10. Dan yerinin şəfəqləri
Səhifə 1 / 2
Həmin gün dənizin üzərində üfüq xətti boyunca qıpqırmızı bir səhər açılırdı və dan yerinin o qırmızısı Xəzərin suyunu da qıpqırmızı qızartmışdı, elə bil ki, suyun altında sürü-sürü balıqlar yaralanmışdı, parçalanmışdı və o balıqların qıpqırmızı qanı suyun üzünə çıxmışdı.
Qəribə idi, bütün ömrü boyu təzə, qanlı ət həsrətində olmuş Gicbəsər üçün o sübh çağı üfüqün və dənizin o qırmızısında nəsə xoşagəlməz bir cəhət vardı, elə bil ki, o dan qırmızısı o əlçatmaz təzə ət parçasından yox, kin-küdurətdən, hiddətdən qızarmış gözlərdən, vurulan təpiklərdən, atılan daşlardan («– Paşol!»; «– Sürük burdan!») xəbər verirdi və dənizkənarı bulvarda qarnı üstə kol dibində uzanıb çənəsini qabaq pəncələrinə söykəmiş Gicbəsər hələ tam açılmamış yuxulu gözlərini kolun yarpaqları arasından o üfüq və dəniz qırmızısına zilləyib baxırdı. Gicbəsər səksəkə içində yatdığı o bir neçə saat gecə ərzində tez-tez gözlərini açıb qaranlığa baxmış və indi o qaranlıq qırmızıya çevrilmişdi, Gicbəsər də həmin qırmızıya baxırdı...
Gicbəsərin zədələnmiş boğazının qanı boynunun çirkli qəhvəyi-qara tüklərində qaysaq bağlamışdı və o zədənin ağrısı gecədən bəri itin bütün bədənindən keçirdi, kiçicik tərpənəndə ağrı daha da artırdı və Gicbəsər dan yerinin o qırmızısına baxa-baxa bir azdan ayağa qalxmaq, yerimək, qaçmaq, gizlənmək, axtarıb yeməyə nəsə tapmaq əzab əziyyətini əvvəlcədən hiss edirdi və elə bil ki, bir azdan iti gözləyən o əzab-əziyyətin ağır yükü indidən Gicbəsəri sıxırdı, əzirdi, o yük altında çənəsi zindan kimi, qabaq pəncələrinin üstünə pərçim olmuşdu.
Dünən Gicbəsər Bakının bu it üçün tamamilə yad küçələrini dolaşa-dolaşa, elə bil ki, Bakının bütün ərazisini öz aralarında bölüşdürmüş kimsəsiz məhəllə itlərindən gizlənə-gizlənə, sayı-hesabı qurtarmaq bilməyən maşınlardan, avtobuslardan, trolleybuslardan, motosikletlərdən qoruna-qoruna, divarlara, hasarlara qısıla-qısıla gecə gəlib dənizkənarı bulvarla üzbəüz böyük binalardan birinin həyətinə girdi, bir müddət o binanın divarının dibində dayanıb qulaq asdı, havanın qoxusunu yoxladı: bütün bina televizorla futbol oyununa baxırdı və hərdən bütün bina birdən səs salırdı, hərdən sakitlik çökürdü və futbol şərhçisinin tələsik danışığı eşidilirdi. Gicbəsər binadan gələn bu səsdə qorxulu bir şey hiss etmədi; həyətin yuxarı başındakı zibil yeşiklərinin üstünə çıxmış üç-dörd pişikdən savayı başqa ins-cins yox idi və bir sözlə, bu böyük binanın divarına, bu həyətin asfaltına, taybatay açıq bu həyət darvazasının həyətinə Bakının başqa böyük-kiçik binalarından, həyətlərindən, bağlarından, meydanlarından fərqli olaraq, elə bir şey hopmamışdı ki, Gicbəsəri ürkütsün və it başını aşağı sallayıb balaca qara gözləriylə diqqətlə baxa-baxa asta addımlarla zibil yeşiklərinə tərəf getdi.
Düzdü, içi zibillə dolu dəmir yeşiklərin üstünə qalxmış o pişiklərin hərəkətsizliyindən, eləcə bir biganəlik içində dayanıb baxmaqlarından yəqin Gicbəsər başa düşmüşdü ki, orada yeməli bir şey yoxdu, amma Gicbəsər nəsə tapmalı idi, nəsə yeməli idi, çünki Tülkü Gəldi Qəbiristanlığından çıxdığı o səhərdən sonra, neçə gün idi ki, Gicbəsər, demək olar ki, heç nə yeyə bilməmişdi və həmin günlərin yorğunluğu, səfilliyi, didərginliyi daha o aclığa dözə bilmirdi.
Bu vaxt bir cırıltı səsi o gecə çağı həyətin futbol müşayiətli sakitliyini pozdu və Gicbəsər o saat ayaq saxlayıb başını binaya tərəf çevirdi, cırıltı gələn səmtə baxdı: yuxarı mərtəbədəki binalardan birinin həyətə baxan eyvan qapısı cırıldaya-cırıldaya açıldı, əlində qəzet bükməsi tutmuş bir qadın eyvana çıxıb həyətə tərəf boylandı, o tərəf-bu tərəfə baxdı, heç kəs olmadığını və görmədiyini yəqin edib qəzet bükməsini zibil yeşiklərinə tərəf tulazladı.
Bağlama şappıltı ilə zibil yeşiklərinin yanında asfaltın üstünə düşdü və Gicbəsər cavan vaxtlarındakı bir cəldlik və ehtirasla üç böyük sıçrayışa özünü o Allah payına yetirdi və qəzet bükməsini yerdən qapdı. Pişiklər hirslə fışıldayıb kənara çəkildilər, Gicbəsər isə əlləri paydan çıxmış o pişiklərə məhəl qoymadan gözəl ətri gələn bükməni tələsik həyətin divar dibinə gətirdi və ağzının suyu axa-axa, qabaq pəncələrinin köməyi ilə o bükmənin kağızını didişdirib cırdı, tələsik bir acgözlüklə o gözəl artıqları təpişdirə-təpişdirə yeməyə başladı: bir az kolbasa qırıqlarıydı, qığırdaqları, bəzi yerlərdə hətta əti üstündə qalmış çolpa sümükləri idi, dişlənmiş, doğranmış soyutma yumurta qalığıydı, nəsə yağlı xörəklərə dəymiş o gözəl xörəklərin ətrini və tamını özündə saxlamış çörək parçaları idi... amma bütün bunlar az idi (görünür, ikinəfərlik məclisin artığı idi), amma, hər halda, sınmış, laxlamış, seyrəlməyə başlamış dişləri ilə o çolpa sümüklərini tələsik mədəsinə ötürdükcə Gicbəsər hiss edirdi ki, bədəninə bir qüvvə gəlir, o gecənin qaranlığında, elə bil ki, itin gözlərinə də işıq gəlirdi.
Pişiklər Gicbəsərin beş-altı addımlığında dayanmışdılar və birdən-birə peyda olmuş bu naməlum itin divar dibində gözəl qoxusunu duyduqları o gözəl nemətləri təpişdirməyinə baxırdılar – acıqla, kinlə baxırdılar. Pişiklər əvvəllər heç vaxt görmədikləri bu itin qocalığını və ən əsası isə, taqətsizliyini yəqin ki, başa düşmüşdülər, ondan qorxmurdular və hətta elə bil ki, Gicbəsərin üstünə cumub o nemətləri qaçırtmaq istəyirdilər; amma Gicbəsər o kolbasa qırıqlarını da, sümükləri də, çörək, yumurta qalıqlarını da daha yeyib qurtarmışdı və indi qəzet parçalarını iyləyirdi, indicə yediklərinin asfalt üstündəki yerini yalayırdı, başını yerdən qaldırmayaraq hərdənbir gözləriylə altdan yuxarı açıq-aşkar bir minnətdarlıqla qapısı cırıldayan o eyvana tərəf baxırdı.
Bina birdən küy saldı (görünür, qol vurmuşdular), amma o küyün Gicbəsərə dəxli yox idi, o küy qorxusuz, ürküsüz idi və o küyün özü də indi dünyanın birdən-birə beləcə gözlənilməz Allah payından xəbər verirdi.
Gicbəsər eləcə qəzet qırıqlarını iyləyirdi, asfaltın üstünü yalayırdı və o pişiklərin birdən-birə necə qaçıb aradan çıxmağından xəbəri olmadı, elə bil ki, Gicbəsərin o qəzet bükməsindəki nemətlərdən sonra, iy duymaq, hənirti eşitmək qabiliyyəti də korşalmışdı və hər şeyi o zaman başa düşdü ki, artıq gec idi, böyük, bu qaranlıq gecə kimi qapqara bir it sonuncu həmlələrlə atılıb iti dişləri ilə Gicbəsərin boqazından yapışdı. Ağrının və o qəfil həmlənin xofundan Gicbəsər elə zingildədi ki, bu zingilti o iri, qara itin hirsli və qorxunc hənirtisi müqabilində o qədər yazıq, köməksiz bir fəryadla səsləndi ki, həmin böyük binada yaşayan və o aprel gecəsi televizorun qabağında oturub futbola baxan adamların bəzisi yerlərindən qalxıb pəncərələrdən həyətə tərəf boylandılar.
Bu iri, cavan və sağlam qara erkək it bütün bu ətrafda yaşayan itlərin gözünün qorxusu, başının ağası idi və bu ətrafdakı bütün küçə qancıqlarının da əsl sahibi, doğulan küçüklərin əksəriyyətinin atası da o idi. Qara itin bədənində müxtəlif cinsli itlərin qanı qaynayırdı və son on-on beş nəsil boyu bu müxtəlif qanlar bir-birinə qarışıb Qara iti dünyaya gətirmişdi və elə bil ki, bu Qara it şəhərin küçələrində son on-on beş nəsil boyu kimsəsiz əcdadlarının çəkdikləri əzab-əziyyətlərin hayıfını almaq üçün (kimdən və nədən?!) bu dünyaya gəlmişdi; hər bir naməlum it Qara itin düşməni idi və bu əraziyə, Bakının bu hissəsinə ayaq basmamalı idi.
Gicbəsər boğulurdu və bərəlib, az qala, hədəqəsindən çıxan və yerdən-göydən imdad uman gözlərini o böyük binanın yuxarı mərtəbələrinə (cırıldayan qapılı o eyvana tərəf!) dikib bütün gücünü toplayıb bir dəfə də (yəqin ki, sonuncu dəfə!) həmin dəhşətli fəryadla zingildədi.
Bu, möcüzəydi, nə idi? – o eyvandan ki, bayaq həyətə Gicbəsər üçün Allah payı atılmışdı, bax, həmin eyvanın qapısı yenə cırıltıyla açıldı və bu dəfə qadın yox, kişi eyvana çıxdı (yəqin ki, o kolbasanı, çolpanı, yumurtanı yemiş kiçik məclis əhlinin biri idi) və səbətə yığılmış kartoflardan bir yekəsini götürüb zərblə itlərə tərəf atdı:
– Poşol!..
O aprel gecəsi həyətə yayılan o «Poşol!» sözü, bütün ömrü boyu eşitdiyindən fərqli olaraq, Gicbəsər üçün o qədər doğma səsləndi ki, itin boğulub sönməkdə, dağılmaqda olan beynində bir ümid yarandı. Yuxarı mərtəbədən zərblə atılmış o iri kartof isə Qara itin böyrünə dəydi və hikkədən yerə-göyə sığışmayan Qara it Gicbəsərin boğazını buraxıb başını yuxarı qaldırdı və yoğun, hirsli bir səslə o eyvana tərəf hürdü. Eyvandan ikinci bir kartof atıldı, amma o kartof Qara itə dəyməsə də, Qara itin hirsini-hiddətini lap artırdı – it daha da bərkdən və acıqlı hürdü.
Deyəsən, yenə qol vurdular və o böyük bina yenə də sevinclə bir hay çəkdi və Qara itin hürməyi binanın o hayına qarışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-10-dan-yerinin-sefeqleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şuşaya duman gəlib,Ürəyimə güman gəlib.
I fəsilDoppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.
Iı fəsilŞuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından iki şiş gətirib birini Cavanşirin, birini də İsgəndər Abışovun boşqabına çəkdi, göy-göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni çaxırı gətirdi.İsgəndər Abışov:
Iıı fəsil– Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi?Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı.