6. Dar dalanda
Səhifə 1 / 2
Divarlarına təzəcə göyümtül əhəng çəkilmiş bu dalan ensiz, adamsız, səliqəli və yay kimi isti o aprel günündə kölgəli idi. Güclə seziləcək əhəng iyi, elə bil ki, bu dar dalandakı sakitliyin, rahatlığın və təmizliyin daimiliyindən xəbər verirdi, yəni elə bil ki, bu qısa və dar dalandakı həmin sakitlik, rahatlıq və təmizlik həmişə olmuşdu – min il bundan əvvəl də belə idi və min il bundan sonra da belə olacaqdı; dalana tünd sarı rəngli üç həyət qapısı açılırdı və tünd sarı rəngli o üç həyət qapısı da, elə bil ki, həmişə beləcə kip örtülü olmuşdu və heç zaman açılmayacaqdı; qənbər döşənmiş ensiz küçədə ötən o maşınların səsi də o aprel günü bu dalana hay-küylə, sürətlə yox, ahəstə gəlirdi, o maşın səsinin özündə də bir yumşaqlıq, bir mülayimlik vardı.
Gicbəsər, dalanda, az qala, divara bitişik basdırılmış elektrik dirəyinin dibində, asfaltda qarnıüstə uzanmışdı və itin qara gözləri mürgü döyürdü. Gicbəsər Tülkü Gəldi Qəbiristanlığından çıxdığı iki gün ərzində Bakının dağlıq məhəllələrini dolaşa-dolaşa gəlib bu balaca və sakit dalana çıxmışdı; bura rahat və təmiz idi, bu sakitlik, bu rahatlıq və təmizlik iki günlük didərginlikdən sonra, itin ürəyincə idi.
Bu dar dalanın sakitliyi Tülkü Gəldi Qəbiristanlığının dərinliklərindəki qəbiristanlıq sakitliyindən seçilirdimi? Gicbəsər bunu hiss edirdimi, fərqinə varırdımı? Tülkü Gəldi Qəbiristanlığının idarə səs-küyündən, gediş-gəlişindən, gecə həyatından, dəfn mərasimlərindən, molla səsindən, matəm musiqisindən (həm Avropa çalğı alətlərində, həm Azərbaycan milli musiqi alətlərində) nəzir və sədəqə yığan gərgin dilənçi fəaliyyətindən başqa, hərdən günün müxtəlif çağlarında – səhər, günorta, axşam, gecə qəbir daşları arasına çökmüş ölü bir sükut da var idi. Tülkü Gəldi Qəbiristanlığı böyük idi, bəzən bir başında ölü basdırılırdı, matəm musiqisi çalınırdısa, o biri başında müxtəlif şəkilli, müxtəlif ölçülü, bahalı-ucuz, köhnə-təzə qəbir daşlarının üzərində o ölü sükut hakim kəsilirdi və o zaman o qəbir daşlarının müxtəlifliyi tamam itib gedirdi, həmin ölü sükut qəbir daşlarının hamısını eyniləşdirirdi. Hərdən Gicbəsər Qəbiristanlıq İdarəsinin hay-küyündən, gecə həyatından, vurulan təpiklərdən, atılan daşlardan qaçıb gedib o ölü sükutun içinə girirdi, amma orada da çox dayana bilmirdi, beləcə rahat uzanıb mürgüləyə bilmirdi və bu dəfə də qaçıb o ölü sükutdan canını qurtarırdı, yəni təzədən Qəbiristanlıq İdarəsindəki o insanların arasına gəlirdi.
Gicbəsər gözlərini açdı, qarşısındakı göyümtül divara baxdı, sonra qulaqlarını şəklədi, başını balaca yana çöndərib dar dalanın girəcəyinə tərəf baxdı; o gözəl sakitlik, rahatlıq və təmizlik içində Gicbəsər birdən-birə spirt iyi hiss etdi. Əlbəttə, Gicbəsər bu qoxunun adını, yəni spirt iyi olduğunu bilmirdi, amma illər ərzində Tülkü Gəldi Qəbiristanlığında yaxşı bələd olduğu bu qoxu iti həmişə sayıqlığa, ehtiyatlı və diqqətli olmağa çağırırdı, çünki Gicbəsər uzun illərin təcrübəsindən yaxşı bilirdi: bu qoxu olan yerdə nə desən mümkündü – səni tumarlayarlar, öpərlər və birdən-birə də təpiklə vurub qabırğanı sındırarlar. Gicbəsər sübh tezdən, yaxud axşamüstü Tülkü Gəldi Qəbiristanlığına daşınan yeşik-yeşik araq şüşələrini ömrünün, demək olar ki, hər günündə görmüşdü və insanların o şüşələrdəki mayeni içməklərini, sonrakı vəziyyətlərin gedişatını bütün təfərrüatlarına qədər müşahidə etmişdi, belə bir gedişat Gicbəsər üçün Tülkü Gəldi Qəbiristanlığında gündə gördüyü o adamlar kimi, gecələr Qəbiristanlıq İdarəsinə gəlib gedən o maşınlar kimi, o dəmir darvaza kimi, qarovulçu Əflatunun o köşkü kimi, sayı-hesabı bilinməyən o qəbir daşları kimi, adi bir şey olmuşdu, amma bu adiliyə baxmayaraq, o qoxu özü ilə birlikdə ehtiyat və sayıqlıq gətirirdi.
Spirt iyi bu dar dalanda, xüsusilə, hiss olunurdu, çünki buradakı evlərdən, buradakı insanlardan spirt iyinə bənzər heç bir qoxu gəlmirdi. Gicbəsər o tünd sarı qapıların arxasında yaşayan adamları görmürdü, amma o adamların nəfəsini duyurdu, mətbəxlərindən gələn iyi hiss edirdi və bu mətbəx qoxusunun özündə də Gicbəsərin alışmadığı bir təmizlik var idi; bayaqdan bəri Gicbəsər bu dar dalanda, elektrik dirəyinin dibində uzanıb bu dalanın sakitliyi və rahatlığı içində, elə bil ki, tünd sarı qapılar arxasındakı o görünməz adamların mehribanlığını da duyurdu.
Bir nəfər dar dalanın qabağında dayandı və əynində toza-torpağa bulaşmış göy şalvar, yaxası açıq, düymələrinin çoxu qırılmış qara köynək və tamam çirklənib əldən düşmüş qəhvəyi pencək olan, sinəsi, qolları tüklü bu arıq kişi əlini dalanın küncünə dirəyib bir az yerində yırğalandı, sonra axıb gedən dumanlı gözlərini qıyıb küçənin aşağısına – yuxarısına baxdı, sonra dalana baxdı, dirəyin dibində uzanıb qara gözlərini ona zilləmiş iti gördü, elə bil ki, həm bir az sevindi, həm də təəccübləndi:
– A-a-a... Sən də... bur... dasan?..
Yəqin ki, bu sözlər o dar dalanda çox məhrəmanə səsləndi, çünki Gicbəsər səksənmədi, narahat olmadı və yalnız o adam dalanın içinə doğru gəlməyə başlayanda ayağa qalxdı.
– Dur-r-rma... Dur-r-rma... Uzan... Proşu da tebya... – O adam ayaq saxladı, əli ilə də işarə etdi ki, it qalxmasın, uzansın, sonra özü birdən-birə dizləri üstə asfalta çökdü və iməkləyə-iməkləyə Gicbəsərə tərəf gəlməyə başladı. Tülkü Gəldi Qəbiristanlığındakı insanların arasında keçirdiyi o uzun illər boyu bu itdə, elə bil ki, adamları əvvəlcədən tanımaq, bəd işləri əvvəlcədən hiss etmək sövq-təbiisi yaranmışdı və indi yəqin ki, iməkləyə-iməkləyə gələn bu adamdan bəd bir hərəkət duymadı və ürküb qaçmadı. Arıq kişi iməkləyə-iməkləyə gəlib itlə üzbəüz, lap burun-buruna dayandı və qəflətən ağlamağa başladı.
Bu adamın bütün vücudundan tünd spirt iyi gəlirdi və bu iy Gicbəsəri təngidirdi, amma qəribəydi, it kənara çəkilmədi, qara gözlərini bu arıq kişinin rəngini itirmiş və sulanmış gözlərinin içinə zillədi; it, elə bil, başa düşürdü ki, bu adamın işləri yaxşı deyil, bu adam ağlayır və bu adam yazığın biridir; həmin yazıqlıq, elə bil ki, o günorta çağı, o dar dalanda o adamla Gicbəsər arasında bir yaxınlıq, hətta doğmalıq əmələ gətirdi.
Kişi dirəyın dibində, itin yanında oturdu, sümüyü çıxmış kürəklərini dirəyə dirədi, ayaqlarını uzatdı və eləcə ağlaya-ağlaya əlini uzadıb itin çənəsini tumarladı. Gicbəsər başını geri çəkmədi, əksinə, özünü bir az da irəli verdi, kişinin spirtli nəfəsi düz Gicbəsərin burnuna vururdu, amma it buna dözürdü, çünki çənəsini tumarlayan o əlin mehribanlığı o qoxunun acısından qat-qat artıq idi; bəlkə də bu it başa düşürdü ki, o qoxu olmasaydı, bu mehriban əl də beləcə onun çənəsini tumarlamayacaqdı.
Arıq kişi gözlərini, burnunun suyunu əli ilə silib, uzun dırnaqlarının arası qapqara çirklə dolmuş barmaqlarını nə vaxtdan bəri qırxmadığı çal saqqallı sifətində gəzdirdi:
– Bilir-r-sən... Vahid nə deyib? – soruşdu. – Vahid... Vahid deyib ki... yolunda... yolunda candan keçər-r-rəm... sevgilim!.. Gör-r-rür-r-rsən?.. Mənə deməyiblər-r-e, belə söz deməyiblər-r-! Vahid gör-r-rür-r-sən... necə deyib: yolunda candan... keçər-r-rəm, sevgilim... İt olaydım da gər-r-rək mən!.. İt yaxşıdı!.. İt olmaq adam olmaqdan... yüz dəfə... yüz dəfə yaxşıdı!..
Kişi yenə gözlərini sildi və birdən-birə dibinə bir nigarançılıq, narahatlıq dolan rəngsiz gözləriylə o dar dalanın girəcəyinə tərəf baxdı və əmin olandan sonra ki, heç bir təhlükə yoxdur, əlini qəhvəyi pencəyinin döş cibinə saldı, bir dolu şüşə çıxarıb yenə də eyni nigarançılıq və narahatlıqla dalanın girəcəyinə baxdı, sonra çirkli dırnaqları ilə şüşənin ağzını açıb şirin, qırmızı çaxırı qurtum-qurtum içməyə başladı.
– Məni... it doğaydı də... gər-r-rək anam... Anam pisiydi də... köpək qızı anam... it doğmadı də məni!.. İt olar-r-dım... gəzər-r-dim... sənnən bir yer-r-rdə küçələrdə... Səniynən dost olardım... Dost olar-r-dıq özümüzçün... Adamlar çox...əclafdı, e... bilirsən?.. çox əclafdı... Mən istəyir-r-rəm ki... it olam... Bax ...belə!.. – Və o arıq kişi də it kimi hürməyə başladı və onun eləcə hürməyi, elə bil ki, bu dar dalanın o rahatlığını, o təmizliyini Gicbəsər üçün daha da artırdı, o sakitliyi də pozmadı, əksinə, o sakitliyin davamı oldu.
Arıq kişi əlini dizinə vurdu:
– Bur-r-ra qoy başını... Qoy bur-r-ra!.. Mənim qar-r-daşım sənsən... Sənə həmişə yemək... gətir-r-rəcəyəm... Səni apar-r-rıb...evimdə saxlayacağam... Bilir-r-rsən necə... evim var? Dvar-r-resdi!.. Maşında gəzdir-r-cəyəm... səni... On dənə... maşınım var-r-r... Hansında istəsən gəzdir-r-rəcəyəm... səni... İstəyir-r-rsən... Hə?.. Şoferlərim də var-r-r e!.. Ancaq bilir-r-sən... mən it olmaq istəyir-r-rəm!.. – Arıq kişi yenə də ağlamağa başladı. – İt... it olmaq istəyir-r-rəm!..
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-6-dar-dalanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İzabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin İzabelin bütün bədəninə yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı.Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.
Iıı fəsilXəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
V fəsilElə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...