xeyli uzaq kölgəsini seçdi.

– Onlardı! – qışqırdı Qüdrət. – Onlardı! – Sonra bir göz qırpımında tüfəngi belindən aşırıb bu yatmış qayaları birdən-birə lərzəyə gətirdi.

Yunis bəy birinci çapırdı, sol əli ilə tüfəngini yuxarı qaldırdı və Qüdrətə tərəf qanrılıb:

– Atma! – qışqırdı və qışqıra-qışqıra bir də təkrar elədi: – Atmayın! – Sonra sol əlində yuxarı qaldırdığı tüfəngi hamının gözü qabağında yerə tulladı və iki əliylə də atın boynunu qucaqlayıb: – Mən yuxarıdan getdim, Qüdrət, sən aşağıdan çap! – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri