İkinci hissə, XII
Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.
Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:
– Şahnaz! Şahnaz! – deyə səslədi.
Şahnaz xanım çarpayısından dik atılıb qulaq asdı.
– Şahnaz! Şahnaz!
Şahnaz xanım əynindəki gecə köynəyiylə, döşü-başı açıq özünü artırmaya atdı:
– Kimsən?
– Aşağı düş.
Şahnaz xanım bu səsi tanıdı:
– Fəxrəndə xanım?
Fəxrəndə xanım çadranı başından atıb soyuqqanlıqla:
– Sus... – dedi. – Səs salma! Tez ol, aşağı düş...
Şahnaz xanım tələsik çiyninə şal salıb tələm-tələsik, səssiz-səmirsiz aşağı düşdü, həyətə çıxıb Fəxrəndə xanımla üzbəüz durdu.
Fəxrəndə xanımın kinli, alışıb-yanan gözləri macal tapıb Şahnaz xanımı bu gecə qaranlığında təpədən dırnağa qədər nəzərdən keçirdi.
– Ərə getmək düşüb sənə!.. – dedi Fəxrəndə xanım. – Qardaşın həbsxanada tribunal dustağıdı, sən də onun düşməniylə eyş-işrətlə məşğulsan!
– Böyük bəyi tutublar? Heç olmasa, salamat qalıb, Allaha çox şükür!.. – Sonra elə bil ki, yadından çıxartdı ki, kimlə danışır, tələsik də soruşdu: – Nicat da salamatdı görəsən?
Fəxrəndə xanım yandı-yaxıldı:
– Komissar arvadı! – dedi. – Nə insafınız var, nə mürvətiniz! Sən yana-yana məndən qan düşmənimizin halını soruşursan! Ərin çölün düzündə Kəriş bəy kimi adamları güllələdir!.. Bu nə zəmanədi, Allah!.. – Sonra Fəxrəndə xanım özünü ələ aldı. – Qardaşını istəyirsən sən, bilirəm. O da səni istəyir. Bir tikə körpə vaxtından sənə ata da o olub, ana da. Başın ağrıyanda sənin, boğazından onun çörək keçməyib. İndi onu da güllələyəcəklər, Şahnaz! Bura gətirirlər, Qala türməsinə, sonra da İvanın birinin gülləsinə qurban olacaq...
Şahnaz xanım soyuqdanmı, həyəcandanmı tir-tir əsə-əsə, elə bil, öz-özünə dedi:
– Gərək yerə qoyaydı silahı...
– Böyük bəy ovçu Həsənalının oğluna baş əysəydi, yeddi arxadönənlərinin ruhu ona lənət oxuyardı! Birinci elə mən gülləni öz ürəyimə sıxardım. Amma sən Böyük bəy kimi bir qardaşı öldürmək istəyən, xanimanımızı dağıdıb, bizi zəlil eləyən bir adamla bir yastığa baş qoyursan! Elə bilirsən istəyir o səni? Səni yox, bax, bu əndamını istəyir o! – Fəxrəndə xanım dəli kimi əl atıb Şahnaz xanımın gecə köynəyinin yaxasını cırıb qopardı və qızın sinəsi, döşləri həmin gecə qaranlığında ağappaq ağardı.
Şahnaz xanım şalı sinəsinə bürüyə-bürüyə, uçuna-uçuna inildədi:
– Bəsdi!.. Bəsdi!..
Fəxrəndə xanım hiddətdən, qəzəbdən titrəyə-titrəyə:
– Ciyərim od tutub yanır mənim! – dedi. – Ərin Böyük bəyi güllələtsə, mən də gedib özümü Xəznə qayasından atacağam, Şahnaz! Bilirsən ki, eləyəcəyəm bunu! Qoy səni barmaqla göstərib desinlər ki, qardaşının qatiliylə gecələr kef çəkən bacı, bax, budu! Bizim ruhumuz hər addımda sənin dalınca gəzib lənətləyəcək səni!
Şahnaz xanım pıçıltıyla dedi, amma qətiyyətlə dedi, budəmki gücsüzlüyünə, taqətsizliyinə yaraşmayan bir qətiyyətlə dedi:
– Böyük bəyi xilas eləyəcəyəm həbsdən!.. Nəyin bahasına olursa-olsun!..
Fəxrəndə xanım bir müddət susdu, bir balaca özünə gəldi, sonra dedi:
– Səhər saat səkkizdə uçuq kilsənin yanında səndən bir xəbər gözləyirəm.
Fəxrəndə xanım yenə də çarşabı başına salıb tələsik addımlarla həyətdən çıxdı...
...Sübh tezdən uçuq kilsə bomboş idi. Fəxrəndə xanım iki arvadla birlikdə kilsənin bir küncünə qısılıb gözləyirdi.
Şahnaz xanım axırı ki, gəlib çıxdı.
Fəxrəndə xanım səbirsizliklə:
– Nə oldu? – soruşdu.
– Nicat Böyük bəyi buraxmağa razı olmadı.
Fəxrəndə xanım həyəcanla:
– Razı olmadı?! – dedi.
Qadınların pıçıltıyla belə danışmaları boş kilsədə əks-səda verirdi.
Şahnaz xanım:
– Qulaq as, – dedi. – Bu gün hava qaralandan sonra yaxşı qaçan yəhərli bir at göndərərsiz, Qala türməsinin aşağı başındakı uçurumun yanında Böyük bəyi gözləsin.
Fəxrəndə xanım həyəcanla:
– Qaçıracaqlar onu? – soruşdu.
Şahnaz xanım tələsik:
– Çalışacaqlar ki, qaçırsınlar.
– Kimlər? – Fəxrəndə xanım bir ümidlə, bir həsrətlə xəbər aldı.
Şahnaz xanım qardaşı arvadının sualını cavabsız qoydu.
– Bizi burda görməsələr yaxşıdı... – Şahnaz xanım iti addımlarla boş kilsədən çıxdı...
... Yenə gecə idi və yenə də neçə müddət bundan əvvəlki kimi həmin xanəndənin səsi uzaqlardan eşidilirdi:
Deyirlər Qarabağ bir cənnət imiş,
Bəslərmiş qoynunda mələklərini.
Məndə qüdrət hanı qələm çalmağa,
Tərif eləməyə ancaq birini...
Əlbəttə, Nicat bu saat bu uzaqdan gələn səsi eşitmirdi. Nicat elə paltarlı-paltarlı, yorğun-arğın divanın üstündə uzanıb yatmışdı və onun sifətindəki bu yorğun mehriban təbəssüm bu dəm, elə bil, Şahnaz xanımın yaxınlığından, doğmalığından idi.
Şahnaz xanım divanın kənarında oturub Nicata baxırdı, ərinin üzünü, gözünü, qaşını, alnını, saçlarını sığallayırdı və onun baxışlarında kədərlə, qüssəylə bərabər, bir fəxarət də var idi; elə bil ki, o bu dəm əlçatmaz bir bəxtəvərliyin, əlçatmaz bir gözəlliyin həndəvərində dayanıb təkcə elə baxırdı...
Xanəndənin o uzaq səsi isə hələ də eşidilirdi:
Deyirlər Qarabağ bir cənnət imiş.
Bəslərmiş qoynunda mələklərini...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-xii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...
13. Quzu buduGecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.
14. Əbdül QafarzadəƏbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.
15. Hər şey keçib gedir...Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.
Başqa şairlərin şeirləri
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.