İkinci hissə, 12
Sakit bir qaranlıq içində çathaçat yanan ocağın işığı Əbülfət ağanın da, Vanya yüzbaşının da sifətinə düşmüşdü və onlardan bir az aralıdakı çadırın qapısı ağzında dayanmış iki silahlı yavər də aydınca görünürdü.
Əbülfət ağa:
– Sən tək başına, gecənin yarısı bu Dizaxa necə gəlib çıxmısan, ay Vanya yüzbaşı?– soruşdu.
– Əbülfət ağa, indiyədək olub ki, xan atan mənə iş buyura, mən də onu etməyim? Nəyimdi? Bir canımdı, bir də Haykanuş xalandı, vəssalam!.. Bu fani dünyada yaşadığımı, yaşamışam. Nədən qorxacağam? O boyda şəxs mənə iş tapşırıb!
Əbülfət ağa bir müddət susdu, sonra:
– Xan necədir?– soruşdu.
– Maşallah! Yaxşıdı! Allah bədnəzərdən saxlasın!– Vanya yüzbaşı dedi.
Yenə sükut çökdü və əlindəki çubuqla ocağı qurdalayan Əbülfət ağa bir müddətdən sonra o sükutu pozdu.
– Eşidirəm səni?
Vanya yüzbaşı ehtiyatla o tərəf-bu tərəfə baxdı, çadırın qabağındakı yavərlərə sarı boylandı və səsini yavaşıdıb:
– Xan səninlə məxfi görüşmək istəyir,– dedi.
Əbülfət ağa:
– Nə üçün məxfi?– soruşdu.– Mən Fətəli şahdan xəbərsiz onunla necə görüşə bilərəm?
– Vallah, nə deyim, Əbülfət ağa? Atadı… Ürək dözmür də…
– Ürəkdən-zaddan keçib daha, Vanya yüzbaşı!..
– Allah bu dünyanın üzünü qara eləsin!.. Yəqin xanın öyüdü-nəsihəti var…
– Nə öyüd-nəsihət? Fətəli şahın mənə etibar elədiyi qızılbaş atlılarını başsız buraxıb, gedib, rusun ayağına düşməliyəm?
– Nə deyim, vallah… Mən bu fani dünyada az yaşamamışam, ancaq, Əbülfət ağa, məzhəb haqqı, ömrümdə bu gecəki kimi çətin söhbətim olmayıb… Sən bir tikə vaxtından mənim gözümün qabağında böyümüsən… İbrahim xanın da buyruğu mənimçün qanundu! Ancaq mən nə edim? Vallah, Axund Mirmöhsün ağaya da çox hayıfım gəldi…
– Mirmöhsün ağaya? O ki, mömin bir adamdı, ona nə oldu?
– Xanın qəzəbinə düçar oldu.
– Niyə?
Vanya yüzbaşı ayağa qalxmaq istədi.
– Mən xanın ismarıcını sənə yetirdim, Əbülfət ağa, məni dara çəkmə…
Əbülfət ağa hirslə:
– Mən atamın oğluyam ha, Vanya yüzbaşı!.. – dedi.– Məni cin atına mindirmə. Otur!..
– Baş üstə.
– Axunda nə olub?
– Əlahəzrət Axundu arana, Qarabulağın Saracıq obasına sürgün etdi, orada ev dustağıdı…
– Niyə axı?
– Əbülfət ağa, sən Həzrət Abbas, məni məhşər ayağına çəkmə…
Əbülfət ağa səsini qaldırıb yüzbaşının üzünə çımxırdı:
– Vanya yüzbaşı!..
Vanya yüzbaşı əlacı kəsilmiş, köks ötürdü və:
– Axund Mirmöhsün ağa səni müdafiə edirdi…– dedi.
Əbülfət ağa ayağa qalxdı:
– Bir sözlə, bu iki daşın arasında atam ehtiyat edir ki, mən gəlib onun yerində oturaram, hə?
– Nə deyim, vallah… Mən o kişinin çörəyini yeyirəm…
Əbülfət ağa:
– Olsun!– dedi.– Qoy olsun! Bir halda ki, belədi, mən nə üçün Qarabağ taxtında əyləşməyim?! Hə, yüzbaşı, nə üçün?!
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:
İkinci hissə, VIIITopxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.
İkinci hissə, IXŞahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı.Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:
İkinci hissə, XValeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi.Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:
Başqa şairlərin şeirləri
Ədəbiyyat nəsib deyil hər sənətkara,Hər keçənin evi dönüb muzey olmayır.
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
Qəmi-hicrində bimarəm mən, ey dostQəmi-hicrində bimarəm mən, ey dost!Zəlilu acizu zarəm mən, ey dost!
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,