Səhifə 1 / 2

– Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi?

Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı.

Axşam düşhadüş idi və bir azdan Sadıq müəllim sanatoriyanın həyətindəki meydançanın ortasına çıxıb istirahətçilərin axşamını xeyirləyəcəkdi, sonra Doppa Dadaşın kamançası dil açıb söz söyləyəcəkdi, sonra Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çalacaqdı və Hüsaməddin Alovlu da yerli cavanların həsəd dolu baxışları altında Marusya Nikiforovanı rəqsə dəvət edəcəkdi.

Həmin gün çox tez gəlib keçdi.

Səhər Güləndam nənə ilə Cavanşir yeməkxanaya düşəndə yenə tərtəmiz, kraxmallı və ütülü xalatını əyninə geyib saçlarına da brialin sürtüb səliqə ilə daranmış İsgəndər Abışov onlara xüsusi diqqət yetirdi, Cavanşirlə xüsusi bir ehtiramla və gizli həmsirr kimi salamlaşdı, tez-tez gəlib onların mizinin yanında dayandı, diqqətlə süfrələrinə baxdı və Güləndam nənə səhər-səhər lüləkababı yeyib lüləkababın yanındakı bişmiş pomidora əl vurmayanda İsgəndər Abışov:

– Ba-a-a!.. – dedi. – Heç bilirsiz bu nədi?

Güləndam nənə bir bişmiş pomidora, bir də İsgəndər Abışovun çatılmış qaşlarına baxıb şübhələndi ki, bəlkə bu, doğrudan da, pomidor deyil, bir başqa şeydi:

– Nədi ki? – soruşdu.

İsgəndər Abışov dedi:

– Bu, vitamin «A»dır! Onu yemək lazımdır!

Güləndam nənə yenə bir İsgəndər Abışovun çatılmış qaşlarına, bir də bişmiş «A»ya baxdı və İsgəndər Abışovun belə vitamin təəssübkeşliyi elə bil arvada təsir etdi, pomidoru qabağına çəkib yeməyə başladı.

İsgəndər Abışov, əlbəttə, bu işdən çox razı qaldı.

O gün Dürdanə nənəsinin xahişi ilə Cavanşirgilin otağına gəlib qayçı istədi, sonra qayçını gətirib qaytardı, günorta nahar üçün yeməkxanaya düşəndə Cavanşirlə üz-üzə gəldi, salam verdi və Cavanşir də bu dəfə açıq-aşkar gördü, hiss etdi ki, bu qız onunla qarşılaşanda, salamlaşanda, baxışında tamam-kamal özünü itirir və qıpqırmızı qızarır.

– Nədi, a kişi qırığı, nə tərs-tərs baxırsan mənə, hə? Yenə gecə saat on ikiyə işləmiş gələcəksən? – Güləndam nənə çarpayının üstündə oturub çeşməyinin yuxarısından Cavanşirə baxa-baxa gülümsəyirdi və bu gülümsəmədəki çox yüngül, xoş bir rişxəndə də şəkk-şübhə yox idi.

Cavanşir güzgünün qabağında dayanıb uzun saçlarının ucunu düzəldirdi və güzgüdən də Güləndam nənəyə baxıb:

– Bəlkə heç gəlmədim gecə... – dedi.

Ən maraqlısı bu oldu ki, Güləndam nənə bu sözlərə lağ eləmədi, inandı bu sözlərə, içini çəkib:

– Cavanşir... – dedi və arvadın gözlərindəki rişxənddən əsər-əlamət qalmadı.

– Nədi, nə Cavanşir?..

Və həmin axşam Cavanşir Şuşa istirahət evinin yuxarısındakı tutluğa vaxtından yarım saat əvvəl gəldi (Dürdanə eyvanda dayanmışdı və Cavanşiri Şuşa sanatoriyasının həyətindən bu qızın gizli bir təlaşla, gizli bir narahatlıqla dolu gözləri yola saldı).

