Birinci hissə, V
Səhifə 2 / 2 · 50%
Atlılar iki dəstəyə haçalandılar. Yunis bəylə iki atlı yuxarıdan çapdı, Qüdrətlə üç atlı aşağıdan...
...Nicat:
– Atmırlar. – dedi. – Sənə görə atmırlar. – Sonra qanrılıb geri baxdı.
Qüdrət lap yaxında çapırdı, bir azdan Qüdrət də, atlıları da səmənd ürgəyə çatasıydı.
Nicat cilovu sol əlində tutdu, sağ əliylə atın belindəki tüfəngi çıxartdı və aşağı əyilə-əyilə:
– Atları vuracağam... – dedi.
Güllənin açılması ilə Qüdrətin atının üzüstə yerə sərilməsi bir oldu, sonra ikinci güllə açıldı və ikinci atın qabaq ayaqları büküldü, üçüncü güllə açıldı, dördüncü güllə yenə də bir atlını atdan yerə atdı.
Şahnaz:
– Vur, – dedi. – vur, vur, vuran əlinə qurban olum mən, zalım ovçu, vur, vur, vur!.. – Və Şahnaz bu axırıncı sözləri hıçqıra-hıçqıra dedi, ağlaya-ağlaya dedi, qorxudanmı ağladı Şahnaz, Qarabağın ən gözəl atlarıyçınmı heyfsiləndi, qaramı basdı Şahnazı, bilmirəm, amma qız atın belində ləngər vurdu, əli-ayağı süstəldi, az qaldı bu vurhavurda sürüşüb yerə düşsün. Nicat sol əli ilə cilovu buraxıb qızın çiynini qamarladı, özünə tərəf çəkdi və elə bu dəm yanpörtü çapa-çapa onlara yaxınlaşan Yunis bəyin atdığı kəmənd səmənd ürgənin boynuna dolandı, atın ağzı yuxarı getdi, qabaq ayaqlarının ikisi də dizdən büküldü və at boynu üstə yerə sərildi, səmənd ürgənin boynu həmin qaranlıq gecədə tükürpədici bir «xırç» eləyib sındı. Nicatın bir ayağı atın altında qalmışdı, sol əli ilə özündən getmiş Şahnazı tutmuşdu, sağ əli atın yalını döyəcləyirdi:
– Qalx! – deyirdi. – Qalx! Qalx!
Hər şey məhv olub getmişdi, hər şey qurtarmışdı və hər şeyin beləcə tamam-kamal bitməsi bu dəm Nicatın sifətində, hərəkətində, səsində öz əksini tapmışdı. Ovçu atın yalını döyəcləyə-döyəcləyə:
– Qalx! – deyirdi. – Qalx! Qalx!..
...Böyük bəylə Fəxrəndə xanım atlıları darvazanın qabağında qarşıladı.
Yunis bəy qabaqda gəlirdi, huşunu itirmiş Şahnaz onun qucağında idi, Yunis bəy kəməndin bir ucunu atının yəhərinə bağlamışdı, o biri ucu ilə Nicatın əl-qolunu sarımışdı və onu dalınca çəkib gətirirdi.
Qüdrət başqa bir atda oturmuşdu. Üçüncü adam da atlı idi. Qalanlar piyada gəlirdilər.
Fəxrəndə xanım əlindəki lampanı qabağa tutdu:
– Allaha çox şükür! – dedi, sonra birdən-birə irəli yeriyib ovçunun qabağında dayandı və həmin qaranlıq gecədə bir qəfil sillə səsi cingildədi.
Nicat gözünü də qırpmadı, necə dik dayanmışdı, eləcə də Fəxrəndə xanımın gözlərinin içinə baxdı, gülümsədi və dedi:
– Əlin ağırıymış yaman, xanım, yazıq Gülgəzin halına... Fəxrəndə xanım əlindəki lampanı aşağı saldı.
Böyük bəy Yunis bəyin qabağına yeridi:
– Qıza bir şey olmayıb ki?
Yunis bəy:
– Bir az əzilib yəqin, – dedi. – Və qızı ehmalca atın üstündən Böyük bəyə uzatdı və Böyük bəy də Şahnazı qucağına alıb darvazadan içəri girdi.
...Bayırın o zülmətindən sonra Böyük bəyin imarətindəki çilçıraqlar göz qamaşdırırdı. Böyük bəylə Fəxrəndə xanım pilləkənlərlə tələsik ikinci mərtəbədən birinciyə endi. Qüdrətlə Gözəl arvad dəhlizdə onları gözləyirdi.
Fəxrəndə xanım Gözəl arvadın ovcuna bir qızıl onluq basdı:
– Al, – dedi. – Bir daş altda, bir daş üstə.
Gözəl arvad:
– Allah köməyin olsun, xanım, – dedi. – Bir daş altda, bir daş da üstə.
Fəxrəndə xanım:
– Yeri get yıxıl yat, – dedi və Gözəl arvad da o saat öz otağına getdi.
Böyük bəy:
– Qüdrət, o gədə hardadı? – soruşdu.
– Zirzəmiyə salıb ağzını bağlamışıq.
– Tapşır ona göz olsunlar. Özün göz ol ona, özün! Naçalnik burda yoxdu, gələn kimi o haramzadəni göndərəcəyəm Qala həbsxanasına. Elə edərsən ki, orda başını əksinlər, rədd olsun. Eşitdin?
Qüdrət atının heyfini almağa elə belə bir fürsət gözləyirmiş kimi dedi:
– İstəyirsən elə burda...
Fəxrəndə xanım Böyük bəyə baxdı.
Böyük bəy:
– Yox, burda olmaz, – dedi. – Necə deyirəm heylə edərsən!
– Baş üstə, ağa!
Böyük bəy Qüdrətdən çox Fəxrəndə xanıma dedi:
– Həbsxana rəisi belə işlərdə təcrübəli adamdı...
Qüdrət başı ilə ağasının dediklərini təsdiq elədi:
– Bilirəm...
– Gedə bilərsən.
Qüdrət imarətdən həyətə çıxdı. Böyük bəylə Fəxrəndə xanım bir müddət bir-birlərinə baxdılar, sonra Böyük bəy gözlərini Fəxrəndə xanımdan ayırıb iki əlini də yuxarı qaldırdı:
– İlahi, sən özün bilirsən ki, mən heç vaxt heç zaman sənin qanunlarına zidd getməmişəm! Ancaq nankorları, kəmfürsətləri, azğınları məhv eləmək lazımdı!
– Şükür!.. – Fəxrəndə xanım pıçıldadı.
Böyük bəyin belə bir duruşu və dediyi bu sözlər onun avropasayağı qiyafəsinə heç uyuşmurdu.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-birinci-hisse-v
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İbrahim xan hirsli gözləri ilə baxırdı.Onun gözlərinin qarası böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın.
İkinci hissə, 20Əsgəranın küçələrində aləm bir-birinə qarışmışdı.Qızılbaş sərbazları azərbaycanlı ailələri evlərindən çıxarıb, at və eşşək arabalarında özləri ilə gətirdikləri erməni ailələrini həmin evlərdə yerləşdirirdilər. Azərbaycanlı ailələr isə boşalmış arabalara doldurulurdu.
İkinci hissə, 21Güllə səsinin gəlməyi ilə göydə boşqabın çiling-çiling sınmağı bir oldu.Göyə atılan daha bir boşqab vurulub çiling-çiling oldu.
İkinci hissə, 22Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu.… Fətəli şah hündür qamətini əyib diqqətlə mizin üstündə açılmış xəritəyə baxırdı.
Başqa şairlərin şeirləri
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Armas-Adra söylənciÇatdı evə gənc Armasın ölüsü,Döuüş qandır, uara-xora,ölüdür.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Təcnis: Cənnət şəhrinə vard olmuşamCənnət şəhrinə vard olmuşam,Bilmənəm yar üçün nə alım indi,