Səhifə 1 / 4

Polad Məcnunbəyovun xatirəsinə

Həmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.

Amma axşama yaxın xəzri yavaşımağa başladı və çayçı Qəzənfərin də kefi yavaş-yavaş durulmağa başladı, çünki külək sakitləşdikcə, müştərilər get-gedə artırdı və müştərilər bu gəlişlə gəlsəydilər, bir azdan çayçı Qəzənfərin çayxanasında yenə oturmaq üçün bir boş kətil qalmayacaqdı və o zaman ki, bu balaca çayxanada oturmaq üçün bir dənə də boş kətil qalmayacaqdı, onda çayçı Qəzənfər çayniki çaynik üstündən dəmləyəcəkdi, hər əlində bir-birinin üstünə düzülmüş on armudu stəkanı birdən gəzdirəcəkdi və onda çayçı Qəzənfərin kefinə qəti söz ola bilməyəcəkdi; onda hamı baxıb görəcəkdi ki, çayçı Qəzənfər necə çayçıdı və nahaq yerə kişinin hər əlində on armudu stəkan çay aparan yerdə şəklini çəkib qəzetdə çap eləməyiblər və onda sarı mis samovarın altındakı köhnə yazı mizinin yeşiyində yığılan manatlıqların da sayı bir-bir artacaqdı, manatlar gedib, üçlüklər gələcəkdi, üçlüklər gedib, beşliklər gələcəkdi və hər dəfə də çayçı Qəzənfər üçlük alıb, manat qaytaranda sidq-ürəkdən öz-özünə deyəcəkdi ki, Allah bərəkət versin.

Bu köhnə yazı mizini kənd Sovetinin katibi Suğra idarənin haqq-hesabından silmişdi və çayçı Qəzənfər də bu haqq-hesabdan silinmiş yazı mizini götürüb özü təmir eləmişdi və gətirib qoymuşdu çayxanasında samovarın altına. Çayçı Qəzənfər həftədə bir dəfə bu yazı mizinin üst gözündəki yeşiyin içinə təzə qəzet salırdı və hər dəfə də çay ləkəsinə, limon şirəsinə bulaşmış köhnə qəzeti çıxaranda həftə boyu sürüşüb qəzetin altında qalmış üç şahılıq, bir abbasılıq tapmaq kişiyə xüsusi ləzzət verirdi və qabaqlar kənd Sovetinin katibi Suğraya xidmət etmiş bu yazı mizinin bərəkətli olduğunu bir daha təsdiq edirdi.

Çayxana yavaş-yavaş adamla dolurdu və külək yavaş-yavaş tamam dayanırdı, amma hələ də uzaqdan təzə düşmüş qaranlıq içində dənizdə dalğaların köpüyü ağappaq ağarırdı.

– Dayday, qurban olum sənə, mənimçün bir dənə də çay! – Bunu çayxananın bir küncündə oturmuş Əmirqulu dedi.

Çayçı Qəzənfər Əmirquluya baxdı və ürəyində fikirləşdi ki, vallah, yazıq Xeyransa kimi abırlı-həyalı bir arvada ki, bu başı batmışa ərim deyir, sonra da yanıb yaxıla-yaxıla dedi:

– Alə, bəs sən demürdün ki, Buzovnaya qonaqlığa çağırıblar səni?

Gecə-gündüz çayçı Qəzənfərin mis samovarının üstündəki çayniklər kimi dəmdə olan Əmirqulu dedi:

– Hə, bilə-bilə gecikirəm də, dayday!.. Gecikəndə qonaqlığa, adamı ştraf eləyirlər, bir stəkan arağı doldurub verirlər içirsən ştrafnoy, kef eləyirsən! Hə, necədi Əmirqulu, dayday?

«Kül olsun Əmirqulunun başına!» – Çayçı Qəzənfər bu sözləri ürəyində dedi və Əmirqulunun yenə gopa basdığını, heç bir yerə qonaq çağrılmadığını, uzaqbaşı gedib çaxır dükanında nisyə bir stəkan şirin çaxır içəcəyini yaxşı bilsə də, çay süzüb aparıb qoydu Əmirqulunun qabağına; Əmirqulu hər nə idi, hər halda, müştəri idi və çayçı Qəzənfərin də borcu bu idi ki, müştəriyə xidmət eləsin.

Ələkbərlə Gümüş Malik içəri girdi və Baladadaşın toy hamamı macərası da əslində elə buradan başlandı.

Gümüş Malik dedi:

– Alə, Qəzənfər, bir dənə filli çay dəmlə.

Filli çay, yəni ki, qutusunun üstündə fil şəkli olan çay, yəni ki, hind çayı.

– Oldu, qədeş! – Çayçı Qəzənfər cəld yazı mizinə tərəf getdi və yazı mizinin yeşiklərindən birini çəkib xüsusi müştərilər üçün hind çayı saxladığı bankanı götürdü.

Gümüş Maliklə Ələkbər, görünür, möhkəm kabablayıb gəlmişdilər və yaxşıca da araq içmişdilər, çünki onlar içəri girən kimi çayxananın kömür iyinə, çay iyinə, limon iyinə üç gün bundan qabaq tünd qəhvəyi rənglə rənglənmiş qapının rəng iyinə bir spirt iyi də qatışdı. Düzdü, Əmirquludan da spirt iyi gəlirdi, amma Ələkbərlə Gümüş Malikdən gələn spirt iyi başqa idi, bu spirt iyində yağlı kabab iyi də var idi və hərçənd çayçı Qəzənfərin içib çayxanaya gələnlərlə arası yox idi, amma bu dəfə çayçı Qəzənfər bu hörmətli müştərilərin qarasına dodaqaltı mızıldamadı, hər halda, sifətindən bu hiss olunmadı və quru çayını çox tökdüyü üçün tez dəm almış bir çaynik hind çayı ilə bir dənə doğranmış limonu və iki dənə armudu stəkanı gətirib qoydu Ələkbərlə Gümüş Malikin qabağına və soruşdu:

– Kefüvüz necədi?

Gümüş Malik özü öz qarnına düşmən gözü çıxaran qarın deyirdi, yəni ki, paxıllar, gözü götürməyənlər yanıb-yaxılsın ki, mənim bu boyda qarnım var və indi də Gümüş Malik yekə qarnını qabağa verib, qırmızı neylon köynəyinin də yaxasını açıb buğlana-buğlana dodaqaltı meyxana zümzümə eləyirdi:

Gecə getdik Lökbatana,

Sataşdıq saqqızsatana,

Ay qız, saqqız neçəyə?

Dedi qalsın gecəyə...

Və çayçı Qəzənfərin sualını eşidəndə mizin üstündəki isti çayniki yekə əlinin içinə aldı və bu çayniki düz çayçı Qəzənfərin burnunun qabağında tutub:

– Bax, Qəzənfər, bu filli çayı ki, sən dəmləmisən e, bizimçün, necədi bu filli çay?

Çayçı Qəzənfər, istər-istəməz, burnunun qabağındakı bu çaynikə baxdı və dedi:

– Lap əntiqədi!

Gümüş Malik:

– Aton rəhmətlik! – dedi. – Bax, biz də beləyik. Lap əntiqəyik! Belə lap kefün istəyənik!

Çayçı Qəzənfər!

– Allah başacan eləsin, – dedi və öz yazı mizinə tərəf getdi; düzdü, çayçı Qəzənfər pullu müştərilərin xətrini sövq-təbii istəyirdi, amma içmiş adamla söhbət eləməyi heç xoşlamazdı və xüsusən də ki, Gümüş Malik kimi içmiş bir adamla, çünki Gümüş Malik içəndə, kefi kök olanda, zalım balasının elə bil bütün xasiyyətində nə zay şeylər vardı, çıxırdı ortaya, açılırdı sandıq, tökülürdü pambıq; içməyəndə yenə dərd yarı idi, böyük-kiçik bilirdi, xətir-hörmət başa düşürdü, hərçənd burası da bütün kənd camaatına məlum idi ki, Gümüş Malik dovşana qaç deyib, tazıya tut deyənlərdəndi.

Gümüş Malik bilə-bilə, qəsdən beləcə bərkdən dedi ki, əntiqədi, çünki Abşeron olanda nə olar, adamın öz kəndi olanda nə olar, onu gözü götürməyən çoxdu, qoy görsünlər ki, lap əvvəlkindən də yaxşıdı Gümüş Malik, lap əntiqədi.

Gümüş Malikin çayçı Qəzənfərin bu çayxanasından bir az aşağıda, dənizin lap kənarında «Mixək» adlı bir kababxanası vardı və əslində, yəni hökumətin kağızkuğuzundan ora da, guya ki, çayxana idi, amma Gümüş Malik eləmişdi oranı bütün Abşeronun məşhur kababxanası, amma gözü götürməyənlər oldu, yazdılar Bakıya ki, «Mixək» hökumətin çayxanası deyil, Gümüş Malikin şəxsi kababxanasıdı, o qədər yazdılar ki, axırda day mümkün olmadı, günlərin bir gözəl günü xəbər yayıldı kəndə ki, Gümüş Malikin kababxanasını bağladılar; doğrudan da bağladılar «Mixək»i, buldozer gəlib yerlə-yeksan elədi «Mixək»i, amma sonra kəndə belə bir xəbər də gəlib çatdı ki, Gümüş Malik Bakının özündə qəbiristanlığın yanında təzə bir kababxana açıb və adını da qoyub «Əlvida». İşi belə görəndən sonra, day heç kim heç nə yazmadı Gümüş Malikdən ki, bu dəfə də yazarıq, «Əlvida»nı bağlatdırarıq, Gümüş Malik də gedib olar «İnturist»in müdiri və yazıb Gümüş Malikin işlərini daha da düzəltməkdənsə, yazmamaq yaxşıdı – Gümüş Malik özü dost-aşna arasında zarafatla belə deyirdi, çünki əslinə baxsan, Gümüş Malik kənddə bir nəfərdən şübhələnirdi ki, yazır, o da kitabxanaçı Nəcəf idi, vəssalam, bir də ki, yazsaydı, Buzovnadakı «Meyvə-tərəvəz» dükanının müdiri, Nerses Vartanoviç yazardı, amma, hər halda, qoy kəndin camaatı gözüylə görsün ki, Gümüş Malik lap əntiqədi, Ələkbər də əntiqədi, lap əvvəlkindən də əntiqədilər.

Gümüş Malik armudu stəkanda xoruzpipiyi hind çayından içə-içə dodaqaltı Lökbatan sərgüzəşti haqqında meyxana deyirdi və Ələkbər də gülümsəyib başını bulayırdı, yəni ki, yaman şeysən sən, Malik, aləmsən, aləm. Sonra Ələkbər nazik, incə barmaqları ilə armudu stəkanı götürüb səliqə-sahmanla və Gümüş Malikə nisbətən xeyli ədəb-ərkanla çay içməyə başladı. Gümüş Malik nə qədər ətli-canlı, iri sümüklü, kələ-kötürüydüsə, Ələkbər bir o qədər naziksümük, qolu, sinəsi, elə başı da tüksüz bir adam idi, təkcə qarnı pırtdayıb qabağa çıxmışdı ki, bu da yəqin Gümüş Malikin sayəsində idi, yəni bir yerdə yeməklərinin, içməklərinin nəticəsi idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, XI

Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.

1 dəq
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 dəq
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 dəq
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 dəq

Başqa şairlərin şeirləri