Bu dünyada qatarlar gedər
Səhifə 1 / 2
Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...
Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
Dünyada qapqara adamlar var idi, sapsarı adamlar var idi və bu adamlar da hərdən qatarlarda Əbiligilin kəndinin aşağısından ötüb keçərdi.
Qatarlar neft daşıyan vaqonlar olardı, taxta-şalban daşıyan, traktorlar, yük maşınları, avtomobillər daşıyan vaqonlar olardı və Əbili gözlərini yumub bu təptəzə, yağlı avtomobilləri ömründə bircə dəfə də görmədiyi Bakının küçələrində ora-bura gedən görərdi.
Bütün bunlar uzaq-uzaq ölkələrdən, böyük-böyük şəhərlərdən gəlib gedirdi və həmin uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada Əbiligilin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər gün qatarların ardınca baxır.
Qatarlarda daşınan bütün bu yükləri bir-birini tanımayan cürbəcür adamlar hazırlayırdı, düzəldirdi, yükləyirdi, bir-birinə göndərirdi. Əbili bunu fikirləşirdi və hərdən ona elə gəlirdi ki, gözlərinin qabağından ötüb keçən bu yük qatarları adi qatarlar deyil, bu yük qatarları taxta-şalbanla, traktorla, kombaynla bərabər adamların sirrini bir-birinə aparır, adamların ürəyindəkiləri bir-birinə yetirir. Adamların o sirrini ki, gecə yerində uzanırsan və uzaq-uzaq ölkələrdə, böyük-böyük şəhərlərdə yaşayanlar barədə fikirləşirsən.
Qatarlarda təkcə adamlar getmirdi, təkcə yük daşımırdı qatarlar. Bəzən qatarlar nağıl aləmindən gəlirdi, fillə, zürafəylə gəlirdi.
Bir dəfə yayın cırhacırı idi və Əbili həmin gün doğruçu fillər gördü, doğruçu zürafələr, açıq vaqonlardakı qəfəslərdə gedən doğruçu şirlər, pələnglər gördü. Əbili başa düşdü ki, «Kiyev – Bakı» qatarında Kiyevdən Bakıya sirk gedir və özü də bilmədi necə gözlərini yumdu, ötüb keçməkdə olan qatar təkərlərinin taqqatuqu altında bu zürafələri, bu filləri, şirləri, pələngləri Bakı sirkində gördü, yekə başmaqlı, yekə saatlı, yekə burunlu təlxəklər gördü, həmişə qatarlarda gedib-gələn rəngbərəng paltarlı uşaqların səs-küyünü eşitdi.
Əbili az görmüşdü, çox oxumuşdu. Əbili bilirdi ki, fillər Hindistanda olur, Afrikada olur, sirkdə təlxəklər olur, təlxəklərin paltarları əyinlərinə böyük olur və onlara baxanda adamı gülmək tutur – bütün bunları bilirdi, əlinə keçən qəzetlərdə, jurnallarda, kitablarda oxumuşdu, dərsliklərdən öyrənmişdi, amma özü heç nə görməmişdi.
Burası doğru idi ki, Əbili gözlərini yumub istədiyini görürdü, amma burası da var idi ki və Əbili də bunu çox gözəl başa düşürdü ki, bütün bunlar doğruçu görmək deyil.
Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu kənd il on iki ay dumanlı-çiskinli olardı və bu dumanın-çiskinin içindən gecə-gündüz qatarlar keçərdi. Gecələr bu qatarların səsi kəndin bütün evlərinə dolardı və bu qatarlardakı adamlar, bu qatarların daşıdığı avtomobillər, gedib-gəldiyi böyük-böyük şəhərlər kəllayı otaqda palazın üstündə salınmış yorğan-döşəyin içində Əbilinin gözlərinin qabağına gəlirdi.
Səhərlər, günortalar və axşamlar isə Əbili inəklərini naxıra qatıb, qoyun-quzularını kəndin çobanı İldırımın sürüsünə ötürüb, kəhər atı evlərinin dalındakı otlaqda çidarlayıb, tövləni kürüyüb-təmizləyib, məktəbə gedib və qayıdıb dərslərini hazırlayandan sonra, kənddən aşağı düşürdü, dəmir yolu boyunca gedirdi, o qədər gedirdi ki, kəndləri dağın ətəyində gözdən itirdi və bu yerlərdə hər addımbaşı bitən bir alça ağacının altındakı yoncalıqda oturub gəlib keçən qatarlara baxırdı.
Əbilinin gözləri elə öyrənmişdi ki, bircə dəqiqənin içində gəlib keçən qatarın üstündəki yazını oxuyurdu, vaqondakı adamları görürdü, bu adamların görünüşü, geyimi yadından çıxmırdı.
