Səhifə 2 / 2 · 50%

Şüşəbənddə isə məclis arəstə idi.

Bəşir müəllim:

– Ələlbət, bu, erməni konyakıdı! Bu da Çeçen-inquş konyakıdı! Ələlbət, Çeçen-inquş konyakıdı! Bu da Dağıstanındı! Dağlar qartalları düzəldib bunu! Ələlbət belədi! – deyirdi.

Cabbar müəllim:

– Əşi, bu kişi lap aləmdi ki, – deyirdi.

Səftər müəllim:

– İçək aləm kişilərin sağlığına! – deyirdi. – Çünki belə aləm kişilər olmasaydı, bu dünya çox səfeh dünya olardı!

Əlisahib müəllim millət dərdi çəkirdi və deyirdi ki, Allah, bu millətin axırı nə olacaq, niyə bu millətin bu cür kişiləri bu qədər azdı, o qədər azdı bu cür kişilər ki, çıraqla axtarasan gərək və nə yaxşı iş görüb Kələntər müəllim ki, onları gətirib bura, millətin bu cür kişiləri ilə üzbəsurət oturdub.

– Süfrəyə bir bax! – deyirdi Əlisahib müəllim. – Gör necə süfrədi, özü də beş dəqiqənin içində! Əşşi, sən bir əliaçıqlığa bax, sən bir nemətlərə bax! Millətin simasıdı bu, millətin!

Təkcə Fərman müəllim birdən-birə susub heç nə demirdi, tez-tez hıçqırırdı, rəngi-rufu sapsarı saralmışdı və belə məlum olurdu ki, Fərman müəllimin halı xarabdı, ürəyi bulanır.

Bəşir müəllim:

– Əminə xanım, zəhmət olmasa, Fərman müəllimə qatıq gətir, ələlbət lazımdı,

– dedi.

Cabbar müəllim:

– Əşşi, bu kişi lap aləmdi, vicdan haqqı, aləmdi. - dedi.

Kələntər müəllim şişləri bir-bir manqalın üstündən götürüb verirdi Adilə və Adil də şişləri qorxa-qorxa alırdı ki, əli yanar. Kələntər müəllimin kefi doxsan doqquz vururdu və Kələntər müəllim belə bir kefiköklüklə əlini əlinə sürtüb:

– Nədən qorxursan, ay zalım! – dedi. – Girmisən e, instituta, girmisən, dədə canı! – Sonra Kələntər müəllim Adili lap xətircəm eləməkdən ötrü başı ilə şüşəbəndə işarə elədi. – Ə, sən öl girmisən! Nağdı, qağa, dədə canı!

Adil şişlərdən ürəkli yapışdı.

Kələntər müəllimin gözü şüşəbənddə qaldı və bir müddət elə bil ki, manqalın üstündəki kabablar Kələntər müəllimin yadından çıxdı, çünki Əminə xanım şüşəbənddən həyətə boylanırdı, manqala tərəf baxırdı və Əminə xanımın ipək xalatının açıq yaxasından döşlərinin arası açıq-aşkar görünürdü, sonra Kələntər müəllim özünü ələ aldı birtəhər və yenə də manqalla məşğul oldu. Və Ağabacı həmin axşam o vaxt özünə gəldi ki, qızlar bu kabab iyindən, bu kabab tüstüsündən baş götürüb hərə bir tərəfə getmişdi, televizordakı qız da oxuyurdu təkcə özü üçün, çünki bu dəm bu həyətdə televizorda oxuyan qıza heç kim qulaq asmırdı, sonra Ağabacı zəncirin səsini eşitdi, Dolçanın mırıltısını eşitdi və Ağabacı şüşəbəndin altından başılovlu çıxıb Dolçanın damına tərəf getdi.

Xəzri kababın iyini, közün üstünə damıb cızıldayan yağın tüstüsünü birbaş boynu zəncirli Dolçanın üstünə aparırdı.

Dolça elə bil yadından çıxarmışdı ki, zəncir dartmaqla qırılan deyil, boynunu zəncirdən qoparmaq istəyirdi, özünü o tərəfə, bu tərəfə atırdı, mırıldayırdı; Dolçanın tükləri qabarmışdı, ağzından su axırdı, gözləri həm pıçalaqlamışdı, həm də az qalırdı hədəqəsindən çıxsın.

