Səhifə 1 / 4

Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.

Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...

Şair bu Bir Nəfəri kamerada ilk dəfə görəndə diksinmişdi və öz-özünə fikirləşmişdi ki, bu ki, bu dərəcədə Mir Cəfər Bağırova oxşayır, hansı qurd ürəyi yemiş bunu tutub xalq düşməni kimi bu kameraya soxmağa cürət edib?..

O Bir Nəfər çaşbaş danışsa da, hərdən yersiz suallar versə də, görünür, Keşlə həbsxanasında gedən istintaq onun şəxsiyyətini tamam sındırmamışdı və kamera yoldaşlarının şübhəsini hiss edib bununla barışmışdı, and-aman eləmirdi, kamerada bəraət almağa çalışmırdı, yerində uzanıb gözlərini çeşməyinin girdə şüşəsi arxasından tavana zilləyirdi. İstintaq zamanı onu çox döyəndə, həmin şübhəyə («Yalandan döyüblər ki, bunun vasitəsilə bizdən söz alsınlar...») baxmayaraq, kameradakılar Bir Nəfərə də kömək eləməyə çalışırdılar, onu taxtına uzadırdılar, üz-gözünün qanını silirdilər.

Düzdü, məhbuslar (??? – bu adamların hüquqi vəziyyəti müəyyən deyildi; onlar kim idi: məhbus? istintaq altında yatan? cinayətdə şübhələnən şəxs? şahid? – məlum deyildi, amma onların hamısını birləşdirəcək bir məfhum var idi: xalq düşməni!) bu Bir Nəfərə kömək edirdilər, amma gecə, ya gündüz istintaqa çağrılıb, təzədən kameraya gətiriləndən sonra da, onun həqiqi məhbusluğuna inanmırdılar, onlara elə gəlirdi ki, Bir Nəfərin istintaq zamanı aldığı yaralar da onları inandırmaq üçündür; elə bil ki, Mir Cəfər Bağırova bu qədər oxşayan bir adam heç vaxt həqiqi məhbus ola bilməzdi, o Şairin, o Dramaturqun, yaxud Redaktorun, Kitabxanaçının taleyini bölüşə bilməzdi...

İstintaq isə hər gün, daha doğrusu, daima davam edirdi, çünki burada gün, sutka məfhumu yox idi, kameradakı adamlar (məhbuslar?!) gecə-gündüz hər hansı bir vaxt istintaqa çağırıla bilərdilər və çağırılırdılar da. Onlardan Sovet hökumətinin, şəxsən yoldaş Stalinin əleyhinə birgə mübarizə apardıqları adamların adını tələb edirdilər və onları tanımadıqları, bilmədikləri adlardan ibarət siyahıların altına qol çəkməyə məcbur etmək istəyirdilər (və çəkdirirdilər!), Mir Cəfər Bağırova qarşı qəsddə iştirak etdiklərini boyunlarına qoyurdular.

Bu kamera dünyadan, yəni hara istəsən gedə biləcəyin küçələrdən, istədiyin vaxt başını qaldırıb baxa biləcəyin göydən, istədiyin vaxt əlini uzadıb toxunacağın ağacdan o qədər uzaqda idi ki, buranın sement divarlarına, döşəməsinə, tavanına bir quyu ümidsizliyi hopmuşdu, o quyu o qədər dərin idi ki, ağzı görünmürdü və o quyunun dibindən başını qaldırıb lap ölənə qədər bağırsaydın da səni eşidən olmayacaqdı, çünki sən xalq düşməni idin və sən bunu inkar etmək, kiməsə nəyisə başa salmaq üçün yox, bunu təsdiq etmək üçün kameraya salınmışdın.

Amma bu kamerada da dünya kimi, bir gəldi-gedərilik var idi, bir tərəfdən dolur, bir tərəfdən boşalırdı. Elə ki, qapı açılırdı, familiyanı çağırıb:

– İstintaqa, – deyirdilər, deməli, doğrudan da, istintaqa aparırdılar.

Familiyanı çağırıb:

– Şeyləri götür!– deyirdilərsə, deməli, məhbusu hara isə aparırdılar, hətta belə bir dəli ümid var idi ki, bəlkə də azad edirdilər...

Elə ki, yalnız familiya çağırılırdı və daha heç nə əlavə edilmirdi, heç bir əmr verilmirdi, bu, dəhşət idi, bu, elə bir dəhşət idi ki, quyunun o dibi də o dəhşətin yanında, heç olmasa, nəfəs almaq, ağlamaq, inildəmək üçün yararlı bir yer idi; familiyanı çağırıb heç nə əlavə etmirdilərsə, bu o demək idi ki, məhbusu güllələnməyə aparırlar. Məhbus bunu bilirdi, qışqırırdı, özünü yerə çırpırdı, təqsirkar olmadığını deyirdi, kameradakı o biri məhbusların əlindən, ayağından yapışıb buraxmaq istəmirdi, hətta sidiyi, nəcisi şalvarını bulayırdı və onu qollarından yapışıb bağırda-bağırda, sürüyə-sürüyə kameradan çıxarırdılar. Məhbus da var idi ki, elə bil, lal olurdu, elə bil, qurma yay ilə hərəkət edən mexanizmə çevrilirdi, dinməz ayağa qalxırdı, dinməz kameradan çıxırdı. Məhbus var idi ki, söyürdü, nəhayət ki, ürəyini boşaltmağa məqam tapırdı və bəlkə də ömründə dilinə gətirmədiyi ən pis küçə söyüşləri ilə keşikçilərə hücum edirdi və süpürləşə-süpürləşə üç-dörd nəfər köməkləşib onu kameradan çıxarırdı. Məhbus da var idi ki, ayağa qalxırdı, bir müddət susub (bəlkə hələ də nəyəsə ümid edib?!):

– Mənim vicdanım təmizdir!– deyirdi. – Yaşasın yoldaş Stalin!

O kameradakı məhbuslar, düzdü, daha insan deyildilər, amma insanlar kimi o məhbuslar da müxtəlif idilər.

Bu kameradan, bu quyu dibindən kənardakı həyatda – o yerdə ki, istədiyin vaxt tramvaya minə bilərsən, istədiyin vaxt suyu qızdırıb çimə bilərsən, istədiyin vaxt sahilə gedib dənizin səsinə qulaq asa bilərsən, bax, orada bəzən qəribə, hətta ağlasığmaz, heç bir məntiqlə uyuşmayan hadisələr baş verirdi və o ağlasığmaz hadisələrdən biri də bu idi ki, Ələsgər müəllim də, Kələntər müəllim də, Firidun müəllim də, Əlibaba müəllim də, Xıdır müəllimin özü də həbs olunub terrorçu kimi tələsik güllələndikləri halda, Xosrov müəllim hələ də istintaq altında idi...

Xosrov müəllim o yazıqlardan bir neçə saat əvvəl, tək həbs olunmuşdu və zəmanə elə zəmanə idi, o qədər tutulan var idi ki, görünür, Xosrov müəllimin cinayət işi tələsik güllələnmiş o terrorçular dəstəsindən ayrı düşmüşdü və ümumiyyətlə, istintaq zamanı müstəntiq Məmmədağa Ələkbərov Xosrov müəllimi terrorçu kimi ittiham etmirdi; Xosrov müəllim adi xalq düşməni idi. Qəribədir, müstəntiq Ələkbərovun ya o güllələnmiş terrorçular dəstəsindən xəbəri yox idi, ya o dəstəni yadından çıxarmışdı, hər halda, bu barədə heç nə demirdi və o zaman Xosrov müəllim üçün burada təəccüblü bir şey yox idi, çünki Xosrov müəllimin özünün o terrorçular dəstəsindən xəbəri yox idi, Ələsgər müəllimin də, Kələntər müəllimin də, Firidun müəllimin də, Əlibaba müəllimin də, Xıdır müəllimin də güllələndiyini, həmin o Keşlə həbsxanasında yatdığı günlərdə məktəbdə dalbadal «izhari-nifrət» mitinqlərinin keçirilməsini, o terrorçu müəllimlərə lənətlər yağdırılmasını, Cümşüdlünün hər gün gəlib məktəbdəki o «izhari-nifrət» mitinqlərində iştirak etməsini, Arzunun hər gün xitabət kürsüsünə qalxıb Ələsgər müəllimin iç üzünü açmasını, onu ifşa etməsini, atasının zirzəmidə gizlətdiyi o kitabları tapıb əşyayi-dəlil kimi «Pavlik Morozovçular dəstəsi»nə təhvil verməsini və bütün dəstə üzvləri ilə birlikdə vaxtıyla Əvəz bəyin bağışladığı o kitabları, o qədim əlyazmalarını yandırmasını bilmirdi...

Kamerada, əslində, həmişə on üç məhbus olurdu (bu kameranın norması belə idi) və dünənə kimi («dünən» məfhumu bu kamerada «bu gün» və «sabah» məfhumları kimi, tamam şərti idi, burada zaman vahidi eyni idi, «dünən»siz, «bu gün»süz və «sabah»sız idi...) bu kamerada da on üç məhbus var idi, amma dünən gecə on üçüncü o məhbusu – xalq çalğı alətləri orkestrinin bədii rəhbəri idi və istintaq zamanı qışqırmaqdan səsi batmışdı, özü də pis apardılar, familiyasını çağırdılar və daha heç nə demədilər, o məhbus isə özünü yerə atdı, batmış səsiylə çığıra-çığıra, dırnaqları ilə kameranın sement döşəməsini qaşıyıb, nədənsə yapışmaq, kamerada qalmaq istəyirdi, amma o bədbəxt oğlunu ayaqlarından tutub sürüyə-sürüyə apardılar.

Kameraya on üçüncü yeni məhbusu gətirəcəkdilər və kamera heç zaman qurtarmaq bilməyən bir ümidlə o on üçüncü məhbusu gözləyirdi – o on üçüncü məhbus bu quyu dibindən kənardakı o uzaq həyatdan nəsə yeni bir xəbər gətirə bilərdi; hər dəfə kameraya salınan o on üçüncü məhbus (adamlar dövrə vururdu, dəyişirdi, o on üçüncü məhbus da həmişə kameraya gətirilən axırıncı dustaq olurdu...) elə bil ki, qəzet kimi bir şey idi və gətirəcəyi xəbərlər saysız-hesabsız məhkəmə iclaslarından, dünənə qədər rəhbər sayılan, böyük alim, böyük yazıçı, qabaqcıl təsərrüfatçı sayılan və sayı tükənməyən, qurtarmaq bilməyən xalq düşmənlərini ifşa edən yığıncaqlardan, «izhari-nifrət» mitinqlərindən savayı, o quyunun dibində nəsə kiçicik bir nur səpələyən işıqdan da bəhs edə bilərdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

1. Gələcəyə doğru

Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.

198422 dəq
2. «Əzizimin cəfası» romanı

Elə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.

19841 saat 15 dəq
3. Əbdül Qafarzadə

Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.

198459 dəq
4. Qanunla zarafat eləmək olmaz

Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.

198413 dəq

Başqa şairlərin şeirləri