Iı fəsil
İzabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin İzabelin bütün bədəninə yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı.
Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.
İllər keçirdi, amma o Ziba nostalgiyası eləcə İzabelin ürəyinin içində idi, hətta bəzən bu cavan və sərbəst qızın həyatının hansısa gözəl məqamlarında bir müddət o nostalgiya lap dibə çökürdü və həmin məqamlarda İzabel birdən gözlənilməz bir təlaş hissi ilə diksinib o Ziba nostalgiyasını tələsik üzə çıxarırdı, çünki artıq on dörd il idi ki, ürəyində gəzdirdiyi o hissiyyat da bu qızın gündəlik həyatının tərkib hissəsi idi.
İzabel özündən böyük qardaş və bacılarından fərqli olaraq, Azərbaycanı görməmişdi, İzraildə, Qüds ilə İordaniya sərhəddi arasında Eriha deyilən kiçik bir şəhərdə anadan olmuşdu, amma «Azərbaycan» sözü də o Ziba nostalgiyasının içində İzabelin ürəyində idi, çünki Ziba həyatının iyirmi ildən artığını – 1968-ci ildən – İzraildə yaşasa da, onun fikri-zikri, hissləri heç cürə bu ölkəyə sığışmırdı, əcdadlarının diyarı kimi İzrailə hörmət etsə də, hətta, bu ölkəni sevsə də, düşüncəsi, hissiyyatı, xatirələri ilə bərabər uçub bu yerlərdən min kilometrlərlə uzaqlarda yerləşən Azərbaycana, Azərbaycanın Quba şəhərinə, doğulub böyüdüyü, məktəb bitirdiyi, ərə getdiyi Qırmızı Qəsəbəyə qonurdu.
Əlbəttə, haçansa gözəl Qubada, Qubanın gözəl Qırmızı Qəsəbəsinin Azərbaycan dilli orta məktəbində coğrafiya dərsi keçən və yəqin ki, İordaniyanın adını ilk dəfə elə o dərsdə eşidən, xəritədə görən al qalstuklu pioner Ziba Xanukovanın ağlına da gəlməzdi ki, illər keçəcək və Allahın ona verdiyi ömrü İordaniya sərhədlərində davam edib, orada da başa vuracaq.
Ziba qohumlarının dəvəti və ərinin təkidilə bütün ailəsilə birlikdə İzrailə köçdü, Qırmızı Qəsəbədə nələri varıydısa, satdılar, qohum-əqrəbaya, tanış-bilişə bağışladılar və Zibanın əri elə fərz elədi ki, daha Qırmızı Qəsəbədə heç nələri qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı Qəsəbədə Zibanın (elə onun özünün də!) ürəyi qalıb. Ömür isə, Qudyalçayın suları kimi axıb gedirdi və o sular heç vəchlə geriyə axa bilməzdi.
İzabel bilirdi ki, Qırmızı Qəsəbə Azərbaycanda yaşayan dağ yəhudilərinin – yəhudi tatların yaşadığı bir yerdir, gözəl bir çayın sahilindədir, meşəli dağların arasında güney bir çöllükdədir və İzabel tez-tez bunun da şahidi olurdu ki, İzraildə yaşayan yəhudilər, hətta, SSRI-nin başqa respublikalarından, Rusiyanın özündən, Ukraynadan, Belorusiyadan İzrailə köçüb gəlmiş yəhudilər Qubanı tanımayanda, Avropadan köçüb gəlmiş yəhudilər isə bəzən Azərbaycanın da adını birinci dəfə eşidəndə, Ziba necə pərt olurdu. Ziba Xanukova, yeri düşdü-düşmədi, deyəndə ki, mən Qubadan gəlmişəm, bəzən adamlar elə başa düşürdülər ki, söhbət Kubadan gedir və təəccüb edirdilər: «Kubada da yəhudilər var?», guya, Fidel Kastro var idisə, orada yəhudi ola bilməzdi, amma Zibaya təsir edən bu deyildi, o idi ki, bu insanlar Quba kimi bir yerin heç adını da eşitməyiblər və belə vaxtlarda Ziba, elə bil, Qudyalçayın, Qəşrəş meşələrinin, igidlərin at oynatdığı Quba dağlarının qarşısında xəcalət çəkirdi və ağlamsına-ağlamsına İzabelə deyirdi:
– Sənin oğlun olanda adını Aydın qoyacam!..
Məsələ burasında idi ki, Ziba hələ onuncu sinifdə oxuyanda – 1959-cu ildə (keçən əsrin ortalarında!) – Qırmızı Qəsəbənin dram dərnəyində ilk dəfə azərbaycanlıların məşhur bir dramaturqunun əsərində Gültəkin rolunu oynamışdı və Aydın da Gültəkinin sevgilisi idi.
Anasının bütün bu söhbətlərinin hamısı İzabelin uşaqlıq xatirələrinə hopub qalmışdı və bir dəfə bu ad – Aydın – yenə onun yadına düşəndə İnternetə baxdı və təkcə belə bir məlumat aldı ki, Türkiyədə Aydın Hətiboğlu adlı bir şair var, amma Zibanın, əlbəttə, Aydın Hətiboğlundan xəbəri yox idi və İzabel bəzən, az qala, cismani surətdə hiss edirdi ki, oğlu olsa və oğluna Aydın adı qoysa, Zibanın ruhu şad olacaq.
Amma İzabelin hələ ki, ərə getmək fikri yox idi.
Düzdü, dünyada qaçqınlar çox idi, İzabelin də işi qaçqınlarla bağlı idi və qaçqınların həyatı, onlarla hər bir görüş yalnız mənfi emosiyalar verirdi, düzdü, bu cavan qızın ürəyində daimi bir ana nostalgiyası var idi, amma, həyat ki, təkcə qaçqınlardan və təkcə o nostalgiyadan ibarət deyildi...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-ii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.
X fəsilHəmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...
Xı fəsilŞuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.
Xıı fəsilSon vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də yeyib adda-budda dəlik-deşik etmişdi.Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.