Fikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,Hər tərəfdən qarı düşmən sevinir,Mənə dirlər çün biçarə ağlaram

Canım yar zülm bidad içində,Könlüm qalıb ah və fəryad içində,Şərməsaram çünki ustad içində,Anın üçün mən həmarə ağlaram

Kimə edim, ya Rəbb, ərzi-halımı,İtirmişəm vətənimi, elimi,Aldırıb əlimdən qönçə gülümü,Bülbül sifət düşüb zarə ağlaram

Tək otaqdan dörd tərəfə baxaram,Qəm-qüssə odına canı yaxaram,Dustaqdan bilmənəm ki nə vaxt çıxaram,Qəmlər çəkir məni darə ağlaram

Anam yoxdur çün ağlaya halıma,Atam yoxdur məni qoya yoluma,Qardaş yoxdur əlin dökə dalıma,Çün qalmışam mən avarə ağlaram

Bibim yoxdur mən öləndə hay deyə,Xalam yoxdur mən öləndə vay deyə,Bacım yoxdur göz yaşına çay deyə,Atıb fələk çün kənarə ağlaram

Qəm ləşkəri qılınc çəkib üstümə,Yaxşı durub cavan ömrüm qəsdimə,Düşmənlərim xına qoyar dəstinə,Ömrüm gedər taromarə ağlaram

Anam bacım gərək nazımı çəkə,Qonum-qonşu gərək göz yaşı tökə,İstəkliər nəşim üstə diz çökə,Yüzün edə para-para ağlaram

Sirrimi açmağa bircə sirdaş yox,Dərdimi deməyə bircə yoldaş yox,Kimim var deyəm, qohum-qardaş yox,Yalvarıb mən əğyarə ağlaram

Bilmən niyə bəxti qarə olmuşam,Hayva kimi saralıban solmuşam,Burda yalqız, qəmgin, məhzun qalmışam,Gahı gizli ki aşkarə ağlaram

Nə qədər fəryad etdim, söz oldu yalan,Axırda olundu nahaqdan divan,Çün olmuşam dutsaq damında qalan,Göz tikirəm dörd divarə ağlaram

Şikəstəxatirəm, çəkərəm ahı,İstəməzəm kömək sultani-şahi,Səndən mədəd dilərəm, ya İlahi,Gər etməsən sən də çarə ağlaram

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət