Səhifə 1 / 8

Həmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı. Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi, sürətlə hadisələrdən hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin bu pəncərədən görünən o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.

Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında tutduğu bir dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını nəzərdən keçirdi.

Dənizin qaraltısı, damları örtmüş, küçələrin kənarına, səkilərin dibinə yığılmış qarın zəif ağartısı o sakit qış axşamında ora-bura gedən paltolu, papaqlı adamların, yoldan ötən maşınların, tramvayın, tək-tük faytonun hərəkəti müqabilində çox durğun, hətta ölgün görünürdü və Mir Cəfər Bağırov yenə də adamlara baxdı və fikrindən keçirdi ki, indi o özü də adi bir bəndə kimi, bu adamların arasında olsaydı, onların neçəsini tanıyardı, neçəsiylə salamlaşardı, bəlkə lap hal-əhval tutardı; indi yox, əlbəttə, on altı-on yeddi il bundan əvvəl olsaydı, belə olardı, indi isə bu adamlar Mir Cəfər Bağırovu o saat tanıyacaqdı, kimisi yerində quruyub qalacaqdı, kimisi qaçacaqdı, kimisi xorla salam verəcəkdi, kimisi də, Allah bilir, nə edəcəkdi, amma hamının da ürəyindən bir qorxu, bir təlaş hissi keçəcəkdi – bunu dəqiq bilirdi, iclaslarda, müşavirələrdə, rəyasət heyətində oturanda, ya da elə bu otaqdakı o mizin arxasında əyləşəndə hərdən diqqətlə vəzifəli və vəzifəsiz adamlara baxırdı və bu adamlar sir-sifətdən nə qədər müxtəlif olsalar da, onların hamısının gözünün dərinində bir qorxu, bir təlaş hissi var idi. Mir Cəfər Bağırov adamların gözünün dərininə çökmüş o qorxunu görürdü və ümumiyyətlə, onun gözündən heç nə yayınmırdı; Mir Cəfər Bağırov burasını da yaxşı bilirdi ki, bu adamlar məhz ondan qorxurlar, amma həmin qorxu hissi olmasaydı– Mir Cəfər Bağırov buna qəti əmin idi – zamanın, dövrün böyük işlərini də görmək mümkün olmayacaqdı, çünki insanlar öz təbiəti etibarilə rahatbazdılar, hazırına nazirdilər, qorxmasaydılar nə şüarlar köməyə gələcəkdi, nə ideyalılıq, nə də saysız-hesabsız nitqlər, məruzələr– neft planı da yerinə yetirilməyəcəkdi, pambıq planı da artıqlamasıyla dolmayacaqdı, partiyanın sıraları da düşmənlərdən təmizlənməyəcəkdi. Partiya da, Sovet İttifaqı da Mir Cəfər Bağırov üçün yoldaş Stalin demək idi, partiyanın marağı, ölkənin mənafeyi yoldaş Stalinin marağı və yoldaş Stalinin mənafeyi demək idi və Mir Cəfər Bağırov yoldaş Stalinə sədaqətlə xidmət edirdi, bunu yoldaş Stalin də bilirdi, Beriya da, Siyasi büronun başqa üzvləri də bilirdi. Azərbaycanda isə partiya da, respublika da yoldaş Stalinlə birlikdə, eyni zamanda Mir Cəfər Bağırov demək idi və Mir Cəfər Bağırov başqalarından da özünə eyni sədaqətli xidməti tələb edirdi; sədaqətli xidmət isə, qorxu hissi olmadan mümkün deyildi, çünki insanın təbiətində nankorluq var idi. Heç bir ideyalılıq, heç bir başqa münasibət qorxunun yaratdığı sədaqəti yarada bilməzdi.

Mir Cəfər Bağırov boş xəyallara dalan, romantik hisslərə qapılan adam deyildi, amma həmin qış axşamı birdən-birə bu adamın ürəyindən həsrətə bənzər bir hiss keçdi; adi bir bəndə olmaq və adi bir bəndə kimi də, bax, bu görünən küçələrlə, bu adamların arası ilə harasa tələsmək, harasa getmək istədi, amma bu ötəri hiss də keçib getdi və Mir Cəfər Bağırov yenə də iri əllərini karandaşlara sürtdü, karandaşların şaqqıltısı yenə də bu iş otağının sükutunu pozdu.

Partiyanın XVIII qurultayının bu ilin, yəni 1939-cu ilin marında keçiriləcəyi elan olunmuşdu və bütün ölkə qurultaya hazırlaşırdı. Mir Cəfər Bağırov da Azərbaycan K(b) P-nin XV qurultayının fevralın 25-də keçiriləcəyini elan etmişdi və bütün bu son günlər, demək olar ki, ancaq qurultaya hazırlıq işləri ilə məşğul idi. Küçədə ora–bura gedən o adamlar üçün qurultay, əslində, bayramvari mücərrəd bir şey idi – çıxış edənlər yoldaş Stalini tərifləyəcəkdi, əldə edilmiş böyük nailiyyətlərdən, şən və qayğısız həyatdan danışacaqdı, bütün bunların hamısı qəzetlərdə çap olunacaqdı, əmək adamları qurultay şərəfinə planları artıqlaması ilə yerinə yetirmələri barədə raport verəcəkdilər, yeni öhdəliklər qəbul edəcəkdilər, amma Mir Cəfər Bağırov üçün qurultay daha artıq işləmək, işləmək və işləmək idi.

Küçədəki o adamlar bu pəncərədən çox kiçik görünürdü və onların ora-bura yeriməyi, hərəkətləri də buradan, az qala, gülməli görünürdü, elə bil ki, paltolu, papaqlı kiçik kuklalar idi və o hərəkət də kuklaların hərəkəti idi. Uşaq vaxtlarında Qubada, qonşuluqlarında özündən beş-altı yaş böyük bir oğlan var idi, adı Ələsgər (famili nə idi? Gözlərini qıyıb bir an fikirləşdi və parlaq hafizəsi o saat həmin oğlanın familini minlərlə tanış famillərin arasından dartıb çıxartdı: Babazadə), hə, Ələsgər Babazadə, çox kitab oxuyan oğlan idi, sonra da gərək ki, müəllim oldu, sonrasından daha xəbəri yox idi, bir dəfə həmin Ələsgər Babazadədən bir kitab götürdü, rus dilində idi və çox xoşuna gəldiyi üçün balaca Mir Cəfər o kitabı iki dəfə oxudu, sonra özündə saxlamaq istədi, dəyişmək üçün nəyi vardısa, təklif etdi, amma Ələsgər Babazadə vermədi, dartıb kitabı onun əlindən aldı və Mir Cəfər Bağırovun indiki kimi yadına gəlirdi: həyətlərindəki alma bağının bir küncünə qısılıb hirsindən ağladı; Conatan Sviftin «Qulliver» romanı idi və 1939-vu ilin həmin sakit qış axşamı iş otağının pəncərəsindən küçədəki adamlara baxan Mir Cəfər Bağırov birdən-birə o kitabı xatırladı, ona elə gəldi ki, Qulliver kimi, liliputlar ölkəsinə düşüb və pəncərədən görünən bu adamların da hamısı liliputlardır. Yenə də iri əlləri arasındakı karandaşları oynatdı və divardan asılmış böyük saata baxdı: saat doqquza yeddi dəqiqə qalırdı. Həmişəki kimi, axşam respublikanın Xalq Daxili İşlər Komissarını çağırmışdı və düz saat doqquz tamamda Komissar kabinetə girəcəkdi (yəqin indi gəlib, qəbul otağında doqquzun tamam olmağını gözləyirdi), günün hadisələri haqqında məlumat verəcəkdi, «svodka» nı göstərəcəkdi, suallara cavab verəcəkdi, göstərişlər alacaqdı, bir sözlə, həmişə beləcə sakit günlərdə olduğu kimi, qəbul öz ardıcıllığı ilə keçəcəkdi, sonra Komissar qovluğu qoltuğuna vurub gedəcəkdi; saat ona on beş dəqiqə qalmış isə «Azneft»in yeni rəhbərliyini çağırtdırmışdı (onlar da yəqin elə indidən gəlib qəbul otağında gözləyirdilər) – Poskrebışev Moskvadan zəng çalıb bildirmişdi ki, sabah səhər (yəni ki, günorta saat on bir radələrində) Mir Cəfər Bağırov «Azneft»dəki işlərin vəziyyəti barədə telefonla yoldaş Stalinə məlumat verməlidir.

Mir Cəfər Bağırov pəncərənin qarşısından çəkilib yazı mizinin arxasına keçmək istədi, amma yazı mizi ilə üzbəüz divardan asılmış yoldaş Stalinin böyük şəklinin qabağında ayaq saxladı və şəklə baxdı. Qoz ağacından enli çərçivəyə salınmış bu şəkil rəssam R. Maloletkovanın karandaşla çəkdiyi portretin reproduksiyası idi və Mir Cəfər Bağırov bu portreti iş otağında yenicə asdırmışdı. Əvvəl bu portretin yerində yoldaş Stalinin yağlı boya ilə işlənmiş təmtəraqlı bir şəkli asılmışdı, amma Maloletkovanın əsərində ağla qaradan başqa heç nə yox idi və bu, yoldaş Stalinin sadəliyini xüsusi nəzərə çatdırırdı; eyni zamanda yoldaş Stalinin baxışlarında səliqə ilə arxaya daranmış qalın qara saçlarında, eşmə qara bığında bir nəhənglik, bir əzəmət var idi. «Stalinskaya forma»nın yalnız yaxası görünürdü, yoldaş Stalinin xalqı işıqlı sabaha səsləyən gözlərində mehriban bir işıltı var idi. Portretin aşağısında isə sadəcə «I. Stalin» imzası yazılmışdı, amma ağ boşluq içində qalın qara hərflərlə təsvir edilmiş o imzada bir monumentallıq var idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri