Ix fəsil
Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.
Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.
Həmin sentyabr günündən bir müddət əvvəl o arvadlar it ləhlədən istinin və evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb söhbət edirdilər.
Kolxoz kişinin dul arvadı Xədicə dedi:
– Az, deyirlər xaricdən yenə qəmisyə gələcək...
– Onnarın qəmisyəsi başlarına dəysin!.. Gəlib nağayrajaqlar, az? İndiyədək gəlib-gedib nağayrıblar ki, bunnan sonra da eləsinlər?.. – Bunları da Gözlə-Gəlirəm Məmməd kişinin arvadı Sürəyya xala dedi.
Sonra o biri arvadların da giley-güzarı bir-birinə qarışdı.
– O qəmisyədəkilər gəlib bir gün burda bizim günümüzdə yaşasınlar, onnan sonrasına baxarıq!..
– Az, bunnar hamısı erməninin şipyonudu!..
Bu vaxt Cümü ilə Sona yataqxananın yeganə blokundan çıxdılar, Cümü motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə oturdu.
– Cümü bunu hara aparır, az?
– Teatra!.. Hara aparacaq? Bilmirsən?
– Vallah, bunun, heç olmasa, tır-tır lafeti var, öz arvadıdı, hara istəyir, ora da aparır! Bizim kişilər neyləsin? Səkkiz nəfər bir otaqdayıq! Sən də qəmisiyədən danışırsan! On bir ildi nağayrıb bizə o qəmisyə, hı?
– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o sınıq-salxax skamyada, bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisyən! – Bu son sözləri də Sürəyya xala dedi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-ix-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qarnizon dağ yolu ilə Şuşaya tərəf qalxırdı.Başı qarlı Şuşa dağları o ucalıqdan, elə bil, qarnizona baxırdı.
İkinci hissə, 1812 iyun 1805-ci il. Araz sahili. Abbas Mirzənin çadırı.İran qoşununun sərkərdələri Abbas Mirzənin çadırına yığışmışdı.
İkinci hissə, 19İbrahim xan hirsli gözləri ilə baxırdı.Onun gözlərinin qarası böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın.
İkinci hissə, 20Əsgəranın küçələrində aləm bir-birinə qarışmışdı.Qızılbaş sərbazları azərbaycanlı ailələri evlərindən çıxarıb, at və eşşək arabalarında özləri ilə gətirdikləri erməni ailələrini həmin evlərdə yerləşdirirdilər. Azərbaycanlı ailələr isə boşalmış arabalara doldurulurdu.
Başqa şairlərin şeirləri
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
OlurAdam var ki, özü qəpiyə dəyməz,Baxma ki, geydiyi simuzər olur.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.