Tutluq yalnız tut ağaclarından ibarət deyildi, bura güllü-çiçəkli bir düzənlik idi, burada Şuşanın cır alması vardı, itburnu, böyürtkən kolları da vardı və buralar Cavanşirin yaxşı yadına gəlirdi, uşaqlıqda buralarda çox oynamışdı və o da Cavanşirin yaxşı yadına gəlirdi ki, itburnu bu tərəflərdə, kim bilir, bəlkə, elə bütün dünyada yeganə ağacdı ki, əvvəlcə yarpaqlayır, sonra çiçək açır.

Qabaqlar, beş-altı il bundan əvvəl Cavanşirgil – atası, anası, nənəsi hər yay Şuşaya gələrdilər, ev kirayə tutub yayı burada qalardılar və tutluğu gəzə-gəzə o uzaq uşaqlıq illəri yenə Cavanşirin yadına düşdü: maykalarının ətəyini cır almayla, hələ yetişməmiş göy gavalıyla doldurardılar və bu bir ətək cır almanın, göy gavalının hamısını dişləri qamaşanacan, damaqları, dodaqları keyiyənəcən duzla yeyərdilər, vəhşi gilas ağaclarına dırmaşıb üst-başları, sir-sifətləri qıpqırmızı olanacan doymaq bilməzdilər.

Əlbəttə, o zaman Cavanşirin ağlına gəlməzdi ki, bir vaxt, beləcə bu tutluğa gələcək, o uzaq, çox uzaq uşaqlıq illərini xatırlayacaq, siqaret çəkə-çəkə bu gül-çiçəyin arasında dolaşacaq və Mədinə xanımı gözləyəcək.

Gün yavaş-yavaş əyilirdi və bu axşam ərəfəsində, bu gecə ərəfəsində Cavanşir özünü azad və sərbəst hiss edirdi, düzdü, Cavanşirin ürəyində yenə kiçik bir nigarançılıq vardı, amma daha Cavanşir öz-özünə inanmışdı, daha heç kimin yanında, nə İsgəndər Abışovun yanında, nə də başqa birinin yanında dona girməyə bir ehtiyac yox idi. Cavanşir özü olmalıydı, çünki o – özüdür bu saat, bax, bu düzənlikdə gəzişən, o – özüdür Mədinə xanımla tanış olan və bu saat Mədinə xanımı gözləyən.

Cavanşir bugünkü görüş üçün hər şeyi hazırlamışdı və daha ağzına su alıb dayanmayacaqdı, dünənki lal-dinməzliyi, dünənki əfəlliyi yadına düşdükcə tamam pərt olurdu və bunu özündən uzaqlaşdırmağa, unutmağa çalışırdı; bu düzənlikdə, bu tut ağaclarının, bu armud, cır alma, vəhşi gilas, gavalı ağaclarının, böyürtkən, itburnu kollarının arası ilə gəzişə-gəzişə Cavanşir Mədinə xanımın hörmətini və məhəbbətini qazanacaqdı; kim bilir, bu işlərin axırı nə olacaqdı və bəlkə elə lap evlənəcəkdilər Mədinə xanımla...

Cavanşirin ürəyini bir intizar bürümüşdü və bu intizarda gizli bir sevinclə bərabər bir naməlumluq da vardı. Cavanşir tez-tez aşağı, Şuşa istirahət evindən qalxan cığıra tərəf baxırdı və get-gedə onun həyəcanı daha da artırdı, amma bu həyəcanda da bir sevinc vardı, isti bir nəfəs vardı və bir naməlumluq vardı.

Cavanşir Mədinə xanımın gəldiyini əvvəlcə hiss etdi, elə bil bu gül-çiçəyin, bu yaşıl ağacların üstündən çox xəfif, çox incə bir meh əsib keçdi, sonra Cavanşir cığıra tərəf baxdı və tutluğa qalxan Mədinə xanımı gördü.

Mədinə xanım uzaqdan əlini qaldırıb yellədi, Cavanşiri salamladı və onun əlinin bu ürəkdolusu, ahəstə hərəkətində yenə bir mehribanlıq, bir ülfət vardı və birdən-birə Cavanşir özünü bu mehribanlığa, bu ülfətə layiq bilmədi, ona yenə elə gəldi ki, bu ahəstəliyin, bu yüngüllüyün, bu sevinc dolu sərbəstliyin və azadlığın müqabilində bir heçdir.

