Iı fəsil
Səhifə 2 / 2 · 50%
Onlar bir müddət yanaşı addımladılar. Cavanşirin ürəyi daha o cür bərkdən döyünmürdü, amma deməyə də bir söz də tapmırdı və bu dəm öz acizliyindən yerə girməyə hazır idi.
Qadın ilıqlıq gətirən eyni mülayim və mehriban səslə:
– Yoldaşınız sizi gözləyir, – dedi.
Cavanşir təəccüb etdi ki, bir dəfə də olsun geri çönüb baxmayan bu qadın İsgəndər Abışovu necə gördü və:
– Eybi yox... – dedi. – Cavanşir bunu dedi və bu sözlərin mənasızlığından və köməksizliyindən yenə hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb.
Onlar beləcə dinməz-söyləməz yanaşı addımlaya-addımlaya teatr binasının yanınacan gəldilər və bütün bu müddət ərzində Cavanşir bir siçan deşiyi axtarırdı ki, söz tapıb danışa bilməmək xəcalətindən bu deşiyə girsin və bütün bu müddət ərzində İsgəndər Abışov da arxadan onları müşayiət etdi.
Teatr binasının qabağındakı lövhələrə əllə yazılmış afişalar yapışdırılmışdı və qadın bu afişalara baxıb:
– O-o-o... – dedi. – «Kleopatra»nı da göstərəcəklər... – Sonra bir balaca gülümsədi və bu gülümsəmə, əlbəttə, başqa gülümsəmə idi, amma bir az Cavanşirin İsgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı. – Gəlib baxmaq lazımdı. – Sonra birdən-birə Cavanşirdən soruşdu:
– Siz bu teatrın tamaşalarına baxmısınız?
Cavanşir afişaların üstündə yanan elektrik lampalarının işığında köynəyinin yuxarı düymələrini tələm-tələsik düymələyə-düymələyə:
– Yox, baxmamışam, – dedi və Cavanşirə elə gəldi ki, yenə iki-üç il geri qayıdıb, orta məktəbdə oxuyur, bu sualı ona müəlliməsi verdi və Cavanşir də bu suala elə cavab verdi, elə bil müəlliməsinin sualına cavab verir.
Afişaların yanından ötdülər və bir az da gedəndən sonra, qəribədir, bu qadın elə bil öz-özüylə danışmağa başladı və bu qadının çox zövqlə yüngülcə boyalanmış gözəl dodaqlarından çıxan hər bir söz Cavanşir üçün elə bil ki, yuxular aləmindən gəlirdi, elə bil ki, tək-tənha çarpayıda uzanıb gözlərini tavana zilləyib getdiyi xəyallar aləmindən gəlirdi; bu qadının dodaqlarından çıxan hər bir söz get-gedə Cavanşir üçün Şuşadakı həmin avqust gecəsinin çox məlhəm, çox uyğun bir hissəsinə çevrilirdi.
– Qəribədi... Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında əsərlər yazırıq... Onu tamaşaya qoyuruq... Gedib baxırıq... Hər şey qocalır dünyada, hər şey yox olub gedir, ancaq hisslər qocalmır... İnsan hiss-həyəcanları, insan ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir...
Cavanşir sözün əsl mənasında əzablı bir sıxıntı ilə bu qadınla yanaşı addımlayırdı; Cavanşir bu qadının söhbətini davam etdirə bilmirdi, amma bilirdi ki, lap açıq-aşkar idi ki, nəsə deməlidi, mülahizələr, fikirlər söyləməlidi, amma söz tapa bilmirdi.
Məlum oldu ki, bu qadın memardı, Bakıdan gəlib, Şuşa istirahət evində istirahət edir və Şuşanı çox sevir, Şuşanın təbiəti üçün həmişə darıxır, Şuşanın Xan sarayı, Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdi; hərgah insan təbiətin bir parçasıdısa, onun evi də, yaşadığı bina da təbiətin bir parçası olmalıdı, tikintilər, qurğular, hər şey təbiətə doğru olmalıdı, təbiəti tamamlamalıdı, insanla təbiət arasında bir sərhəd, bir qoruncaq yox, bir vasitə olmalıdı, bax, bu Şuşa dağlarının, bu Şuşa düzlərinin, dərələrinin, sıldırımlarının simmetriyası və assimetriyası müasir memarlıqda öz əksini tapmalıdı...
Cavanşir bütün bu fikirlərlə yalnız razılaşırdı, başını tərpədib bu qadının söylədiyi fikirlərin hamısını təsdiq edirdi, uzaq başı bircə kəlmə: « – Elədir...» – deyirdi, başqa bir əlavə edə bilmirdi və onlar Şuşa parkının qaranlıq cığırları ilə addımladıqca, İsgəndər Abışov da arxadan gələ-gələ onları müşayiət edirdi və ən qəribəsi də bu idi ki, İsgəndər Abışov, nədənsə, Cavanşirdən başqa özünü də həmin avqust gecəsinin qəhrəmanı hiss edirdi...
Cavanşir çox çətinliklə və gözlənilməz bu düşünülməz, ağlasığmaz gecə gəzintisinə yaraşmayan bir müstəqilliklə qadının adını soruşdu və məlum oldu ki, bu qadının adı Mədinə xanımdı, sonra Cavanşir öz adını dedi və sonra da Mədinə xanım Cavanşirdən soruşdu:
– Bəs, siz harda işləyirsiniz?
Əlbəttə, Cavanşir ağlına gətirməzdi ki, doğrudan-doğruya belə yaşlı görünür; başqa vaxt olsaydı, bu, Cavanşirin ürəyinə yayılardı, amma bu dəfə yenə qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb:
– Mən filoloqam, – dedi. – Universitetdəyəm...
– Dərs deyirsiniz?
Cavanşirin bütün sifəti alışıb-yanırdı və ona elə gəldi ki, Mədinə xanım onu dolayır və bərkdən qaqqanaq çəkib güləcək və İsgəndər Abışov da gülməkdən qarnını tutacaq.
– Yox... Aspirantam...
– A-a... Sizinçün hələ hər şey irəlidədi...
Cavanşir buna da bir söz deyə bilmədi.
İsgəndər Abışov isə qarşıda addımlayan bu qadınla Cavanşirin nə danışdıqlarını eşitmirdi, amma bir həqiqət vardı ki, bu dəm İsgəndər Abışov Cavanşirlə Əbülfətin kababxanasında oturub birgə çaxır içməyi ilə fəxr edirdi; bu dəm o, Cavanşirlə bu gözəl qadının ardınca beləcə addımlamağıyla qürurlanırdı və elə bil ki, İsgəndər Abışova bir qol-qanad vermişdi və daha o özünü həyatda artıq adam hesab etmirdi.
Mədinə xanım dedi:
– Mən daha istirahət evinə getməliyəm...
Və Mədinə xanım bu sözləri elə dedi ki, Cavanşirin ağzı öz-özünə açıldı:
– Mən sizi ötürərəm...
Mədinə xanım dedi:
– Sizi yoldaşınız gözləyir...
Cavanşir dedi:
– O mənim yoldaşım deyil...
Mədinə xanım dedi:
– Onda deyin arxamızca gəlməsin...
Cavanşir bu sözlərdə bir balaca əsəbilik hiss elədi, gizli bir acıq hiss elədi, amma əslində onu pərt eləyən bu olmadı, Cavanşiri bu pərt elədi ki, İsgəndər Abışovla yoldaş olduğunu bu qadının yanında dandı və əlbəttə, burada pərt olası bir şey yox idi, Cavanşirlə İsgəndər Abışov doğrudan da, yoldaş deyildilər və bu gecə də birinci dəfə oturub kəlmə kəsmişdilər, amma hər halda İsgəndər Abışovdan imtina eləməsi Cavanşirə nəsə bir xəyanət kimi gəldi, elə bil doğrudan da, hansı bir yaxın yoldaşınasa, elə bil nəsə işıqlı bir şeyə xəyanət elədi; bu, ötəri hiss idi və Cavanşir Mədinə xanımdan geri qalıb İsgəndər Abışovun ona çatmasını gözlədi və dedi:
– Sən daha get.
İsgəndər Abışov ay işığında qaşlarını çatdı, sonra öz aləmində hər şeyi başa düşdü, yəni ki, məlumdu məsələ, gözlərinin ucu ilə mənalı-mənalı gülümsəyib:
– Oldu, – dedi və geri çönüb qaranlıqda Şuşa parkının ağacları arasında görünməz oldu.
Mədinə xanım Sovet İttifaqının bir çox kurortlarında olmuşdu, Karlovı-Varıda, Bolqarıstandakı Qızıl Qumda istirahət etmişdi, Fransanın cənubunu, Nitsanı gəzmişdi, amma heç birinin havası Şuşa ilə müqayisə oluna bilməzdi, düzdü, İsveçrədə olmamışdı, deyirlər ki, Davosun havası çox gözəldi, amma Mədinə xanım bilirdi ki, Şuşanın havasına hava çatmaz; Şuşanın havasındakı təmizlik, saflıq da insan hissləri kimi daimi idi və Şuşada insan qəlbi də saflaşır, təmizlənir, büllurlaşır, insan ürəyi yeni hisslərlə, kövrək və incə hisslərlə dolur, adam təzələşir, paklaşır; adama elə gəlir ki, özü də daimidir, heç vaxt ölməyəcək, nə xərçəngdən qorxur, nə də infarktdan və yuxusuzluq qorxusu da onu sıxmır; adam hər şeyi unudur, bütün qayğıları, pislikləri, iztirabları və bütün ətrafı, bütün münasibətləri qatı rənglərlə, qatı boyalarla yox, ağ kağızdan güclə seçilən bir akvarellə görür.
