I fəsil
... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...
Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan da Hidro-Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı və hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.
O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta məktəbi bitirib, anasının yığıb qabladığı balaca çamadanı da götürüb həyatında ilk dəfə səfərə çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günəşi altında od tutub yanan Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar çarxlarının heç vaxt yadından çıxarmayacağı tuqqa-tuku ilə Bakıya – universitetə imtahan verməyə getdi.
Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxların səsini sədası Şuşa dağlarından gələn bir «Qarabağ şikəstəsi» müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa dünya – işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və əlbəttə, o zaman Cümü hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-i-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…… Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur səslə car çəkirdi:
Birinci hissə, 5Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı– Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi… Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:
Birinci hissə, 6İbrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.Xan nargilədən dərin bir qüllab vurub:
Birinci hissə, 7O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...… Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…