Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,Baxarsan mal-dövləti dövlətli sultan kimidir,Ədli-ədaləti adil Nuşirəvan kimidir,İçinin məhbubları hurii-ğilman kimidir

Çıxıban bahar fəsli məhbubları çöldə gəzir,Görənin təmam cana yürəyinin yağı ərir,Onları görən oğlan on beş yaşındaca qadir,Libasları zər ü zibə, bellərinə tirmə sarır,Yanaqları gül yarpağı, qaşları kaman kimidir

Ya İlahi, yetməsin heç vaxt nöqsan bunlara,Huri dim, pəri dim, yoxsa ki insan bunlara,Hər görən kimsə desin: hurii-ğilman bunlara,Mən özüm incinirəm, əgər verim can bunlara,Baxışları maral kimi, yerişləri ceyran kimidir

Qolları gümüş kimi, gərdəni mina misli,Tökmüş qıvrım tellərini sünbül ü rə'na misli,Onları görən olar Məcnuni-rüsva misli,Yaradıb Bari-İlahi cənnətdə sona misli,Saçları kələbatun, kirpiyi peykan kimidir

Nə yaman dərdə saldı bu qaşları kaman məni,Bilirəm öldürəcək bu dərdi-nihan məni,Qurtara bu dərddən Qadir-i-Sübhan məni,Ölsəm əgər götürə bir sahibi-iman məni,Bu dərd ilən olsa Rəsul, bil şəhid olan kimidir

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · İlahi eşq