Mədinə xanım bu axşam tamam başqa paltar geymişdi, əynində açıq rəngli geniş don vardı və bu zövqlə tikilmiş açıq rəngli və geniş don da bu saat bir sevincdən, azadlıq və sərbəstlikdən xəbər verirdi; Mədinə xanım başına şlyapa qoymamışdı, saçlarını da yığmamışdı və Mədinə xanımın uzun qızılı saçları üzünə, boynuna, çiyninə, sinəsinə tökülmüşdü və bu qızılı saçlar da bu saat sevincdən, azadlıqdan və sərbəstlikdən xəbər verirdi; bütün bunlar hamısı Cavanşirçün idi, Cavanşir buna inanmalı idi və bütün bunlar hamısı olmalı idi.

Əslində, lap əslində, Cavanşir qorxurdu ki, birdən Mədinə xanım onun görüşünə gəlməz.

Mədinə xanım Cavanşirlə əl tutuşdu, Cavanşirin əlini ürəkdən gələn bir hərarətlə sıxdı və Cavanşir ürəkdən gələn bu hərarəti o saat hiss etdi, Cavanşirə elə gəldi ki, ovcundakı bu əl bütün gecəni, bütün günü bu ovcun həsrətini çəkib; Cavanşirlə Mədinə xanım güllərin, çiçəklərin arası ilə yanaşı gəzməyə başladı və yenə də hazırladığı, bayaq öz-özünə dediyi bütün sözlər Cavanşirin yadından çıxdı və hətta Cavanşir öz-özünə təəccüb etdi ki, bu gözəl qadın, bu ağıllı qadın onun kimi əbləhdə, bir uzundrazda nə görüb və onun kimi heçliyə bu nə şərəfdi belə? Ən qəribəsi isə bu oldu ki, Cavanşir birdən-birə hiss etdi: bax, burada, Şuşada, bu ağacların arasında keçən o uşaqlıq illəri heç bir uzaqlıqda-zadda deyildi, elə bil dünənin söhbəti idi; bu hiss Cavanşiri əməlli-başlı sarsıtdı və Cavanşir bir müddət heç bilmədi ki, Mədinə xanım nə danışır, sonra Mədinə xanımdan icazə almamış titrəyən barmaqları ilə bir siqaret çıxarıb yandırdı, sonra fikirləşdi ki, Mədinə xanıma da siqaret təklif etmək lazım idi və ümumiyyətlə, bu saat Mədinə xanımın qoluna girmək lazım idi, nəsə maraqlı bir söz danışmaq, nəsə bir iş görmək lazım idi.

Nə gözəl hava idi, günəşin şəfəqləri üfüqü necə də qıpqırmızı qızartmışdı, gün necə də uzun idi; Mədinə xanım istirahətə həmişə tək gedirdi, bəlkə də bu bir eqoizm idi, ola bilər, amma başqa cür bu gözəllikdən, bax, beləcə həzz almaq, gözəlliyi bu cür duymaq, hiss etmək, bəzən mümkün olmurdu; gözəlliyi duymaq, hiss etmək, gözəllikdən zövq almaq özü bir eqoizm deyilmi? Görünür, eqoizm insan təbiətinin elə bir hissəsidir ki, ondan yaxa qurtarmaq, tamam yaxa qurtarmaq mümkün deyil, bəlkə heç lazım da deyil. Əslində tənhalıq hissini yaradan da eqoizmdir, bax, bu, dəhşətdir, bu, pisdir, bu yerdə gərək mütləq başqalarını fikirləşəsən, başqalarını düşünəsən, tənhalığa qapılmayasan, bu zaman gərək başqasının sevincinə şərik olmağı bacarasan; əlbəttə, tənhalıq bəzən adamı elə təqib edir ki, ondan qaçmaq olmur, iyirminci əsrin bu bəlası adamı dinc qoymur bəzən; bütün bu sözlərdən, bu fikirlərdən, bu etiraflardan sonra Mədinə xanım heç nə olmayıbmış kimi, çox sadəcə və çox da təbii Cavanşirin qoluna girdi və bir an onun qoluna sıxılıb soruşdu:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 dəq
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 dəq
IV fəsil

Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:– Leyli! Leyli!

10 dəq
V fəsil

Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.

14 dəq

Başqa şairlərin şeirləri