Iı fəsil
Səhifə 1 / 2
Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından iki şiş gətirib birini Cavanşirin, birini də İsgəndər Abışovun boşqabına çəkdi, göy-göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni çaxırı gətirdi.
İsgəndər Abışov:
– İki şüşə çoxdur, – dedi.
Cavanşir:
– Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi və stəkanı birnəfəsə başına çəkdi və İsgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək istədi, amma tez də təngnəfəs oldu və stəkandakı çaxırı ancaq yarısına kimi içdi.
Bu yarım stəkan çaxır elə o saat, gözgörəsi İsgəndər Abışova təsir etdi və İsgəndər Abışov açdı sandığı, tökdü pambığı, evlənmək istədiyini dedi, amma nə gözaltı bir qızı vardı, nə də evi, şəhər sovetində söz veriblər ki, bu il ona ev verəcəklər, amma köhnə ev istəmir, təzə ev istəyir, şəhərsayağı, hamamı ilə ayaqyolusu içində; bu evi alandan sonra Sabirabaddakı anasını da gətirəcəkdi yanına, sonra da evlənəcəkdi, amma hələ gözaltı bir qız yox idi; keçən ay ona imzasız bir sevgi məktubu yazmışdılar, bilmirdi ki, hansı qızdı, şübhələnirdi ki, birdən sanatoriyanın kitabxanaçısı Azadə olar, amma Azadə olsa, onda heç nə, çünki İsgəndər Abışov hələ ki, Azadəni sevə bilmirdi, bir də ki dünyanın işlərini kim bilir, bəlkə elə sevdi Azadəni; hər halda, şuşalı qız alacaqdı, çünki Şuşanın qızları sağlam olur, ab-havadandı, sudandı, amma hayıf ki, hələ gözaltı bir qız yoxdu və ümumiyyətlə, İsgəndər Abışov qızlarla tanış olmaq sarıdan bir az fərsizdi, onların fikrinə-zadına yaxşı bələddi, amma di gəl ki, tanış olmaq sarıdan fərsizdi, əlindən gəlmirdi.
Cavanşir özü bir söz danışmırdı, danışan elə İsgəndər Abışov idi və Cavanşir də yüngülcə gülümsəyə-gülümsəyə və arabir də mənalı-mənalı başını tərpədə-tərpədə İsgəndər Abışovun dediklərinə qulaq asırdı. Cavanşirin gülümsəməyində, dodaqlarının təbəssümündə İsgəndər Abışovdan qat-qat artıq görüb-götürmək ifadəsi vardı, bir üstünlük ifadəsi vardı və Cavanşir özü də çox gözəl bilirdi ki, yaxşı iş deyil bu; yaxşı iş deyil ona görə ki, düz deyil, yalandı bu; yaxşı iş deyil ona görə ki, İsgəndər Abışovun belə bir ürəyitəmizliyi müqabilində gərək nə olurdusa-olsun, amma saflıq olsun.
Əlbəttə, İsgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir iş və məlum məsələ hesab edirdi; hətta Cavanşirin sifətindəki bu üstünlük təbəssümü, bu təkəbbür İsgəndər Abışova elə təsir edirdi ki, içdikləri çaxır daha o cür təsir etmirdi və elə bu təbəssümə, bu ifadəyə görə də İsgəndər Abışovun öz-özündən şikayəti get-gedə artırdı, özünü dünyanın ən kiçik adamı, ən xırdası, yazığı hesab edirdi.
Yüz iyirmi səkkiz kiloya yaraşmayan bir cəldliklə, civə kimi girib-çıxan, mizlərə bir-bir baş çəkən, bufetə gedən, araq süzən, göyərti doğrayan, manqalı yelləyən Əbülfət Cavanşirgilə yaxınlaşıb:
– Adama bir şiş də gətirimmi, başşım? – soruşdu.
Cavanşir İsgəndər Abışova baxdı. İsgəndər Abışov dedi:
– Heç yarım tikə də getməz!
Cavanşir gülümsədi və yenə də elə-eləcə gülümsədi, yuxarıdan aşağı və yenə özündən dilxor oldu ki, belə gülümsəyir.
Əbülfət iki şiş kababın, iki şüşə çaxırın, göy-göyərtinin, pendirin, erməni şorabasının pulunu alıb heç saymadı da, cibinə basıb:
– Allah bərəkət versin! – dedi və sonra mizin üstündəki hələ ağzı açılmamış ikinci çaxır şüşəsini elə onların yanındaca götürüb, aparıb qoydu bufetə.
Cavanşirlə İsgəndər Abışov parka çıxdı və İsgəndər Abışov dayanmaq bilməyib gələcək planlarından, dostluqdan, ilqardan, əxlaq prinsiplərindən elə hey danışırdı, əsl dostu, sirdaşı olmadığını, günlərinin çox cansıxıcı, darıxdırıcı keçdiyini, günlərinin bir-birinin eyni olduğunu deyirdi və Cavanşir daha ona qulaq asmırdı. İsgəndər Abışov ardı-arası kəsilmədən öz güzəranından şikayət edirdi, Cavanşir isə həmin avqust gecəsi Şuşa parkında gəzişə-gəzişə Şuşanın təmiz, saf ab-havası ilə nəfəs alırdı, ağacların, kol-kosun, gül-çiçəyin ətrini duyurdu və doğrudan-doğruya öz üstünlüyünü hiss edirdi; elə bil hər şey yalandan yox, doğrudan idi, doğrudan-doğruya bütün il boyu cürbəcür macəralardan yorulmuşdu, Peçorin sərgüzəştlərindən yorulmuşdu və indi burda, bu Şuşa parkında İsgəndər Abışovla gəzə-gəzə dincəlirdi.
Park qaranlıq və adamsız idi, ay işığında ağaclar qaralırdı və təkcə parkın yuxarısındakı teatr binasının işıqları yanırdı. Ağdam Dövlət Dram Teatrı Şuşada qastrol tamaşaları göstərirdi və bu gün Ağdam dramaturqlarından birinin «Skeletlər rəqs edərkən» adlı məhəbbət faciəsinin ilk tamaşası idi. Marusya Nikiforova, Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu dəm salonda əyləşib səhnəyə tamaşa edirdilər. Hüsaməddin Alovlu ürək eləyib Marusya Nikiforovanın yanında oturmamışdı, amma tənəffüs zamanı teatrın bufetindən (bu bufet Əbülfətin kababxanasının filialı idi) iris konfeti almışdı və indi irislə dolu balaca torbanı tez-tez qızlara tərəf uzadıb Marusyanı və təbii ki, Lyudmilanı konfetə qonaq edirdi, səhnədəki söhbətləri yavaş-yavaş guya ki, rus dilinə tərcümə edirdi və Marusya Nikiforova da irisi çeynəyə-çeynəyə özünü saxlaya bilməyib nakam məhəbbət faciəsinə göz yaşı axıdırdı.
Və elə bu vaxt İsgəndər Abışov da özünü saxlaya bilməyib dedi:
– Bu qadına bir bax! Pah!..
Qarşıda, ay işığında Şuşa parkındakı ağaclara, gül-çiçəyə baxa-baxa hündürboylu, şümalbədənli, əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın addımlayırdı və bu qadın hər dəfə addım atdıqca, təbiətdən və özündən həzz ala-ala gedirdi; bu, yerə-göyə bir minnət idi; bu qadının addımları sərrast və yumşaq idi; bu qadının səliqəsi, zövqü və yerişində, geyimində, bədəninin quruluşunda hər şeyin yerbəyerində olması Şuşa dağlarının ay işığında qaralan ibtidai gözəlliyi ilə, sıldırım qayaların vəhşiliyi ilə qəribə bir təzadda idi və həmin avqust gecəsi bu təzadda nəsə bir sehr var idi.
İsgəndər Abışov elə bil ki, öz-özüylə danışırdı, yavaşdan dedi:
– Belə qadınlar da var e, dünyada!.. – Bunu dedi, sonra Cavanşirə baxdı.
Bu dəm heç kimin və o cümlədən Cavanşirin özünün də ağlına gəlməyən, ağlına sığışmayan, görünməmiş bir hadisə baş verdi: Cavanşir sürətlə irəliləyib bu qadına yaxınlaşdı və:
– Bağışlayın... – dedi.
Qadın Cavanşirə baxdı və yalnız bu zaman elə bil ki, Cavanşir özünə gəldi, yalnız bu zaman nə etdiyini başa düşdü və ürəyi bərkdən döyünməyə başladı, birdən-birə boğazı qurudu, nə deyəcəyini bilmədi, təkcə:
– Bağışlayın... – deyə təkrar etdi.
Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı, onun pudraboyası çox incə idi, ondan gələn ətir iyi də son dərəcə yüngül, yumşaq idi və bütün bu gözəllik və incəliklər müqabilində Cavanşir bu saat dünyanın ən əbləh, kütbeyin və vecsiz adamı idi.
Arxadan gələn İsgəndər Abışov xoşbəxt bir heyrət və həsəd dolu nəzərlərlə Cavanşirə, cəmi bircə dəqiqə bundan qabaq onunla bir yerdə çaxır içən, onun tanışı olan bu oğlana və naməlum gözəl qadına, gözlərinin qarşısında addımlayan, amma əlçatmaz bir uzaqlıqda olan bu məxluqa baxırdı.
Qadın bircə anlıq Cavanşirə baxdı, Cavanşir belə hiss etdi ki, bu bircə anın içində bu qadın onu tamam əlinin içi kimi gördü, tanıdı, əbləh vəziyyətini və vecsizliyini, heçliyini başa düşdü və Cavanşir burasını da hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızardı.
Arxada isə İsgəndər Abışov addımlayırdı.
– Bağışlayın... bilmirsiz teatr burada hardadı?
Qadın bu dəfə bir anlıq yox, diqqətlə Cavanşirə baxdı, elə bil ay işığında bu cavan oğlanın, bu uzun oğlanın sifətinin cizgilərini bir-bir saf-çürük edirdi və Cavanşirə elə gəldi ki, bu qadın bu saat bu gözəlliyinə və incəliyinə yaraşmayan bir ədəbsizliklə iki əliylə də onun başına yağlı bir qapaz salacaq; amma çox qəribə oldu, qadın uzun və yaraşıqlı barmağı ilə teatr binasını göstərib:
– Odur, ordadır... – dedi və Cavanşir bu səsdə bir ilıqlıq, mülayimlik, bir mehribanlıq hiss etdi və bu mehribanlıq Cavanşirin bütün bədəninə sirayət etdi, içinə yayıldı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-susaya-duman-gelib-ii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
AyaqqabıDəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.