Uşaqlıq vaxtları, o vaxtlar ki, ayağı yalın, başı açıq atılıb düşürdü və dünyanın işləri vecinə deyildi, birinci növbədə yaşıdları, yaşıdlarının əcaib-qəraib şalvarları, köynəkləri yadında qalırdı. Əbili bu uşaqları qırmızı rəngin, yaşıl rəngin, çəhrayı rəngin içində görürdü və bu uşaqlar başqa bir aləmin, nağıllı-sehrli bir aləmin uşaqları kimi ondan çox-çox uzaqlarda idi.
Günlərin bir günündə Əbili başa düşdü ki, həmin nağıllı-sehrli uzaq aləmin uşaqları da kəndlərinin uşaqları kimidi – cığalı var, düzü var, kolxoz sədri Cəbrayıl kişinin oğlu Rəhim kimi ərköyünü var, Salatın arvadın nəvəsi yetim Səftər kimi işbacaranı var.
O gün qatarlardan biri – «Bakı – Rostov» qatarı birdən-birə Əbiligilin kəndlərinin qabağında dayandı. Düz dörd saat dayandı. Dedilər irəlidə yol xarab olub. Həmin dörd saatda Əbiligilin kəndində yumurta-toyuq qalmadı, yağ-pendir qalmadı, ağaclarda alça, ərik qalmadı, kimin əlinə nə keçirdisə, gətirib qatardakılara satmaq istəyirdi.
Kəndin adamları alverlə məşğul idi, təkcə Əbilidən başqa. Əbili bir küncdə dayanıb gendən-genə dağın aşağısında düzənlikdə oynayan uşaqlara baxırdı. Qatardan düşən uşaqlar hərdən lap onun burnunun qabağından ötüb qaçırdı və Əbili bu tərləmiş, sir-sifəti qızarmış uşaqlardan gələn qoxunu hiss edirdi. Bu qoxu bir az kəndlərindəki dəllək Qafarın dəlləkxanasından gələn iyə oxşayırdı, bir az atası ildə-ayda bir dəfə Bakıya gedib qayıdanda gətirdiyi peçenye, pryanik, kağıza bükülü konfet iyinə oxşayırdı, amma Əbili belə fikirləşirdi ki, bu qoxu tamam-kamal dəlləkxana iyi, yaxud peçenye, pryanik iyi deyil, bu qoxu böyük-böyük şəhərlərdəki uşaqların qoxusudu. Əbili burasını da lap yəqin etdi ki, bu saat burnunun qabağından ötsələr də bu uşaqlar ondan çox-çox uzaqdadı, elə uzaqdadı ki, həmin uzaqlığa gecə-gündüz, yay-qış, dumanda-çiskində, qarda-boranda, yayın cırhacırında qatarlarla gedəsən gərək.
Birdən-birə çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı, çəhrayı papaqlı bir qız Əbilinin qabağında dayandı, təəccüblə Əbilinin ayağındakı qaloşa baxdı, pencəyinin cibinə yığdığı göy almalara baxdı, başına qoyduğu atasının köhnə papağına baxdı və soruşdu:
– Sənin adın nədi?
Ömründə heç vaxt Əbilinin beləcə ürəyi düşməmişdi. Ömründə heç vaxt Əbili beləcə özünü itirməmişdi. Əbili heç özü də bilmədi ki, necə dedi:
– Əbili.
Çəhrayı qız lap heyrətlə soruşdu:
– Nə?
Əbili dedi:
– Əbili.
Çəhrayı qız bir az da dayanıb heyrətlə ona baxdı, sonra tələsik qaçdı; elə qaçdı, elə bil bu saat Əbili hop eləyib onu udacaqdı.
Əbili incimədi. Elə bilirdi ki, elə belə də olmalıdı. Çəhrayı qız çəhrayıydı, Əbili palçıqlı-peyinli. Çəhrayı qız nə biləydi ki, Əbilinin əsl adı Əbülfətdi və atası, anası ona görə ona Əbili deyir ki, onu çox istəyir. Əbili bundan incimədi, Əbili başqa şeydən incidi.
Çəhrayı qız xeyli aralıdan Əbilini Yaşıl, Sarı, Qırmızı qızlara göstərib güldü və Yaşıl, Sarı, Qırmızı qızlar da Əbiliyə baxıb güldülər. Aydın məsələydi ki, qızlar Əbilinin təhər-töhürünə gülürdülər, amma Əbili bundan da incimədi, çünki böyüdükcə ona belə məlum olurdu ki, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlər və bu şəhərlərdə yaşayan Yaşıl, Sarı, Qırmızı, Çəhrayı uşaqlar adicə uzaqlarda deyil, yəni bu uzaqlıq başqa uzaqlıqdı, bu uzaqlıq, bu məsafə Əbilinin gözünü açıb, bax, bu dağı görməsindədi, səhərlər inəyi naxıra qatmasındadı, axşamlar qoyun-quzunu İldırımın sürüsündən ayırıb evə gətirməsindədi, səhər-axşam qatarların dalınca baxmasındadı və bu qatarlardakı fillərin, pələnglərin, bu qatarlardakı uşaqların gecələr onun yuxusuna girməsindədi. Bundan incimədi Əbili, başqa şeylərdən incidi.
Çəhrayı qız tabaşir parçası ilə hamar qayanın üstündə xətlər çəkdi, ora-bura baxıb elə bil nəsə axtardı, tapmadı, çəhrayı paltosunun cibindən yastı bir şey çıxardıb, ayağının altına atdı və bir ayağını qaldırıb o biri ayağı ilə həmin yastı şeyi itəliyə-itəliyə xətlərin üstündən cırcırama kimi hoppanmağa başladı.
Bir az keçəndən sonra qatardakı atalar, analar uşaqları çağırdı. Çəhrayı qız da əyilib ayağı ilə oynatdığı yastı şeyi yerdən qaldırdı, bir az orasına-burasına baxdı, sonra təzədən yerə tullayıb qatara qaçdı. Bir az da keçəndən sonra qatar tərpəndi. Lap sonra isə bu yerlərin həmişəki sakitliyi ətrafa çökdü, kəndin camaatı sata bildiyini satıb, sata bilmədiyini təzədən geri apardı və Əbili də həmişəki bu sakitlik içində əllərini pamazı şalvarının ciblərinə soxub var-gəl edə-edə bayaq Çəhrayı qızın xətt çəkib oynadığı yerə gəldi. Çəhrayı qızın hoppana-hoppana ayağı ilə sürüşdürdüyü yastı şey elə-eləcə xətlərin üstündə atılıb qalmışdı. Əbili əlləri cibində bir müddət bu yastı şeyə baxdı, sonra birdən-birə ürəyinə bir qüssə, bir kədər gəldi, sonra da əyilib həmin yastı şeyi yerdən götürdü, bu yastı şeyin büküldüyü toza-torpağa batmış kağızı yavaş-yavaş çırpdı.
Yay günləri rayon mərkəzindən Əbiligilin kəndinin yuxarısına lafet-mağaza gələrdi, üç-dörd gün arxın qırağındakı böyük söyüd ağacının altında dayanardı, sürücü-satıcı İmaş kəndin camaatına çit, pamazı, dəsmal, adyal, stəkan, boşqab, pivə, gizlincə araq, bublik, mampası, şokolad satardı. Şokoladlar qızılı kağıza bükülərdi, üstündən də başqa bir kağıza bükülərdi və bu kağızda tülkü şəkli, ya qarğa şəkli, ya xoruz şəkli olardı. Əbiligil ata-anasını yola gətirib şokolad alandan sonra, ustufca kağızları açardı, bir xeyli kağızların ora-burasına baxardı, axşam hamarlayıb evdəki kitabların arasında saxlamaq üçün qoynunda, ya başındakı papağın içində gizlədib keflə şokoladdan yavaş-yavaş dişdəm vurardı. Bu balaca bayram olardı, şokolad bayramı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bu-dunyada-qatarlar-geder
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...
10. Dan yerinin şəfəqləriHəmin gün dənizin üzərində üfüq xətti boyunca qıpqırmızı bir səhər açılırdı və dan yerinin o qırmızısı Xəzərin suyunu da qıpqırmızı qızartmışdı, elə bil ki, suyun altında sürü-sürü balıqlar yaralanmışdı, parçalanmışdı və o balıqların qıpqırmızı qanı suyun üzünə çıxmışdı.Qəribə idi, bütün ömrü boyu təzə, qanlı ət həsrətində olmuş Gicbəsər üçün o sübh çağı üfüqün və dənizin o qırmızısında nəsə xoşagəlməz bir cəhət vardı, elə bil ki, o dan qırmızısı o əlçatmaz təzə ət parçasından yox, kin-küdurətdən, hiddətdən qızarmış gözlərdən, vurulan təpiklərdən, atılan daşlardan («– Paşol!»; «– Sürük burdan!») xəbər verirdi və dənizkənarı bulvarda qarnı üstə kol dibində uzanıb çənəsini qabaq pəncələrinə söykəmiş Gicbəsər hələ tam açılmamış yuxulu gözlərini kolun yarpaqları arasından o üfüq və dəniz qırmızısına zilləyib baxırdı. Gicbəsər səksəkə içində yatdığı o bir neçə saat gecə ərzində tez-tez gözlərini açıb qaranlığa baxmış və indi o qaranlıq qırmızıya çevrilmişdi, Gicbəsər də həmin qırmızıya baxırdı...
11. Əbdül QafarzadəHəmin aprel günü Əbdül Qafarzadə ikinci dəfə Rayon İcraiyyə Komitəsinin binasından çıxıb trolleybusla Qəbiristanlıq İdarəsinə gələndən sonra iki nəfər içəri girib bir balaca qanını qaraltdı. Biri tösmərək oğlan idi, o birisi şalban kimi arıq və uzun bir tip idi (bayaq iclasdan qayıdanda da gözləmə otağında gördüyü bunlar idi), ölüləri üçün yer istəyirdilər və rüşvət əleyhinə mübarizə aparırdılar... Axmaqlar!.. Əbdül Qafarzadənin bu cür miskin adamları görməyə gözü yox idi; əfəl və mənasız məxluqat olduqları üçün ciblərində də bir qəpik olmur və buna görə də ədalət uğrunda mübarizə aparırlar, qanundan dəm vururlar... Bu tösmərək axmaq da Sovet İttifaqının qanunlarını köməyə çağırırdı və Sovet İttifaqındakı qanun keşikçisi mayor Məmmədov da, elə bil, qəsdən burada idi, o axmağın qolundan yapışıb göstərdi ona həmin qanunları.Tülkü Gəldi Qəbiristanlığı neçə ildən bəri sahə müvəkkili işləyən milis mayoru Məmmədovun ərazisinə daxil idi və o bu işə gələndə baş leytenant idi, Əbdül Qafarzadənin sayəsində indi mayor olmuşdu, amma – insan, əlbəttə, naşükürdür– indi özünü daha sahə müvəkkilliyinə sığışdırmırdı, axır vaxtlar Əbdül Qafarzadəyə, xüsusilə, yaltaqlanırdı ki, kişi gedib Bakı Şəhər Milis İdarəsində, yaxud Daxili İşlər Nazirliyinin özündə ağız açsın, onu irəli çəksinlər. Könlündən rayon milis şöbəsinin rəisliyi keçir, hələlik, heç olmasa, rəis müavini olmaq istəyir... Əvvəllər Əbdül Qafarzadə Mirzəibinin, Ağakərimin, yaxud Vasilinin vasitəsilə hərdənbir Məmmədova cib xərcliyi verirdi, amma indi Məmmədovun özü yeri düşəndə Mirzəibiyə, Vasiliyə, Ağakərimə işarələr vururdu, eyhamlarla (birbaşa deməyə ürək eləmirdi) Əbdül Qafarzadə üçün pul təklif edirdi ki, gedib yuxarılarda işini düzəltsin. Acın biri idi, burada sahə müvəkkili olandan sonra özünü düzəldib – ərazisində nə qədər istəyirsən kababxana, dükan, dondurma sexi, qayış sexi, keramika fabriki, pivəxanalar... Ayda hər birindən çox yox, elə beşcə yüz manat alsa, gör nə qədər eləyir!.. Hər halda, acından ölmür... Nə isə, Məmmədov da adam idi və özünü oda-közə vurub adam kimi yaşamaq istəyirdi. Ola bilsin ki, Əbdül Qafarzadə ona kömək edəcəkdi, amma hələ qəti qərara almamışdı. İndi isə bərk acımışdı və təzə katibə qızı çağırıb çörək və pendir almaqdan ötrü mağazaya göndərdi. Əlbəttə, bu qız səhlənkarlıq eləmişdi və o iki nəfəri icazəsiz içəri buraxmışdı, Əbdül Qafarzadə isə səhlənkarlığı, xüsusən, işdə səhlənkarlığı xoşlamırdı; amma Əbdül Qafarzadə cavan və gözəl qızları xoşlayırdı və o səhlənkarlıq üstündə hissə qapılıb bu qızı qovmağın hələ vaxtı deyildi... Bir də ki, – Əbdül Qafarzadə buna qətiyyən şübhə etmirdi – o iki nəfəri bura katibə qız yox, get-gedə ağlını itirən Bədurə buraxmışdı. Bədurə öz qocalığı ilə heç cürə barışa bilmirdi və indiyə qədər də Əbdül Qafarzadəni qısqanırdı, bunu heç kim görməsə də (bəlkə heç Bədurənin özü də indi bu fikirdə deyil!..), Əbdül Qafarzadə yaxşı görürdü. Azərbaycanlı belədir də... Odur, mühasib Yevdakiya Stanislavovna, ya da ki, kassir Marqarita İosifovna, indi qocalıblar, başlarını da aşağı salıb işlərini görürlər. Cavanlıqlarında bəyəm Əbdül Qafarzadə ilə az oyundan çıxmışdılar?.. Hər halda, Bədurə ilə yaxşıca bir söhbət eləmək lazımdı, bu təzə qızın məsələsi isə gələcəyin işidi, indinin yox. Axır ki, bugünkü qəzetləri rahat oxumaq olar...
12. GörüşXosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...