Günlərin bir günündə
Səhifə 3 / 4 · 50%
Fatma anasının qabağında dayandı, amma bir söz demədi və başqa bir iş tapmayıb paltarının yaxasını didişdirməyə başladı.
Səmayə dedi:
– Paltarını niyə didişdirirsən?
– Heç... Onda bilirsən, mama ... – Fatma çətinlik çəkdi. – Onda bilirsən, qoy əvvəlcə mən bir kəşfiyyat aparım, sonra...
Səmayə qızının qara, qəşəng gözlərinin dərinliyində bir ürkü, bir narahatlıq, təşviş hiss etdi və bu, onun gümüşü gün sevinci ilə dolmuş ürəyinə lap kiçicik də olsa, xal saldı.
Səmayə dedi:
– Neynək, kəşfiyyat apar. Mənim kəşfiyyatçı qızımsan da sən!.. – Və gülümsəyə-gülümsəyə Fatmanın qara saçlarını qatışdırdı.
- İlk tamaşa
O zamanlar Fatma lap balaca idi və o zamanlar hər ilk tamaşa Fatma üçün bayram olurdu, hələ neçə gün əvvəldən hazırlaşırdı, gecə-gündüz fikri-zikri həmin tamaşada olurdu. Bu o zamanlar idi ki, Fatma məktəbdə, həyətdə uşaqların yanında bir şellənirdi, gəl görəsən: bax, o keçini oynayan mənim anamdı, Şəngülümü, Şüngülümü, Məngülümü yedizdirən mənim anamdı, canavarın qarnını buynuzları ilə yırtan mənim anamdı. Bu o zamanlar idi ki, bir dəfə Səmayə Dovşanı oynayırdı və Tülkü gəlib onu yemək istəyəndə (dad bu tülkülərin əlindən!) Fatma elə ağlamışdı ki, zalda oturan bütün tamaşaçılar Dovşanın ah-naləsini unudub Fatmanın hönkürtülərinə gülmüşdü və Səmayə də Tülkünün pəncələri arasında fikirləşmişdi ki, bəyəm hönkürtüyə də gülərlər?
Bu o zamanlar idi ki, Fatma hələ «gəlirəm» əvəzinə «gəliləm», «gedirəm» əvəzinə «gediləm» deyirdi və bu o vaxtlar, o çağlar idi ki, Fatmanın sızanaq dərdindən əsər-əlamət yox idi və heç adamın ağlına da gəlməzdi ki, bir vaxt gələcək və bu totuq qızcığaz belə bir sızanaq qəmginliyinə mübtəla olacaq.
Səmayə bunu fikirləşdi və gülümsədi. Yaxşı ki, rejissor bu gülümsəməyi sezmədi, yerindən qalxıb həmişəki kimi, əl-qolunun hərəkətləri ilə dilinin köməyinə çatdı:
– Səmayə xanım, bir az daha artıq ehtirasla istəyin, daha artıq emosional təsirə ehtiyac var!
Səmayə:
– Yaxşı, – dedi və fikirləşdi ki, axı, yazıq Hacıleyləyin ikinci balasını da bundan artıq necə ehtirasla istəsin, adamın ürəyi gəlir bəyəm? Axı, tülkü tülküdü, adam adamdı.
Yenə hardan gəldi bu uşaq fikirləri?
Bu gün «Tülkü və Hacıleylək balaları»nın axırıncı məşqi gedirdi, sabah, yəni dekabrın yeddisində ictimai baxış idi, iki gündən sonra da ilk tamaşa.
Tülkü yenə də mişarı qoltuğuna vurub palıdın dibini kəsdirmişdi və bu dəfə Hacıleyləyin ikinci balasını istəyirdi. Hacıleylək yazıq, gözlərindən yaş axıda-axıda yalvarırdı ki, Tülkü palıdı kəsməsin. Zalım Tülkü isə insafa gəlmirdi:
– Mənə nə var! Meşə mənə babamdan qalıb! Hansı ağacı istəsəm onu da kəsərəm. Ya balanı mənə ver, ya da ağacı kəsəcəyəm, aparıb bazarda satacağam, özümə toyuq alıb qəşəngcə yeyəcəyəm.
– Səmayə xanım! Axı, siz təcrübəli aktyorsunuz! Sizə neçə dəfə demək olar ki, daha artıq ehtirasla tələb edin! Axı, siz Tülküsünüz! Qəddarsınız! Yırtıcısınız! Görürsünüz Hacıleylək necə ürəkdən ağlayır?
Səmayə fikirləşdi ki, Hacıleylək çarəsizdi, daha neyləyəcək, gərək ağlasın da. Bunu fikirləşdi və bu dəfə Hacıleyləyin ikinci balasını lap doğruçu Tülkü qəddarlığı ilə istədi.
– Bu pis olmadı. – Rejissor dərindən nəfəs aldı.
Artıq neçə müddət idi ki, qar yağmırdı və küçələrdəki qar əriyib, çirklənib palçığa dönmüşdü, eyvanlardakı qarı təmizləmişdilər, damlardakı, ağaclardakı qarı his, tüstü qaraltmışdı və həmin günün axşamı Səmayə öz evlərinin pəncərəsi qarşısında dayanıb bayıra baxırdı. Bir xeyli beləcə dayanıb damlarda rəngini itirmiş qara, küçədən trolleybus, avtobus, maşınlar keçdikcə təkərlərinin altından sıçrayan qarlı palçığa tamaşa etdi və yenə də gözlərini şüşədən çəkməyib Fatmadan soruşdu:
– Sən heç təzə qar yağanda, hər tərəf ağappaq olanda, gecə vaxtı; şəhərdə tək-tük işıq yananda çölə çıxıb gəzmək arzulamısan? – Səmayə bu sözləri dedi və özü öz sözlərindən bir balaca hürkdü, hürkdü ki, birdən Fatmanın könlündə elə nöqtəyə toxunar ki, bu nöqtədə onların arasında pərdə olmalıdır; gözlərini pəncərədən çəkib qızına baxdı.
Fatma mizin arxasında oturub sabahkı dərslərini hazırlayırdı və o da gözlərini dərslikdən çəkib anasına baxdı:
– Elə yaman da sapojkim var ki, qarda gəzmək arzulayım!..
Səmayə əvvəlcə elə bil heç nə başa düşmədi və sonra handan-hana məlum oldu ki, söhbət Fatmanın uzunboğaz çəkmələrindən gedir. Səmayə üçün orası da məlum oldu ki, təbiətdə qar sevinci ilə palçıq dilxorçuluğu arasında cəmi-cümlətanı bircə qarış məsafə var.
– Nə olub ki, sənin uzunboğazlarına? Su buraxır?
– Su buraxmır, amma uşaq sapojkisidir onlar. Hamı modnısını geyir, elə bir mənəm uşaq çəkməsində, uşaq paltosunda.
Səmayə əvvəlcə qızı ilə höcətləşmək istədi, amma sonra yenə küçələrdə əriyib palçığa dönmüş qara baxdı və beş-on gün bundan əvvəlki təzə qarı təzədən xatırladı
– ətrini duydu, rəngini gördü və hiss elədi ki, Fatma daha böyüyür əməlli-başlı; Fatma böyüyür, özü qocalır; niyə qar palçığa dönür sonra? – özü özünə dedi ki, əcəb axmaq sualdır bu!
– Sənə elə bir uzunboğaz çəkmə alacam ki, hamının ağzı açıla qalsın.
– Hə? – Fatmanın eyni açıldı və mizin altından ayaqlarına baxdı – elə bil daha geymişdi həmin əntiqə uzunboğaz çəkmələri.
Sonra Səmayə dedi:
– Sabah biletləri gətirəcəyəm, verərsən Gülüşgilə, mənim adımdan onları da dəvət edərsən.
«Tülkü və Hacıleylək balaları» Fatmanın yadına düşdü və qız açıq-aşkar bikeflədi:
– Doğrudan, iki gün qalıb də doqquzuna...
Səmayə başa düşdü ki, Fatma bütün bu müddət ərzində günləri sayırmış.
Fatma soruşdu:
– Ay mama, yenə Tülkü paltarında olacaqsan?
Səmayə elə bil kiminsə acığına canı-dildən təsvir eləməyə başladı:
– Hə, əlbəttə! Bir əntiqə Tülkü geyimi tikiblər ki, başdan ayağa tamaşadır! Bir şələ quyruğu var ki, gəl görəsən! Bax, bu boyda! – Səmayə qollarını açıb tülkünün şələ quyruğunun yekəliyini göstərdi, sonra qızına baxdı və susdu.
Araya sükut çökdü və bu onların arasına çökmüş ilk sükut idi.
Nəhayət, Fatma sükutu pozdu:
– Neynirsən e, ay mama, neynirsən onları dəvət edib?.. – Anasına baxdı və əlavə etdi: – Heç ömründə teatra getmirlər. Xoşlamırlar teatrı. Heç bir dəfə görməmişəm ki, teatrdan söhbət eləsinlər.
Səmayə əlini üzünə apardı, elə bil dişi ağrıyırdı, sonra gülümsədi:
– Neynək, xoşlamırlar, qoy xoşlamasınlar.
Fatmanın çiynindən yük götürüldü:
– Hə də!..
Və Səmayə də sevindi ki, qızı daha narahatlıqdan qurtardı, amma sonra belə məlum olmuşdu ki, bu sevinc bir balaca vaxtından əvvəl imiş. Bu sonra məlum oldu, dekabrın doqquzunda, həmin gün ki, səhər tezdən yenə qar yağmağa başlamışdı və bütün şəhər yenə ağappaq təzə qara bürünmüşdü.
Səmayə yadından çıxarmışdı ki, bu onun neçənci ilk tamaşasıdır, amma heç vaxt onun ilk tamaşa günündə belə qar yağmamışdı. Heç vaxt onun ilk tamaşa günündəki intizarı belə qar sevincli olmamışdı.
O, ürəyindəki bu qar sevincli intizarla teatra getdi, rejissorun axırıncı göstərişlərinə qulaq asdı, müəllifin axırıncı xahişlərini eşitdi, inzibatçıdan neçə gün bundan əvvəl Fatma ilə Gülüş üçün sifariş verdiyi biletləri alıb evə qayıtdı və gördü ki, Fatma geyinib-kecinib onu gözləyir, daha doğrusu Fatma pəncərənin ağzında dayanıb bayırdakı qara baxır, ağappaq, gümüşü qara.
Səmayə dedi:
– Görürsən də, nə qardı!
Fatma dedi:
– Hə, yaman əntiqədi, ay mama!
Səmayə sevindi ki, Fatma qardan beləcə sevinir, sonra biletləri qızına uzatdı:
– Al, səninlə Gülüşün biletidi.
Fatma biletləri alıb elə bil bütün ömründə birinci dəfəydi bilet görürmüş kimi o tərəf-bu tərəfinə baxdı və dedi:
– Bilirsən, mama, Gülüş... Gülüş bu gün kinoya getmək istəyir e...
Səmayə başa düşdü ki, bu saat, yəni bu qarlı qış axşamı qızı ilə, gözəl-göyçək Fatması ilə üzbəüz dayandığı bu dəqiqə ən birinci məsələ özünü ələ almaqdır. Bir dəfə hansı tamaşadasa ayı balasını oynayırdı və bu ayı balası iş çətinə düşən kimi öz-özünə deyirdi: « – Özünü ələ al, ayı balası! Özünü ələ al, ayı balası!».
– Nə olar, qoy getsin kinoya... Sən də istəyirsən onunla birlikdə get...
– Doğrudan? – Fatma bilmədi sevindiyindən nə eləsin. – Doğrudan? – Sonra atılıb – uşaq ki, uşaq – anasının o üzündən, bu üzündən öpdü, tez-tələsik arakəsmədən paltosunu götürüb bədənnüma güzgünün qabağında geyinə-geyinə dedi: – Sabah mən özüm təkcə gəlib baxacağam. Bilirəm də, əntiqə oynayacaqsan yenə. Qəzetdə yazıb səni tərifləyəcəklər...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-gunlerin-bir-gununde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...
13. Quzu buduGecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.
14. Əbdül QafarzadəƏbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.
15. Hər şey keçib gedir...Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.
Başqa şairlərin şeirləri
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabınGöstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
O bir gün...İki ömür yolu...Bir dəmir yolu...