Cavanşir Mədinə xanımın bu etiraflarına qulaq asa-asa addımlayırdı və daha əvvəlki kimi sıxılmırdı. Əlbəttə, Cavanşir heç vaxt fikirləşməzdi, ağlına da gətirməzdi ki, belə bir qadının bu cür etiraflarına qulaq asa-asa sakit, aylı-ulduzlu bir Şuşa gecəsində kimsəsiz, qədim bir küçə ilə beləcə addımlayacaq.
Onlar Şuşa istirahət evinin həyət darvazasına gəlib çatanda gecə saat on birə qalırdı. Mədinə xanım əlini Cavanşirə uzadıb:
– Sağ olun, – dedi. – Gecəniz xeyrə qalsın.
Şuşa istirahət evinin darvazası üstündən asılmış elektrik lampasının işığında Mədinə xanımın ala gözlərində bir mehribanlıq vardı və elə bil ki, bu gözlər daha nəsə deyirdi və elə bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı əli də gözlərinin dediklərini təsdiq edirdi.
Cavanşir başa düşürdü, hiss edirdi ki, nəsə demək lazımdı, bu elə məqamdır ki, mütləq nəsə demək lazımdı, nəsə elə bir söz ki, bu baxışlara layiq olsun, lap dərinlərdə gizlənmiş istehzanı alt-üst eləsin, amma Cavanşir başqa heç nə deyə bilmədi, heç nə eləyə bilmədi, təkcə:
– Sağ olun, – dedi və bütün kişiliyini köməyə çağırıb soruşdu: – Sabah görüşəcəyik?
Mədinə xanım eyni mehribanlıqla gülümsədi və:
– Görüşərik, – dedi.
Sabah axşam saat yeddidə (o vaxt ki, Doppa Dadaş sanatoriyanın həyətində kamançasının simlərini kökləməyə başlayacaqdı) Şuşa istirahət evinin yuxarısındakı tutluqda görüşəcəklərini vədələşdilər (bu yeri, təbii ki, Mədinə xanım təklif elədi) və bundan sonra Mədinə xanım əlini Cavanşirin yekə ovcundan çəkib darvazanın kiçik qapısından içəri girdi.
Cavanşir bir müddət darvazanın qabağında dayandı, o əlin hərarətini, mehribanlığını, qayğısını ovcunda hiss etdi, o əlin nəsə dediyini və özünün vecsizliyini, əfəlliyini fikirləşdi, sonra siqaret çıxarıb yandırdı və Şuşanın qaranlıq, sal daş döşənmiş küçələrindən keçib sanatoriyaya tərəf qalxmağa başladı.
Və bu dəm «Skeletlər rəqs edərkən» tamaşası da sona yetmişdi və Marusya Nikiforova, Marusya Nikiforovanın yanında Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu nakam məhəbbət faciəsinin təsiri altında yavaş-yavaş sanatoriyaya tərəf gedirdilər.
Cavanşir Mədinə xanımın yanında siqaret çəkməyə də ürək eləməmişdi.
Belə-belə işlər.
Sabah belə olmayacaqdı.
Cavanşir sanatoriyanın həyətinə girəndə bütün işıqlar sönmüşdü, təkcə Güləndam nənənin işığından başqa və eyvanlarda da heç kim yox idi, təkcə Dürdanə çiyninə yun jaket salıb üşüyə-üşüyə öz eyvanlarında dayanmışdı və gözlərini sanatoriyanın həyət darvazasından çəkmirdi.
Həmin avqust gecəsi Cavanşir çarpayısındakı yorğan-döşəkdə uzanıb gah bu böyrü, gah o böyrü üstə çevrilə-çevrilə səhərə kimi yuxu ilə doğru arasında oldu, bütün gecəni Mədinə xanımla idi, bütün gecəni Mədinə xanımla Şuşa parkında gəzirdilər, Cavanşir bilirdi ki, bu həqiqət deyil, mürgüdü, yuxudu, amma Mədinə xanımın gözlərindəki mehribanlığı görürdü, səsindəki yumşaqlıq, ilıqlıq Cavanşirin bütün bədəninə yayılırdı, Mədinə xanımın ətrini duyurdu, əlinin hərarəti ovcunu qızdırırdı, amma nəsə çatışmırdı, bu narahatlıq da, bu nigarançılıq da ondan ibarət idi ki, nəsə çatışmırdı, o böyrü, bu böyrü üstə aşmağı da ondan idi və səhərə yaxın birdən-birə Cavanşirə elə gəldi ki, çatışmayan İsgəndər Abışovun daha arxadan eşidilməyən addım səsləridi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-susaya-duman-gelib-ii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
AyaqqabıDəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.