Səhifə 1 / 12

1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz yuyub:

– Gətir o toyuqları bura, mən doğrayım!– dedi.

Ələsgər müəllimin arvadı Firuzə xanım qaynar düyünü aşsüzənə boşalda-boşalda və ətli sifətini də düyünün buğundan yan tutub tez-tez nəfəs ala-ala:

– Sən darıxma, – dedi, – sən darıxma... hər şey qaydasında olacaq. Sən darıxma...

Firuzə xanım düz deyirdi və Ələsgər müəllim özü də bunu çox yaxşı bilirdi: işdə, dostların, tanışların arasında nə qədər təmkinliydisə, evdə, məişətdə bir o qədər narahat, darıxan adam idi, misal üçün, hər il yayda üçü də bir yerdə – yəni Ələsgər müəllim, Firuzə xanım, bir də Arzu – Kislovodska gedəndə arvadını da, qızını da o qədər tələsdirirdi ki, qatarın tərpənməyinə hələ üç saat qalmış vağzala yollanırdılar...

Bu gün də məktəbdən tez qayıtmışdı ki, Firuzə xanıma kömək eləsin – bir həftə idi ki, Ələsgər müəllim bu gün axşamkı qonaqlığın narahatlığını keçirirdi; bilirdi ki, hər şey qaydasında olacaq, Firuzə xanım gözəl bir süfrə açacaq, kök və ilk baxışda ağır adam görünsə də, əslində, çox cəld idi, hər şeyi vaxtlı-vaxtında hazırlayacaqdı, qonaqlar Arzunun şərəfinə sağlıqlar deyəcəkdi, yeyib-içəcəkdilər, uzun sözün qısası, həmişəki kimi gözəl bir məclis keçəcəkdi – bütün bunları bilirdi, amma yenə də narahatlıq keçirirdi, darıxırdı.

– Bir şey almaq lazım deyil ki?

Firuzə xanım plovu dədə-babadan qalmış mis qazanda «kerosinka»nın üstünə – dəmə qoya-qoya:

– Yox ey, hər şey var, – dedi. – Sən narahat olma...

– Çörək az deyil?

– Yox, yox... Sən narahat olma, hər şey düzələcək...

Ələsgər müəllim Firuzə xanımın tərləmiş sifətinə baxa-baxa gülümsədi: özü evdə-eşikdə o qədər səbrsiz adam idi ki, bu səbrsizlik, bu narahatlıq Firuzə xanıma da keçmişdi və Firuzə xanımın «sən darıxma, sən narahat olma» sözləri indi daha çox özünün narahatlığını göstərirdi; amma bu gözəl qar lap vaxtında yağmışdı, çünki həddən artıq kök olduğu üçün tez-tez tərləyən Firuzə xanım qonaqlıqqabağı lap əldən düşürdü, amma indi «kerosinka»nın birində plov dəmdə idi, o biri «kerosinka»nın üstündə yarpaq dolması bişirdi, soyutma toyuqlar bir tərəfə yığılmışdı, Ələsgər müəllimin dünən Kömürçü meydanında bir səlyanlıdan alıb gətirdiyi iki dənə Kür xəşəmi tavada qızardılmışdı – mətbəx isə sərin idi və Firuzə xanım da əvvəlkilərə nisbətən az tərləyirdi.

Ələsgər müəllimgilə adam az-az gəlib-gedirdi və üç nəfərdən ibarət bu ailə bir-birinə o qədər öyrənmişdi, beləcə bir üçlük onlar üçün o qədər öyrəncəli olmuşdu ki, evlərinə başqa bir adam gələndə özlərini naqolay hiss edirdilər. Firuzə xanımın qohumları uzaqda – Naxçıvanda yaşayırdılar və ildə-ayda bir dəfə o qohumlardan kiminsə yolu Bakıya düşürdü, yay vaxtı Ələsgər müəllimgilə Ordubad şəftəlisindən, ərikdən, armuddan, gavalıdan pay gətirirdi və anası kimi kök olan Arzu bu meyvələrin hamısını yeyib qurtarırdı; qış vaxtı isə qoz, fındıq, badam ləpəsi, ərik, tut, gilənar, albuxara qurusu gətirirdilər və Firuzə xanım o gözəl xuruşun hamısını yığıb hər il keçirtdikləri bu yeganə qonaqlıq üçün saxlayırdı. Ələsgər müəllimin isə elə bir yaxın qohumu qalmamışdı, qalanlar da Qubada yaşayırdılar və Bakıya da demək olar ki, gəlmirdilər.

Ələsgər müəllimlə Firuzə xanım 1921-ci ildə evlənmişdilər, o vaxt Ələsgər müəllimin otuz bir yaşı var idi, Bakıda təzəcə məktəb müdiri təyin olunmuşdu. Firuzə xanımın isə iyirmi altı yaşı var idi və Firuzə xanımın atası, rəhmətlik Qəzənfər kişi həmin məktəbdə təsərrüfat işləri üzrə müdir müavini idi. Firuzə xanım elə o vaxt da beləcə kök idi və Ələsgər müəllimin də kök arvadlardan xoşu gəlirdi.

Ələsgər müəllimlə Firuzə xanımın düz səkkiz il uşağı olmadı, Firuzə xanım türkəçarə qalmadı, hamısını elədi, Ələsgər müəllim, hələ keçən əsrdə İstanbul Universitetində təhsil almış və Bakıda uşaqdan böyüyəcən hamının tanıyıb hörmət etdiyi professor Fazil Ziyadan xeyirli məsləhətlər aldı, nəhayət, 1929-cu ilin qışında bir qızları dünyaya gəldi və Ələsgər müəllim o qızın adını Arzu qoydu və həmin vaxtdan da hər il qışda, Arzunun anadan olduğu gündə Ələsgər müəllimgilin evində gözəl bir qonaqlıq keçirilirdi.

Professor Fazil Ziya da Ələsgər müəllimin xüsusi dəvəti ilə əvvəllər bu qonaqlıqlarda iştirak edərdi. Qəribə ziyalı bir adam idi, küçədə gəzəndə həmişə öz-özünə xalq mahnılarını dodaqaltı zümzümə edərdi, müayinə etdiyi adamlara xəstəliklərindən asılı olmayaraq: «– Tez-tez teatra gedin!.. – deyərdi, bir də ki, – plov yeyin!.. – deyərdi. – Amma az yeyin....» Sonralar professor Fazil Ziya çox qocaldığı üçün (yaşı səksəni keçmişdi), daha evdən az çıxırdı və qış vaxtı Arzunun qonaqlığına gələ bimirdi, buna görə də Ələsgər müəllim hər dəfə Arzunun anadan olduğu gün özü şəxsən professor Fazil Ziyanın evinə gedib kişiyə bir dəstə qızılgül təqdim edirdi, amma... Keçən il Fazil Ziya xalq düşməni kimi ifşa olundu, hələ XIX əsrdə Türkiyədə təhsil aldığı üçün türk casusu və azğın pantürkist elan edildi, sovet Azərbaycanında faşizm ideyalarının təbliğində günahlandırıldı və həbs olunub güllələndi. Nə isə, belə bir gözəl gündə bu sayaq şeylər barədə fikirləşmək lazım deyil...

Arzu çox gözəl və ağıllı bir uşaq idi, hələ beş yaşı tamam olmamış, Azərbaycan əlifbasını da, rus əlifbasını da öyrənmişdi və o vaxtdan da hər iki dildə yazılmış kitablar Arzu üçün hər şey idi; bu uşaq kitabı kəşf etmişdi və başa düşmüşdü ki, bütün oyuncaqlar, bütün oyunlar, bütün söhbətlər, hətta böyüklərin söhbətləri də kitabın yanında heç nədir. Arzu o qədər oxuyurdu ki, bəzən nəinki Firuzə xanım, hətta Ələsgər müəllimin özü də narahat olurdu, uşağı dəniz kənarında gəzməyə çıxarırdı, konsertə, kinoya, teatra aparırdı. Arzu atasıyla birlikdə Qliyerin «Şah Sənəm» operasına, Azərbaycan Dram Teatrında «Otello»ya, Rus Dram Teatrında «Anna Karenina»ya, «Ryui Blaz» a getmişdi, Gürcüstanın xalq artisti, ordenli Arakişvilinin, RSFSR-in əməkdar artisti Darya Spirişevskayanın konsertlərində olmuşdu, sirkdə Alli-vad attraksionuna baxmışdı. Arzunun bəstəkar Çişkonun «Potyomkin zirehli gəmisi» operasından çox xoşu gəlirdi, beş dəfə gedib bu operaya baxmışdı, amma elə ki, 1937-ci il gəldi, Üzeyir Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyuldu, Arzu, ən azı, ayda üç dəfə Ələsgər müəllimlə birlikdə gedib o operaya tamaşa edirdi, hətta bir dəfə Firuzə xanımı da məcbur edib evdən çıxartdı və ömürlərində birinci dəfə üçü də bir yerdə – Ələsgər müəllim, Arzu, Firuzə xanım – operaya baxdılar.

Əlbəttə, bunlar hamısı çox gözəl idi, amma Arzu üçün kitabın yerini heç nə vermirdi və bir az böyüyəndən sonra Arzu özü evlərindən dörd tin aşağıda açılmış L. M. Kaqanoviç adına kitabxanaya abunə yazılmışdı və bir ucdan həmin kitabxanadakı kitabları oxuyub sona çatmaqla məşğul idi. Keçən il L.M. Kaqanoviçin 50 yaşı tamam olanda, kitabxana müdiriyyətinin yoldaş Stalinin ən yaxın silahdaşlarından birinə göndərdiyi təbrik məktubunda fəal oxucu kimi, Arzunun da imzası var idi. Kitabxananın şanlı sovet Arktika tədqiqatçısı, Sovet İttifaqı Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı İvan Dmitriyeviç Papaninə göndərdiyi təbrik məktubunda da (bu stalinçi qəhrəmanın da 50 yaşı tamam olurdu) alovlu bolşevik salamı, alovlu komsomol salamı yetirənlərlə bərabər, qəhrəmana alovlu pioner salamı da yetirilirdi və o beş pionerin arasında Arzu da var idi.

Arzu indi dördüncü sinifdə oxuyurdu, amma səkkizinci, doqquzuncu sinfin riyaziyyat məsələlərini asanlıqla həll edirdi və məktəbin ciddi, savadlı riyaziyyat müəllimi Əlibaba müəllim Arzunu «Sofya Kovalevskaya»– deyə çağırırdı, «– Mənim, – deyirdi, – belə şeyləri əvvəldən hiss eləməyimə söz yoxdur. İyirmi ildir müəlliməm. Bu uşaq böyük alim olacaq! Onda, – deyirdi, – biz hamımız fəxr edəcəyik ki, bunun müəllimləri olmuşuq! Baxarsız, mən ölü, siz diri, görərsiz. Mən indiyəcən hansı şagirdə nə diaqnoz qoymuşam, elə də olub! Əgər Arzu, doğrudan da, Azərbaycanın Sofya Kovalevskayası olmasa, onda mən heç nə bilmirəm! Onda mən müəllim deyiləm, upravdomam! Bununki adicə istedad-zad deyil, vergidi, vergi!»

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 dəq
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 dəq
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 dəq
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 dəq

Başqa şairlərin şeirləri