Səhifə 2 / 2 · 50%

Gicbəsər isə artıq həyətdən çıxıb bayaqkı o dəhşətli qorxunun qovduğu bir sürətlə o böyük bina ilə dənizkənarı bulvarın arasındakı geniş prospekti keçirdi. Prospektin hər iki tərəfi ilə şütüyən maşınların sürücüləri boynundan qan axan və tövşüyə-tövşüyə başını götürüb qaçan, maşınlara fikir verməyən bu iti vurmasın deyə, əyləci basırdılar və maşın əyləclərinin o tükürpədici səsi Gicbəsəri, elə bil ki, daha artıq qovurdu və it o prospekti, nəhayət ki, keçib bulvara girəndən sonra özünü sıx bitmiş zeytun ağaclarının arasına verdi və bir an ayaq saxlayıb dərindən nəfəsini dərə-dərə arxaya – o böyük binaya tərəf baxdı: o cavan, o sağlam Qara itin səsi-səmiri gəlmirdi, elə bil ki, o geniş prospekt Gicbəsərin ömründə heç vaxt görmədiyi coşğun bir çay idi və Gicbəsər o çayı keçib canını qurtarmışdı, Qara it isə çayın o biri tərəfində qalmışdı, çayın o coşğunluğu – sürətlə ötən o maşınlar Gicbəsəri bayaqkı o dəhşətli qorxudan xilas etmişdi və indi də Gicbəsəri qoruyurdu.

Gicbəsər nəfəsini dərdi, amma hələ də dərindən ləhləyə-ləhləyə zeytun ağaclarının arasından keçib üstü səliqə ilə qayçılanmış kollardan birinin arxasından bulvara baxdı: asfalt salınmış uzun və geniş sahil boyunca heç kəs yox idi, bütün bulvar bomboş idi. Dəniz də qapqara bir qaranlıq içində idi və göz baxdıqca uzanan bu genişliyin beləcə kimsəsizliyi, elə bil, Gicbəsərin gözlərinə daha artıq bir kədər gətirdi və it elə həmin kolun dibində torpağın üstünə çökdü.

Gicbəsər boynundan axan qanın istisini hiss edirdi və o yaranın yeri nəbz kimi vururdu. İrəlidən külək əsmədiyi üçün dənizin sakit uğultusu eşidilirdi, arxadan isə – o zeytun ağaclarından o tərəfə o böyük bina ilə bulvarın arasındakı prospektdə ora-bura ötən maşınların səsi gəlirdi və o maşınların işığı da hərdən zeytunların arasından keçib kolun dibinə zəif bir işıq salırdı; bulvardakı asfaltdan isə küçələrdəki maşın, rezin, benzin, yağ iyi gəlmirdi, amma Gicbəsər daha bunların fərqində deyildi, bu itin bütün bədənində elə bir taqətsizlik, elə bir ağrı var idi ki, içindəki nigarançılığı, maşın qorxusunu üstələmişdi...

Və indi beləcə qıpqırmızı bir səhər açılırdı...

Gicbəsər bütün gecəni burada keçirmişdi və indi üstünün, kənarlarının yarpaqları səliqə ilə qayçılanmış o kolun dibindən o qırmızıya baxırdı və yəqin başa düşürdü ki, artıq vaxtdır, qalxmaq lazımdır, arxayın bir yer tapmaq, yemək tapmaq lazımdır, amma qalxmırdı, çənəsini qabaq pəncələrinin üstünə dirəyib yuxulu qara gözləri ilə eləcə o qırmızıya baxırdı. Gicbəsər heç olmasa, başını arxaya çevirmək, o böyük binaya tərəf nəzər salmaq istəyirdi, çünki butün gecə ərzində o Qara itin xofu Gicbəsərin içində olmuşdu, o sağlam, cavan, güclü it gəlib Gicbəsəri burada tapa bilərdi; amma başını arxaya da çevirmirdi – kiçicik bir hərəkət belə, Gicbəsərin boğazının ağrısını bütün bədəninə yayırdı.

İt gözlərini o qırmızıdan çəkib heç bir hərəkət etmədən, tərpənmədən Bakının dağlıq hissəsinə sarı baxdı, o tərəflərə ki, orada Tülkü Gəldi Qəbiristanlığı olmalıydı... Bir müddət gözlərini o tərəflərə dikdi və bu dəm itin Tülkü Gəldi Qəbiristanlığı tərəflərə baxan gözlərində bir biganəlik vardı...

Gicbəsərin qulaqları özündən asılı olmayaraq şəkləndi və itin o sübh çağı birdən-birə bulvara girmiş maşının səsini eşitməsi ilə, təkərlərin, benzinin, dəmirin iyini duyması bir oldu və Gicbəsərin içində ilişib qalmış o nigarançılıq daha artıq bir həyəcanla baş qaldırdı.

Sübh tezdən işə başlamış Bakı Sanitariya İdarəsinin furqonlu maşını dənizkənarı bulvara girib hələ su buraxılmamış fəvvarənin yanında dayandı və əyinlərinə ağ xalat geymiş iki nəfər maşından düşüb diqqətlə o tərəf-bu tərəfə baxmağa başladı. Maşının sürücüsü sinəsini sükana dirəyib gərnəşdi və əsnəyə-əsnəyə deyindi:

– Bu vaxt itlər də yatıb!..

Maşından düşmüş o iki nəfər sanitardan birinin əlində tüfəng var idi. Bu adamlar şəhəri quduz və xəstə itlərdən təmizləməli idilər, yəni instruksiya belə idi, amma bu iki nəfərin o gülünc instruksiyaya əməl etməyə (yəni itlərin xəstəliyini müəyyənləşdirməyə) nə vaxtları, nə də həvəsləri var idi, onlar üçün hər hansı kimsəsiz küçə iti quduz və xəstə idi. O tüfəngli sanitarda, görünür, uzun müddətdən bəri bu işlə məşğul olduğu üçün, xüsusi bir sövq-təbii yaranmışdı, düz Gicbəsərin arxa tərəfdən dibinə uzandığı o dekorativ kola tərəf yeriməyə başladı. İkinci sanitar da həmkarının ardınca gəlirdi.

Gicbəsər o kolun ardından, yarpaqların, budaqların arasından həmin maşını da, yaxınlaşan sanitarları da görürdü və bu it yəqin hiss edirdi ki, nəsə bəd bir əməl hazırlanır və buralardan qaçıb getmək lazımdır, amma elə qaçıb getmək lazımdır ki, gözə görünməsin. Gicbəsər arxa ayaqlarını qaldırdı, başını isə kolun dibindən çəkmədi, amma əlitüfəngli o sanitar, itin kolun ardından donbalmış arxa hissəsinin qəhvəyi qara tüklərini o saat gördü və tüfəngi sinəsinə sıxıb tətiyi çəkdi.

Atəşin boğuq səsi dənizə, bulvara, maşınların hələ tək-tük ötdüyü o geniş prospektə yayıldı və elə həmin anda da Gicbəsər arxa qılçının yuxarı hissəsinin kənarında əvvəlcə bir zərbə, sonra da ağrı hiss etdi, amma it zingildəmədi, belə bir məqamda başa düşdü ki, səs çıxarmaq olmaz, təzədən yerə sinib, az qala, sürünə-sürünə ikinci kolun arxasına keçdi. Bu ikinci koldan sonra, sıx zeytunluq başlayırdı və imkan tapıb o ağaclığa atılmaq və buralardan qaçıb qurtarmaq lazım idi.

Əlitüfəngli sanitar diqqətlə o dekorativ kola tərəf baxırdı və itin hansı səmtə yatdığını müəyyənləşdirmək istəyirdi, amma bu vaxt gözlənilməz bir hadisə baş verdi: görünür, Gicbəsərin izinə düşmüş və sübh tezdən xəlvətcə ona yaxınlaşmaqda olan o cavan, o sağlam Qara it bir göz qırpımında zeytunların arasından sıçrayıb asfalta çıxdı və irəli qaçıb həmişəki hikkəsi, yoğun və acıqlı səsi ilə sanitarların üstünə hürməyə başladı.

Dalbadal açılan iki boğuq atəş səsinin yüngül əks-sədası yenə də ətrafa yayıldı və o qara itin acıqlı hürüşü əvvəlcə zingiltiyə, sonra zarımağa çevrildi, Qara it yerində yırğalandı, başı aşağı düşdü, ayaqları büküldü və it böyrü üstə qarnından, sinəsindən axan qanın içinə sərildi. Qara itin ayaqları bir-iki an havada çapaladı, sonra uzanmış itin beli gərildi, ayaqları qanrıldı və o Qara it hərəkətsiz qaldı.

Atəş açan sanitar, tüfəngi çiyninə keçirdi, xalatının cibindən yekə göy əlcəklər çıxarıb əllərinə geydi, ikinci sanitar da eyni yekə əlcəkləri cibindən çıxarıb əllərinə geydi və hər iki sanitar o axmaq Qara itə yaxınlaşdı, biri qabaq ayaqlarından, o biri arxa ayaqlarından yapışıb Qara iti qaldırdılar və furqona tərəf apardılar.

Özünü gözəl bir hədiyyə kimi güllə qabağına verən o Qara it sanitarların bu səhərki siftəsi idi və bəxtləri beləcə gətirsəydi bugünkü planlarını yerinə yetirəcəkdilər; sanitarlar kimsəsiz küçə itlərinin daldalana biləcəyi yerləri gəzəcəkdilər, şəhərdən cürbəcür epidemiyalar yayılmasın, təmizlik olsun deyə, yalnız xəstə yox, ümumiyyətlə, it axtaracaqdılar; plan it cəsədi tələb edirdi, odur ki, qabaqlarına çıxan kimsəsiz küçə itlərini vuracaqdılar və bu minval ilə şəhərdə təmizlik işləri aparacaqdılar...

Gicbəsər kolun ardından bütün bunların hamısını görürdü və bu hadisənin gözlənilməzliyi, elə bil ki, itə boğazının, qılçının ağrısını unutdurmuşdu, Gicbəsər səsini çıxarmayıb baxırdı və elə ki, sanitarlar furqonun qapısını açıb Qara itin cəsədini içəri atdılar, Gicbəsər cəld sıçrayışlarla özünü zeytunluğa verdi və ağrılarına baxmayaraq var gücü ilə qaçıb bu yerlərdən uzaqlaşdı.

Tüfəngsiz sanitar bayaqkı dekorativ kola tərəf baxıb:

– Bəs o birisi nə oldu? – soruşdu.

Tüfəngli sanitar da başını çevirib əvvəlcə o kola, sonra zeytunluğa tərəf baxdı, itin hansı istiqamətdə qaçıb canını qurtardığını düzgün müəyyən etdi və sidq-ürəkdən təəssüflənə-təəssüflənə:

– Qaçıb getdi əclaf!.. – dedi.

İkisi də maşına mindi.

Sürücü növbəti dəfə əsnəyib motoru işə saldı və yenə də deyindi:

– Katafalkada işləmək bundan yaxşıdı!.. İt ölüsü daşıyıram...

Sonra o furqonlu maşın yerindən tərpəndi.

Dan yerinin o qırmızısı yavaş-yavaş çəkilib gedirdi və Bakıda yeni gün başlayırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şuşaya duman gəlib

Şuşaya duman gəlib,Ürəyimə güman gəlib.

1 dəq
I fəsil

Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.

20 dəq
Iı fəsil

Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından iki şiş gətirib birini Cavanşirin, birini də İsgəndər Abışovun boşqabına çəkdi, göy-göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni çaxırı gətirdi.İsgəndər Abışov:

14 dəq
Iıı fəsil

– Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi?Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı.

14 dəq

Başqa şairlərin şeirləri