Ağabacı əlimyandıda Dolçaya yaxınlaşmaq istəyəndə it lap bərkdən mırıldadı və Ağabacı bu neçə illər ərzində birinci dəfə Dolçadan qorxdu, itin qabarmış tüklərinə baxdı, yekəlmiş gözlərinə baxdı, ağzından tökülən suya baxdı, arvada elə gəldi ki, Dolça mırıldamır, yaralanmış canavar kimi ulayır, sonra Ağabacı özünü ələ aldı, cəld əlini atıb zənciri Dolçanın boğazından açdı və Dolça üç böyük sıçrayışla Kələntər müəllimin yanına atıldı, yerində qıvrıldı.

Kələntər müəllim qazan qapağı ilə manqalı yelləyə-yelləyə ayağını yerə vurdu və Dolçanın üstünə qışqırdı:

– Sürük burdan!

Dolça dal ayaqları üstə yerə çöküb başını dik qaldırdı, Kələntər müəllimin düz gözlərinin içinə baxdı və Ağabacıya elə gəldi ki, Dolça bu saat atılıb Kələntər müəllimi qamarlayacaq, amma incəvara Dolça ayağa qalxdı, iki dəfə bərkdən hürdü, manqalın başına dolandı, sonra qaça-qaça darvazanın bala qapısından küçəyə atıldı.

Dolça küçə boyu qaça-qaça kənddən çıxdı və dəniz qırağına tərəf baş götürüb getdi, amma dəniz qırağına gəlib çatmadı, necə oldusa qaça-qaça da dövrə vurdu və təzədən kəndə girib gəldiyi küçə ilə də geri qaçdı, darvazanın bala qapısından həyətə girib dayandı, dilini çıxarıb ləhləyə-ləhləyə üstü kabab dolu manqala baxdı.

Kabablar manqalın üstə cızhacızla qızarırdı.

Ofelya:

– Dolça! Dolça! – qışqırdı. – Dolça şüşəbəndə baxdı.

Ofelya tələsə-tələsə şüşəbənddən düşüb Dolçaya yaxınlaşdı, lap qabağa gəlməyə ürək eləməyib, Dolçanın üç-dörd addımlığında dayandı və əlindəki boşqabdan bir neçə isti kabab tikəsi götürüb Dolçanın qabağına atdı. Dolça qabağındakı kabab tikələrinə baxdı, kip yumduğu ağzının qıraqlarından su axa-axa Ofelyaya baxdı və birdən-birə bərkdən hürməyə başladı və Ağabacı qorxdu ki, Dolça doğrudan-doğruya bu qızı, ya manqalın yanında əlləşən Kələntər müəllimi, ya da bunlardan başqa bir adamı qapar, amma yenə də incəvara Dolça həyətin dörd tərəfini də hasar boyu qaça-qaça dövrə vurdu və darvazanın bala qapısından çıxıb yenə dəniz qırağına üz tutdu və bu dəfə gecəyə qədər həyətə qayıtmadı.

Gecə Dolça həyətə qayıdanda qonaqlar çoxdan çıxıb getmişdi. Manqalın üstünə çoxdan su töküb söndürmüşdülər. Qızlar şüşəbəndin altında yatışmışdılar. Bəşir müəllimgilin işıqları sönmüşdü. Nuhbala ürəyində Bəşir müəllimin atasının goruna söyüb qurtarmışdı və axır ki, talvarda yuxuya gedib yatmışdı. Təkcə Ağabacı gecənin bu vaxtında əlinə bel alıb darvazanın yanında hasarın dibini belləyirdi. Bayaq qonaqlar gedəndə Fərman müəllim işləri xarablamışdı: xeyli qatıq içməyinə baxmayaraq özünü saxlaya bilməyib hasarın dibinə sıfraq eləmişdi və indi də Ağabacı hasarın dibinə torpaq atırdı ki, Ağababa gəlib bu müsibəti görməsin; Ağababa bir günün ərzində ikinci növbəsini də başa vurub indilərdə gəlməli idi.

Həmin gecə Ağabacı fikirləşdi ki, bu kirayənişinlərdən alacağı pula nə gəlinləri üçün üzük alacaq, nə də qızları üçün bir tədarük görəcək, çünki Ağabacı fikirləşdi ki, bu cür adamların pulu adama xeyir gətirməz və Ağabacı qəti qərara gəldi ki, həmin pula televizor alacaq, bunların acığına bütün ili oturub yaxşıca-yaxşıca televizora baxacaq.

Həmin gecə Dolça Ağabacıya baxdı, arvadın dodaqaltı deyinməsinə qulaq asdı, gözucu, oğrun-oğrun ikinci mərtəbəyə nəzər saldı, sonra həyətin ağacları arasından keçib aşağı başa getdi.

Və həmin gecə pişiklər Ofelyanın Dolçanın qabağına atdığı kabab tikələrini ordan-burdan tapıb yedilər və kef elədilər. Dolça pişikləri həyətdən qovmadı və dovşanlarla da işi olmadı, demək olar ki, bütün gecəni hasarın üstündə oturub dənizə və qayalığa tərəf baxdı.

Həmin kabab dəsgahı birinci oldu, amma axırıncı olmadı. O gündən sonra, az qala hər axşam Kələntər müəllimin maşınında qonaqlar gəldi və Kələntər müəllimin bişirdiyi kababları Adil şüşəbəndə daşıdı; Kələntər müəllimin kefi açıq-aşkar kök idi. (Bir dəfə necə oldusa, Kələntər müəllim Ağabacıgilin yanında Bəşir müəllimlə zarafat elədi, hərçənd Kələntər müəllim başqalarının yanında Bəşir müəllimgillə söhbət eləməzdi və ümumiyyətlə, Kələntər müəllim çoxdanışan adam deyildi; Kələntər müəllim qırmızı «Jiquli»yə işarə edib Bəşir müəllimə dedi: «– Balacadı də maşın, Bəşir müəllim, qonaqlar sığışmır içinə». – Kələntər müəllim belə dedi və güldü; Kələntər müəllim güləndə nazik və uzun boğazının yoğun damarları şişirdi və ağzı o qədər açılırdı ki, ənglərindəki yuyulmamış qızıl dişləri də görünürdü; «– Eybi yox, inşallah, bu yaxınlarda «Volqa» alarsan, qonaqların da sığışar içinə. Ələlbət, alarsan! Qoy uşağın imtahanları qurtarsın...» – Bəşir müəllim də belə dedi və şaqqanaq çəkib o da güldü, amma Ağabacı başa düşmədi ki, burda gülməli nə var və ümumiyyətlə, Bəşir müəllim heç nəyə gülən adam idi.) Kababın iyi bu ağacların, bu hasarın, bu divarların canına hopdu və Əmirqulunun arvadı Xeyransa şənbə günü hamamda kəndin arvadlarına şikayət elədi:

– Kabab iyinin ucbatından axşamlar qapı-pəncərənin hamısını bağlayıram e, ağəz! Əmirqulu yazıq, istidən evdə otura bilmir.

Dəllal Zübeydə özünü saxlaya bilmədi və qabağındakı başqa bir arvadın – kənd Sovetinin katibi Suğranın belini kisələyə-kisələyə:

– Bəxtəvər başımıza! – dedi. – Pyaniskə Əmirqulu evdə oturan olub!

Bu sözün üstündə Xeyransa ilə dəllal Zübeydə elə bir davaya qalxdılar ki, bu yay hamamda belə dava olmamışdı və hamamdakı arvadlar bunları güc-bəla ilə bir-birindən araladı. (Belinin kisəsi yarımçıq qalmış kənd Soveti katibi Suğra qışqırdı ki, milsəner çağıraciyəm bura və Xeyransa, xüsusən də, dəllal Zübeydə kənd Soveti katibi Suğranı yaxşı tanıdıqları üçün başa düşdülər ki, Suğranı bu dərəcədə hirsləndirmək olmaz və aralandılar bir-birilərindən.)

Ağabacı ürəyində: «– Ağəz, siz bir-birivüzü nöş qırırsuz? – dedi. – Görün mən nə çəkirəm e, mən külbaş!»

Bir axşam da Nuhbala kirayənişinlərin qarasına xoruzlandı və acıqlı-acıqlı Ağabacıdan soruşdu ki, bunlar nə vaxt rədd olub çıxıb gedəcəklər?

«– Bir qələtdi eləmişəm atabaatamla, Nuhbala! Mənim meyidimi salıb, sonra çıxıb gedəcəklər cəhənnəmlərinə!» – və bunu da Ağabacı ürəyində dedi, amma yavaş-yavaş evin kişilərindən biri olmağa başlayan oğluna belə cavab verdi:

– Xəstə tələsər, armud vaxtında yetişər, Nuhbala! Az qalıb day, qadası!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

X fəsil

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

1 dəq
Xı fəsil

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.

4 dəq
Xıı fəsil

Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də yeyib adda-budda dəlik-deşik etmişdi.Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:

1 dəq
Xııı fəsil

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

2 dəq

Başqa şairlərin şeirləri