Səhifə 2 / 8 · 13%

Bu portret, əslində, yoldaş Stalinə oxşamırdı, daha doğrusu, oxşayırdı, amma buradakı yoldaş Stalin əsl yoldaş Stalin deyildi, ona görə yox ki, şəkildəki yoldaş Stalin yaraşıqlı idi, saçının, bığının rəngi kürən yox, qara idi, ona görə ki, neçə illər ərzində dəfələrlə yoldaş Stalinlə görüşən, saatlarla yoldaş Stalinlə söhbət edən, Moskvada evində, bağında dəfələrlə yoldaş Stalinlə birlikdə nahar eləyən Mir Cəfər Bağırov rəhbərin portretdəki bu təbəssümünü, gözlərinin bu ifadəsini heç vaxt görməmişdi, bu – rəssamın uydurması idi, amma yaxşı uydurması idi, Azərbaycan rəssamları isə Mir Cəfər Bağırovun şəkillərini çox vaxt həyatda olduğu kimi çəkirdi və bu onun xoşuna gəlmirdi.

Mir Cəfər Bağırov əlləri arasındakı karandaşları oynada-oynada çeşməyinin girdə şüşələri arxasından gözlərini bir müddət yoldaş Stalinin şəklinə zillədi və rəssamın uydurmasına – yoldaş Stalinin gözlərindəki o yalançı ifadəyə, dodaqlarındkı o yalançı təbəssümə baxmayaraq yenə də bu adamın, yəni yoldaş Stalinin daxilində bir tənhalıq hiss etdi.

Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, daha doğrusu, özünü tənha hiss etmək üçün onun nə vaxtı, nə də həvəsi var idi, amma hər dəfə yoldaş Stalinlə görüşəndə – iclasdan, ya yoldaş Stalinin iş otağındakı müşavirələrdən, ya təkbətək söhbətdən, ya yoldaş Stalinin bağında oturub nahar eləməklərindən asılı olmayaraq, bu hissi keçirirdi. Yoldaş Stalinin ya nitqlərinə, göstərişlərinə, mühakimələrinə, ya zarafatlarına həmişəki diqqətlə qulaq asarkən birdən-birə Mir Cəfər Bağırova elə gəlirdi ki, bəşəriyyətin tarixində heç bir təkrarı olmayan, həqiqətən, misli görünməmiş bu böyük rəhbərin, müəllimin içində hamıdan gizlin saxlanılan dəhşətli bir tənhalıq oturub. Bir dəfə Moskvada (beləcə bir qış günü idi) MK-nın qonaq otağında Beriya ilə (onda Beriya hələ Moskvaya köçməmişdi, Gürcüstan K(b)P MK-nın birinci katibi işləyirdi) gecənin yarısına kimi oturub söhbət etmişdilər, keçən günləri xatırlamışdılar, Azərbaycan Fövqəladə Komissiyasında birgə işlədikləri vaxtdan tanıdıqları adamları, rəhbər, partiya, sovet işçilərini bir-bir yadlarına salmışdılar, fikir mübadiləsi aparmışdılar və o zaman Beriya yoldaş Stalin barədə yəqin ki, ömründə heç kimə deyə bilməyəcəyi sözləri Mir Cəfər Bağırova demişdi: «– A tı znaeş, Mir Djafar, ved on v suşnosti odinokiy çelovek...» Bu sözləri eşidəndə Mir Cəfər Bağırov diksinmişdi, çünki, elə bil, Beriya yoldaş Stalinlə bağlı onun özünün ürəyindəki hissləri duymuşdu. Ümumiyyətlə, belə təsadüflər çox olurdu: Lavrenti Beriya ilə Mir Cəfər Bağırov çox zaman eyni cür düşünürdü, eyni hisslər keçirirdi.

Mir Cəfər Bağırov gözlərini yoldaş Stalinin portretindən çəkdi, yazı mizinin arxasına keçməzdən əvvəl yenə də pəncərəyə ötəri bir nəzər saldı: təkcə Azərbaycan yox, bütün ölkəni qaldırmaq üçün, xalq düşmənlərini ifşa edib sonuncusunun da axırına çıxmaq üçün, milyonların ruhunu qaldırmaq, siyasi ehtirasını qızışdırmaq üçün yoldaş Stalin bayraq idi və bu bayrağı həmişə uca tutmaq lazım idi. Hələ inqilabdan əvvəl yoldaş Stalin – Koba Bakıda gizlin inqilabi fəaliyyət göstərəndə, Bakıda yaşayanda camaat ona «Gürcü Yusif» deyirdi və Mir Cəfər Bağırov bütün Bakını başdan-başa həmin gürcü Yusifin – yoldaş Stalinin memorial muzeyinə çevirmək istəyirdi – bu, Mir Cəfər Bağırovun qarşısıalınmaz, coşğun, ehtiraslı bir istəyi, məqsədi idi.

Yoldaş Stalin demişdi: «V Tiflise eşyo bıl revolyutsionnım mladentsem i tolko v Baku dostiq stepeni uçenika mirovoy revolyutsii». Bu sözləri 30-cu illərin lap əvvəllərindəki çıxışlrından birində demişdi, indi isə yoldaş Stalin həmin «dünya inqilabının» müəllimi və rəhbəri idi.

Kobanın Bakı ilə beləcə bağlılığı təkcə Bakıya yox, bütün Azərbaycan və Azərbaycan xalqına başucalığı gətirdi və bundan istifadə etmək lazım idi. «Koba» gürcücə «əla» demək idi və Kobanın adı ilə bağlı bütün işlər də əla görülməli idi. Lenin, yoldaş Stalini «çudesnıy qruzin» adlandırdı və onu «Stalnıy», yəni Stalin çağıranlardan biri oldu və bu da, əlbəttə, düz idi: yoldaş Stalin polad idi, amma adi polad yox, əla polad.

Hələ İnqilabdan əvvəl Bakıda axmaq intelligent menşeviklər təbliğat aparırdılar ki, Koba qoçudu, amma bu təbliğatın nəticəsində Koba Bakı camaatının arasında daha da məşhurlaşdı, çünki insan gücə tabedi. Axmaq menşeviklər başa düşmürdülər ki, Kobanı qoçu kimi, quldur kimi qələmə verəndə, əslində, onu tərifləyirdilər. Menşeviklər heç vaxt xalqa yaxınlaşa bilməmişdilər, çünki xalqı tanımırdılar, xalqın psixolojisindən xəbərsizdilər.

Lavrenti «Zaqafqaziya bolşevik təşkilatları tarixinin məsələsinə dair» kitabında Kobanın Zaqafqaziyadakı və xüsusən, Bakıdakı fəaliyyətini yaxşı işıqlandırıb. Bu kitab, əslində, Lavrentinin 1935-ci ildə Tbilisi partiya təşkilatı fəallarının yığıncağında söylədiyi məruzə idi və aradan keçən bu üç il yarımda 15 dildə 40 dəfə nəşr olunmuşdu. Lavrenti bu nəşrlərlə xüsusi fəxr edirdi və onları qonaqlarına göstərməkdən zövq alırdı. Lavrenti... Gəlib bu mərtəbəyə çatıb, amma hələ də sevinəndə uşaq kimi sevinir, elə bil, lap çağadır...

Bu kitab Azərbaycanda da 99 min nüsxə ilə – indiyəcən görünməmiş bir tirajla nəşr edilmişdi və Mir Cəfər Bağırov «Bakı və Azərbaycan bolşevik təşkilatları tarixindən» adlı yenicə çap olunmuş öz kitabında Beriyanın əsərini yüksək qiymətləndirmişdi. «Özünün «Zaqafqaziya bolşevik təşkilatlarının tarixinə dair» adlı qiymətli əsərində fövqəladə qüvvət və parlaqlıqla yoldaş Stalinin Zaqafqaziyada inqilabi fəaliyyətini, bolşevizmin yaradıcısı və rəhbəri kimi onun rolunu, Leninlə birlikdə yeni tipli mübariz proletar partiyasını yaratmasını təsvir etmiş Lavrenti Pavloviç Beriya – yoldaş Stalinin sınanmış şagirdi və davamçısı partiyamız və dövlətimiz qarşısında müstəsna xidmətə malikdir».

Amma bütün bunlar az idi, yoldaş Stalinin Bakı fəaliyyətini daha qabarıq yazmaq, yazdırmaq, təbliğ etmək və bunu başqalarının, hətta Lavrentinin özünün də gözünə soxmaq lazım idi...

Həmin dəqiqələrdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı, həqiqətən, Mir Cəfər Bağırovun qəbul otağında oturmuşdu və gözlərini divardan asılmış saatdan çəkmirdi; elə ki, saat doqquza üç dəqiqə qaldı, Komissar daha səbr edə bilmədi, ayağa qalxıb əynindəki formanı düzəltdi, əllərini saçına çəkdi və gəlib qapının ağzında dayandı. Bütün Azərbaycan yenicə Komissar təyin olunmuş bu adamdan qorxurdu, amma bu adamın özü qat-qat artıq dərəcədə Mir Cəfər Bağırovdan qorxurdu və hər gün də bu kabinetin qapısı ağzında dayananda həmin qorxu hissi onun bütün içini bürüyürdü, özünü xüsusi bir ciddi-cəhdlə səfərbərliyə almağa sövq edirdi.

Komissar, Mir Cəfər Bağırovu iyirminci illərin əvvəllərindən tanıyırdı, o vaxtlardan ki, Mir Cəfər Bağırov Azərbaycan çekistlərinə rəhbərlik edirdi, sonralar Azərbaycan Baş Siyasi İdarəsinin rəisi idi, Komissar isə o zamanlar orqanlarda sıravi işçi işləyirdi, yavaş-yavaş yoldaş Bağırovun, eləcə də iyirminci illərin əvvəllərində Bağırovun rəhbərliyi altında Azərbaycanda işləmiş Beriyanın diqqətini cəlb etdi, sadiq xidmətinə görə vəzifədən-vəzifəyə keçirildi, partiya işində çalışdı və nəhayət, cəmi bir ay bundan əvvəl Bağırovun təqdimatı və Beriyanın razılığı ilə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı təyin edildi. Mir Cəfər Bağırovu yaxşı tanıdığı üçün, Komissar onun dəli xasiyyətinə bələd idi, hər dəfə birinci katibin qəbulunda olanda özünü ən ağlasığmaz suallara hazırlayırdı, verilən əmrlər barədə heç bir mülahizə yürütmürdü, adicə olaraq səliqə və ciddi-cəhdlə həmin əmrləri yerinə yetirirdi; indi də əynindəki formanın bağlanmış düymələrini yenidən bir-bir yoxlaya-yoxlaya fikrən özünü qarşıdakı söhbətə hazırlayırdı.

«Azneft»in yeni rəisi, yeni baş mühəndisi, yeni müavinlər («Azneft»in əvvəlki rəhbərliyi xalq düşmənləri kimi ifşa olunub güllələnmişdilər), trestlərin rəisləri -hərəsinin əlində bir qovluq, qəbul otağının bir küncündə oturmuşdular və Mir Cəfər Bağırovun qəbulunu gözləyən bu adamlar burada Komissarı gördükdə, Komissarın özünü necə yığışdırdığını gözaltı müşahidə etdikdə, daha artıq vahimələnirdilər, cavabdeh olduqları sahələr üzrə rəqəmləri ürəklərində dönə-dönə əzbərləyirdilər.

Düz saat doqquz tamam olan kimi, qəbul otağında üzərinə eyni biçimli, qara rəngli çoxlu telefonlar düzülmüş mizin arxasında əyləşmiş katib-köməkçi başının hərəkəti ilə işarə etdi, yəni ki, içəri keçmək olar və Komissar sonuncu dəfə özünü düzəltdi, qoltuğundakı qovluğu yoxladı (guya ki, qovluq harasa yox ola bilərdi...), sonra qapını açıb içəri girdi və rus dilində:

– Salam, Mir Cəfər Abbasoviç, – dedi. – İcazə olar?

Mir Cəfər Bağırov öz yerində oturmuşdu və qalın barmaqlarını bir-birinə keçirib mizin üstünə dirsəklənmişdi, o bir dəstə karandaş da qabağında idi; başını tərpətdi– bu hərəkət həm salam almaq, həm də içəri dəvət etmək idi. Komissar mizin qarşısındakı kürsülərdən birinin yanına gəlib ayaq üstə dayandı. Mir Cəfər Bağırov:

– Otur... – dedi.

Komissar kürsüdə əyləşdi və qovluğu qabağına qoyub açdı, amma heç bir söz demədən Mir Cəfər Bağırovun nə ilə maraqlanacağını, nədən başlayacağını gözlədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri