Iıı fəsil
Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.
Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Ağadadaş səksəkə içində yuxudan oyanıb yerində oturdu və rəngi solmuş göy maykasının altından arıq və tükü ağarmış sinəsini qaşıya-qaşıya filtrsiz siqaret çəkməkdən xırıldayan səsi ilə:
– Alə, bu nə axmaq oğlu axmaq xoruzdu belə, alə?– dedi.
Balacaxanım adyalın altından pırtlamış kök bədənini qurcalayıb yuxulu-yuxulu:
– Fikir vermə, – dedi.. – yatginə...
Ağadadaş sövq-təbii əlini uzadıb yastığının yanında döşəməyə qoyduğu siqaretdən birini götürdü və:
– Necə fikir verməginə, ağəz, mənnəndi begəm?– dedi. – Bu əclafın bu boyda bannamağınnan sonra yatmaq olar?
Və elə bil ki, Qırmızı xoruz sahibinin bu sözlərini bir daha təsdiq etmək üçün var gücü ilə təzədən banladı.
Balacaxanım gözlərini açmayaraq Qırmızı xoruzun qarasına:
– Şoqəribə qalasan səni!.. – dedi.
Ağadadaş qırx-qırx beş il idi Bakı – Binə aeroportu – Buzovna – Zuğulba – Bilgəh – Maştağa – Zabrat – Bakı marşrutu ilə avtobus sürürdü (buna görə də kənddə hamı onu Avtobus Ağadadaş kimi tanıyırdı), iki gün səhərin gözü açılmamışdan gecəyə qədər işdə olurdu, evə gecənin yarısı gəlib çıxırdı, üçüncü günü isə istirahət edirdi və həmin sentyabr günü də həm Ağadadaşın istirahət günü idi, həm də, ümumiyyətlə, bazar günü idi və Balacaxanım da sidq-ürəkdən istəyirdi ki, kişi doyunca yatıb dincəlsin, ona görə də, indicə dediyi qarğışla kifayətlənməyib, yenə adyalın altında qurcalana-qurcalana Qırmızı xoruzun qarasına:
– Öləsən elə!.. – deyə dübarə bir qarğış da əlavə etdi.
Ağadadaş siqareti yandırıb ayağa qalxdı və xırıltıyla öskürə-öskürə gedib həyətin yuxarı başındakı hinin qapısını açdı:
– Çıx bayıra, əclaf oğlu əclaf!.. – dedi, sonra gedib həyətin də küçə qapısını açdı və səhərin gözü açılmamış Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca, tələsə-tələsə və qaqqıldaya-qaqqıldaya həyətdən çıxdılar.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qarabag-sikestesi-iii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.
VI fəsilƏminə xanım nə qədər səbrli-qərarlıydısa, nə qədər hərəkətsiziydisə, Bəşir müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə qərar tuta bilməyən, civə kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını əyninə geyib tez-tez həyətə düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə gəzirdi. Bu kişinin şakəri hinin qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib:– Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə.
VII fəsilAdil iki imtahan vermişdi və ikisindən də deyəsən yaxşı çıxmışdı, çünki Kələntər müəllimin kefi xeyli kök idi. Qırmızı «Jiquli» darvazanın qabağında dayanan kimi, Kələntər müəllim maşından düşüb pilləkənləri üç-üç yuxarı – şuşəbəndə qalxırdı və bir azdan Əminə xanımın kraxmallı köynək, ütülü şalvar geyindirdiyi, başını səliqə ilə daradığı «Abış»ı qabağına salıb maşına oturdurdu və fəxrlə «Abış»a baxa-baxa:– İgiddi e, igid! – deyirdi. – Malades!
VIII fəsilAvqustun axırına az qalırdı və Ağabacı indi günləri yox, saatları sayırdı, həm də Ağabacı nəsə bir nigarançılıq içində idi, elə bil inana bilmirdi ki, bu adamlar buradan çıxıb gedəcəklər, yenə bu həyətdə özlərindən başqa heç kim olmayacaq; elə bil Ağabacı inana bilmirdi ki, haçansa bu kabab iyi, cürbəcür xörəklərin ətri buralardan yox olub gedəçək, o yoğun səsli qız başıbatmış, daha Məcnunu çağırmayacaq və Məcnun da ona çavab verməyəcək, Qəninin başına daş düşəcək və səsi kəsiləcək.Və elə bil bütün bunlar azmış kimi, bir gün elə bir əhvalat baş verdi ki, Ağabacı bilmədi başına nə çarə qılsın, bilmədi dərdini kimə desin və özünü necə aparsın.
Başqa şairlərin şeirləri
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
BiləsizGözüm açıb bu dünyaya gələndəDost tutmadım bu fənanı, biləsiz.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.