Səhifə 4 / 4 · 75%

Əzizağa:

– Yaxçı! – dedi və doğrudan da, özündən çıxdı. – Sən öləsən, qərdeş canı, bu saat gedib Gümüş Maliki tapıcıyəm, özü gedib o əclafa hamamı işə saldırmasa, tökəciyəm bağırsaqlarını yerə!..

Əzizağa elə bu sözləri deyib otaqdan çıxmaq istəyirdi ki, Baladadaş əlini atıb divardakı xalçanın üstündən asılmış qoşalüləni götürdü və qundağı döşünə sıxıb lüləsini Əzizağaya tuşladı:

– Düş qabağıma!

– Alə, dəli olmusan?

– Demədim, alə sənə ki, düş qabağıma?! – Baladadaş bu sözləri elə dedi ki, bu tüfəng əhvalatının açıq-aşkar ciddiliyinə Əzizağanın heç bir şəkk-şübhəsi qalmadı.

– Alə, mənə bax...

– Sən bilirsən ki, mən belə zarafat ələmərəm! Düş qabağıma!

– Alə, hara axı?

– Toy hamamına!

– Qan tökmək istəyirsən, alə? Yazıqdı, alə, Bikə...

– Düş qabağıma!

Əzizağa ürəyində Ələkbərin atabaatasının goruna söydü, bir anın içində fikrindən keçirdi ki, əclaf köpəkoğlu Ələkbər, hamımızı saldı zibilə, təzə-təzə özümüzə bir gün ağlayırdıq, təzə-təzə əlimiz çatırdı çörəyə (Əzizağa düz yeddi aydı ki, kənddən Bakıya və Bakıdan da kəndə işləyən marşrut taksisi sürürdü və bu sürücü vəzifəsini xətirlər xətrinə Əzizağaya vermişdilər).

Əzizağa qabaqda, Baladadaş da əlində tüfəng Əzizağanın dalınca evdən çıxanda hamam boğçaları elə-eləcə otaqda qaldı və bütün həyət-bacaya vəlvələ düşdü, aşpaz Hüseynqulu tut ağacının altında oturub toy bozbaşının soğanını soyurdu, qabaqda Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kişi həyatında birinci dəfə soğan əvəzinə barmağını kəsdi; talvarın altında oturub çay içə-içə, qəlyan çəkə-çəkə özlərini axşamın toyuna hazırlayan Maştağa xanəndəsinin bütün dəstəsiylə bir yerdə gözü bərələ qaldı, hərçənd bu xanəndə Abşeronda az toy yola salmamışdı; arvadlar qışqırıq qopardı, cavanlar, uşaqlar Baladadaşgilin dalına düşdü; Əmirqulu da darvazalarının qabağındakı tut ağacının altında oturub kürəyini söykəmişdi ağacın yoğun gövdəsinə və bütün dünya vecinə deyildi, amma qabaqda Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kəndin cavanlarının, yeniyetmələrinin, uşaqlarının da bunların dalınca getdiyini görəndə durub o da düşdü bu dəstənin dalına, xəbər gəlib Ağabacıya çatanda arvad əli ilə üzünü cırıb: «Vaxsey! – qışqırdı. – Evimiz dağıldı! – dedi. – Gedib öldürəcək o hamamçı Ələkbər oğraşı!» Və başı alovlu həyətə qaçdı; Ağababa qaşlarını çatdı, heç kimə heç nə demədi, tütündən sapsarı saralmış barmaqları arasında tutduğu siqareti əncir ağacının dibinə tulladı, sonra təzə siqaret yandırdı; bir göz qırpımında xəbər gəlib Bikəgilə çatanda Bikənin ürəyi getdi, dəllal Zübeydə də heyfsilənə-heyfsilənə başını bulayıb dedi ki, axırıncı dəfə bu kənddə toy zamanı adam öldürmüşdülər, iyirmi il bundan əvvəl, heyf Baladadaşdan, özünü də hökumət güllələyəcək.

Bütün kəndə səs yayılmışdı ki, Baladadaş sağdışı Əzizağanı da qabağına qatıb əlitüfəngli toy hamamına gedir və təbii ki, bu xəbər gəlib hamamdakı kabinetində köhnə kağız-kuğuzları yalandan sayğaca vuran Ələkbərə də çatdı və Ələkbər bircə dəqiqənin içində təmkinini də itirdi, tədbirli olmağı da çıxdı getdi işinin dalınca, bir istədi ki, qaçıb kənd Sovetinin idarəsindən rayon mərkəzindəki kiçik qardaşı Ağakərimə zəng eləsin, amma ürək eləmədi çölə çıxsın, müsibət bir qorxu bürüdü canını, öz-özünə: « – Sənin ciyərün yansın, Malik! Tramvay altında qalasan səni! Ömründə sənnən bir köpəkoğlu xeyir görüb ki, mən də saldım özümü bəlaya?» – dedi, sonra qışqırıb haray salmaq istədi ki, ay camaat, qoymayın, öldürəcək məni bu dəli, amma belə bir məqamda Ələkbər kəndin camaatına da etibar eləmədi, hamamın çöl qapısını içəridən bərk-bərk bağladı, sonra öz kabinetinin qapısını içəridən bərk-bərk bağlayıb hamamın içində tək-tənha qaldı; Baladadaş gəlib bu qapıları bir-bir sındıranacan yəqin ki, milisioner Səfər özünü yetirəcəkdi bura, amma Ələkbər bilmədi ki, xəbər gəlib milisioner Səfərə çatanda camaat bir də baxıb gördü ki, yox, balam, Baladadaş hamama tərəf getmir, kənddən çıxıb dəniz kənarındakı qayalığa tərəf gedir və kənddə də cavan, yeniyetmə, uşaq qalmayıb, hamı düşüb əlitüfəngli Baladadaşın və bu tüfəngin qabağınca yeriyən Əzizağanın dalına.

– Alə, sal aşağı tüfəngi də!.. Gedirəm də, hara deyirsən gedirəm sənnən də, sal aşağı tüfəngi...

– Səsüvü çıxarma!

Kənd arxada qaldı və onlar qayalıqdan aşağı düşüb sahilə endilər.

Həmin qızılı işıqlı son payız günü dənizin, qumluğun, qayalığın və bütün bu tərəflərin üstündə böyük-böyük ağappaq buludlar donub qalmışdı və bu ağappaq topa-topa buludların arasından, burdan, ordan göyün gömgöylüyü görünürdü. Dəniz boz-yaşıl idi, bütün üfüq boyu isə göy bir zolaq uzanırdı, elə bil ki, üfüq xəttindən o tərəfə dənizin o biri hissəsi idi, ikinci yarısı idi və dənizin o uzaq ikinci hissəsi tərtəmiz, gömgöy idi.

Qayalıqdan qumluğa düşən kimi, Baladadaş əlindəki qoşalülənin qoşa gülləsini də havaya sıxdı və o son payız günü bu sahilin sakitliyi belə pozuldu, sonra Baladadaş tüfəngi bir tərəfə tullayıb qaça-qaça və qaça-qaça da soyuna-soyuna özünü dənizə vurdu və elə bil ki, ancaq bundan sonra məsələnin nə yerdə olduğunu başa düşüb Əzizağadan tutmuş bütün dəstə hamısı qışqır-bağır sala-sala, yüyürə-yüyürə, soyuna-soyuna lüt anadangəlmə olub dənizə atıldı və heç kim payızı vecinə almadı, dənizin bumbuz soyuğunu vecinə almadı və bu günəşli son payız günündə yəqin ki, sahilboyu sakitcə üzüşən balıqlar da bu qəfil şappaşurupdan, bu qəfil hay-küydən, bu qəfil dəniz sevincindən hürküb birdən-birə elə bil dəli olmuş bu sahildən uzaqlaşdı.

Birdən qəribə bir əhvalat baş verdi: Əmirqulu var gücü ilə sudan yuxarı atılıb var gücü ilə də:

– Ələkbər! Ay Ələkbər! – deyə qışqırdı və bundan sonra bütün çimənlər hamısı bir-bir, sonra hamısı bir yerdə özlərini sudan yuxarı atıb: – Ələkbər! Ay Ələkbər! – deyə qışqırmağa başladı.

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

Bu hay-küy, əllərin, ayaqların dəniz suyundakı şappıltısına qarışıb yaydan, sentyabrın ortalarından bu yana neçə müddətdi ki, sakitlik içində olan, təkcə küləyin vıyıltısını, dənizin gurultusunu eşidən sahilə yayıldı, qağayılar, cüllütlər havaya qalxdı və yəqin ki, bu qəfil sahil oyanışından bir şey baş açmayıb səs sala-sala dənizdə çimənlərin başının üstündə uçdu.

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

Dənizdə çimən həmin dəstə, qabaqda Baladadaşla Əzizağa, beləcə hay-küylə də kəndə qayıtdı və artıq bütün bu əhvalatdan xəbərdar olan kənd camaatı da bəylə sağdışın dəstəsini beləcə hay-küylə gördü.

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

– Ələkbər! Ay Ələkbər!

Və onlar gəlib hamamın yanından keçəndə Baladadaş ayaq saxladı, hamı səsini kəsdi və Baladadaş bərkdən qışqırdı:

– Alə, Ələkbər! O sənün hamamun, o da sən! Mən dənizdə çimdim! Özü də mənim oğlum... – Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsin, amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, lap əntiqə bir söz deməlidi. – Mənim oğlum... – Baladadaş yenə bir söz tapa bilmədi. – Mənim oğlum... – Tapdı Baladadaş. – Mənim oğlum dənizə oxşayacaq, day sənün o xosma hamamuva yox!

Sonra hamı yenə hay-küylə kəndin aşağı başında qurulmuş toy mağarına tərəf getdi.

Bu dəm Gümüş Malik də Ələkbərin hamamından xeyli kənarda dayanmışdı, çünki Gümüş Malik istəmirdi ki, belə bir gündə camaat onu bu axmaq Ələkbərin hamamının yanında görsün.

O ki, qaldı çayçı Qəzənfərə, çayçı Qəzənfər:

– Sən öləsən, Nəcəf, düz bir həftə səni... – Çayçı Qəzənfər sözünü axıracan demədi, çünki gördü ki, Əmirqulu da yanlarında dayanıb ona qulaq asır və çayçı Qəzənfər Əmirquluya da müraciət eləyib sözünün dalını dedi: – Alə, Əmirqulu, səni də, düz bir həftə sizi çaya qonaq eliyəciyəm. Bir köpük də aldı yoxdu sizdən, mən ölüm, qonağımsuz! Alə, alə, tamaşaydı bu e, tamaşa!.. – Çayçı Qəzənfər gülməkdən qarnını tutdu.

Kitabxanaçı Nəcəf kəndin ədalət uğrunda ən birinci mübarizə aparanı idi və müftə şeylə arası yox idi, amma bütün bu əhvalatdan sonra, kitabxanaçı Nəcəf də çayçı Qəzənfərin birhəftəlik çay qonaqlığını qəbul etdi və:

– Oldu, qədeş! – deyib güldü.

Noyabr, 1980.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, XI

Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.

1 dəq
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 dəq
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 dəq
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 dəq

Başqa şairlərin şeirləri